Zamanı içinə sıxışdıra bilən Böyük Qadın

 

Müsahibimi cəmiyyətdə, ən çox da ədəbiyyat aləmində çoxları tanısa da, onu bir daha təqdim etmək mənim üşün böyük fəxr və zövqdür.

 

BDU-nun baş müəllimi, Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı, 16 bədii tale kitabının və çox sayda elmi məqalələr, publisistik yazılar, esselər müəllifi Sona Çərkəz. Daha dəqiq, 1994-cü ilə qədər Sona Məmməd qızı Quliyeva.

 

1995-ci il iyunun 3-də Saatlı rayonuna toy məclisinə gedərkən avtomobil qəzasında ömür-gün yoldaşı, folklorşünas alim Çərkəz Quliyevi itirdikdən sonra onun adını aldığı hər nəfəsdə, qəlbində yaşatdığı kimi, öz kimliyində də adı ilə yanaşı olmasını istəyir. Ölümə meydan oxuyan, həyat yoldaşının dünyasını dəyişməsinə iyirmi yeddi ildir ki, üsyan edib yoxluğu ilə heç cür barışa bilməyən bu geniş qəlbli qadın öz adı ilə yanaşı, ömür-gün yoldaşının adını da kimliyinə yazdırır (o dövrdə çətinliklə də olsa, buna nail ola bilir) və Sona Çərkəz olaraq dərs dediyi fakültələrin cədvəllərində, müəllifi olduğu kitablarda, məqalələrdə, xarici ölkələrdəki simpozium və toplantılarda, ümumiyyətlə, hər zaman və hər yerdə qoşa yazılır onların adları. Kimlərsə bunu təsəlli kimi başa düşür, kimlərsə vəfa borcu adlandırır, kimlərsə də sevgi... Sona xanım özü isə bir şeirinin aşağıdakı bəndində bu məsələyə belə aydınlıq gətirir:

 

Adını adımla qoşa yazdırıb,

 

Ölümün gözünü oymaq istədim.

 

El məni qınadı "unut" deyərək,

 

Mən isə adından doymaq istədim.

 

Ağrının-acının içində atəşdə yanan kimi qovrulan bu qadın Çərkəz müəllimin öz dediyi kimi yanmağı özünün həyat devizi seçib. Hələ sağlığında ikən yazdığı gündəliyində Çərkəz müəllim öz Sonasını yanıb kül olub, sonra öz külündən yenidən doğulan Səməndər quşuna bənzədib. Həyat yoldaşının onun yoxluğundan sonra nələrə sinə gərib, ayaqda dura biləcəyindən xəbərsiz halda, ömrünün ən rahat anlarında o fikri nədən yazdığı da bir başqa yazının mövzusudur, məncə.

 

Sona xanımın iyirmi yeddi ildir yaşadıqları, bir sözlə, həyatı yüzlərlə tanınmış qələm sahiblərinin diqqətini çəkdi. Onları təəccübləndirən bu yaşam öyküsünü qələm sahibləri onun ünvanına yönəltdi. Minlərlə təsəlli məktubu, məqalələr, esselər yazıldı. İlk açıq məktubu (1995-ci ildə) böyük şairimiz Bəxtiyar Vahabzadə ünvanladı Sona xanıma. Şəki şəhərində qələmə alınan bu yazı əvvəl "Şəki" qəzetində, daha sonra "Günay" qəzetində işıq üzü görərək Sona xanıma çatdırıldı. O yazıda Bəxtiyar Vahabzadə Sona xanımın ömür-gün yoldaşını itirdikdən sonra qələmə aldığı ilk kitabından ("Çərkəzli-Çərkəzsiz günlərim"dən) çox təsirləndiyini bildirərək deyirdi: "Sevimli ömür-gün yoldaşınızın itkisindən sonra çəkdiyiniz iztirabla siz öz kədərinizi yazdığınız kitab vasitəsilə qəlblərə köçürə bildiniz. Bu da ədəbiyyatda çox mühüm məsələdir...". Beləcə, ata, qardaş, həyat yoldaşının itkisini qəlbində heç zaman öləziməyə qoymayan, gedənləri də qalanlar qədər ürəyində yaşadan Sona xanım sədaqət simvoluna çevrildi. Nə xoş ki, illər sonra Sona xanım yenə müsahibimdir.

