Son xahiş...ölüm anını əbədiləşdirən igidimiz

 

 

...Nəfəsi güclə alır, kəsik-kəsik danışır, amma nitqi aydındır. Sözləri ürək dağlayır: Qardaşlar, Vətən uğrunda, əsas Vətəndir. İnşallah, qardaşlarımız irəli gedər. Atam İlqar, anam İlhamə, qardaşım İlham, mənim arxamca ağlamayın. Mən ölmürəm, hər zaman sizin yanınızda olacağam.

Sonra aydın şəkildə dostlarının adını çəkir, onlara salam göndərir...

 

 

 

Sosial şəbəkədə yerləşdirilən, mənim özümün də baxdığım qısa bir görüntüdən söz açıram. Ölüm anında şəhid İntiqam İlqar oğlu İsmayılov döyüşçü dostundan onun son anlarını telefonla çəkməyi xahiş edir.

Anası İlhamə xanımla evlərində söhbət edirəm. Üzündə azərbaycanlı xanımlara məxsus abır-həya, ismət var. Gözünün yaşı da ki, qurumur. Döyüş yoldaşları İntiqamın bu video-mesajını valideynlərinə də göndəriblər. Ancaq İlhamə xanım bir dəfə də olsun özündə qüvvə tapıb bu görüntünü izləməyib. Kim bilir, bəlkə də artıq balasının yoxluğuna ürəyi dözməyəndə, səbri tam tükənəndə ürəyi parçalana-parçalana ciyərparasının son sözlərinə qulaq asacaq?! İndilikdə isə deyir:

- Özünə elə gözəl hərbi paltar tikdirmişdi ki, al bayrağımızı evimizdə gizlətmişdi ki, tezliklə  müharibəyə yollanacağından xəbər tutmayaq.

Və şəhidin evi bəzəyən şəkillərinin lap yuxarı hissəsində yer tutan müqəddəs bayrağımızı mənə göstərdi. 

Ananın dedikləri və öləndə də igidliyini qoruyan şəhidimizin görüntülərdə söylədikləri mənə Ramiz Rövşəni xatırladır:

var allahdan yuxarı?

var qədərdən aşağı?

Çəkdiyim ahdan yuxarı

Bildiyim sirdən aşağı?

 

Niyə günün gündüzündə

Quşlar azır göy üzündə

Göz yaşları quş gözündən

Tökülür dən-dən aşağı

 

Demə biz ki, quş deyilik

Allaha tanış deyilik

Ruhum, dur, yığış, gedirik

Sən yuxarı, mən aşağı

Bəli, allahın lap üst mərtəbəsində ruhu həmişəlik yer aldı İntiqamın.

Xanabad kəndində, İlqar İsmayılovun ailəsində 1996-cı ilin 24 dekabrında dünyaya gəlib İntiqam. Evin iki oğlundan biri, ailənin sonbeşiyi idi. Xanabad kənd tam orta məktəbdə onu boksçu kimi tanıyırdılar. Müxtəlif səviyyəli yarışlarda iştirak etmişdi, uğurları vardı. Bir arzusu da hərbçi olmaq idi.

Məktəbdən məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollandı. Yaxşı kəşfiyyatçı kimi yetişdi, qulluq etdiyi hərbi hissədə fərqləndi, təltiflərə, sertifikatlara layiq görüldü.

 

 

Xidmətini başa vurub qayıtdıqdan sonra cəmi 5 gün qaldı doğmalarının yanında, yenidən qayıtdı xidmət keçdiyi hərbi hissəyə, bu dəfə müddətdən artıq həqiqi hərbi xidmət qulluğuna.

Atası İlqar söyləyir ki, 5 ildən artıq idi hərbi xidmətdəydi və bu zaman ərzində İntiqam mükəmməl bir hərbçi kimi yetişmişdi. Döyüşlərin ilk günündən ta müharibə başa çatanacan ən ağır əməliyyatlarda iştirak etmişdi:

-Altı gün ötürdü, zəng edirdi, - dərdli ata deyir. -Danışanda da yüksək əhval-ruhiyyədə olurdu. Ona özündən muğayat olmağı tapşırırdım, narahat olma, deyirdi, birki, alnıma nə yazılıbsa, o da olacaq. İntiqam çox cəld, çevik uşaqdı. 44 günlük müharibədə burnu da qanamamışdı. Oğlumla sonuncu dəfə oktyabrın 25-də danışdım, ondan sonra əlaqəmiz olmadı.

 

 

Döyüşçü dostları ailəyə İntiqam haqqında o qədər gözəl şeylər söyləyiblər ki... İlqar kişi mənimlə söhbətində onları iftixar hissilə xatırlayır:

-Demək Şuşaya hücum planı hazırlanarkən İntiqam birincilər sırasında yer alıb. Şuşaya daxil olub. Şəhəri mənfur düşməndən azad edən oğullardan biri olub mənim igid balam. Çox inanırdım ki, İntiqam sağ-salamat dönər, qurban da demişdim o qapıdan girən günə. Amma hər şey başqa cür oldu.

 

 

Noyabrın 8-si müharibənin ən böyük uğurlarından - Şuşanın azad olunmasının şahidi olan İntiqamın gənc həyatının son günü olur. Düşmənin atdığı minamyot onu ağır yaralayır. Vəziyyətinin ciddiliyini görən İntiqam döyüşçü yoldaşından son xahişini edir, onu telefonuna çəkməyi və doğmalarına verməyi istəyir.

          -Oğlumu kəndimizin qəbristanlığında dəfn etdik. Yevlaxdakı Şəhidlər xiyabanını təklif etdilər, amma tez-tez ziyarətinə getmək üçün kənd məzarlığını uyğun gördük.

          İsmayılovlar ailəsinin ilki İlham söyləyir ki, döyüşçülərdən kimsə ona hərbi hissədə daha asan bir işə keçməyi təklif edəndə çox əsəbləşib. - Axı, mən hələ Xocalı faciəsində canlarını fəda etmişlərin intiqamı hələ yerdə qalıb. Mən Şuşanı almamış şəhid olamyacağam.

Millət vəkili, Milli Məclisin vitse-spikeri Əli Hüseyinli şəhid ailələrinə baş çəkərkən bu ailədə də olmuş, İntiqamın vətənpərvərliyindən, rəşadətindən söhbət açmış, demişdi: - Şəhidimiz dediyi kimietdi. Şuşa düşmən tapdağından azad olduqdan sonra şəhidlik zirvəsinə ucaldı.

 

 

...Daha bir nakam gənc. Çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha böyük hədəfləri vardı, hərbi təhsil almağı düşünürdü. Amma qanlı bir müharibədə bir anda arzuları ilə birgə əbədiyyət yolçusu oldu. Bir ailənin oğlu idi, bir Vətənin fəxri oldu. Ölümü qorxu ilə deyil, məğrurcasına qarşıladı.

Allah rəhmət eləsin!

İsmayılov İntiqam İlqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

 

 

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 21-27 may.- S.18.