Ölkədə mütləq kinofestival olmalıdır

 

Olaylar.az az ötən il ölkəmizdə keçirilən ilk beynəlxalq film festivalı olan IX START Beynəlxalq Qısa Filmlər Festivalının təşkilatçısı, prodüsser Fehruz Şamıyevlə olan müsahibəni təqdim edir.

 

- Azərbaycanda ilk beynəlxalq qısa film festivalı olan START -a dünya ölkələri necə reaksiya verdi?

- Öncə bildirim ki, "START" Beynəlxalq Qısa Filmlər Festivalı uzun illərdir festivalsız qalan şəhərimiz, ölkəmiz üçün bir hadisə idi. Bizdən öncə də Bakıda beynəlxalq festivallar olub, bizdən sonra da olacaq. Dostlardan biri açılış mərasimindən sonra məni təbrik edəndə belə bir fikir söylədi: "Azərbaycanda heç bir festival 9- cu dəfə keçirilməyib. Bu Festivalı bura gətirib çıxarmısınızsa böyük işdir". Onun fikirlərindən sonra bir anlıq düşündüm ki, doğrudan da ölkəmizdə heç bir kino festival uzunmüddətli olmayıb. Elə START Beynəlxalq Qısa Filmlər Festivalı da hələ 10 yaşına çatmayıb. Və bütün bu baş verənlər heç də yaxşı hal deyil. Ölkədə mütləq kinofestival olmalıdır. Biz mahiyyətcə kino ölkəsi olmasaq da bizim müəyyən filmlərimiz olub. Arif Babayevimiz, Həsən Seyidbəylimiz, Hüseyn Seyidzadəmiz, Vaqif Mustafayemiz olub və var. "Şərq-Qərb", "Audiovizual" festival keçirilib və deməli müəyyən ənənə olub. Bu yaxınlarda uzun illər Mədəniyyət Nazirliyinin kino şöbəsində çalışmış ssenarist-redaktor Yusif Şeyxov sosial şəbəkədə 1988- ci ildə Bakıda keçirilən Ümumittifaq Film Festivalının nişanını paylaşmışdı. Yaşlı nəslin nümayəndələri o statusun altından uzun müzakirə və xatirələrlə dolu fikirlər yazmışdılar. Dediyim kimi bu ənənə olub, sadəcə müstəqil Azərbaycan kinosunda bu ənənə davam etmədi. Düşünürəm ki, milli kinematoqrafiyanın inkişafına mane olan səbəblərdən biri də festivalların olmamasıdır.

Festival təkcə nümayiş yox, həm də müsabiqədir, stimuldur, kino bayramıdır. Və festivalların olmaması kinematoqrafçılar arasında soyuqluğa gətirib çıxaran amildir. Uzağa getməyək elə qonşu ölkələrdə keçirilən festivallara diqqət edək. Bizdən kiçik olan Gürcüstanda 8 film festivalı keçirilir. O festivallara xarici- əsasən də Avropa fondlarının nümayəndələri gəlir, gürcü gənclər də durmadan onlarla işləyirlər. START Film Festivalı ola bilər ki büdcə baxımından onlarla müqayisə oluna bilməz, amma 8- ci festivalda "AsiaPacific" mükafatının qalibi, Avropa və Amerikada mükafatlar almış Təhminə Milani münsiflər heyətindəydi, bundan başqa polşalı film istehsalçısı Julia Kolberger, sonuncu festivalda Almaniyanın "Bühnerfilm" şirkətinin direktoru münsiflər heyətindəydi. "Bühnerfilm" şirkətinin rəhbərlərindən biri dünyanın ən böyük qısametrajlı film festivallarından olan Oberhauzen festivalının proqram direktorudur. Amma təəssüf ki, bizim kinematoqrafçıların əksəriyyəti, xüsusən də gənclərimiz bu imkanlardan istifadə etmir və heç bu haqda demək olar ki düşünmürlər. Buna görə bir nəfər də olsa festival çərçivəsində Tobias Bühnerə yaxınlaşıb hansısa layihəsini təklif etmədi, onunla həmsöhbət olmadı....

Avropa fondlarının demək olar ki, 80 faizi hər hansı kino layihəyə dəstək verəndə birinci növbədə Avropadan olan şirkətlə müştərək olmasını tələb edir. Biz anlamalıyıq ki, Avropa birbaşa bizə etibar edib vəsait ayırmayacaq. Çalışmaq lazımdır ki, Avropadan olan bir prodüser kinolayihəmizə qoşulsun. Bundan sonra onlardan vəsait almaq mümkün olacaq. Son illər istehsal olunan və beynəlxalq festivallara çıxan kinolayihələrin demək olar ki hamısında belədir.