 

-Salam, Sona xanım, xoş gördük. Sizdən, daha doğrusu, yaşamınızdan, alın yazınızdan və ya qismətinizə düşən ayrılıqlardan çox tanınmış qələm sahibləri söz açıblar. Elə mən - Əntiqə Qonaq da. Lakin bu gün Çərkəz müəllimin ad günü ərəfəsində sizinlə həmsöhbət olmaq keçdi ürəyimdən.

 

- Etibarlı, qədir bilməyi bacaran, dəyərli insanlarla bir arada olanda yaxşı olmağa çalışıram. Həyat bəzən məni çox yorur, hətta ümidsizləşdirir. Lakin Allah belə bir vaxtda məni elə insanlarla qarşılaşdırır ki, dinləmək maraqlı, görmək xoş olur, səmimiyyətlərindən güc-qüvvət almaq və səbirsizliklə yenidən görməyə can atmaq keçir ürəyimdən. Düşünürəm, nə yaxşı ki, var yaxşılar, yoxsa dünya nəyə yarar... Doğru deyiblər, dünya yaxşıların üzünə gözəldir.

 

- Sona Çərkəz nədən qorxur həyatda, nədən nigarandır?

 

- Əslində, təbiətən aciz və qorxaq adam deyiləm. Amma bu gün həyatda qorxmağa bəzi məqamlar vardır sanıram. Mən öz yaşamımda haqq-sayı uca tutan, bir səmimi salamı belə dəyərləndirən, ölüsünün, dirisinin qədrini bilən insanları çox istəyirəm və elələrindən güc alıram. Lakin elə adamlar da var ki, onu çiyinlərinə alıb gəzdirərsən, boynundan basar. Görmədiyi mərtəbəyə layiq bilərsən, deyər elə yurdum-yuvam buradaydı. Doğrudanmı, insanlara çox diqqət göstərdikcə adam özü dəyərdən düşür? Elələri haqda rəhmətlik ömür-gün yoldaşım deyərdi: "Sona, unutma, bəzi insanların ümumiyyətlə lüğətində "sağ ol" sözü yoxdur". Haqlıymış. Bax, əslində, belə insanlardan qorxuram, qızım.

 

Nigaranam övladlarımdan. Pis vaxtlarında ata itirdilər, nisgillidirlər. Ataları sağ ikən addımbaşı onlara "qurban olum" deyənlər, boyunlarına sarılanlar iyirmi yeddi ildir ki, çox uzaqdadırlar. Qəribədir bu dünya. Vəzifəli, pullu, arxalı olana məhəbbətlə yanaşır hamı. Mən həmişə demişəm, can yandırmaq, təəssüb çəkmək, isti münasibətdə olmaqdır qohumluq, doğmalıq. Daşa sual verirlər sən niyə daş oldun? Deyir daşlara rast gəlib daş oldum. Biganə davranışlar, soyuq münasibətlər hər vaxt mənim sarsılmağıma səbəb olur. Ayaqda olanda yox, yıxılanda yanımda olan, qolumdan tutandır doğmam. Doğma sözü haqqında da fikrim müsbət deyil. Doğmalıq nə qandadır, nə canda. Səni anlayan, gözəl insani keyfiyyətlərə malik olan, səninlə ürəyi bir vuran, sən ağlayanda ağlayan, sən güləndə güləndir doğman. Hamımıza məlum olan bu gün baş verənlər təəssüf ki, doğmalığı da, yaxınlığı da dondurdu.

 

-Sevimli və sadiq həyat yoldaşınız Çərkəz Quliyevdən sizi 27 illik bir zaman məsafəsi ayırır. Bu zaman kəsiyini siz onsuz, amma ikinizin yerinə yaşadınız. Necə yaşadığınızı sizdən gözəl kimsə bilməz.

 

- Çox gözəl sualdır, doğru vurğuladınız, ikimizin yerinə yaşadım. Amma kaş Allah bu ömrü Çərkəzə yaşadaydı ikimizin yerinə, çox ağır olsa da. İnanın, bunu da ona qıymadan söyləyirəm. Çox çətin dözərdi o, mənim dözdüklərimə. Amma yenə övladlarım ürəkli olardı bu yaşa qədər.

