"Televiziyalara alimləri,

ziyalıları dəvət etmək lazımdır"

 

Minaxanım Təkləli:" Yazıçılarımızı çağırın, dinləyin onları.."

 

Filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı Minəxanım Nuriyeva (Təkləli) ilə  söhbətimizin  sonu. Filoloq  alim çox ağrılı problemlərə toxunub.

 

əvvəli var

 

- "Qərbdən Şərqə" kitabınızda keçmiş SSRİ-yə daxil olan, Qərbdən Şərqədək türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüzilliklər ərzində dəyişdirilən və  yad adlarla əvəz edilən əski türk yer adlarından bəhs olunur. Bu adların dəyişdirilməsinə səbəb nə olubo adları necə geri qaytara bilərik?

- Diqqətiniz üçün təşəkkür edirəm. "Qərbdən Şərqə"  bu mövzuda birinci kitabım idi. Daha sonra "İstilalar, müharibələr, türk şəhərlərinin taleyi", "Türk kitabı", "Dəyişən tarix" kitabını yazdım və get-gedə bu material böyüdü. 4000 və bir az da artıq Qaradənizdən, Balkanlardan başlamış, Sibirin son nöqtəsinə qədər bütün bu yerlərdə olan türk yer adının dəyişib, başqa adla, yəni, əsas etibarilə rus adları ilə dəyişdirilməsini çox çətinliklə yığmışdım. Onda mənim internetim, kompüterim yox idi. Olsa da, istifadə edə bilmirdim, marağım yox idi. Mən bunların hamısını zərrə-zərrə toplamışam, illərimi   sərf etmişəm. Kitabxanalarda köhnə qəzetlər oxuyurdum ki,  məsələn, Qazaxıstanın Pavlodar şəhərinin qədim adı nədir. Çünki,  Pavlodar,  Yekaterinanın oğlu Pavelin hədiyyəsi idi. Axı buna qədər bu balaca bir kənd olub, bunun adı olmalıdır. O adı mən o qədər çətinliklə tapırdım ki... Yaxud, o vaxt Ermənistanda azərbaycanlıların  qəzetinə, Gürcüstanda çıxan Azərbaycan qəzetlərinə abunə idim. Moldaviyada da çıxan qəzetlərə abunə idim. Niyə? Orda mən gəzirdim, axtarırdım ki, bəlkə bir yaşlı adam xatirə yazıb, orda həmin yerlərin köhnə adını qeyd edib. İndiyə nə var? İndinin hamısını bilirsiniz. O vaxt Göyçə yox idi, Sevan gedirdi hamısı. Bunlar hamısı rus işğalı ilə meydana gəldi. Ruslar ilk Moskvanı istila etdilər. Moskva rus sözü deyil ki, Moskva Moskva çayının üzərində bir kənd, qəsəbə idi.  Onun kiçin xanı, ruslar ona kuçka deyirlər, Yuri Dolgorukiyin  heykəli var orda. Çünki, o tutdu oranı və adını da saxladı. Orda möhkəmlənəndən sonra Volqanın üzərindəki, sonradan adı Nijnıy-Novqorod olan yerə hücum etdiÇulkala qalasını tutdu. O vaxtı balaca qəsəbələr də qala şəklində olurdu. Azərbaycanda da belə olurdu. Övliya Çələbinin xatirələrinə baxsanız, hamısının möhtəşəm şəkildə qalası var. Çünki, Övliya Çələbi o qalaların təsvirini verir. Hələ rusların bura gəlməsinə çox var, o qalalar sonradan, ruslar gələndən sonra sökülüb atıldı. Məsələn, görürsünüz, Lənkəranda deyirlər, mən Böyük Qaladanam, Kiçik Qaladanam. Amma qala yoxdu, qala sözü yoxdu, sadəcə şəkil qalıb.

Ruslar əvvəl türk sözlərini tələffüz edə bilmir, anlamırdılar. Onlar sadəcə istilaçı idi, dost kimi, hörmət əlaməti olaraq gəlməmişdilər ki, adını istifadə etsinlər. Ona görə hamısının adını həmən dəyişirdilər. Şəhərin adı onu pasportubizim ora iddiamız deməkdir. Ruslar oranın adını dəyişdikdən sonra, ora olurdu rus şəhəri. Çox təəssüf... Şəhərlərin tarixindən yazanda görürsən ki, onun rus şəhəri olduqdan sonrakı tarixini yazırlar. Mən bu ehtiyac üzündən türk kitabını yazdım. Yazdım ki, şəhərlərin tarixini  burda görürəm, qədim şəhərdir, amma 200 illik tarixi yazılıb. Çünki, Rusiya 200 ildir tutub oranı. Baxın belə, amansızca, yerli xalqın tarixinə əhəmiyyət vermədən bütün adları dəyişdilər. Hətta dəyişməsələr belə, şəkilçi qoşdular. Məsələn, İrkutu etdilər  İrkutsk, Omu etdilər  Omsks.

