“Azərbaycanın sakral coğrafiyasi” silsiləsindən Qobustanın dini-irfani ocaqları

 

 (II yazı)

 

 

Bərəkətli, yovşanlı örüş-otlaq sahələri yayılan Qobustan alçaq təpəliyinin  qışlaqları, Altıağac-Xaşı orta dağlıqının  yaylaqları (müqəddəs Baba dağının (3632 m)  ətəkləri)  həm də dini-irfani ocaqların binə  yerləri kimi bölgədə məşhur  olmuşdur. Çünki, ruhani-sakral kəramət sahiblərinin   əksəriyyəti tərəkəmə ailələri kimi bu yerlərdə ömür sürüb, dini təriqət- təbliğat mərasimləri keçirib, müridlərini-xəlfələrini yetişdirmişlər.

 

Qəbul və təsdiq edilmiş tarixi məlumatlar kimi el arasında yayılan deyimlərdən bəlli olduğu kimi, Qafqazda sufilik və nəqşibəndilik təriqətinin ali səviyyəli himayədarlarından Şirvan xanları Ağası xan Allahverdi bəy oğlu (1731-1789), Mustafa xan Ağası xan oğlu (1768-1844) bölgənin məşhur sufi və kəramət sahibi olan Şeyx Eyyub Bayram oğlunun (1770-1854) dini dünyagörüşünün ruhsal əsaslarını və təbliği ideyasını  müdafiə, həm də himayə etmişlər.

 

Ümumilikdə, İslam dininin təsəvvüf-sufilik təriqəti XVII-XIX əsrlərdə şimallı-cənublu Qafqaz regionunda, o cümlədən Şirvan-Qobustan mahalında geniş yayılmaqla mənəvi, ruhsal-dünyadərkinin, ilahi-mistik  azadlığın, milli özgürlüyün təməl prinsipləri kimi dövlət səviyyəsində qəbul edilmişdir. Onlara məxsus əski məzarlıqlarda (Diri Baba, şeyx Eyyub Baba, sufi Həmid, sufi Novruz, sifi Əziz türbələri yaxınlığındakı, Xanalı qışlağındakı, "Qonçu bulağı", pir Abdulkərim, İlanlı kənd... qəbirstanlıqlarında) olan sənduqələrin miniatür naxışları, epiqrafik yazıları, xətti cizgiləri, duyğusal rəsmləri, dəvə-qoç təsvirli baş daşları bu dini təməlin (təlimin) davamlılığını sübut edən maddi irs nümunələri yayılmışdır.

 

Bu baxımdan ŞirvanşahlarŞirvan xanlığı dövrlərində Şeyxlər-Sufilər ocağı həmişə diqqət mərkəzində idi. Təsadüfi deyil ki, Mustafa xanın Şeyx Eyyub Babaya bağışladığı qış və yay oğlaqları (Pirsaat çayı hövzəsində, "Acı dərə" obası, Baba dağı ətəklərində) da irfani yurd-yuva məkanlarına çevrilmişdir. Yəni, ətraf obaların çoxsaylı möminləri, müridləri-xəlfələri bu ocaqların daimi ziyarətgahları idi, bölgədə dini-ruhsal təriqətin yayılmasında yaxından iştirak etmişlər. Məhz ona görədir ki, hazırda Şirvan-Qobustan bölgəsinin bütün kəndlərində, hər bir guşəsində Şeyx Eyyub Babanın və digər sufi-ruhani sahiblərinin (Quşçu kəndində qoç Baba (deyilənə görə, Şeyx Eyyub Baba kəramət sahibliyindən əvvəlki illərdə bu ocağı ziyarət edib), Ərəbqədim kəndində Sufi Novruz baba, Şıxlar kəndi yaxınlığında Sufi Əziz baba (əslən Ərəbcəbirri kəndindən olmuş), Çay Qurbançı kəndində Sufi Xanməmməd Baba, Cəmcəmli kəndində Sufi Abdulla Paşa oğlu...) artıq ziyarətgah ocağına çevrilən ruhsal məqamlarına rast gəlinir, hətta ətraf bölgələrin də (Kürqırağı nahiyələrin) möminləri  tərəfindən ziyarət edilməkdədir.

