“DÖVLƏT ANA”nın türk qadınlarına öyüdü

 

Türkiyə ədəbiyyatının klassik ən çox oxunan əsərlərindən biri olan Kamal Tahirin "Dövlət ana" romanı Osmanlı dövlətinin yaranma tarixini əks etdirməklə yanaşı, qədim türklərin adət-ənənələrini, inanclarını, həyat tərzini, davranış qaydalarını real bədii boyalarla, dolğun obrazlar qalareyası ilə oxucunun gözləri önündə canlandırır. Bu roman yalnız osmanlı türklərinin deyil, ümumən türk insanının, türk toplumunun etno-psioxologiyasının araşdırılması baxımından böyük önəm kəsb edir. Türkiyəli alim Hatiçe İçel romandakı bəzi məqamların "Kitabi-Dədə Qorqud"la səsləşdiyini bildirir romanın ümumtürk təfəkkürünə kökləndiyini vurğulayır.  

 Kamal Tahirin "Dövlət ana" romanının qəhrəmanı Dövlət xatun - Bacıbəyin timsalında yazıçı artıq arxetipləşmiş türk qadının, türk anasının  obrazını yaratmışdır. Mustafa Karabulut romanın niyə məhz "Dövlət ana" adlandırılmasına aydınlıq gətirərək yazır: "Kemal Tahir, romana önce Osmanlı Çekirdeği adını vermek istemiş, sonra Devlet Ana ismini uygun görmüştür. Günümüz toplumunun problemlerinin çözümü ve geleceğe hazırlanması için mazi iyi irdelenmelidir. Devlet Hatun, Rum bacılarına başkan seçilmiş olan Bacıbeychr("39")dir. Uzun boylu, yiğit bir kadındır. Güçlü ve dirayetli olmasından dolayı da Ertuğrul Beychr("39")den başkasını dinlemez olur. Oğlu Demircanchr("39")ın öldürülmesinden sonra, Kerim Çelebichr("39")nin mollalık elbisesini çıkarıp savaşçı giysisini giydirmesi, Mavrochr("39")ya sahiplenmesi ve Karacabey tekfurunun kardeşinin kılıcını kınından çıkarırken erkeklerden önce davranıp kabzasını düşürmesi ona olan hürmeti artırır. Yazar da Türk kadınındaki cesaretinden ve yiğitliğinden ilham alarak romana Devlet Ana adını vermiştir."

Dövlət xatun - kişilərlə çiyin-çiyinə vuruşan, qəhrəmanlıqda  sərtlikdə onlardan geri qalmayan  iki oğul anası olan bir türk qadınıdır. Dövlət ana türk cəmiyyətində persona arxetipini əks etdirən ən bariz obrazlardandır. Onun dünyasında kişi qılınc qurşamaq, vətəni qorumaq üçün yaranıb. Qılıncı qələmdən üstün sayan Dövlət ana oğlu Kərim Çələbinin mollalığa həvəsini qəbul edə bilmir. Böyük oğlu Dəmircanın öldürülməsindən sonra Kərimin kitablarını, sazını oda ataraq yandırır.     "-Dəmircanı, vuran xaini də tapıb qisas almalısan! Rüstəm Pəhləvanın ocağını molla tayfası qoruya bilməz. Oğlum ölməsəydi, daş basardım ürəyimə "başqa oğlum yoxdur" deyərdim. Mollalıq qurtardı. Kərim Çələbi deyil artıq sənin adın, Kərimcansan bundan sonra."   

    Dövlət ananın türk qadının yaraşığı olan möhkəm iradəsi, türk döyüş və igidlik kodeksinə sadiqliyi onun sevimli oğlu Dəmircanın meyidinə münasibətində də parlaq şəkildə əks olunur: "Bacıbəy birdən dikəldi, ildırım səsinə bənzər səslə ağlayan qadınlara üz tutdu:

-    Kəsin! Kəs dedim, kəs! Çılpaq vurulana ağı yoxdur bizdə... Kürəyindən vurulana ağı yoxdur... Ağısız gedəcək bu... Təmiz qanı aranacaq bunun... Öz qanı yox! Atasının qanı..."

    Burada Dövlət ana türk qadını kodeksinin, arxetipinin tələb etdiyi kimi cəmiyyət qanunlarına uyğun şəkildə arxadan vurulan oğula ağlamamağı qərara alsa da o anadır. Yazıçı Dövlət ananın daxili, mübhəm duyğularını göstərməyə cəhd edir. Lakin yazıçının özündə belə türk qadını arxetipinə pərəstiş böyük olduğundan o bu zəifliyi türk qadınına yaraşdırmır,  obrazın daxili duyğuları, monoloqu ilə belə bu  duyğusallığı verməyə cəsarət etmir. Dövlət ananın sərtlik pərdəsi altındakı duyğularını kiçik oğlu Kərim hiss edir və bu hiss etdiklərindən dərin heyrət hissi keçirir. Bu heyrət hissində həm də bir anlaşılmazlıq var. Kərim anasını bu məqamda başqa cür görür və anlaya bilmir.

