Həsən bəy Zərdabinin ilk mətbu məqaləsi

 

Milli mətbuatımızın banisi, görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabinin "Bakı salnaməsi. 26 fevral" başlığı ilə verilmiş bu məqaləsi "Əkinçi"dən üç il əvvəl rus dilində nəşr olunan "Bakinski listok" qəzetinin 26 fevral 1872-ci il tarixli (9) nömrəsində çap edilib.

O dövrdə çar Rusiyasının ucqarı sayılan Azərbaycanda ilk qəzet olan, 1871-ci ildən başlayaraq həftədə bir dəfə rus dilində nəşr edilən "Bakinski listok"un naşiri redaktoru H.Zərdabinin müəllim həmkarı, Bakı Realnı gimnaziyasının alman əsilli əməkdaşı Xristian Sink idi. Belə ehtimal etmək olar ki, "Əkinçi" ideyasında Zərdabinin X.Sink onun qəzeti ilə sıx təması da müəyyən rol oynamışdı. Burada bir məqam da ondan ibarətdir ki, X.Sink qəzetində tatar (türk - Q.M.) dilində yazılar verilməsinə icazə alsa da, bir çox səbəblərdən, o cümlədən, qəzetin çap olunduğu "Erməni insansevərlər cəmiyyəti"nin mətbəəsinin bu dildə material çapından imtina etməsi ucbatından öz məqsədinə nail ola bilməmişdi.

İlk nömrəsi 1871-ci il martın 6-da işıq üzü görmüş "Bakinski listok" oxuculara "ictimai-siyasi ədəbi" nəşr kimi təqdim olunurdu. XIX əsrin 70-ci illərinin özünəməxsus salnaməsi sayılan qəzetin iki il ərzində 50 nömrəsi (1871-ci ildə 17, 1872-ci ildə 23) çapdan çıxıb. Birinci il dörd səhifə, ikinci il isə iki səhifə həcmində A-3 formatında çap edilmişdi. Təəssüflər olsun ki, Bakıda çıxmış bu ilk dövri mətbuat nümunəsi Azərbaycanda saxlanılmayıb, amma elmi kitabxanalarda biblioqrafik qeydlərdə qəzet haqqında ümumi bilgi verilib. Sovet dövründə mətbuat tariximizi araşdıran tədqiqatçıların bu qəzetin nüsxələrini əldə etmək cəhdi uğursuz olub. Ona görə bizim alimlər uzun illər bu qəzetin fəaliyyəti materialları haqqında yalnız ehtimallarla danışıblar.

Bir neçə il əvvəl "Bakinski listok"un izinə düşmüş BDU-nun jurnalistika fakültəsinin əməkdaşı, filologiya elmləri namizədi, tədqiqatçı Lalə Hacıyeva ciddi axtarışlar nəticəsində qəzetin nüsxələrini Rusiya Milli kitabxanasında (Sankt-Peterburq) aşkar edə bilmişdi. Bununla mətbuat tariximizin araşdırılması işinə ciddi töhfə vermiş Lalə xanım həm fədakarlıq göstərərək qəzetin bütün nüsxələrini qısa izah şərhlərlə birlikdə kitab şəklində ictimaiyyətə təqdim etmişdi. Yəni H.Zərdabinin sizə təqdim edilən ilk mətbu məqaləsinin üzə çıxması da L.Hacıyevanın bu xidməti sayəsində mümkün olub.

Azərbaycan milli mətbuatının banisinin 148 il əvvəl "Bakinski listok"da dərc olunmuş məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

 

Qulu MƏHƏRRƏMLİ

Professor

***

 

Bakı salnaməsi. 26 fevral

 

