Bugünkü zəfərimizlə tarix təkrarlanır - Şöhlət Əfşar

 

 

Olaylar.az şair, publisist, Türkiyə Dünya Avşarlar Birliyinin Azərbaycan təmsilçisi Şöhlət Əfşarla müsahibəni təqdim edir.

 

- Şöhlət müəllim, sentyabr ayından başlayaraq Azərbaycan ordusu torpaqlarımızı düşməndən azad etdi. Ötən gün Kəlbəcərin də azad olunma xəbəri rəsmi şəkildə təsdiqləndi. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

 

- İlk öncə onu qeyd edim ki, Azərbaycanın şanlı ordusunun, prezident İlham Əliyevin Qarabağın azad olunmasında həyata keçirdiyi bu zəfər döyüşü hərb tarixində misli görünməmiş hadisədi. Qızıl hərflərlə yazılacaq qalibiyyət dastanıdır. 30 il idi ki, bizim torpaqlarımız işğalda idi. Dünya buna göz yumurdu, susurdu. BMT -nin 4 qətnaməsinin heç biri icra olunmurdu. O cümlədən, Avropa Birliyi, beynəlxalq təşkilatların hər biri Azərbaycan torpaqlarını "qeyd-şərtsiz ermənilərdən azad etsin", deyirdilər. Lakin bu 30 ildə beynəlxalq təşkilatlar və aidiyyatı qurumlar heç bir görmədilər və ya görmək istəmədilər. Bütün təşkilatlardan fərqli olaraq, BMT -nin qərarlarının həyata keçirilməsi məcburi idi. Yəni, Avropa Birliyi və digər təşkilatların qərarları tələb, iddia olduğu halda, BMT-nin qərarının icrası mütləqdir. Yəni, BMT istəsəydi, bu qərarı icra edə bilərdi. Açıq-aşkar görünür ki, beynəlxalq təşkilatlar bu məsələyə ikili standartla yanaşdılar. Azərbaycan ordusu BMT-nin əvəzindən, onun qərarını həyata keçirdi.

 

Tarix təkrar olunur. Şah İsmayılın, Nadir şahın qurduğu, azad etdiyi torpaqları bu gün cənab Ali Baş Komandam İlham Əliyev azad etdi. Təxminən 250 ilə yaxın Şah İsmayıl Xətainin qurduğu dövlət param-parça oldu. 1727-ci ildə Nadir şah 250 ildə dağılmış torpaqları 9 ildə qılınc gücü ilə geri qaytardı. Və nəhayət 30 ildən sonra cənab prezidentimiz torpaqlarımızı, Qarabağımızı bizlərə qaytardı. Bugünkü zəfərimizlə tarix təkrarlanır. Bu gözəl gün, tarix münasibəti ilə Azərbaycan xalqını, ilk növbədə prezident İlham Əliyevi təbrik edirəm.

 

- Vətən müharibəsinin iştirakçıları olan, torpaqlarımızın bizlərə qaytarılmasında canlarından, qanlarından keçən oğullarımız haqqında ədəbi əsərlərdə təbliğat aprılacaqmı, onların qəhrəmanlıqlarından bəhs edən əsərlər yazılcaqmı?

 

- Onu deyim ki, döyüş başlayandan ədəbiyyatımız susmur. Bütün qələm sahibləri, istər nəsr, istərsə də poeziyada zəfərimizlə bağlı gözəl nümunələr yazılıb. Döyüşlər zamanı "Ədəbiyyat" qəzetində iki dəfə şeirlərim dərc olunub. Həmçinin digər yazıçı dostlarımın da əsərləri dərc olunub. Mənə elə gəlir ki, çox mükkəmməl, gözəl əsərlər yazılacaq və yazılmağa da davam edəcək. Musiqi sahəsində də yeni-yeni gözəl qalibiyyət mahnılarımız yazıldı. Şair, bəstəkar, Birinci Qarabağ müharibəsində yazılan bir çox mahnıların müəllifi Şahin Musaoğlu bu yaxınlarda dəyərli ziyalımız, yazıçı-publisist Yunus Oğuzun sözlərinə bəstələdiyi "Dövlət bizik" mahnısı son günlərin sevilən qalbiyyət əsərlərindəndir. Əminəm ki, Azərbaycan xalqının ziyalıları, şairləri, yazıçıları bir-birindən gözəl əsərlər yazmaqdadılar və yazacaqlar.

