KİRİ, KİRİ, QARA PALTARLI QADIN

Salahlı kəndində yaşayan Kürdoğlu və Lamiyə Quliyevlər ailəsinə tanrı üç qız övladından sonra 11 iyul 1999-cu ildə bir oğlan uşağı da bəxş etdi. Adını da İman qoydular. O vaxt bütün ailə üzvləri böyük sevinc içərisində olublar. Allaha şükranlıq edib, deyiblər ki, artıq bizim də nəslimizin davametdiricisi olacaq.

Haqqında söhbət açdığımız şəhid balamız İman arpa-arpa, buğda-buğda böyüdükcə valideynlərinin gözündə ucalır, onların həyatını daim nurlandıracaq ümid çırağına dönürdü. Nəhayət, məktəb yaşına çatan zəmanəmizin qəhrəmanı təhsil aldığı dövrdə intizamlı və yaxşı oxuyan şagird olmaqla yanaşı, həmyaşıdları ilə mehriban rəftarı, eləcə də özündən böyüklərin öyüd-nəsihətinə qulaq asan bir uşaq kimi kənddə hamının diqqətini cəlb edirdi. Bir sözlə, ərköyün uşaq olmayıb. Kimdən soruşsan, kimi dindirsən, maşallah, Allah başacan versin, çox tərbiyəli, qanacaqlı, haracan desən sözəbaxan uşaqdır,- deyirdilər.

Övladları haqqında eşitdikləri xoş sözlər Kürdoğlu kişi ilə Lamiyə xanımı daha da qürurlandırır, gözlərinin önündə, evlərinin içində ləyaqəti, gücü çatan qədər hamının işinə yaramaqla özünə rəğbət qazandıran, gələcəkdə nəinki onlara, hətta Vətənə başucalığı gətirəcək bir övlad böyüdüyünü açıq-aydın görürdülər.

 

 

2017-ci ildə Salahlı kənd tam orta məktəbi bitirən İman Quliyev elə həmin ildə də ilk öncə Vətən qarşısında həqiqi hərbi xidməti borcunu yerinə yetirməyi üstün tutdu. Hərbi Dəniz Donanmasında xidmətə düşdü.

Müqəddəs üçrəngli bayrağımızın önündə Vətənə sədaqət andı içən İman hərbi xidmətə başladığı andan bütün səy, diqqət və bacarığını Silahlı Qüvvələrimizin əsas güc strukturlarından olan Hərbi Dəniz Donanmasında peşəkar döyüşçü və matros kimi xidmət etməyin sirlərini mənimsəməyə həsr etdi. Bütün ordu bölmələrində olduğu kimi, hərbi dənizçi olmaq da hər bir gəncdən fiziki cəhətcə sağlam, çevik və cəsurluq tələb edir. Məhz bu meyarlar kontekstində hərbi xidmət vəzifəsini başa vuran İman Vətənə olan övlad borcunu ləyaqətlə yerinə yetirərək, doğma ev-eşiklərinə qayıdıb. Bir il 6 ay hərbi xidməti dövründə polad kimi bərkiyərək daha da boylu-buxunlu olmuş enlikürək, sağlam cüssəli İmanı dənizçi geyimi- matros forması daha yaraşaqlı göstərirdi.

Ordudan tərxis olunduqdan sonra kənddə böyüyən digər uşaqlar kimi o da təsərrüfat işlərində atasının yaxın köməkçisi olub,- bu sözləri şəhidimizin böyük bacısı Elnarə söyləyir, - sevinirdik, həyəcan keçirirdik, qardaş toyu görmək arzusu ilə yaşayırdıq. Lakin sən demə, İman özü üçün tamam başqa yol seçib, başqa ideyalar, arzular və xəyallarla yaşayırmış.

Müqəddəs torpaqlamızın 30 ilə yaxın mənfur düşmənin əsarəti atında olması, üstəlik davamlı olaraq atəşkəs rejimini pozması, hətta daha iriçaplı silahlarla hərbi təxribatlar törətməsi qeyrətli oğul kimi İmanı da rahat buraxmırmış. Düşmənin təmas xətti boyunca ərazimizə atdığı topların səsi, raket mərmilərinin gurultusu qulağımızın dibində eşidilirdi. Quduzlaşmış düşmənin bu həyasızlığı və özbaşınalığı minlərlə qəlbi vətən sevgisi ilə dolu ərənlərimiz kimi İmanın da intiqam hissini daha da coşdururmuş. Şəhid bacısı da fikrimizi təsdiq edərək əlavə etdi ki, elə bu hisslərin məngənəsində sıxılan qardaşım biz ailə üzvlərindən xəbərsiz 2019-cu ilin noyabr ayında ərizə verərək, bir aylıq hərbi hazırlıq kursu keçməklə dekabr ayından "N" saylı hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışır. Biz bu xəbəri eşidəndə artıq gec idi. O, Vətənə qulluq dövründə daha da mətinləşir, döyüş, taktiki biliklərini durmadan artırır. Bütövlükdə müharibə qanunlarını öyrənməyə, bütün varlığı ilə meyl göstərməyə sonsuz marağı olan İman qardaşımız tank ekipajının üzvü olmaqla tuşlayıcı (navodçik) kimi son dərəcə zəruri döyüş əməliyyatını yerinə yetirirdi. Bir sözlə, uçmağa qanadı yox idi. Hər dəfə qısamüddətli icazə ilə evə gələndə birinci növbədə anamız Lamiyəni, sonra biz bacılarını qucaqalayıb əzizləyər, toxtaqlıq verər, atamın işi-gücü, fərdi təsərrüfatımızın vəziyyəti ilə maraqlanar, kömək əlini uzadardı.

