“Parçalanmış Türküstanı

gəzərkən” kitabı haqqında

 

Saxadan başlamış Balkanlara qədər təxminən on iki milyon kvadrat kilometr ərazidə yaşayan iki yüz on milyondan çox türkün hamısının müstəqil dövləti və ya dövlət qurumu yoxdur. Amma onları birləşdirən zəngin tarixi, mədəniyyəti və folklor nümunələri vardır. Türksoylu xalqlar, onların yazdıqları vətənpərvərlik və igidlik səhifələri, zəngin şifahi və yazılı yaradıcılığı haqqında ürəyi Türk dünyası ilə döyünən yazarlar bir sıra əsərlər yazmışlar. Onlardan biri də indiyədək 23 müəllif kitabının, 12 tərtib kitabının, 400 dən çox elmi məqalənin müəllifi  Əli Şamildir.

Ömrünü türk xalqlarının şifahi xalq yaradıcılığı nümunələrinin toplanması və nəşrinə, eyni zamanda türk dünyasının elm adamlarının tanıdılmasına, ümumiyyətlə, türk insanının milli kimliyinin dərkinə  həsr etmiş müəllif 20-dən çox ölkədə keçirilən 100-dan çox beynəlxalq elmi konfransda məruzə etmişdir. Onun əsərləri nəinki  Azərbaycanda, eyni zamanda keçmiş SSRİ-nin türk xalqları və topluluqları yaşayan respublikalarında, İran İslam Respublikasında, Kuzey Kıbris Türk Cümhuriyyətində, İsveçdə, Almaniyada, Albaniyada, BosniyadaPolşada çap olunmuşdur.

Uzun səyahətlərin, dərin çalışmaların, birgə görüşmələrin və fəaliyyətlərin nəticəsində ərsəyə gəlmiş "Türk xalqlarının tanınmış adamları", "Tanıdığım insanlar", "Dastanlaşmış ömürlər", "Quzey Kıbrıs", "Burulğandan çıxmaq mümkündürmü", "Aşıq İsgəndər Ağbabalı", "Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı", "Aşıq İsgəndər Ağbabalı", "Qırım sevgisi", "Axısqalı Xəstə Hasan", "Türkçülüyün qurbanları", "Colan türkmanları" kimi kitabların siyahısına 2021-ci ildə qələmə alınmış "Parçalanmış Türküstanı gəzərkən" əsəri də qoşulmuşdur. Əli Şamil sözügedən kitabda Türk dünyasının "Türküstan" adlanan hissəsində -- Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda və Türkmənistanda keçirilən uluslararası elmi konfranslar, simpoziumlar və səfərlərlə bağlı təəssüratlarını, həmin ölkələrdə başına gələn hadisələri, yol əhvalatlarını qələmə almışdır.

Belə ki, əsərdə türk dünyasınının tanınmış şəxsiyyətləri haqqında dəyərli məlumatlar yer alır. Əsərdə diqqət çəkən əsas məqamlardan biritürk xalqlarının tarixi keçmişi ilə bağlı həqiqətərin ara-sıra ortaya qoyulmasıdır. Ümumən, əsər boyu Əli müəllimin yalnız elmi ortamda iştirak etmək və məruzəsini təqdim etməklə missiyasının bitmədiyini, həmin yerlərdə sürgün olunanlarla görüşmək, onların yaddaşlarında qoruyub saxladıqları folkloru toplmağa can atdığını hiss etmək olur.

"Parçalanmış Türküstanı gəzərkən" kitabının ilk səhifələrindən Vətən həsrətinin qoxusunu duymaq olur. Çünki uzun illərdir ki, öz doğma Vətənindən ayrı düşmüş müəllif  səfər zamanı "Qırğızıstan bermeti" (incisi) adlandırılan Issık Göl ilə Göyçə gölünü, oraya gedən yolu öz yurdu ilə nostalji hisslərlə müqayisə edir. Həmçinin Naxçıvanda məşhur olan narbənd ağacının digər türk torpaqlarında da bitməsini vurğulayır. Əli Şamil əsərin müxtəlif yerlərində tarixə ekskurs edir, türk toponimlərin adlarını sadalayır və onların izahını verir. Ancaq bəzi məqamlarda kontekstdən kənara çıxır, həmin tarixi əhvalatları təkrar edir. Bu da sözügedən hadisələrə dərindən bələd olan müəllifin oxucuları da məlumatlı görmək istəyindən irəli gəlir. Axısqalı Xəstə Hasana ayrıca bir kitab həsr etmiş Əli müəllim burada da axısqa türklərinin məşhur təmsilçiləri olan Əhməd Pepinov, Ö.F.Nemanzadə haqqında yenidən geniş məlumat verir

Şəkildə: soldan Vaqif Sultanlı, Əli Şamil, Fatma Açıq və Birsel Karakoç Qızıl geyimli döyüşçü-şahzadə kurqanının yanında.