 

Bir dəfə yol gəlirdik BDU-dan evimizə. Kiçik oğlumun fakültə dəyişmək məsələsinin həlli üçün üzdəniraq bir təhsil nazirinin (vaxtilə həmkarımız da olmuşdu) qəbuluna getsək də, etiraz cavabı aldıq. Onu da deyim ki, Çərkəz təbiətən xahiş etməyi sevməzdi. Və bir daha bu məsələni qabartmamağa söz verdi.

 

O məsələni universitetin rəhbərliyi səviyyəsində mənim xahişimlə rəhmətlik akademik Vasim Məmmədəliyev həll elədi. Ruhu şad olsun, məkanı cənnət. Çərkəz məsələni həll olandan sonra bildi. Çünki mənim də kiməsə ağız açmağımı istəməzdi. Məsələ həll olan günü oğlumun yanında dedi: "Allah məni Sonadan əvvəl aparsın. Mən onun cəfakeşliyinə, fədakarlığına arxayın olaram". Bu gün o cümləni xatırlayanda sinəm göynəyir, kaş o fikri dilinə almayaydı.

 

Çərkəzsiz çox ağır yaşadım desəm, əslində rahat cavab alınacaq. İyirmi yeddi ilin nisgilli ayları, illəri, uşaqlarımın atalılardan seçkin olmaqları, Çərkəzin təzə ev alıb içində otura bilməməsi, nəvə görməməsi, dostlarının və həmkarlarının arasından əlli dörd yaşında qəflətən ayrılması ağrı yox, qaysaq tutmayan yaradır köksümün altında. Lakin mən bu dərdi kiminsə evində, yanında deyil, kağız-qələmlə bölüşərək çəkdim. Çünki insanların çoxu dərddən yorulur, bezir. Rəhmətlik Tofiq Hacıyev demişkən, mən dərdimi də sevinc kimi bağrıma basa bildim. Ən doğma adamın belə bir gün "bəsdir!" deyib səni yaralayır. Bəzilərinə əfsus ki, dərdimi qələm-kağızla bölüşməyim də əcaib görünür. Neyləyim, arsız olammadım. Mən belə yaşaya bildim.

 

-Bərabər olduğunuz 27 ildə onsuz, onun xatirələri ilə təsəlli tapdığınız bir qərinəyədək müddətdə nələr yaşadınız?

 

- Haqlısınız, qərinəyə bərabər müddətdə yaşadıqlarımın hamısını desəm, bir müsahibəyə çətin sığar. Bir yerdə olarkən yaşadıqlarımla onsuz keçən illəri yan-yana gətirmək istəmirəm. Kəndə qoşa gedərdik bir neçə günlüyə, hamı qabağımıza qaçar, görüşümüzə gələrdi. Can deyib sinələrinə vurardılar. İndi kəndə getmək söhbəti düşəndə o günləri xatırlayıram və "kimə gedim" sualı qarşımda divara çevrilir. Ona cavab verə bilmirəm. Döndü insanların üzü. Bizim isə Çərkəzli günlərimizdə o balaca evimizin qapıları nəinki qohumların, heç dost-tanışların da üzünə bağlanmazdı. Kimlər gəlib getmədi bizlərə... Xəstəxanaya adam gətirənlər, toya hazırlıq görənlər, övladlarını əsgər yola salanlar, uşaq oxutduranlar... O zaman indiki kimi paytaxtda heç kimin beş-altı evi yox idi. Hamının üz tutduğu bir ünvan var idi... Çərkəzdən sonra isə bunlar hamısı yalan olub. Çoxunun yaddaşı paslanıb sanki. Mən bu dünyada bir anın da, bir dəqiqənin də, bir salamın da, bir ürəkdən gələn "necəsən"in də dəyərinin bilinməsinin tərəfdarıyam. Dəyər diqqətdir, əzizlərim. O nə paydır, nə süfrədir, nə də pul.

 

-Söhbətlərinizdə, müsahibələrinizdə tez-tez zamandan gileylənirsiniz. O zamandan ki, Lao Tszinin təbirincə desək, bir daha gəlməmək şərtilə həyatımızdan gedir.