 

 

 

- Sonuncu "Dərdnamə" kitabınız haqqqında oxuculara məlumat vermənizi istərdik.

 

Ad - 00:05

ƏTRAFLI

Orbit

 

- Kitabda"Dərdnamə" adında poema və şeirlər yer alıb. Şeirlərin və poemanın tarixi və epiqrafı var. Kitabdakı şeirlər müxtəlif mövzuları əhatə edir və demək olar ki, son illər yazılmış şeirlərdir. "Dərdnamə" kitabında mayın 29-da yazdığım, Şuşaya həsr etdiyim şeirin yazılma tarixindən danışmaq istəyirəm. Erməni baş nazir Şuşada yallı getmişdi və həyat yoldaşının avtomatla guya bizləri nişan alan fotoları internetdə geniş yayılmışdı. Bu mənə çox pis təsir etmişdi. "Şuşanın nağılı" şeiri hər bir azərbaycanlını məyus edən o görüntülərin təsirindən yarandı. Lakin bu gün biz cənab Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində Şuşa sevincimizi yaşayırıq. Bu gün bu sevincə Kəlbəcər də əlavə olundu. Ümid edirəm ki, yaxın zamanlarda Laçına da qovuşacağıq.

 

- Kitabın adı hər kəs kimi bizim də diqqətimizi çəkir. Niyə "Dərdnamə"?

 

- "Dərdnamə" poemasını çox hörmətli, AYB-nin Qazax bölməsinin sədri Barat Vüsala xitabən yazmışam. Poemada onunla həsbihal eləmişəm, söhbət etmişəm. Burada müxtəlif mövzular, o cümlədən də Qarabağ mövzusu var. Və əsərdə bir çox məsələlərin, mövzuların bizə dərd, problem gətirdiyini göstərmək istəmişəm. Problemlə bərabər, təbii ki, nikbinlikqorunub. Oxucular hər dərdin, problemin həllini "Dərdnamə" də görə biləcəklər. Kitabda həmçinin izah və şərtlər də yer alıb.

 

- Əfşar imzası sizin yaradıcılığınızda nə kimi manelər yaratdı?

 

- Bizdə müəyyən məsələlər düzgün anlaşılmır. Bu Əfşar tarixi boydan gələn addır, bunu biz verməmişik. Bütün bu boylar tarixdə hansı rol oynayıbsa, bizbu gün o əzəməti qorumağa çalışırıq. Qeyd edim ki, Əfşarlardan Nadir şah dünyanın ən nəhəng şahı olub. Hamı şah olub, amma ona Hindistanı fəth elədiyi üçün ona şahənşah adı verilib.

 

Həmçinin, Türkiyə Dünya Avşarlar Birliyinin Azərbaycan təmsilçisi kimi də fəaliyyət göstərirəm. Ötən ilin iyun ayında AMEA Tarix İnstitutu ilə birgə "Nadir şah Afşar - tarixin gedişini dəyişdirən dahi sərkərdə" adlı beynəlxalq konfrans təşkil etmişəm. Üç ölkədən qonaq dəvət eləmişdim. Dəyərli ziyalımız, millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxışında da qeyd etdi ki, bu tədbir Şöhlət Əfşarın təşəbbüsü ilə keçirilir. Konfrans zamanı 6 təklif irəli sürdüm. Onlardan ikisi həyata keçirildi. Digərləri isə pandemiya səbəbi lə hələlik reallaşmayıb. Sonda onu da qeyd edim ki, mən Əfşar imzası ilə 2006-cı ildən yazmağa başlamışam.

 

- Bildiyimiz qədəri ilə şeirlərinizə bir çox mahnılar bəstələnib.

 

- Xalq artisti Nəzakət Teymurovanın ifa etdiyi "Şuşanın şikəstəsi" mahnısının sözləri mənə, bəstəsi mərhum bəstəkar Tahir Əkbərə məxsusdur. "Üş rəngli bayrağım" şeirimə bəstələnmiş mahnını xalq artisti Teyyub Aslan ifa edib.

 

"Gələceyiz biz" adlı ilk türcə yazdığım şeirimi türkiyəli qiraətçi, şair Mustafa Qutluq Teymur ifa edib. Gələcəkdə mahnıya çevriləcək şeirlərimiz çoxdu.

 

 

Nərgiz

Olaylar.- 2020.-  27 noyabr.- 3 dekabr.-S.19.