Bundan başqa münsiflər heyətində dünyaca məşhur ssenarist -rejissor Kambuziya Portavi də vardı. Ayaz Salayev biləndə ki, o festivalın münsiflər heyətində olacaq, bizdən soruşdu ki onu bura gəlməyə necə razı salmısınız. Bildiyim qədəriylə Azərbaycandan onunla birlikdə ssenari işləmək istəyənlər olub. Amma Portavi müəyyən səbəblərdən razı olmayıb. İndi təsəvvür edin çəkdiyi filmlə Berlin Festivalında mükafat alan, dünyaca məşhur "Peyğəmbər" filminin ssenari müəlliflərindən biri Bakıda START Film Festivalında münsiflər heyətindədir.

- Bu il keçirilən IX START Beynəlxalq Qısa Filmlər Festivalı digərlərindən nə ilə fərqlənirdi?

- Yuxarıda söylədiyim imkanlar builki festivalın üstünlüklərindən idi: münsiflər heyətinə daha mötəbər kinematoqrafçıların dəvəti və daha çox xarici rejissorların festivalda iştirakı. Bu il festivalın coğrafiyası gözlənildiyindən çox genişlənmişdi. Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdən olan qonaqlar və filmləri festivalın proqramını daha rəngarəng edirdi. Bizim festivalın məqsədi azərbaycanlı gənci dünyaya bir addım da yaxınlaşdırmaqdır, dünyanın müxtəlif ölkələrindən gələn rejissorlarla yerli rejissorların ünsiyyət qurması, fikir mübadiləsini təşkil etməkdir. Düşünürəm ki, biz buna nail olduq. Bir məsələni də qeyd edim ki, festivala dəvət olunan qonaqların hamısı ən azından iki beynəlxalq festivalda mükafat almış müəlliflər idi.

Bundan başqa ötən illərlə müqayisədə festival daha böyük, daha səsküylü idi. 45 ölkədən 490 filmin bizim festivala göndərilməsi böyük göstəricidir. Almaniyanın, Fransanın film yayımı ilə məşğul olan şirkətləriylə işbirliyimiz oldu. Avropa, Asiyadan başqa hətta okeanın o tayından, Amerikadan, Kanadadan, Kolumbiyadan filmlər göndərilmişdi. Bir neçə filmlər vardı ki, onlar dünyanın ən qocaman və prestijli festivallarından olan Venesiya, Berlin festivallarının proqramında iştirak etmişdi. Bu göstəricilər bizimçün qürurvericidir. 490 film arasından biz 100 filmi proqrama daxil etmişdik. Bu saya görə festivalın builki sloqanı "100 eşitməkdənsə, 100 film görmək yaxşıdır" idi. Düşünürəm ki, Azərbaycan kinosunda çoxdandır olmayan FESTİVAL mədəniyyətini təqdim edə bildik. Necə deyərlər, biz imkanlarımız daxilində bacardığımızı etdik.

- Festivalın gələcək illərdə də davamlı olması üçün nələr düşünürsünüz?

- Festivalın növbəti illərdə keçirilməsi üçün festival başa çatan gündən işlər aparırıq. Bir az qəribə gələ bilər, hətta mən deyərdim ki, elə festival keçirildiyi günlərdə növbəti festival üçün işlər görülürdü, planlar hazırlanırdı. Qarşımıza çıxan hər bir problemi gördükcə komanda üzvləri mənə bildirirdilər ki, növbəti festivalda bunu başqa cür etmək lazımdır və s. Yəni biz, növbəti festival üçün qeydlərimizi indidən aparırıq. Düşünürəm ki, növbəti festivalda da müxtəlif sürprizlərimiz olacaq. Builki festivalın xarici iştirakçıları, münsiflər heyəti ilə də gələcək festivallarla bağlı müzakirələrimiz oldu.

Növbəti il festivalda daha maraqlı proqramların reallaşacağına çalışacağıq. Bu il elə oldu ki, nəzərdə tutduğumuz proqramı həyata keçirə bilmədik. Bununla belə yenə də fərqli bir layihəni reallaşdırdıq.

- Festival zamanı Cəfər Pənahinin "Üç üz" filminin premyerası təşkil olunmuşdu. Filmi necə əldə etdiniz və niyə məhz bu film?

- Bildiyiniz kimi, Cəfər Pənahinin "Üç üz" filmi bu ilki Kann festivalında "Ən yaxşı ssenari" mükafatını qazanmışdı. Filmdə hadisələr Cənubi Azərbaycan ərazisində baş verir. Filmin demək olar ki, 50 faizi məhz Azərbaycan dilindədir. Cəfər Pənahi Cənubi Azərbaycanlıdır. Azərbaycan dilində də danışır. Mən onunla Berlin Festivalında baş mükafat aldığı  "Ofsayt" filminin Bakıdakı nümayişindən sonra görüşmüşdüm. Pənahinin mövzuya xüsusi yanaşması mənim üçün də maraqlıydı. Açığını deyim ki, filmdəki hadisələrin Cənubi Azərbaycanda baş verməsi, filmin dilinin məhz bizim dildə olması festival çərçivəsində məhz bu filmi nümayiş etdirməyimizə ciddi təkan oldu. Filmin ssenarisi ilə çəkilişlər bitmədən öncə tanış idim. Biz Pənahiylə əlaqə saxladıq, amma o bildirdi ki, filmin Azərbaycanda yayımı Rusiya şirkətinə məxsusdur. Buna görə də biz Rusiya şirkəti ilə əlaqə saxladıq. Onlarla razılığa gəlib nümayişi təşkil etdik.