 

- Zaman haqqında fikirlərinizlə, o deyimlərlə yarama toxundunuz. Lakin adamı yandıran odur ki, itirdiyi zamanı (özü də qədirbilməzlərin yolunda) geri qaytara bilmir. "Əfsus"lar və "kaşki"lər yuxumu əlimdən alır. Mənim üçün zaman çox qiymətlidir. Kimin yolunda xərclədiyimizi bilək gərək. Təəssüf ki, bunu xərclədiyimiz zaman dərk edə bilmirik.

 

Bəzən işdən tələsik evə gələrdik, ağzımıza bir tikə çörək almadan gedərdik rayondan üzü bəri gələn xəstələrin yanına. Onların arasında ata qohumlarım da olub, ana qohumlarım da. Çərkəzin bacıları da, bacısı uşaqları da, yeznələri də, kənddən gələn dost-tanışlar da. Bir dəfə yox, hər gün. Bir sözlə, biz özümüz üçün yaşamadıq. Qonşularımız belə dilə gələrdi. Yollar yorğunu olduq o illərdə. Amma indi o vaxt itirdiyim zaman ağrısının, həsrətin sızıltısı məni çox incidir. Suallarıma cavab gəzirəm, tapmayanda özümü günahkar bilirəm. Və nə yazıq ki, bu gün də dəyişə bilmirəm. Mən bu gün də yenə hamını düşünməyi bacarıram. Və o zaman itkisi sağlamlığıma yetərincə zərbə vuraraq hər gün özünü xatırladır. İçimdə ölən zamana çox heyfim gəlir. Çünki o itirilən zaman ömrə yazılmır.

 

Eşidirəm, hərdən çalır qulağım,

 

Deyirlər ki, Sona hələ yaşayır...

 

Amma görən o deyənlər bilirmi,

 

Bu "bəxtəvər" hansı yükü daşıyır?..

 

İçimdə ölməyən bir zaman var - məndən kiçik olsa da, özümün də, övladlarımın da çiyinlərində çox haqq-sayı olan el bərabəri qardaşım Füzuli və sonsuz diqqətini heç unuda bilmədiyim Çərkəzlə bağlı zamandır ki, mən öləndə öləcək. Həqiqətən onlarla bağlı zaman gözlərimin önündə canlıdır, itmir.

 

Amma nə olur-olsun, ağrı hiss etmək, acılarla yaşaya bilmək bir insanlıq halıdır.

- Haqlısınız, Əntiqə xanım. Rəhmətlik Bəxtiyar Vahabzadə də mənə ünvanladığı təsəlli yazısında bu fikirləri söyləmişdi - Bəli, Sona xanım, şadlıqda, sevincdə düşüncə yoxdur. Bizi düşündürən ürəyimizə sığmayan dərdimiz, qəmimizdir. Dərd bizi idrakımızın zirvəsinə qaldırır, böyüdür. Sevinc isə bizi idrakımızın üst qatında yelləndirib kiçildir. Əlli illik yaradıcılıq təcrübəmdən deyə bilərəm ki, ən tutarlı, ən uğurlu yazılarımı mənə dərdim yazdırıb. Ona görə də bu misraları gəlişi gözəl söz kimi deyil, gəldiyim qənaət kimi demişəm:

 

Dərdim olmasaydı, dərd tutmaq üçün

 

Dərdin dəryasına tilov atardım.

 

Sevinci qaşıyıb, vallah, mən hər gün

 

Sevincdən özümə dərd yaradardım.

 

Əgər olmasaydı dəryaca dərdim,

 

Dərdin yoxluğunu mən dərd edərdim.

 

Sona xanım, bununla belə, ədəbiyyatda əsas məsələ dərdin özündə deyil, dərdin ifadəsindədir. Siz bunu da tapa bilmisiniz: "Dağlardan duman çəkilər, fəsillər dəyişər, gün batar, ay doğar, yenə ağaclar çiçəklər, amma Çərkəz dönməz bu vəfasız dünyaya...". Yaxud: "Mənim taleyimin sənlə keçən bir anı, bir bayramı, bir günü yüz illik sənsiz ömrümə dəyər". Yaxud: "Sənin yoxluğuna inanmadığım halda, sənin yoxluğundan yazmağa başladım" və s.

