Əlişir Nəvai - 579

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti ilə birlikdə dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunmuş "Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi" adlı Beynəlxalq elmi konfrans keçirilib.

 

Olaylar.az bildirir ki, tədbir iştirakçıları öncə Əlişir Nəvainin heykəli önünə çələng qoyulub.

 

Tədbiri giriş sözü ilə AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bu konfransın iki qardaş ölkənin elmi-mədəni əlaqələrinin inkişafına töhfə olduğunu bildirib: "Bu gün biz ənənəvi olaraq, AMEA -nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti, Özbəkistan Yazıçılar Birliyi birgə Özbək xalqının klassiki böyük Əlişir Nəvaiyə həsr olunmuş konfransda qonaqlarımızı qarşılamaqdan məmnunam. Əlişir Nəvai türk dünyasını, Azərbaycan və Özbəkistan qardaşlığını birləşdirən simvoldur. Az öncə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əlişir Nəvai ədəbiyyatşünaslıq mərkəzinin açılışında olduq. Bu mərkəz ölkəmizdə Nəvai irsini və bütövlükdə Özbək ədəbiyyatını öyrənmək üçün gənclərimizə böyük dəstək olacaq. Nizamilər, Əlişir Nəvailər təkcə öz dövrləri üçün böyük yazıçı olmayıblar. Biz onlardan bu gün də bəhrələnirik. Azərbaycan-Özbəkistan dostluğu illərdi  davam edirbundan sonra da davam edəcək. Ulu öndər Heydər Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinə çox böyük qiymət verərək bu əlaqələri hər iki ölkə üçün əhəmiyyətli hesab etmişdir. Azərbaycan prezidenti cənab İlham Əliyev Nəvai abidəsinin Azərbaycanda ucaldılması münasibəti ilə keçirilən tədbirdəki nitqində Əlişir Nəvaini hər iki xalqın böyük sənətkarı hesab etmişdir. Bu gün biz Bakıda Əlişir Nəvaiyə beynəlxalq konfrans keçirən zaman özbəklərin danışdığı sevgi ilə fikirlərimizi bildiririk. Bizim üçün Nəvai Nizamilərin davamı, Fizulilərin başlanğıcıdır."

 

Sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov çıxış edib. Sonra Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev AYB-nin üzvü Akif Bağırova Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvlük vəsiqəsini təqdim edib.

 

Konfransda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Böyük özbək şairi Əlişir Nəvai haqqında söz",  filologiya elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin Fəxri professoru Almaz Ülvi "Əlişir Nəvai və Azərbaycan", Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Əlişir Nəvai və türk ədəbiyyatı" adlı məruzələrlə çıxış ediblər.

 

Qonaqlardan Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev "Əlişir Nəvai yaradıcılığı və müasir özbək şeiri", Özbəkistan Yazıçılar Birliyinin Ədəbi tənqid bölməsinin müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov "Əlişir Nəvai və dil saflığı məsələləri", Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru, filologiya elmləri doktoru Bokijon Tuxliyev "Əlişir Nəvai tuyuq janrı haqqında" adlı məruzə ediblər.

 

Konfransda filologiya elmləri doktoru Yaşar Qasımbəyli "Əlişir Nəvainin lirikası", BDU-nun professoru, filologiya elmləri doktoru Ramiz Əskər "Maqsud Şeyxzadə - böyük nəvaişünas", filologiya üzrə fəlsəfə doktoru, nəvaişünas Alimcan Dövlətov "Əlişir Nəvai qəzəllərinin ictimai-fəlsəfi mahiyyəti" məruzələrini səsləndiriblər. Ədəbiyyat İnstitutunun dissertantlarından İlhamə Sultanova "Əlişir Nəvai ədəbi irsi Cənnət Nağıyevanın tədqiqatlarında", Sənubər Səmədova "Əlişir Nəvai yaradıcılığının müstəqillik illərində Azərbaycanda öyrənilməsi" adlı məruzələrlə çıxış ediblər.

 

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub.

 

Mərkəz Ədəbiyyat İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən fəaliyyətə başlayıb.

 

Açılış mərasimində AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

 

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov isə çıxışında iki qurum arasında imzalanmış müqaviləyə əsasən Daşkənddə Füzulişünaslıq Mərkəzinin fəaliyyətə başladığını söyləyib. O, sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynayacağını vurğulayıb.

 

Daha sonra çıxış edən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almas Binnətova diqqətə çatdırıb ki, ötən illər ərzində iki ölkə alimlərinin iştirakı ilə birgə konfranslar keçirilib, Nizami, Füzuli, Nəvai və digər görkəmli ədiblərin irsi tədqiq olunub, müştərək əsərlər ərsəyə gəlib.

 

Sonda Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş Əlişir Nəvainin əsərlərinə baxış keçirilib.

 

Ay An

 

Olaylar.- 2020.- 22-24 fevral.- S.14.