    Bacıbəy oğlunun namusa toxunmaqda, əli-qolu bağlı qadını boğmaqda ittiham olunduğunu eşidəndə dəhşətə gəlir. Bu cəmiyyətin qəbul etməyəcəyi bir oğulun anası olmaq demək idi. Dövlət ana dəhşət içində etirazını bildirir. Bu etirazda bir qədər qorxu da hiss olunur. Ana cəmiyyətin ona verdiyi statusun, türk xatununa xas obrazın itirilə biləcəyi, cəmiyyətdən kənarlaşdırıla biləcəyi qorxusu ilə üz-üzə gəlir. Bu səbəbdən də oğluna qarşı irəli sürülən çirkin iddianın yalan olduğunu bildirən Mavronu döyən Filatousun üzərinə şığıyaraq bir qılınc zərbəsi ilə qırmançı kəsir və oğlanı qurtarır. Dövlət ana bunu az qala affekt vəziyyətində edir. Çünki o kişi məclisində, danışıqların aparıldığı bir məqamda silaha əl atılmasının, həm də bir qadın tərəfindən bunun icazəsiz icra edilməsinin qaydalara zidd olduğunu bilirdi. Lakin onun persona arxetipinə qarşı sürülən ittiham o qədər böyük və bu ittihamın puça çıxmasından doğan sevinc hissi o qədər çılğındır ki, Dövlət ana belə bir hərəkətə cəsarət edir. Öz yurdunda Mavronun başına nələr gələ biləcəyini təsəvvür edən Osman bəyin ona yazığı gəlsə də ona arxa çıxmağa cəsarət etmir. Bu məqamda da Dövlət ana öz cəsarəti və böyük ana qəlbi ilə yurddaşlarını heyrətləndirir. "Oğlumun yerinə oğul tapdım" deyərək Mavronu Filatosun əlindən alır. Filatos etiraz edərkən də Söygütün məşhur bacılar dəstəsi ilə birgə silahını üzünə qaldırıb qətiyyətini və hətta məclisdəki kişilərin belə ona mane ola bilməyəcəyini nümayiş etdirir. Bu məqamda tayfa başçısı Osman bəyin müdrik və mərdanə mövqeyini də nəzərə almaq lazımdır. Oğuzlara rəğbətini aşkar şəkildə bildirən, ölümü gözə alaraq həqiqəti söyləyib yurdun igidinin adını təmizə çıxaran Mavronu Filatosdan istəməyə siyasi, diplomatik qaydalar icazə vermədiyinə görə Osman bəy onlardan pənah istəyən insanı göz görə-görə ölümə göndərmək kimi bir şərəfsizliyə boyun əymək məcburiyyətində qalacağından qorxur. Bu səbəbdən də  Dövlət anaya - onun icazəsi olmadan silaha əl atan və  Filatosu əliboş yola salan qadına nümayişkəranə təşəkkürünü bildirir. "Sağ ol, Dəmircanın anası. Sən şərəfimizi qorudun!"    Romanda digər maraqlı qadın obrazı Əslixandır. Bu on beş yaşlı türk qızı öz döyüşkənliyi, igidliyi və cəsarəti ilə seçilir. O hətta bəzi məqamlarda Dövlət anaya belə meydan oxuyur, sözünü cəsarətlə  deməkdən çəkinmir:

"İndi yanılırsan, Bacıbəy! Silah ustası Qaplan Çavuşun qızıyam mən! Tanrı bilir, beli qılınclı olmayan kəs bizim qapımızı aça bilməz. Çünki bizim soyumuzda qılınc gəzdirməyəni kişi saymırlar! " Bu iki obrazın arasında çox incə ruhi-mənəvi ünsiyyət var. Belə ki,Əslixanın bu sözlərindən qəzəblənməsi gözlənildiyi halda Bacıbəy üzə vurmasa da gözlənilənin əksinə sevinir, qızın cəsarəti, açıqsözlülüyü ilə daxili qürur hissi keçirir. Yenə də Dövlət ana öz sərtliyini qoruyub saxlasa da, bu məqamda kəskin hərəkət etməsə də, yazıçı onun bu sözlərə qəzəblənməməsi ilə onun daxili aləminə işıq sala bilir.  Bu cür gizli qürur hissini Dövlət ana əsərin sonunda da yaşayır. Belə ki, romanın sonunda artıq öz igidliyi ilə ad çıxarmış oğlu Kərimə kitablarını oda atıb yandırmağı əmr edir. Lakin Kərim ona nəinki qulaq asmır, hətta onu uşaq kimi döymək istəyən anasının əlindən qırmancı alaraq atası Rüstəm Pəhləvan kimi kükrəyərək anasının geri çəkilməsinə nail olur. Üzdə oğlunu ağılsız adlandıran və ağlayan Bacıbəy əslində böyük qürur hissi keçirir: "Oğlunun adam olduğuna, ata ocağını sönməyə qoymayacağına Bacıbəy ancaq Kərim qırmancı əlindən çəkib alaraq, qarşısında dikələndə anlamışdı."

    Beləliklə, Kamal Tahirin "Dövlət ana" romanı bir tarixi əsər olaraq yalnız Osmanlı dövlətinin yaranmasını əks etdirməklə qalmır, həm də türk qadının arxetipik xüsusiyyətlərini özündə daşıyan Bacıbəy obrazı ilə dünyanın ən böyük qəhrəmanlarını dünyaya gətirən ulu türk ruhunun özəlliklərini oxucuya  çatdırır, və sanki bununla Bilgə xaqanın əsrlər öncəki çağırışını təkrarlayır:  "Ey Türk milləti titrə və özünə dön, sən özünə dönəndə böyük olursan!!!"

 

Elnarə Qaragözova

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

aparıcı elmi işçisi

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.- 7-13 iyul.- S.18.