Ulu öndərin Azərbaycan mətbuatında danılmaz əməyi

 

Azad söz, müstəqil fikir uğrunda mübarizə Azərbaycan xalqının tarixində mühüm yer tutur. 145 illik iztirablı yol keçən Azərbaycan milli mətbuatının formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatıb. Milli mətbuatın bu illər ərzindəki tarixi inkişafını əsasən 4 mərhələyə bölmək olar: birincisi, "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr; ikincisi Cümhuriyyət dövrü; üçüncüsü, sovet dövrü; dördüncüsü müstəqillik dövrü.

 

Tarixi faktlar göstərir ki, Bakıda ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları XIX əsrdə Tiflisdə çıxan rus qəzetləri əks etdiriblər. 1832-cu ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan həmin qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı oldu. Bu mübarizənin nəticəsi olaraq 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - "Əkinçi" qəzeti işıq üzü gördü.

 

Zərdabi və məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində çarizmin mürtəce siyasəti kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsi vacibliyi geniş təbliğ olunurdu. Məhz buna görə qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi əngəllər törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu.

 

XIX əsrin sonları XX əsrin əvvəllərində isə Bakıda çap olunan "Kaspi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Bakinski listok", "Hümmət", "Həyat", "Füyüzat", "Açıq söz" və digər qəzetlər, habelə "Molla Nəsrəddin" jurnalı Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynayırdı. XX əsrin əvvəllərində Azərbaycan ədibləri demokratik mətbuatın ənənələrini inkişaf etdirirdilər.

 

1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, "Mətbuat haqqında Nizamnamə" qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri"nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.

 

Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı "Azərbaycan" qəzetinin ilk sayının çapdan çıxması məhz bu zərurətdən irəli gəlirdi. "Azərbaycan" qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini səhifələrində dolğun şəkildə əks etdirirdi.

 

Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu. Xalq Komissarlığı Soveti 27 oktyabr 1920-ci ildə "Mətbuat haqqında" Dekret imzalayaraq 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan "Qlavlit" yarandı, 1933-dən həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.

 

Yalnız ötən əsrin 70-80-cı illərində - Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə "Literaturnaya qazeta"da dərc olunmuş məşhur "Qoy, ədalət zəfər çalsın!" sərlövhəli müsahibəsində Ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi.

 

Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universititetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəslə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.

 

Nəhayət, jurnalistikamızın inkişafında dördüncü əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektivsubyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadipsixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.

 

Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

 

Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Orta və yaşlı nəslin nümayəndələri həmin dövrün qəzetlərindəki zolaqları yaxşı xatırlayırlar. Senzuranın mövudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bi şəraitdə Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi. Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cü və 2001-ci ildə keçirilmiş birinciikinci qurultaylarında kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdı.

 

Mətbuat cəmiyyətin aynasıdır. Bu mənada, mətbuat dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsi olaraq Azərbaycan metbuatı inkişaf yolundadır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 25-27 aprel.- S.1.5.