Çox maraqlı tarixi epizodlardan biri isə türk mədəniyyətinin incilərindən sayılan Qazaxıstandakı gənc bir şahzadə üçün qurulmuş "Qızıl adam" kurqanıdır. Araşdırıcılar kurqanın divarı üzərindəki milladdan əvəl dördüncü yüzilliyə aid edilən "Xanın oğlu 23-də öldü" yazılmış gümüş təbəqənin Göytürk əlifbasına uyğun olduğunu sübut etmişlər. Bu isə müəllifin sözüylə desək, qədim və yüksək mədəniyyətə sahib bir xalqa hələ də əyri gözlə baxanlar üçün çox yaxşı bir sübutdur. Ümumiyyətlə, bir çox tarixi əraziləri gəzən, maddi-mədəniyyət abidələrinə baş çəkən Əli Şamil həmin yerləri elə sevgi, elə ürək yanğısı ilə təsvir edir ki, oxucu sanki özünü o yerlərdə təsəvvür edir. O, həm də əsaslandırmağa çalışır ki, türklər həm tarix yaradıblar, həm də tarixi yazıb və böyük mədəniyyətlərin yaranmasına imza atıblar.

Əsərdə olan maraqlı məqamlardan biri də türbəsini ziyarət etdiyi Xoca Əhməd Yəsəvi, onu müəllifə tanıdan tanınmış alim Əmin Abid haqqında ətraflı qeydləridir. Müəllif müxtəlif ictimai-siyasi hadisələrə, məsələn, ortaq türk dilinin yaradılmasına, bəzi tarixi yerlərdə turizmin inkişafının zəifliyinə, siyasi sıxıntılardan irəli gələn ortaq görüşmələrin az olmasına öz tənqidi yanaşmalarını da sərgiləyir. Onlardan biriBöyük İpək yolunun kilid şəhərlərindən biri olan Ürgənc haqqında mülahizələridir. O, Şərqin İbn Sina, Biruni, Ebu Sehl el-Mesih, İbn İrak, İbn ül-Hammur, Ebu Mansur es-Sealibi kimi böyük şəxsiyyətlərilə birgə adı çəkildiyi Ürgənc ətrafında turizmin zəifliyindən gileylənir. Müəllif Azərbaycan mütəfəkkiri Y.V.Çəmənzəminlinin bir zaman Ürgənc Pedaqoji Universitetində işləməsinə də işıq salır. Ancaq əsərdə bəzən digər tarixi notlara toxunmalar o qədər dağınıq olur ki, hadisələrin ardıcıllıq sistemi pozulmuş kimi görünür. Bunu ürəyi dolu olan Əli Şamilin türk xalqlarının tarixində ortaq nöqtələrin, oxşar elementlərin tapılıb ortaya qoymaq istəyi ilə bağlamaq olar. Xarəzm, Azərbaycan və İran türkləri, tatar-başqırd, qaza, noqay, Krım tatarları və türkmənlərdən toplanmış "Koroğlu", "Oşik Qarib", "Asil va Karam", "Laylı va Majnun", "Qul va Sanobar", "Ediqo", "Saed va Xamraz", "Xuramen peri", "Xurulluko va Xamraz",  dastanlarının oxşar variantlarının digər türk xalqlarında da olması müəllifi çox sevindirir.

Əli Şamilin "Parçalanmış Türküstanı gəzərkən" kitabında Azərbaycan-   Özbəkistan əlaqələri xüsusi yer tutur. Səmərqənddə yaşamış azərbaycanlı Seyid Rza Əlizadənin mətbu fəaliyyəti, özbək Xalid Səid Xocayevin Azərbaycanda işləməsi, eyni zamanda "Divan-i lüğat-it türk"ü ilk dəfə ərəb dilindən Azərbaycan türkçəsinə tərcümə etməsi maraq doğurur. Müəllif digər konqres və tədbirlərdə olduğu kimi, Özbəkistanın mərkəzi Termez olan Surxandərya vilayətində gerçəkləşən Beynəlxalq Baxşı (Aşıq-ozan) sənət festivalında da öz məsləkdaşları, qələm ustadları ilə görüşünü, onlarla elmi müzakirələri, on birinc yüzildə yaşamış Sultan Sadatın mavzoleyinə baş çəkməsini səmimi şəkildə qələmə alır. Hətta bəzi məqamlarda o qədər səmimi olur ki, danışıq üslubunda yazır, cümlələrini xəyalında öz-özü ilə fikir mbüadiləsi aparırmış kimi qurur. Bu da əsərin səyahət ədəbiyyatı üslubuna xələl gətirmir.

Əli Şamili ağrıdan əsas məsələlərdən biri də Xəzər dənizinin doğusunda yaşayan türkmənlərlə Azərbaycan türklərinin çox ayrı düşməsidir. Halbuki bir zamanlar eyni dialektdə danışan bu eynisoylu türklər uzun illər eyni dövlətlərin tərkibində yaşamış, ortaq mədəniyyətə sahib olmuşlar. Əli müəllimin başlıca istəyi də türk xalqları arasında birliyə nail olmaq üçün məhz ortaq ədəbi incilərə, şifahi xalq yaradıcılığı nümunələrinə, oxşar mədəniyyətə, milli mətbəxə sahib çıxmağın lazım olmasıdır. Müəllifin təbirincə desək, Qərbdə bir çox birliklər özünü doğrultduğu kimi, nəyə görə Türk xalqlarının birliyi modeli də olmasın.   

 

Vəfa Zahid qızı İsgəndərova

BDU-nun Beynəlxalq jurnalistika informasiya siyasəti

kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2022.- 18-31 mart.- S.20.