 

 

İman öz qəlbinin hökmü ilə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayandan cəmi 6 ay sonra yağı düşmən yenə də fitnəkarlığından, təcavüzündən, faşist xislətindən əl çəkmədi. Bu dəfə silahlı təxribatla respublikamızın dövlət sərhədini Tovuz rayonu istaqamətində xaincəsinə pozdu və anındaca möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının çevik siyasi iradəsi və qətiyyəti sayəsində düşmən böyük itgilər verməklə geri oturduldu. Hətta o vaxt bir neçə əsgər və zabitimizlə yanaşı, generalımızı da itirdik. Bütün bu hadisələr İman qarışıq xalqımızı hiddətdəndirdi və intiqam hissimizi daha da alovlandırdı. Nəhayət, ötən ilin sentyabr ayının 27-də bir daha ölkəmizə qarşı işğalçılıq məqsədi ilə silahlı təxribata keçən yağı düşmənə tutarlı cavab vermək üçün Ali Baş Komandanımız "Dəmir yumruq" adı altında İkinci Qarabağ savaşına- Vətən müharibəsinə başlamaq əmri verdi. Və o gündən etibarən bizim qələbə soraqlı günlərimiz, düşmənin isə qara günləri başladı. Müharibəyə girməmişdən bir gün öncə yenə də zəng edib, ilk olaraq anası Lamiyə ilə danışan İman dönə-dönə ona ürək-dirək verib, məndən ötrü qətiyyən narahat olma, hər şey yaxşı olacaq,- deyib.

İlk qanlı döyüşlərə Talış-Suqovuşan-Ağdərə istiqamətindən başlayan İmanın xidmət etdiyi hissə böyük rəşadət və qəhrəmanlıq göstərərək qısa zaman ərzində həmin ərazilərimizi işğaldan azad etməyə nail olub. Bu şad xəbəri də İman böyük sevinc hissi ilə anasına çatdırıb.

Düşmən qüvvələrini həşarat kimi qıra-qıra, sərrast atəşlə tank, top və digər texnikalarını sıradan çıxararaq şanlı döyüş yolu keçən müzəffər ordumzun sorağı artıq Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından gəlirdi. Son dəfə noyabrın 2-də evə zəng edən İman: - ana artıq biz Laçındayıq. Şanlı ordumuz tezliklə Şuşanı da, Kəlbəcəri də, bütün Qarabağı yağı düşməndən azad edəcəkdir, -deyib.

Lamiyə xanım gözünün yaşını silə-silə dedi ki, həmin gündən sonra İmandan səs-soraq çıxmadı. Ana kimi gözüm yolda, qulağım səsdə qalmışdı. Hər an, hər dəqiqə möcüzə gözləyirdim. Lakin hər şey tərsinə oldu... Noyabrın 26-da nəşi tapılan balam böyük bir izdihamla kəndimizin qəbristanlığında torpağa tapşırıldı. Bu günün özündə də onun yoxluğuna inanmıram. Üzü dönsün bu dünyanın... Deyirəm bəlkə heç oğul övladımız olmayıb. 21 il imiş ki, evli-eşikli hamımız şirin yuxu görürmüşük, xəyallar aləmində olmuşuq.

Sanki tale minlərlə ərənlərimiz kimi İmanı da düşmən caynağında çabalayan Qarabağımızın azad olunması uğrunda apardığımız Vətən müharibəsində cəngavər kimi, rəşadətlə vuruşaraq misilsiz şücaət göstərmək üçün öz qüdrətindən xaliq etmişdi. Elə ona görə də qanları və canları bahasına millətinin, xalqının, Vətəninin əzizinə, sevimlisinə, qəhrəmanlıq və şöhrət tacına çevrilən balalarımızı ucadan da uca şəhid adı ilə öz dərgahına qovuşdurdu, ulu tanrı. Əbədiyaşarlıq məkanı olan cənnətə ərməğan etdi.

Lamiyə xanım bu dərdə dözdü. "Vətən sağ olsun" dedi. Ancaq göz yaşları axdı-axdı.

Yeri, yeri qara paltarlı qadın

Kiri, kiri, qara paltarlı qadın

Bu qəbir də min qəbirdən biridir

Baş daşımı bəsdir basdın bağrına

Bütün məni ağlayanlar kiridi

Sən də kiri, qəbrim damır, ağlama

Kiri, sən allah, kiri Lamiyə xanım. İmanın sağdır axı.

Başınız sağ olsun, qəhrəman ailəsi, qəhrəman anası, qəhrəman atası, oğul toyu,qardaş toyu arzusu ilə tənha qalmış ürəklərin sahibləri! Çoxmilyonlu xalqımız Ali Baş Komandanımız İlham Əliyev cənablarının sərkərdəliyi ilə Vətənimizin dilbər guşəsini özümüzə haqq edən övladlarınızla atalarınızla, qardaşlarınızla qürur duyur, fəxr edir, onların ölməz ruhu qarşısında ehtiramla baş əyir. Unutmaz bu Vətən, bu dövlət, el-oba Sizi!

Quliyev İman Kürdoğlu oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 28 may-3 iyun.- S.21.