Dünyanın ən prestijli film festivalında mükafat alan filmin Bakıda START Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində nümayiş olunması fəxr ediləsi hadisədir. Həm filmi Bakı tamaşaçısı izləmiş oldu, həm də festivalın nüfuzunu artıran bir hadisəydi. Maddi baxımdan uduzsaq da azərbaycanlı tamaşaçıya "Üç üz" filmini nümayiş etdirmək ciddi iş idi. Düşünürəm ki, növbəti festivallarda bu tip xüsusi premyeraları həyata keçirməkdə davam edəcəyik.

- Film tamaşaçıların diqqətini nə dərəcədə cəlb etdi? Eləcə də festivalda nümayiş olunan 100 filmin izlənmə səviyyəsi necə idi?

- Pənahinin "Üç üz" filmiylə bağlı onu deyə bilərəm ki, filmin reklamını sosial şəbəkədə aparmışdıq. Ciddi filmi sevən insanlar, festival filmlərinə marağı olanlar nümayişdə var idi. Qeyd edim ki, film "CinemaPlus" Gənclik Mall kinoteatrında iki zalda eyni vaxtda nümayiş olunurdu.  Filmin bəyənilib- bəyənilməməsi barədə tamaşaçıların adından danışa bilmərəm, amma nümayişə gələnlər bizə bu işə görə təşəkkür edirdilər. Çox insan həm sosial şəbəkədə, həm də üzbəsurət öz təşəkkürlərini bildirdilər. Reaksiyalardan belə görmək olardı ki, Azərbaycan tamaşaçısı festival filmlərinə acdır. Sadəcə onlara bunu təklif etmək lazımdır.

Festivalın müsabiqə bölümündəki filmlərə gəldikdə isə deyə bilərəm ki, onlar Nizami və Cinemaplus kinoteatrında bir zalda nümayiş olunurdu. Hər gün saat 12- dən 16.00 a kimi nümayişlər davam edirdi. Mənə verilən məlumata görə hər gün 40-100 nəfər arasında tamaşaçıların sayı dəyişilirdi.  Filmlərin nümayişi ödənişsiz idi. Müxtəlif təşkilat üzvləri qrup halında filmləri izləməyə gəlirdilər.

Mədəniyyət və İncəsənət Universitetindən tələbələr nümayişlərdə iştirak edirdi. Amma hamısı yox. Ayaz Salayevlə festival barədə müzakirə apararkən qeyd etdi ki, kino sahəsində təhsil alan hər bir tələbə burada olmalı, filmləri izləməlidir. Festivaldakı filmlər, müzakirələr elə dərs vəsaitidir. Bundan istifadə etmək lazımdır.

Düşünürəm ki, uzun zamandır festival əhvalı yaşamayan gənclərimiz birdən- birə Beynəlxalq Film Festivalını həzm edə bilmədilər. Təsəvvür edin xaricdən 20 mütəxəssis və iştirakçı gəlib amma azərbaycanlı gənclər onlarla yetərincə münasibət qura bilmirdi. Bunun birinci səbəbi dil biliklərinin olmaması, ikincisi beynəlxalq festival təcrübəsinin olmaması idi. Bu iki amil yerli kinematoqrafçıların festivalda aktiv iştirakına mane olurdu. Doğrudur, biz filmlərin hamısını Azərbaycan dilində altyazı ilə nümayiş etdirirdik, amma bununla belə gənclərin netvorkinq problemi yaşadığını açıq görmək olardı.

Məncə, növbəti festivalda bu problemi gənclər aradan qaldıracaq.  Əlavə edim ki, növbəti festival 10- cu olacaq. Yəni yubiley Festivalında çoxlu yeniliklər etməyi düşünürük. Ola bilər ki, rebrendiq olsun, 10-cu festival yeni formatda keçirilsin.

Biz istəklərimizi həyata keçiririk, istəyirik ki, Vaqif, Məmməd, Elməddin- yəni azərbaycanlı dünyaya çıxsın, necə deyərlər, Biləcəridən o taya adlamağın yollarını öyrənsin. Məqsədimiz gənc kinematoqrafçılara beynəlxalq kino bazarına çıxmağın yollarını göstərməkdir. Kim istəyir öyrənir, kim istəyir öyrənmir, məcburi deyil. Amma biz əlbəttə ki, kino təhsili alan, içində kino sevgisi gəzdirən, əlinə kamera alıb film çəkən hər bir gəncin festivalımızdan maksimum dərəcədə yararlanmasının tərəfdarıyıq.

 

Nigar Adil                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

 

Olaylar.- 2019.- 17 yanvar.- S.14.