 

Mənəvi-ruhsal dünyagörüşünün yayılmasında, sakral-irfani təlim-mərasimlərin keçirilməsində yaxından iştirak edən Sufi Xanməmməd tərəkəmə həyata keçirib. Onun qışlağı Qobustanın Bürgüt yatağı, yaylağı isə Xaşı-Cimi əhatəsindəki Cəbələr yaylağı, Utuq-Xaltan kəndlərinin ətrafı olub. Amma, sufiliyin təlimləri Mərəzəli,Sündü, Şıxlar, Nabur, Altıağac, Ərəbşahverdi, Qaracüzlü... kəndlərində, eləcə də qışlaqların yataqlarında aparılıb.

 

Qobustanın Çay Qurbançı kəndində doğulmuş Sufi Xanməmməd Yaqub oğlu Şeyx Eyyub Baba ilə (1730-1797) eyni dövrdə yaşayıb, onun müridlərindən olub. Danışırlar ki, kəramət sahibliyinin (itikçiliyi) udumunu Babadan alıb və sonralar xələfləri də (oğlu Sufi Dəmir, nəvəsi Şeyx Baba, nəticəsi Sufi Nəsib) bu kəramətliyi pak imanları-əməlləri ilə qoruyub saxlayıblar. Bu ocaq sahibləri itikçiliklə yanaşı müalicəvi-mistik üsullardan istifadə etməklə həm də imdad diləyənlərə şəfa bağışlayıb. El arasında yayılan deyimə görə, Qozlu çayının qırağındakı obalarda bir kişinin dəvəsi itibmiş, gəlir Sufi Xanməmməd Babanın yanına itigindən soraq almağa. Baba deyib ki, dəvən üzü çay yuxarı dərələrin birində yatıb, get apar. Sahibi deyilən yerə gedib, həqiqətən də dəvəsini deyilən yerdə tapır.

 

Deyilənə görə, Ulu Baba yaylaqda rəhmətə gedib, dəvəsi harada yatarsa orada dəfn edilməsi vəsiyyətinə görə O, Çay Qurbançı kəndində, Qozlu çayının sol sahilində dəfn edilmişdir (sağ sahilində İsa qəbirstanlığı yerləşir). Qəbri üstündə kötücəsi Dədəxan Sufi Nəsib Baba oğlu (1951) tərəfindən 1988-ci ildə daşdan türbə tikilmişdir (dördkünc, ölçüsü 4 m x 4 m, daş gümbəzli, hündürlüyü 7-8 m-ə çatır, ustaları Cəmcəmli və Yekəxana kəndlərindən Əbilhəsən Əvəz oğlu  Abıyev (1927-2010), Məhəmməd Məhəmmədəli oğlu Əhmədov (1937-2010) olub).

 

Şeyx Eyyub Baba müridlərindən, sonra kəramət sahibi olan Sufi Xanməmməd Babanın şəninə 1950-1960-cı illərdə ən çox səslənən andlardan biri beləydi:

 

-Sənə and verirəm, ay göy yövşanlığda yatan Soxa Məmməd!

 

-Sən özün kömək ol, ay çay qırağında uyuyan Soxa Məmməd

 

Nəsib Baba ocağının daimi ziyarətçilərindən-müridlərindən olmuş Cəmcəmli kənd sakini Qədir Şəmil oğlunun (1900-1978) qızı Mərmər ananın söylədiyinə görə, O ocaqdan gətirilən tutiyəni və bərəkəti sidq-ürəklə imdad diləyənlər qəbul etdikdə diləkləri çin olurdu (xəstəlikdən şəfa tapırdılar, qorxudan, səksəkədən xilas olurdular), məhz bu səbəbdəndir ki, həmin müqəddəs payların saxlandığı yer (Qədir babanın yurdunda) indi də ziyarət edilir, müqəddəs ruhsal məkan kimi qorunub saxlanılır.

 

Mənəvi-dini simsarlığına görə  Baba bu kəndi "alt köynəyi, Qurbançı kəndini arxalığı" sanırdı.

 

Bu kəndin digər sakini Nurşərəf Şəmil qızı (1898-1956) söhbətində deyirmiş ki, Şeyx Eyyub Baba ocağının müridlərindən olan Teymur Dəmir oğlu (1875-1946) müharibə dövrünün çətinliklərinə baxmayaraq müntəzəm olaraq Acı dərə ocağına təqva etməkdə davam etmişdir, digər mömin həmkəndliləri ilə birlikdə. Eləcə də, həmin dövrdə Nəsib Babanın da bu kəndlə  dini-irfani əlaqələri kəsilməmişdir.

