Azadlıq aşiqi, istiqlal mücahidi

- XƏLİL RZA ULUTÜRK

 

Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük xidmətləri var. Onu fərqləndirən mühüm cəhət yaradıcılığının milli məzmun, milli ruhla bağlı olmasıdır... Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm şair kimi, həm hörmətli bir insan kimi örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir.

 

Heydər ƏLİYEV

Azərbaycan xalqının Ümummilli Lideri

 

...Onun adı çəkiləndə azadlıq, istiqlaliyyət fikirləri adamın ağlına, qəlbinə dolur. O bir azadlıq carçısı idi. Bir azadlıq təşnəsi kimi qarşısındakı ən qəddar düşmənə qarşı hayqırırdı. İstiqlal eşqilə hər səddi aşıb keçirdi. "Davam edir otuz yeddi, daha kəskin, daha ciddi" deyərək əsarətin "Allahına" meydan oxuyur, bir azadlıq sevdalısı kimi başını edam kötüyünə qoymaqdan qorxmurdu. "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!" - deyə hayqırırdı. Bəli, bu adam AZADLIQ AŞİQİ, İSTİQLAL ŞAİRİ XƏLİL RZA İDİ!...

Xəlil Rza (1932-1994) Azərbaycan ədəbiyyatının ən tanınmış, ehtiram duyulan sevilən sənətkarlarından biri idi. Daha çox 60-cı illərdən ideya məfkurəli peşəkar sənətkar kimi parlayan Xəlil Rza özünün "Afrikanın səsi", "Vətən ya ölüm", "Vyetnam", "Qəzəb marşı", "Rədd olun Vyetnamdan, ey qəsbkarlar", "Oğlum Təbrizə", "Anam layla çalır" bu kimi başqa əsərlərində cəsarətli fikirlərlə çıxış etmiş, özünü azadlıq aşiqi mücahidi kimi tanıtmışdı. Şairin "Məndən başlanır vətən" çağırışı vətəndaşlıq lirikamızı mənəviyyatımızı zənginləşdirən əbədiyaşar tezis kimi çıxış etmişdir.  Onun:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram.

Qolumdakı zəncirləri qıram gərək! -

misraları əslində mübariz millətpərvər şairin istiqlal duyğularının sözdə ifadəsi idi.

1948-ci ildə "Abşeron" adlı ilk şeirilə ədəbiyyat aləminə qədəm qoyan Xəlil Rza 1957-ci ildə ilk şeirlər toplusu olan "Bahar gəlir" kitabı ilə Azərbaycan şeirinə özünəməxsus yeni ruh, təravət, sənətkarlıq qüdrəti vətəndaşlıq əzmi gətirir. Onun şeirlərində azadlıq idealı bir vulkan kimi fışqırır, bir hayqırtı kimi ortaya çıxır, sarsılmaz iradə əzmlə üsyana - milli mübarizəyə çevrilirdi. 60-cı illərdən başlayaraq 80-90-cı illərdə milli azadlıq mübarizə poeziyasını davam etdirən istiqlal şairimiz Xəlil Rza bu dövrlərdə başlanan mübarizə hərəkatının öndərlərindən birinə çevrilir. Şairin böyük mabirizə pafosu məhəbbətlə yazdığı "Azərbaycan türkcəsi", "Adımız-soyadımız", "Gerbimiz-qəlbimiz", "Qanım bayrağımdadır" b. əsərlərilə Azərbaycançılıq məfkurəsini poetik şəkildə yüksək sənətkarlıqla əks etdirmişdir. Qüdrətli sənətkar həmçinin milli poeziyamızda Əhməd Cavadla başlanan "heraldik poeziya"nı uğurla davam etdirmiş, Azərbaycan milli istiqlal ədəbiyyatına qiymətli töhfələrini vermişdir.

Şairin "Heydər dədə - Atatürk" şeiri Ulu Öndər Heydər Əliyevlə bağlı misraları da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev obrazının mükəmməl ifadəçisinə çevrilmişdir.

Azadlıq Allahıtək əyləşib öz yerində,

Yerin-göyün nuru var peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində.

Gedir, polad çiynində

Kəpəz, Qoşqar boyda yük

Dədə Heydər - Atatürk!

Şair həm 90-cı illər mübarizə tariximizin poetik salnaməsini yazıb. "Qanımız bayrağımızdadır" əsərində şair bu dövrün mübarizə tarixini əks etdirmiş, Ulu Öndər Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti Azərbaycan istiqlalına verdiyi misilsiz töhfələri qürurla əks etdirmişdir:

Haqqın, islamiyyətin, türklüyümün qalası

Naxçıvan - Vətənimin şir ürəkli balası!

Orda yaşayır, orda xalqımın nicat yolu -

Dədətürk - Vətən oğlu.

Daim səngər başında, əzəmətli, mərd, ulu

Dədətürk - günəş oğlu.

İstər ildırım düşsün, istər gürşad, ya dolu

Səngərini buraxmaz Dədətürk - məslək oğlu.

