Qanmazlıq dərdi...

Əslində müharibə mövzusunda hələ ki, yazmaq fikrim yox idi, daha doğrusu, yaza biləcəyimi düşünmürdüm. 44 günlük Vətən Müharibəsində şəhid olan oğulların ruhu başımız üzərində dolaşırkən, döyüşdən yaralı, yarımcan dönən qazilərin, ilk gündən döyüşə yollanan, amma hələ də dönməyən, Vətənə xidmətini davam etdirən oğullarımın qarşısında özümü borclu sayıram. Bir yazı, beş - on cümlə ilə bu borcdan azad olacağıma inanmıram. Gözü yaşlı, amma başıdik, alnıaçıq, ruhu sağlam şəhid analarının qarşısında baş əyirəm, əllərindən öpürəm. Qazilərin və şəhidlərin bu gün bir adı var: VƏTƏN OĞULLAR! O oğullar "uf" demədən Vətən torpaqlarını öz qanları ilə suvardılar. Ki... o torpaqlarda gəzən hər bir Azərbaycan vətəndaşı utanmadan, çəkinmədən gələcəyə gedə bilsin. "Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən olur". Bunu məndən əvvəl kimsə deyib, amma gözəl deyib, gerçək deyib. Bu gözəlliyə, bu gerçəkliyə görə Vətən Oğullara borcluyuq.

Vətən oğul çiynində sevimli Vətən olur. Vətən əsgər paltarında, zabit mundirində basılmaz Vətən olur. Vətən vətəndaşın sevgisi ilə cənnətməkan Vətən olur. "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı"! Və bir ölkənin vətəndaşlarının mayası Vətən sevgisindən, Torpaq eşqindən yoğrulanda, sözün yaxşı mənasında, dünyaya meydan oxumaq, dünya çapında ön yerlərdə dayanmaq qaçılmaz olur. Necə ki, 8 noyabrda Azərbaycan adlı cənnətməkan məmləkət dünyaya öz qələbəsi ilə, Vətən Zəfəri ilə imza atdı. Dünya Azərbaycan oğullarının Vətən eşqinə heyran oldu, Vətən Oğulların hünəri qarşısında mat qaldı. Elə mən də Vətən Oğulların şəhid ruhunun Zəfərini, Qazilərin can acısı ilə daşıdığı Qələbəni ruhuma, canıma hopdurdum. Son nəfəsimə qədər sevə-sevə, bir az da ağrıyaraq daşıyacam. Məhz bu sevgini, bu ağrını aşıb savaş yazısını yazmaqda indi çətinlik çəkirəm. Bəlkə bir gün yaza bildim. Bu, nə zaman olar bilmirəm?! Sabah da ola bilər, daha sonrakı həftələrdə, aylarda da. Bu gün isə yazacaqlarımın məqsədi başqadı...

 

***

 

Bir neçə gün əvvəl facebookda Fuad Muradov adlı birinin xoşagəlməz paylaşımına rast gəldim. Adamın yazdıqlarını olduğu kimi, nöqtə-vergülünə toxunmadan köçürdüm: "Yenidən müharibə olsun istəyirəm. Amma bu dəfə olduğu kimi yox. Heç bir medal, orden, fəxri adlar olmasın. Sadəcə Torpaq, Vətən, Millət üçün vuruşsunlar. Rəsmi olaraq xüsusi qeyd etsinlər ki, siz maharibədən qayıdandan sonra heç kim sizlə maraqlanmağa borclu deyil və maraqlanmayacaq da, sadəcə beş-on nəfər şəkil çəkdirib gedəcək. Əliniz, ayağınız şikəst vəziyyətdə sizlərdən yalnız piar üçün istifadə olunacaqsınız. Sizə nə maaş, nə də ki, pensiya veriləcək, öz başınızın çarəsinə özünüz baxın. Necə yaşayırsınız yaşayın. Dövlət orqanlarından nə isə istəsəniz cinayət məsuliyyətinə cəlb olunacaqsınız. Bu şərtlər altında yenidən müharibə istəyirəm. Lakin İrəvanda olsun, zatən Qarabağ bizimdi".

Fuad Muradov nədən belə yazır, niyə bu cür dayaz düşünür bilmirəm. Amma əminəm ki, bu adam müharibəni uşaq oyunu hesab edir. Savaş görməyib, qan-qadanın nə olduğunu anlamır, atışma meydanındakı top-tüfəng səsindən qulağı batmayıb. Döyüş yoldaşı şəhid olanda sarsıntı keçirməyib, yaralı komandirini kürəyində daşımayıb, şəhid olmuş əsgər qardaşını döyüş meydanından çıxarmaq üçün özünü "güllə yağışında islatmayıb", döyüş yoldaşları salamat qalsın deyə düşmənin atəş nöqtəsini bədəni ilə susdurub şəhidlik zirvəsinə ucalmayıb, döyüşlərdə iki qolunu, bir ayağını, yaxud da gözlərini itirərək yarımcan olmayıb. Üçrəngli Azərbaycan bayrağını sinəsinə basıb düşməndən təmizlənən torpaqlara sancmaq xoşbəxtliyini yaşamayıb. Qutsal Bayrağımızı bərk-bərk bağrına basan əsgərin snayper gülləsindən deyil, sərt küləyin onu əlindən alacağından necə qorxduğunu nə görüb, nə də eşidib. "Ölərdim, amma Bayrağımızı küləyin aparmasına icazə verməzdim. Onu bağrıma elə basmışdım sanki, anamı, balamı qucaqlamışdım" deyən döyüşçünün o anlarda nə hisslər yaşadığnı , axı, hardan bilsin bu zavallı?! Bu bədbəxt necə anlasın ki, sadaladıqlarım uşaq oyunu deyil, gerçəklikdi, 44 günlük Vətən Müharibəsinin "atributlarıdı".