 

Bu şəcərədə sufi təriqətinin ruhən-ruhsal davamçısı olan Sufi Nəsib Şeyx Baba oğlu da (1873-1978) tərəkəmə olub,  yay-qış dədə-baba yataqlarında olsa da, daimi ocağı Qurbançı kəndində idi. Dini-irfani ocağın axırıncı xələfi kimi Nəsib Babanın bərəkətli qoyun sürüsü, naxırı, at ilxısı, dəvə dəstəsi olub.

 

1930-cu illərin ortalarında onun varı-dövləti bütünlüklə müsadirə edilərək yeni yaradılan "Komsomol" kolxozunun ixtiyarına verilir. Bu kolxoz 1960-1970-ci illərdə 12 qoyunçuluq briqadası, at ilxısı, dəvə dəstələri ilə Şamaxı rayonunda fərqlənirmiş. Nəsib Babanı 1951-ci ildə də növbəti dəfə müsadirə edəndə də mülkünü bu təsərrüfata qatıblarv (bu dəfə kotanı, xışı, vəli də alınmaqla), sonuncu sarı mayası isə kolxozda 1961-ci ildə kəsilib.

 

Sufiliyin mənəvi-duyğusal təcəssümünü yaşayanyaşadan Nəsib Baba müsadirə olaylarına münasibəti də əxlaqənəvis nümunə olub:

 

-Allah-Təala verən canıma dəyməsinlər, qoy dünyada qalan dünya malımı aparsınlar.

 

Nəsib Babanın ilk ailəsi-həyat yoldaşı, əmisi qızı Məleykə Şıxzadə qızı (1896) və körpə qızı Gülmərcan (anasının kürəyində) 1918-ci ildə hay daşnak-rus birləşmələrinin quldur basqını zamanı, "Bürgüt" qışlağında (Bakı şəhərindən şimal-qərbə 50 km aralıda, Cəngi yoxuşunun üstündə) yataqda olarkən, qaçmaq istəyəndə (ordakı zağalarda sığınmağa can atanda) arxadan güllələnmiş, qətlə yetirilib, həmin qışlağın qəbirstanlığında dəfn edilmişlər.

 

İrfani-sufi düşüncə və həyat tərzi sürən Nəsib Baba kəramət ocağının davamçısı-qoruyucusu olmaqla yanaşı, el-obada küsülüləri barışdıran, xeyir-hüzr məclislərinin ağsaqqalı, güzəranı ilə Haqq yolunun  Yolçusu kimi ömrüboyu hallalığı, əminliyi, irfanlığı  təbliğ edib, ünlü nəsihətlərini vəsiyyət edib:

 

-Hər nə çəksən, nəfs ucundan çəkərsən,

 

Nəfsə qadağa et, yığdığını tökərsən.

 

-Az da olsa, hala olsun, ona qane ol, ona qul ol.

 

-Halaldan da qorx, haramdan da.

 

-Ağsaqqal  hamı ata minəndən sonra atına minməlidir.

 

-Həyatda Allaha Haqqa qulluq eylə.

 

Nəsib Baba xatırlayırmış ki, atası Şeyx Baba yataqdan qalxandan yatağa girənəcən dilindən "Allah" kəlməsi əskilməzdi, sanki onun varlığını "Allahın ilahi sevgi seli" bürümüşdü.

 

Sufi Dəmir, Şeyx Baba Nəsib Babanın məzarları Qurbançı kənd qəbuirstanlığındadır. Şeyx Baba məzarı üzərində daş türbə inşa edilib (ölçüsü 3 m x 3 m, hündürlüyü 5 m-ə qədər).

 

Şirvan-Qobustan aşıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qobustan rayonu, Nabur kəndindən olan aşıq Xanış Xeyrulla oğlu Zahidovun-Pirbəxtikəmin (1932-2010) Sufi Xanməmməd ocağına 1988-ci ildə həsr etdiyi 5 bəndlik zikrin bir bəndi ilə məqaləni sona çatdırıram:

 

Nəsib Baba - Dədəxandır varisi,

 

Sufi Xanməmməd qoludur, hər birisi,

 

Onlardadır itgilərin çarəsi,

 

Taparlar,  hər  hansı itiyin olar...

 

(Yazının hazırlanmasında həm Qobustan rayonu, Qurbançı kənd sakini Dədəxan  Nəsib Baba oğlu Dəmirovun (1951) Cəmcəmli kənd sakinləri Mərmər Qədir qızı Şəmilovanın (1935), Balaseyid Zaman oğlunun (1950) məlumatlarından istifadə edilib.)

 

Qismət  Yunusoğlu,

 

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.-2021.- 29 yanvar-4 fevral.- S.20