Şuşa tək
ocağın mübarək, dağlar!
Adilə Nəzərin "Şuşanın
azadlığı" əsəri haqqında qeydlər
Salam
olsun, çox dəyərli oxucum! "Tərəfsiz ədəbiyyat
tarixdir!" şüarımıza sadiq qalaraq, bu dəfə əsərlərində
qədim ədəbi-mədəni irsimizə hörmətlə
yanaşan, müasir tariximizi gələcək nəsillər
üçün salnamələşdirən çox dəyərli
ziyalımız, Azərbaycan Respublikasının Təhsil
İnstitutunun aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, eyni zamanda
tanınmış şair Adilə Nəzərin
"Şuşanın azadlığı" adlı
poemasayağı şeiri haqqında olacaq.
Azərbaycan
ədəbiyyatı hər zaman xalqın taleyini,
ağrı-acısını, ümidini və mübarizəsini
özündə yaşadan mənəvi yaddaş xəzinəsi
olub. Ta qədimdən üzü bəri tarix yazan salnaməçilərin
(tarixçilərin) əksəriyyətinin daim siyasi oyunlara
alət olaraq, çox vaxt tarixi hakim dairələrin mənafelərinə
uyğun şəkildə qələmə
aldıqlarını nəzərə alsaq demək olar ki, əksər
hallarda yurdumuzun tarixini bədii əsərlərdən öyrənməyə
məcbur oluruq. Ölkəmizin və ələlxüsus
bağlı-bağatlı cənnət Qarabağın yerləşdiyi
coğrafi mövqeyə görə daim dünyəvi və
regional münaqişələrin mərkəzində olub, əlimizə
çatan şifahi və yazılı məlumatların
böyük əksəriyyətində bir sözlə olsa belə
mütləq anılır. Adı hallanır. İstəsək
də, istəməsək də bu belədir. Bu bizim qan
yaddaşımız, söz yaddaşımız, daş
yaddaşımızdı.Qeyd etdiyim kimi Qarabağ mövzusu isə
bu yaddaşın ən həssas, ən kövrək, eyni
zamanda ən qüdrətli qatını təşkil edir.
Tanınmış şair və alim Adilə Nəzərin
"Şuşanın azadlığı" əsəri bu
yaddaşın Zəfər ilə işıqlanan yeni ən
parlaq səhifələrindən biridir. Şairin bu əsəri
təkcə poetik təsvir deyil, Qarabağın azadlıq
salnaməsini, xalqın təxminən bir qərinəlik
nisgilinin sonunu, tarixi ədalətin bərpasını bədii
dildə ifadə edən publisistik ruhlu bir manifestdir.
Əsərin
ilk bölümü sanki film başlanğıcı kimi
başlayır. Al şəfəqli noyabr günəşinin
mülayim, şüşə kimi tər-təmiz, gül ətirli
yaz havası fonunda, dağlar qoynunda doğuşu otuz ildir
boz dumana bürünüb, pərdə altında
qaranlıqda qalan dağlara artıq
bir aydınlıq gətirir, Şuşanın nəfəsi
geri qayıdır:
Gün
doğarkən səmanın çəkildi göy pərdəsi,
Açıldı
boz dumandan uca Kirsin zirvəsi.
Sıldırım
qayaların qoynunda sübh oyandı,
Şuşa
bir çələng kimi rəngdən-rəngə
boyandı.
Sübhün
bu çağında dağlıq ərazilərdə olub,
günəşin doğuşunu izləyənlər
yaxşı bilir; yay, payız, qış, yaz olmasından
asılı olmayaraq (hətta yerdə dizdən yuxarı qar
olsa belə), açıq səmada, küləksiz mülayim
havada günəşin doğuşu zamanı demək olar ki,
eyni - qəribə, bir az soyuq (sərin)
hava olur. Bax, bu xırda məqamın təsvirindən
tutmuş, digər mühüm real hadisələrin bədii həllərinə
qədər hamısı olduqca təbii və təsirlidir.
"Gün
doğarkən səmanın çəkildi göy pərdəsi..."
- bu misra, düz bir qərinə qaranlığa
bürünmüş bir şəhərin işığa
sarı yolçuluğunun metaforik
başlanğıcıdır. Kirs dağının zirvəsi,
Cıdır düzünün gümüşü küləyi,
şəlalələrin saz kimi səsi - bütün
Qarabağ təbiəti qəhrəmanlıq dastanının
səhnəsinə çevrilir.
Burada təbiətin
dirçəlişi xalqın ümidinə paralel təqdim
olunur. "Ətdən divar
hörülüb düşmən gələn tərəfə"
misrası əsgərin dayanışmasının, iradəsinin,
"canını sipər etməsinin" ən təsirli bədii
ifadəsidir. Şair Şuşanı yalnız coğrafi məkan
kimi deyil, yaşayan bir varlıq kimi təqdim edir:
"Şuşanın qəlbi atır indi şəfəq
qatında."