O heç vaxt anlamayıb, anlamayacaq da ki, Azərbaycan Ordusunun gücü azərbaycanlı gəncin təkcə biləyində deyil, həm də ürəyindədir. O ürəkdə ki, orda torpaq həsrəti var idi. O ürəkdə ki, orda düşməndən intiqam almaq hissi kök atmışdı. Vətən Oğullar üçün bu həsrətə son qoymaq namus, qeyrət məsələsi idi. "Namusuma and olsun, müharibəyə yola düşəndə bircə şey fikirləşirdim ki, təki mən şəhid olum, amma torpaqlarımız bu şərəfsizlərdən təmizlənsin" deyən qazinin qeyrət hissini anlaya bilirmi bu adam? Adam nə qədər kal olmalıdır ki, döyüşdən sağ dönənləri, yaralı qaziləri, şəhid ailələrini təhqir etməkdən çəkinməsin? Adam nə qədər cılız olmalıdır ki, yazsın: "rəsmi olaraq xüsusi qeyd etsinlər ki, siz müharibədən qayıdandan sonra heç kim sizlə maraqlanmağa borclu deyil və maraqlanmayacaq da, sadəcə beş-on nəfər şəkil çəkdirib gedəcək. Əliniz, ayağınız şikəst vəziyyətdə sizlərdən yalnız piar üçün istifadə olunacaqsınız. Sizə nə maaş, nə də ki, pensiya veriləcək, öz başınızın çarəsinə özünüz baxın. Necə yaşayırsınız yaşayın. Dövlət orqanlarından nə isə istəsəniz cinayət məsuliyyətinə cəlb olunacaqsınız". Bunun adı təhqir deyil, bəs nədi? Bu adam dünyanın başqa ölkəsində yaşasaydı və bu cür fikir söyləsəydi, ictimaiyyət onu qınayar, insanlar daş-qalaq edərdilər. Nə yazıq ki, Azərbaycanda bu cür boşboğaların söylədiyinə əhəmiyyət verilmir. Məncə, səhv edilir. Məhz belə düşünən, belə yazan adama dövlət səviyyəsində "dərs verilməlidi". Sən, ey düşüncəsiz Fuad Murdov, bu gün rahat yatıb, rahat nəfəs aldığın üçün hər bir əsgərə, döyüşçüyə, zabitə borclusan. Hər axşam yatanda və hər səhər yuxudan oyananda onlara dua etməlisən. Səcdəgahın, qibləgahın şəhid məzarları, qazi evləri olmalıdı. Dilinin əzbəri olmalıdı şəhidlərin adı, qazilərin hər birinin qarşısında baş əyməlisən onları görəndə. Bu Vətən onlara minnətdardı. Sən niyə bu minnətdarlıqdan kənar düşmüsən?

Bu Vətəndən heç bir təmənnası olmayan Vətən Oğullarına verilən orden-medal, təqaüd, maaş, yardım və digər bu kimi nəsnələr onlar üçün məqsəd olmayıb - bunu bilməlisən. Onlar zatən dövlətdən heç nə ummurlar, ummayıblar da. Çünki bu insanların Vətəndən başqa bir sərvəti, varı-dövləti olmayıb. Sən və sənin kimilər sərvətinizi qorumusunuz, onlar isə Vətənin keşiyini çəkiblər. Kimin nəyi var, onu qoruyur. 44 günlük savaş vaxtı orden - medal, fəxri adlar onların umurunda olmayıb. Tək məqsədləri var idi: torpaqları işğaldan azad etmək! Nə xoş ki, bu məqsədə nail oldular. Ona görə də, Fuad Muradov, dövlətdən nəsə istəyən döyüşçü, qazi yox, məhz sən cinayət məsuliyyətinə cəlb olunmalısan. Onlar hər cür diqqətə, ehtirama layiqdirlər. Onlar cəmiyyətin üst pilləsində olmalıdırlar. Bu millətin sabahını qoruyan, bu gününü qanları, canları bahasına var edən həmin Vətən Oğullardı. Sən bəlkə də bu adın nə demək olduğunu anlamazsan. Çünki sən Vətənin isti yerində oturub, rahat tərəfində yatansan. Sən Vətənin hazırına nazir olansan. Sən Vətənin dar günündə gizlənən, xoş günündə ortaya çıxıb "mən də varam" deyənsən. Bu gün də ortaya çıxıb müharibə iştirakçılarına irad tutursan. Nə haqla?

 

***

 

Nə yazıq ki, sən cəmiyyətdə tək deyilsən. Sənin kimi qanmazlardı bəzi qazi və şəhid ailələrini dövlətdən narazı salanlar. Bütün məmur ordusu işinin məsuliyyətini anlasa, vəzifəsinin nə olduğunu başa düşsəydi, nə Vətən Oğullar yardım, müalicə və digər sosial problərin həlli üçün kiminsə qapısını döyər, nə də sən bu cür düşünərdin. Bəlkə sən də özünü məmur sayırsan? Kimsən, nəsən bilmirəm. Amma inanıram ki, tərəzinin gözünü əyən məmurlardan ilhamlanıb yazırsan. Əminəm ki, sən savaşdan qalib dönən Vətən Oğullara paxıllıq edirsən. Yoxsa nədən bu qədər dayaz düşünəsən, qəddar və anlamaz olasan, qanmazlıq nümayiş etdirəsən? Qanmazlıq sağalmaz yaradı, bitməz, tükənməz dərddi.

Dərdini özünə saxla...

 

Züleyxa NADİR

 

Olaylar. -2021.- 12-18 fevral.- S.17.