Mistik romanın ideoloji qatları

 

(Əflatun Amaşovun "Qoşa Qarın adamları şeytanları" əsəri haqqında)

 

Magik realizm terminini ilk dəfə 1913-cü ildə fransız tənqidçisi Edmon Jalu işlətmişdir. Kubalı yazıçı Alexo Karpentiyer isə bu cərəyanı "lo real maravilloso" təxminən "cəlbedici realizm" adlandırmışdır.Magik realizmin əsas xarakterik xüsusiyyətləri bədii mətndə magik- mifik elementlərin, yaddaşın, simvolların əks olunması, folklor elementlərinin mövcudluğu, zaman məfhumunun itməsi, alternativ narratorların əsərdə iştirakı kimi təzahür edir.

Azərbaycan ədəbiyyatında magik realizmin əsas nümayəndələri sırasına İ.Hüseynov, M. Süleymanlı, M.Örən, M. Cəfərli, Z. Sarıtorpaq daxildir. Saz-söz yurdu Borçalının Azərbaycan jurnalistikasına ədəbiyyatına bəxş etdiyi sayılan imzalardan biri olan Əflatun Amaşovun 2022-ci ilin əvvəlində çap olunan, ədəbi cameədə rezonans doğuran "Qanıq, Hasan bir Qaragöz" romanı da magik realizm cərəyanının təzahürü olan nəsr nümunəsi kimi ədəbiyyatımıza daxil olmuşdur. Lakonikliyi ilə müasir romanın tələblərinə cavab verən, dinamik süjetli əsərin məziyyətlərinə "Çağdaş nəsrimizin magik realizm nümunəsi" məqaləmizdə nəzər salmışdıq. Bu məqalədə isə romanın Ulduz jurnalının sentyabr-oktyabr nömrəsində çap olunan növbəti hissəsi barədə fikirlərimizi bölüşəcəyik.

Əflatun Amaşovun qələmə aldığı romanın ikinci hissəsi "Qoşa Qarın adamları şeytanları" adlanır. Bu hissənin əsas düyün nöqtəsini Güllünün Qojanın əlyazmasının hissələrini NKVD-nin arxivindən tapması təşkil edir: "Güllü əlyazmaları təsadüfən tapmışdı. Tiflis arxivlərində Qoşa Qarla bağlı araşdırma apararkən üstündə Qojanın adı yazılan qovluq diqqətini cəlb etmişdi. Açarkən gözünə inanmamışdı. Dırdı İsmeel qədər yazıbmış bu yazıqdan. Hamısını üst-üstə səliqə ilə tikib qovluğa qoymuşdular. Arasında da bir qalaq əlyazma. Güclə oxunurdu, bəzi yerlərinin mürəkkəbi getmişdi, qalanlarında da sətirlər çətinliklə seçilirdi. "

Yazıçı romanın ikinci hissəsində əvvəlki obrazlar qalereyasını qorumaqla yanaşı romana yeni, koloritli obrazlar daxil edir. "Qanıq, Hasan bir Qaragöz" romanında əsas obraz Hasan idi. "Qoşa Qarın adamları şeytanları" romanında isə Hasan ikinci plana keçir, əsas obraz kimi verilən Qızeytar arvadın yaşadıqları fonunda Alıöyü nəslinin keçmişinin həm real, həm irreal məqamları öz əksini tapır.

 

Əflatun Amaşov bu mistik-magik elementləri romanda təsvir olunan, realist notlu hadisələrin stixiyası içərisində məharətlə yerləşdirməklə yanaşı Borçalı elinin koloritini, təsvir etdiyi tarixi dövrlərin spesifik keyfiyyətlərini mətnə gətirməyə nail olmuşdur. Göy quş Göy qaya ilə bağlı rəvayətlər, Molla Ayvazın Şeytanla söhbəti kimi məqamlar romanda mistik qatın təzahürüdür.

Romanın birinci hissəsində əsas vurğulanan məqam mələklərlə, şeytanlarla bağı simvolizə edən heyvanlar insanlar idi. İkinci hissədə isə əsas fokus nöqtəsi Qojanın əlyazması sirli palazdır. Yenidən Qoşa Qara qayıdan Güllünün əsas məqsədi palazın sirrini çözməkdir.

Qeyd etməliyik ki, ikinci romanda artıq magik-mistik effektlərlə yanaşı ideoloji məqamlar da qabarıq şəkildə hiss edilir. Şaman Abanurun tələbəsi olan Xəmməd Alının sözlərinə və NKVD-də verdiyi ifadəsinə görə palazda təsvir olunan Göy Quş, Göy Qaya türklərin qələbəsinin, türk ruhunun birləşməsinin, böyük Turanın qurulmasının müjdəçisi və bu amala gedən yolun simvoludur: "Tiflis arxivlərində olanda Xəmməd Alının NKVD müstəntiqi tərəfindən dindirilməsinin stenoqramına rast gəlmişdi. Orada aydınca yazılırdı: "Mən, Xəmməd Alı, deyirəm ki, bu palaz Altaydakı müəllimim şaman Abanurdan mənə yadigardır. Üstündə gördüyünüz quş da böyük türkün ruhunun ifadəsidir" ".

İkinci romanda da birinci romanda olduğu kimi açılmayan həm real, həm mistik eyhamlar var. Yazıçı birinci romanda bu qəbildən olan məqamları ikinci romanda daha geniş işləyərək açmışdır. "Qoşa Qarın adamları və şeytanları" əsərindəki eyhamlar, gizli məqamlar roman silsiləsinin davam edəcəyindən, əsərin dilogiya deyil, trilogiya kimi ədəbiyyatımıza daxil olacağından xəbər verir.

 

Qaragözova Elnarə

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu, fil.f.d.

 

Olaylar.- 2022.- 28 oktyabr-3 noyabr.- S.18.