Daha bir maskarad bu gün, bir rəqs gecəsi sabah olacaq - bununla da bizim şənliklər zənciri qırılır ictimai həyatımız özünün yeni mərhələsinə, böyük Pəhriz dövrünə qədəm qoyur. İlin yerdə qalan heç bir vaxtı, uzun sürən bu yeddi həftəlik müddət qədər özəllikləri ilə başqa zamanlardan belə kəskin şəkildə fərqlənə bilməz. Biz bu pəhriz dövrünün dini mahiyyətini bir kənara qoyub, onun mülki-ictimai həyatımızdakı əhəmiyyətinə toxunmaq istərdik. İndiyə kimi Pəhriz günləri Bakıda bəziləri üçün ancaq darıxdırıcı sıxıntı dövrü, bir başqaları üçün isə yalnız iş-güc ayı sayılırdı. Səviyyəcə yüksək olmayan həvəskar-artistlərin təşkil elədikləri 2-3 konsert çox süst keçirdi, Məclisdəki çay axşamları adama heç yapışmırdı, Nuh əyyamından qalmış gözübağlıca, siçan-pişik s. kimi bəsit, uşaq səviyyəsində olan çox uzun çəkən əyləncə oyunları gərginlikdən başqa bir şey deyiliydi. Amma indi Bakıda ildən-ilə həyat canlanır ümid edirik ki, gələn Pəhriz dövrü bizə hələ görüb ləzzətini dadmadığımız çox yeni şeylər bəxş edəcəkdir. Bunu deyəndə mən, hər şeydən əvvəl, haqqında eşitdiyimiz ədəbi axşamları kütləvi mühazirələri nəzərdə tuturam. Zira, bizim ümidlərimiz hələlik gümanlara şayiələrə əsaslanır. Amma bununla yanaşı, biz xeyli tərəqqi etmiş ruc icmasının yetkinliyinə inanırıq, bu səbəbdən onun əvvəlki illərdə olduğu kimi, təkcə çay içib gözbağlayıcı oyunları ilə kifayətlənəcəyinə inanmırıq. Bundan başqa c-b Esterreyxin iltifat göstərib bizlərə iki-üç yaxşı konsert əta edəcəyinə ümidimiz vardır. Bu konsertlərin böyük uğur qazanacağına da indidən inanırıq, o səbəbdən ki, əvvəla, bizim orkestr o cənabın səyləri sayəsində çox cilalanmışdır. İkinci bir tərəfdən c-b Esterreyxin özü musiqi aləmində çox yaxşı tanınan, nüfuzu olan, haqlı şöhrətə sahiblənmiş bir zatdır. Bundan sonra isə bir görəcəksiniz ki, hansısa Beranek ya Bosko gəlib şəhərin o biri ucunda çadırlarını quracaq əhalimizə yemək paylamağa başlayacaq. Allah xatirinə, xoş gəlirsiniz! Biz cəmaatımızın əyləncələrinə rəng qatacaq, onları boş vaxtlarında kart oynamaq dedi-qodu ilə məşğul olmaq kimi bəd əməllərdən xilas edəcək hər şeyə şadıq, hətta bunun üçün qəpik-quruşumuzu da əsirgəmərik.

Şəhərimizin müsəlman əhli Avropa sivilizasiyasının bizlərə fayda gətirən nəfini hələ anlamayıb, o səbəbdəndir ki, Bakı Realnı gimnaziyasına gələn şagirdlərin arasında onların övladlarını barmaqla saymaq olar. Vilayətimizin İranla gediş-gəlişi, yaxın əlaqələri olmayan başqa şəhərlərində elm maarifə tələbat hiss olunur, fəqət Gimnaziyanın oralardan uzaq olması müsəlmanların həddən ziyadə kasıblığı şagirdlər arasında bu toplumun nümayəndələrinin faizini çox aşağı edir. İndi öz uşağını xəzinə hesabına Gimnaziyanın pansionuna göndərmək istəyənlərin sayı günbəgün artır, amma çoxu ora düşə bilmir, çünki bunun üçün bir neçə il gözləməlidirlər, növbələri çatanda isə artıq gec olur, onlar təlimsiz qalır, ötüb keçən yaşları isə Gimnaziyanın aşağı sinfinə daxil olmağa imkan vermir.

Bu vaqiəni nəzərə alaraq biz Bakı şəhərində müsəlman şagirdlərə yardım etmək məqsədi ilə bir Xeyriyyə cəmiyyəti təsis etməyi vacib sayırıq. İlk zamanlarda cəmiyyətin fəaliyyəti Bakıda mənzil tutmaqla məhdudlaşacaq ki, başqa şəhərlərdən gəlib oxumaq istəyində olan şagirdlər bu mənzillərdə sığınacaq tapıb gimnaziyaya rahat gedib-gələ bilsinlər.

Xeyriyyəçilik hər bəndəyə xas olan savab , Allaha xoş gedən vacib bir əməldir, bizim bu cəmiyyət yalnız xeyriyyəçiliklə məşğul olacaqdır. O səbəbdən cinsindən, milliyətindən, dini mənsubiyyətindən asılı olmayaraq hər kəs bizim bu cəmiyyətə üzv ola bilər. Hazırda biz cəmiyyətin nizamnaməsini tərtib edirik arzu olunandır ki, bu sahədə səriştəli mötəbər insanlar öz məsləhətləri ilə bizləri tək qoymasınlar.

 

Həsən bəy Məlikov

"Bakinski listok", 26 fevral 1872

 

Olaylar.- 2021.- 23-29 iyul.- S.9.