Bu hissədə
şairin başlıca məqsədi - azadlığın
başlanğıc nəfəsini oxucuya fiziki olaraq hiss etdirməkdir.
Şeirin
ikinci hissəsində ton dəyişir. Təsvirlər daha sərtləşir,
realizm artır, döyüş atmosferi güclənir:
Bütün
Qarabağ boyu dalğalanır bir nəfəs,
Qan rəngi
alıb torpaq, təravətli bir həvəs...
Sıldırım
qayalarda əsgər hazır dayanmış,
Şuşa
azad olacaq - xalq zəfərə oyanmış!
Möhkəmləndirilmiş
qala kimi səngərlərdə qaçmasın deyə zəncirlənmiş,
qorxudan tir-tir əsən düşmənlə, nəyin
bahasına olursa-olsun doğma Yurdunu işğaldan azad etmək
üçün illərlə hamının alınmaz hesab
etdiyi belə qala səngərlərin üzərinə ley
kimi şığıyan Azərbaycan oğulları
üz-üzə gəlir:
"Düşmən
qorxu içində, yuxusunda sayıqlar" - bu misra uzun illər
boyu Qarabağı işğal altında saxlayanların öz
iç narahatlığını, labüd məğlubiyyət
qorxusunu açır.
Şair
Azərbaycan əsgərinin ayıqlığını, cəsarətini,
səngərdəki real döyüş vəziyyətini
böyük ustalıqla göstərir: "Qarabağ
oğulları yuxu bilməz - ayıqlar." Noyabrın soyuq nəfəsi
isə azadlığın isti nəfəsi ilə
qarışır. Burada həm gərginlik, həm gözlənilən
zəfərin həyəcanı görünür.
Üçüncü
bölmə şeirin emosional zirvəsidir (tam şəkildə
təqdim edirəm):
Yurdu cəngə
səsləyir atların kişnəməsi,
İgid
döşü titrəyir, dağlara dəyir səsi!
Dumanları
yararaq şimşək kimi axanlar,
Bayrağı
qucaqlamış zirvəyə şığıyanlar!
Köpüklü
nəfəs kimi qarışır torpaq daşa,
Addım-addım
qayıdır azadlığına Şuşa.
Güllə
səsi, atəş var, tüstü, odlar-alovlar,
Hər
addımda bir tarix ölər, biri doğular.
Hər
qayada iz açır mərdlərin polad əli,
Xocalının
alınır on qatdan çox bədəli...
Şuşa
özü vuruşur elə bil igidlərlə,
Əl-ələ
verib qalxır min illik təpə, dərə.
Düşmənin
son ümidi son dəfə dəyir daşa,
"Duma"nın
binasından asır bayrağı Yaşar!
Bayraqım
dalğalanır, zirvələrdə ucalır...
Mavi,
qırmızı, yaşıl... - Vətən burdan güc alr.
Dağlara
düşür nida: "Şuşa azaddır!"- deyir,
Bu
çığlıqla oyanır yuxusundan Üzeyir...
Gurlar səs:
"Qarabağ Azərbaycandır, nida!",
Ali
Baş Komandanın səsi verir əks-səda...
Atların
kişnəməsi, güllə səsləri, alov,
tüstü - bunlar sadəcə təsvir deyil, 2020-ci ilin
Şuşa döyüşlərinin canlı poetik
rekonstruksiyasıdır. Döyüşün
qızğın anı, tarixin qayıdışıdır.
"Su gələn arxa bir də gələr" ata
sözümüz məntiqi baxımdan burada "Od
yanmış dağlar da bir də yanar" formasında real
olaraq təzahür edir:
"Hər
addımda bir tarix ölər, biri doğular." - bu misra
Qarabağ zəfərinin mahiyyətini ifadə edir: köhnə
haqsızlıq ölür, yeni tarix yazılır.
Xüsusilə
"Duma" binasından Azərbaycan bayrağının
asılması səhnəsinin şeirə daxil edilməsi Zəfər
gününün simvolik anını yaddaşa çevirir. Yaşarın
bayrağı qaldırması tarixin, qeyrətin, millət
ruhunun poetik zirvəsidir.
Burada bədii
düşüncə ilə publisistika qovuşur - şair
faktı obrazlaşdıraraq milli qürur duyğusunu yüksəkdə
tutur.
Sonuncu
bölmə qələbənin sükutudur. Sanki
döyüş səslərindən sonra duyulan ilahi
sakitlikdir. Adilə xanım Zəfərin mənəvi səssizliyini
şəhidlərin ruhuna sayğı kimi təqdim edir.
Şair Şuşanı həm tarixə, həm şəhid
ruhuna bağlayır:
Düşmənin
qabağında dayandınız mərd, mətin,
Möhtəşəm
dastanını siz yazdız ədalətin.
Ey
Şuşa, ərənlərin alınmaz qalan olsun!
Səni
qoruyan ruha əbədi salam olsun!