Xəlil Rza elin hayqıran səsi idi. 90-cı illərin azadlıq mübarizəsində onun səsi xalqın səsinə çevrilmişdi. Xəlil Rza Azərbaycan xalqının yüz illər ərzindəki Xaqani, Fələki, Nəsirəddin Tusi, Nəsimi, Vaqif kimi yenilikçi, üsyankar taleyi həbslərdən keçən şairlərinin davamçısı olmaq qürurunu yaşamışdır.  Lefertovo zindanlarında yazdığı əsərlərlə özünü bir daha ölməzliyə, xalqın qəlbindən gələn azadlıq carçısına dönüşdürmüşdü. Ermənizmin sovetizmin ən əzmkar, sarsılmaz, mübariz əleyhdarı idi. Başqalarından fərqli olaraq o qorxmadan, birbaşa fikirlərini ifadə edir, xalqını milli oyanışa çağırır, mücadiləyə dəvət edirdi.

Bu İstiqlal şairinin oğlu Təbrizə yazdığı şeirlər adamı ürəyindən sarsıdır. Oğlu Təbrizə yazdığı ilk şeirində bir məğrur vətənsevər atanın oğluna nəsihəti, xalqının azadlığı yolunda mücadilə idealı əks edilirdi:

Ən böyük sevincsən, ən müqəddəs qəm,

Məni od içinə atan Təbrizim.

Üzünə baxanda balam deyirəm,

Adını çəkəndə atam Təbrizim!

İkinci şeirində isə Təbrizin itkisindən doğan bir atanın kədəri, xalqını təmsil edən bir şair babanın isə məğrurluq duyğuları var idi. O, ikiyə ayrılmış xalqının qovuşması arzusu ilə oğluna Təbriz adını qoymuşdu. elə bu adla da oğluna böyük övladlıq vəzifələri yükləmişdi elə bil. Şairin oğlu Təbriz Birinci Qarabağ savaşında atasının məğrur Təbrizi kimi döyüşlərdə igidliklə döyüşərək qəhrəmanca şəhid düşmüşdü. O, Təbrizi Azərbaycanla birləşdirə bilməsə , Azərbaycanın bütövlüyü naminə övladlıq vəzifəsini bütün şərəfi ləyaqətilə yerinə yetirmişdi. Bəli, oğlu Təbriz kimi şair Azərbaycanın azadlığı, xoşbəxtliyi yolunda bağrını qan edərək şəhid düşdü sanki. Ata-oğul mənsub olduqları xalqın yolunda canları ilə şərəflə xidmət göstərib əbədiyyətə ucaldılar.

Ümumiyyətlə, Xəlil Rza Ulutürkün əsərlərində, bir sıra şeir poemalarında bütövlük, birlik mücahidlik arzuları yer almışdır. Vahid Azərbaycan mücahidi idi X.R.Ulutürk. Təsadüfi deyildi ki, şeirlərindən birində belə yazırdı:

XX əsrin önündə hər xalq

Azadlıq fənnindən imtahan verir!

Şair "Mənə bənzə" şeirində isə Azadlıq Allahının peyğəmbəri kimi çıxış edirdi:

İlk Allahım, son Allahım mübarizə,

mənə bənzə!

Doğransam da xıncım-xıncım, zərrə-zərrə,

rizə-rizə

Məramımdı mübarizə! Mənə bənzə!

Onun şair qəlbinin şah damarında bütöv bir Azərbaycan sevdası axırdı. Şairin tədqiqatçılarından olan Ə.Əsgərlinin yazdığı kimi: "Şair bu yolda özünü bütöv Xalq, bütöv Vətən bilir!"

Ümumiyyətlə, şairin "Həsrət", "Səsin gəlsin, Təbrizim", "Xudafərin körpüsü", "Təbrizli şairin düşüncələri", "İki qardaşın söhbəti", " günlərin qaraldımı?!", "Məktublar gedər-gələr", "O gün gələcək", "Dənə gələn toyuqlar", "Apardı sellər saranı", "Məftillə sarınmış yaralar" b. şeir poemalarında  Cənubi Azərbaycan mövzusuna toxunmuş, o tay-bu tay vətənin ayrılıq həsrəti birlik idealından bəhs açmışdır. Şair misralarından birində xalqına səslənərək Təbrizin açılan sabahlarını qaranlığa bürüyəcək qara buludlardan qorumağa çağırırdı:

Siz ey damarlarında yurd sevgisi coşanlar

Bu gün bütün Göndoğan sizə dikib gözünü!

Buludlardan qoruyaq Təbrizin gündüzünü!

Şair "Təbrizli şairin düşüncələri" poemasında da Cənubi Azərbaycan naminə döyünən ürəkləri, düşünən, qayğılanan beyinləri "Azadlıq cəbhəsində məslək səngəri" hesab edərək "Vətən birlik istəyir!" - deyə bir ideal uğrunda mübarizəyə səsləyirdi. Şairin "İki qardaşın söhbəti" poeması Cənubi Şimali Azərbaycanın ayrılıq kədərini, iki qardaş həsrətini əks etdirib, ayrılıq dərdini dilə gətirmişdir.