 

Misal gətirdiyim bu cümlələr Sizin imzanız deyil, dərdin imzasıdır. Eyni hissləri mən, sevimli şairimiz N.Həsənzadənin dünyadan vaxtsız getmiş xanımına həsr etdiyi şeirlərdə də görmüşəm.

 

"Sona xanım, ay mənim millətimin müasir Burla Xatunu, Banuçiçəyi, Həcəri, Siz bu yazınızla məhəbbət və sədaqət rəmzinə çevrilib, öz kitabınızın qəhrəmanı oldunuz. Axı, əsl türk Xatunu ömür-gün yoldaşına bəslədiyi böyük sevgisində və ona olan sonsuz sədaqətində həmişə qəhrəman səviyyəsinə yüksəlmişdir.

 

Həyatın bütün nemətlərinə göz yumub, yalnız ömür-gün yoldaşınızın xatirəsi ilə yaşamağınız bütün gözəl milli dəyərlərimizin unudulduğu indiki zamanda böyük fədakarlıq və böyük qəhrəmanlıqdır. Siz indiki ağır şəraitdə onun yazılarını çap etdirməklə öz ömrünüzü deyil, onun ömrünü yaşayıb, onu yaşatmaq üçün yaşayırsınız. Nə qədər əzablı olsa da, bu cür ikili ömrü yaşamağa dəyər.

 

Ona rəhmət, Sizə isə böyük səbr və dözüm diləyirəm".

 

Dərin hörmətlə: Bəxtiyar VAHABZADƏ, Xalq şairi.

 

-İnsan zamanın içində deyil, zaman insanın içində yaşayır (Henri Berqson). Məncə siz öz zərif vücudunuzda qos-qoca bir zaman yaşadırsınız. Amma nə olursa olsun ağrı hiss etmək, acılarla yaşaya bilmək bir insanlıq halıdır. Nə xoş ki, Siz belələrindənsiniz.

 

- Təşəkkür edirəm Əntiqə xanım. Mənim bu dərdli qəlbimi ovudan, azacıq olsa da, ağrı-acımı sığallamağa çalışan çoxlu qələm əhli olub həyatımda. Mənim insani yaşantılarıma, həyat yoldaşıma sədaqətlə bağlılığıma heyran qalaraq, heyrət edərək haqqımda çox dəyərli məqalələr yazan çoxlu sayda yazıçı və jurnalistlər olub. Hamısına ömrümün sonunadək minnətdar olacam. Mənə dəyər verən dəyərlilərim arasında usanmadan, yorulmadan, təkrarən, dönə-dönə mənim haqqımda yazan mənəvi qızlarım Esmira, Aynur, Əntiqə var. Sən 20 ildən çoxdur mənim ağrılarımı, qəlbən yaşadıqlarımı olduğu kimi, yəni illər sonrası da hər dəfə oxuyanda aktuallığını itirməyən, mənim ruhumu titrədən yazılar yazan bir müəllifsən. Bunun üçün də, sənə sonsuz təşəkkürlərimi bildirmək borcumdur.

 

- Əslində Sizin kimi milli mentalitetimizi qoruyub saxlayan, qadınlarımıza sədaqət simvolu kimi nümunəvi bir həyat təcrübəsi göstərən bir xanımdan yazmaq və örnək göstərmək biz yazarların vicdan borcudur. Yaxşı ki, dünyamız sizin kimi dəyərlərdən xali deyil. Yoxsa həyat çox miskin, cılız görünərdi gözümüzə...

 

Müsahibəni qələmə aldı: Əntiqə Qonaq, əməkdar jurnalist.

 

PS: Sona xanımın, uzun illər prokurorluq orqanlarında vicdanla çalışmış Füzuli Məmmədovun, icra strukturunun dövlət qulluqçusu Fəzli Məmmədovun cəfakeş və qayğıkeş anaları, ömrünün 55 ilini şagirdlərin maariflənməsinə və təlim-tərbiyəsinə həsr etmiş pedaqoq, ziyalı Səriyyə müəllimə haqq dünyasına qovuşdu. Nur içində uyusun. Ailəsinə və doğmalarına dərin hüznlə başsalığı verirəm.

 

Olaylar.- 2021.- 23-29 aprel.- S.22.