Mən 4000 belə adı ortaya çıxartdım. Onun lüğətini necə hazırladım? Əsl türk adı, dəyişdirilmiş yeni adı, neçənci ildə dəyişdirilməsi və hansı ölkəyə daxil olması, hamısını qeyd etmişəm.

- Fikrinizcə, Azərbaycanın multikultural  ölkə olması 44 günlük Vətən müharibəsi zamanı özünü necə büruzə verdi?

- Bəli, Azərbaycan hazırda multikultural ölkədir. Allah imkan verər, bizim  xalqiçi bütün münasibətlərimiz elə bir həddə gözəlləşər, elə bir səviyyəyə yüksələr ki, biz artıq onun qayğısına qalmarıq. Biz vahid bir xalq olduq. Necə ki, bu 44 günlük Vətən müharibəsi bizim birliyimizi büruzə verdi, bizim vahid bir xalq olduğumuzu göstərdi. Vahid bir xalqın birinci şərti əgər bir sərhəd içində yaşamaqdırsa, eyni zamanda, vahid dərdi, sevinci, vahid qayğılar çəkmək deməkdir. Bu cəhətlərdir bizi birləşdirən. Deyir, yaman gündə, ağır gündə vay qardaş. Yəni, qardaş, harayıma çat. Bəli qardaşıq biz. Bizdə multikulturalın əsasında qardaşlığımız dayanır. Görürsünüz, onlar arasında ruslar var idi. Müharibəyə gülə-gülə gedirdilər. Niyə? Çünki, Azərbaycanda yaşayıb, özünü azərbaycanlı sayır, bura onun torpağıdır, ata-anası burada dəfn olunub. Onun boynuna da bu borc düşür. Hamısı, talışı, ləzgisi, avarı, saxuru, yaddan çıxartdıqlarım varsa, məni bağışlasın, hamısı bizim kimi düşüncədə idi, Vətən dərdi çəkirdilər. Prezidentin çağırışı hamımız üçün şirin, doğma gəldi. Ola bilməz ki, mən ona can, haray deyib qoşulacam, bir başqası yox, mən talışam deyib, gəlməsin. Əksinə, onlar hamıdan öncə qoşulurdu. Çünki, bu ağırlığı o da çəkirdi. Biz bu məhrumiyyətləri Birinci Qarabağ Müharibəsində yaşamışıq. Şəhidlərimiz qucaq qucağa, qoyun qoyuna, bir birinin yanında yatıblar. Mənim heç yadımdan çıxmaz, İkinci Dünya Müharibəsində İvanovka kəndinin kolxoz sədri Nikitin xatirəsi var idi. Azərbaycanca elə şirin danışırdı. Deyir, yaralanmışdım, vətəndən çox uzaqlarda, Rusiyadan da uzaqlarda, Polşa, Almaniya torpaqlarında yaralanmışam, hospitalda yatıram. Ancaq yaram yüngüldür, durub gəzirəm. Gördüm, gözü, qaşı qara biri çox ağır haldadır, sağ qala, ya qalmaya. Elə ürəyim yandı. Mən fikirləşdim ki, bu heç kim yox, azərbaycanlı olacaq. Gəldim, yorğanın üzərindən qolundan tutdum, dedim, hardansan? İnanırsınız, onun "hardasan" kəlməsi adamı ağladırdı. Deyir, o qədər sevindi ki, yaş doldu gözlərinə. Yəni, bu qədər adamın içində bir nəfər gəlib sənə Azərbaycan ləhcəsi ilə "hardansan" sualını versin. Elə şirin-şirin danışırdı ki onu. Bu hamımızın bir dərdi, sevinci Azərbaycandır. Biz həmin vətən harayına qalxanda, kimsən, nəçisən deyə bilmədik bir-birimizə, demədik . Siz gördünüz, ləzgi Azərbaycan türkünün qucağında, Azərbaycan türkü avarın qucağındadır. Yəni, bir-birinin yarasını sarırlar, çörəklərinin axırıncı tikələrini bölürlər. Orda mənim, sənin yox idi. Bu bizim birliyimiz idi. O, onların evdən apardıqları ərmağanı idi. Çünki, evdə o tərbiyəni görüblər. Qonşu qonşu ilə o cür yaşayıb, baxın o mənada. Bu çox gözəl özünü büruzə verdi. Hər şey unudular, amma belə ürəyə işləyən şeylər heç vaxt unudulmaz, yaddan çıxmaz.

- Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısısınız. Sizcə, televiziya radiomuzun bu günki səviyyəsi yerdədir? Daha yaxşı fəaliyyət göstərmək üçün nəyə ya kimlərə ehtiyacımız var?

- Əlbəttə ki, savadlı ixtisas adamlarına. İstər tariximizi, mədəniyyətimizi, bu günümüzü yaxşı şərh edən mütəxəssislərə ehtiyacımız var. Dövlət radio-televiziyamıza böyük maddi vəsait ayırır. Amma, çağırdıları insanlara qonorar vermirlər. Çağırdıqları insanlar adlı-sanlı, görkəmli insanlardır. Təbii ki, gəlmirlər. Amma əgər hər şey hər yerdə olduğu kimi dəqiq ölçülüb-biçilsə daha yaxşı olar. Televiziyaya getmək vaxt aparır. Sən gedirsən, hələ məclisi qururlar, düzəlişlər edirlər, elə vaxt çağırırlar ki, elə paltoda oturursan. Sadəcə, verlişin xətrinə soyunub, tir-tir əsə-əsə orda oturursan. Bu kimə lazımdır? Alim artist deyil ki, deyək gedim orda özümü göstərim, afişam rəngarəng olsun. Kimə lazımdır? Hamı xalq, vətən üçün gedir, bunları nəzərdə tutub gedirik. Məsələn, mən onun üçün gedirəm. Yoxsa, edirəm getməyi? Orda mən məşhur olacam ki? Amma əhəmiyyət vermirlər, baxmırlar, qayğısına qalmırlar. İşçilər gəlib boşluğu doldurmaq üçün bir-birinin proqramında danışırlar. etmək lazımdır? Kimi dəvət edirlər, gəlmir. Çünki, laqeydlik var. Heç elə bir qonorar vermirlər ki, yol pulunu çıxara bilə. Heç nəyi nəzərə almırlar. Deyirlər, gəlir, elə-belə gəlsin. Necə yəni? Sən elə-belə gəlib hardasa oturursan? Axı o da professordur. Elə-belə gələcək, amma kefi istəyəndə, canı ağrımasa, vaxtı boş olsa. İşi elə qurmaq lazımdır ki, radio -televiziya yüksək səviyyədə olsun. Televiziyaları doldururlar müğənnilərlə, şou xəbərlərlə. Çevirmək lazımdır, əvvəllər insanlar xəbərləri necə öyrənirdilər? Düzdür, internet var. Amma radio televiziyanın yerini heç verə bilməz. İndi görürsünüz, radio dinləyənlər əvvəlkindən daha çoxdur. Sanki, insanların mədəni səviyyəsi yüksəldikcə, radionun da rolu artır. Niyə? Çünki, insan görür, yaxud da dincəlir, amma qulaqları eşidir. Ya da yolda maşın sürür, televiziyaya, təsvirlərə baxa bilməz, ancaq qulaqları dinləyə bilər. Görürsünüz, radionun nə qədər əhəmiyyəti var. O zaman radionu da canlı edin. Radioya bu qədər əmək sərf edirsinizsə, zəhmət çəkin, dövlətin ayırdığı vəsaitdən qonaq çağırdığınız alimlərə verin. Gözəl insanlar çağırın, gözəl işlərin, olayların şahidi olan insanları çağırın. Yazıçılarımızı çağırın, dinləyin onları. Yoxsa, ordakı insanlar öz hesabına çox zəhmət çəkirlər. Amma çəkirlər nə olur? Bir adamı çağıra bilmirlər, kimsə gəlmir. Bilmirəm artıq nə deyim. İşi bildiyimə görə bunların hamısını bilirəm. Hərdən o qədər hirslənirəm, ürəyim yanır həmin işçilərə. Onlar həmin maddi çətinliklər üzündən bütün yükü boyunlarına götürürlər.

 

Röyalə Xəyal

 

Olaylar.- 2021.- 22-28 oktyabr.- S.19.