Şair düşmənin uydurduğu baş alıb gedən yalanları, sağa-sola səpələnən iftiraları dilə gətirir söhbətləri Cənubi Azərbaycandan olan şair qardaşı Söhrab Tahirlə aparır. X.Rza " günlərin qaraldımı?!" poemasında Cənubi Azərbaycanın başı üstünü alan buludlardan, xəyanət zəlalətlərin dəhşətindən söhbət açmışdır. "Qalx ayağa, Vətənim", "Məni bir qurd yandırır" poemalarında da Cənubi Azərbaycanın istiqlaliyyət taleyi şair S.Tahirə müraciətlə qələmə alınmışdır. Vətəninin bütövlük idealını poemalarının baş mövzusuna həsr edən istiqlal şairi X.R.Ulutürk "Məktublar gedər-gələr", "O gün gələcək" kimi poemalarında da Cənubi Azərbaycan həsrətinin bitəcəyinə Azərbaycanın bütövlüyünə nail olunacağına ümidlərini ifadə etmişdir.

Bütövlük  arzusu, həsrət yanğısı ilə yanıb tutuşan şair "Dənə gələn toyuqlar" siyasi mövzulu poemasında Cənubi Azərbaycan haqqında qayğı düşüncələrini əks etdirmişdir. Vətənsevər oyaq şair:

ABŞ dən səpir yenə, Tehran ram ola bəlkə,

Tehran dən səpir yenə Təbriz xam ola bəlkə -

deyə siyasi münasibəti çirkin oyunları ifşa açıq etmiş, siyasi yalanı, zorakı uyutmanı, saxta sığalı "dən" predmeti ilə ümumiləşdirərək ifadə etmişdir. İstiqlal coşqulu şairin "Apardı sellər saranı" poeması da öz cəsarəti, qətiyyəti, coşğulu ruhu, diqtəedici pafosu etibarilə Azərbaycanı bölən bölüşdürmək niyyətilə yaşayan düşmənlərə qarşı açıq bir etiraz, üsyan olaraq yazılmışdır. Poemanın girişində gözəllər gözəli Sara Azərbaycanın xoşbəxtliyi, taleyi kimi rəmzləşdirilərək onu oğurlayan əllərə qarşı - iki bölücü düşmən olan "Şahənşah bağı"na "Qış sarayı"na nifrət qəzəbini hayqırmışdır:

Arpa çayı aşdı-daşdı,

Sel Saranı aldı, qaçdı...

Yox, bunu görməyin Arpa çayından

Kim deyir Saranı sellər apardı?!

Şahənşah bağından, Qış sarayından

Yurduma uzanan əllər apardı!

Şair X.Rza bu digər poema şeirlərində böyük bütöv Azərbaycanı bölən, bir eli, xalqı, torpağı, ailələri ayrı salan, ananı balaya, qardaşı qardaşa, sevgilini sevgiliyə həsrət intizar qoyan "Gülüstan" müqaviləsi bağlanandan yurdumuzun pozulan gülüstanından bəhs edir, ürəyi qan ağlayıb, gözləri yaş dili qəzəb yağdırır. Poema bölüşdürücülük işğalçılıq edən qüvvələrə nifrət ruhu püskürtməklə bərabər, həm gözəl, ümidverici arzularla sonlanır:

həsrət, hicran olsun,

Vahid Azərbaycan olsun!

Qoy birləşsin bir can olsun

O sahil , bu sahil !

Bu gün xalqın qəlbində azadlıqsevər, qorxmaz bir mücahid olaraq bir Xəlil Rza yaşayır. O Xəlil Rza ki, sovet dövrünün ən amansız, güclü dönəmlərində azadlıq uğruna savaşırdı, 90-cı illərin İmperiyanın çöküşü dönəmində mücadilə apararaq xalqına azadlıq bəxşi üçün canını ortaya qoyurdu qoydu da...

Xəlil Rza Azərbaycan klassik ədəbiyyatının ən kamil bilicilərindən, ərəbşünas alim, ədəbiyyatşünas, tərcüməçi alimlərindən biri idi. Onun Nizami haqqında yazdığı möhtəşəm tədqiqat əsərlərindən tutmuş tərcümələrinə qədər nizamişünaslıq üşün ən mötəbər mənbələrdən hesab olunur. Y.Balasaqunlunun "Kutadqu bilig", Nizaminin "Sirlər xəzinəsi" müdriklik əsərləri başqalarını bir onun tərcüməsindən oxumaq elə mənalıdır ki...

Bəli, böyük ədəbiyyatşünas alim, tərcüməçi, amma daha əzəmətli olan adı, sanı ilə şair Xəlil Rzanı qürurla, sevgi sayqı ilə xatırlayırıq. Ruhun şad olsun ustad!!! "Yan"ları elimizdən , evimizdən "iti qovantək" qovduq... Dədə Heydərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə, qardaşlarımızın dəstəyi ilə rəşadətli Milli Ordumuz işğal olunan ərazilərimizi düşmənlərdən təmizləyib Vətənimizə qovuşdurdular. Sən rahat uyu, ustad!...

 

RAMİZ QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2023.- 22-28 sentyabr.- S.18.