Bu
bölmədə Vətən müharibəsinin əsl qəhrəmanları
- torpaq uğrunda can verən şəhidlər
xatırlanır. Onların ruhu Şuşanın
ucalığında, Xarıbülbülün boy atmasında,
xalqın sabahına açılan qapıda
yaşadılır. Şairin son misraları sabahın, əmin-amanlığın,
tarixi ədalətin qarantı olan azadlığın poetik
şəklidir.
"Şuşanın
azadlığı" əsərini ədəbiyyatın Vətənə
ən layiqli töhfələrindən biri kimi qiymətləndirir
və Adilə xanıma ortaya belə gözəl nümunə
qoyduğuna görə südəmər körpə misali gəncəcik
respublikaya sədaqət andı içib, bütün qara
qüvvələrin üzərinə tarana gedən əbədiyyət
sakinlərinin adından təşəkkür edirəm! Hər
iki cəbhənin (həm söz, həm də
döyüşən ordunun) əsgəri olduğum
üçün bu məsələnin vacib olduğu qədər
də, məsuliyyətli və çətin iş
olduğundan xəbərdaram.
Adilə
Nəzərin bu şeiri təkcə bir poetik sənət
nümunəsi deyil. O, ədəbi yaddaşın müasir
Qarabağ tarixini necə yazdığını göstərən
nümunəvi bir əsərdir. Şair:
-tarixi
faktı bədii duyğu ilə yoğurur,
-xalqın
yaşadığı ağrını və sevincini bir poetik
çələngdə birləşdirir,
-Şuşanı
Azərbaycan ruhunun təcəssümü kimi təqdim edir.
Əlbəttə bu hadisələr hamımızın
gözünün qabağında elə də uzaq olmayan bir
tarixdə baş verdiyinə görə həmin günləri
yaxşı xatırlayırıq. Şuşanın
azadlığı məsələsinin bu ümummilli işin
tərkib hissəsi olaraq nə qədər vacib olduğunu
Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin müsahibəsində öz dilindən eşitmək bizə qizmət olub:
"Şuşasız bizim işimiz yarımçıq
olar". Məhz bu məlum müsahibədən sonra xalqın mənfur düşmən
üzərində tam və qəti qələbəyə
inamı artmışdı.
Adilə
Nəzərin böyük ustalıqla poetikləşdirdiyi
real publisistik salnamədə Şuşanın azərbaycanlılar
üçün strateji və mənəvi əhəmiyyətini
vurğulayır, çünki onun azad edilməsi müharibənin
əsas məqsədlərindən biri idi. Şuşanın
işğaldan azad olunması "Zəfər"in bir hissəsidir
və bu hadisə müharibənin gedişatını dəyişən
əsas nailiyyətlərdən biri hesab olunur.
Şuşasız, digər ərazilərin də probleminin həlli
çətinləşərdi və işin tamamilə bitməsi
mümkün olmazdı.
Şuşanın
işğaldan azad olunması, digər ərazilərin,
xüsusən də Xankəndi və Xocalı kimi yerlərin
azad edilməsinə yol açdı.
"Şuşa"
anlayışı real strateji mövqe, coğrafi obyekt, müqəddəs
məfhum kimi mmüharibənin gedişatında həm
strateji, həm də mənəvi baxımdan mühüm bir
mövqedə idi. Bu ərazinin azad edilməsi "Zəfər"in
ən parlaq sübutlarından biri və sonra tam qələbəylə,
ərazi bütövlüyünün və suverenliyin bərpasına
gedən şanlı yolun başlanğıcı oldu.
Şuşanın
işğaldan azad edilməsi, müharibənin tamamilə bitməsini
təmin etdi. Belə ki, Şuşasız, digər ərazilərin
də problemi tam həll olunmazdı və iş
yarımçıq qalardı... Gün gəldi, vaxt-vədə
yetişdi, "Şuşasız bizim işimiz
yarımçıq olar" -
söyləmiş Müzəffər Ali Baş
Komandanın dilindən: "Əziz, Şuşa sən
azadsan!" - müjdəsini
duyduq. Şuşa öz azadlığına qovuşdu.
"Şuşanın
azadlığı" - Zəfər tarixinin poetik salnaməsi,
xalqın ruhunun, mənəvi gücünün sözlə təsdiqidir.
Bu əsər
göstərir ki, ədəbiyyat yalnız keçmişin
deyil, həm də bu günün və gələcəyin
yaddaşını yaradan mənəvi qüvvə, söz sənəti,
xalqın daş yaddaşdır. Və bu yaddaşın ən
uca zirvəsi - Şuşadır!
Çox
dəyərli oxucum, sona qədər həmsöhbət
olduğunuz üçün təşəkkür edirəm.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, yuxarıda
oxuduqlarınız ən müqəddəs dualara bərabər
səmimi hisslərin təzahürüdür. Ərəb
dilində "Quran" surələrini əzbərləməyin
çətin olduğunu bəhanə edərək, namaz
qılmayanlar "Şuşanın azadlığı" əsərindən
istənilən bəndi öz doğma bu şipşirin ana
dilimizdə əzbərləyib, sidqi-ürəklə namaz
qıla bilər. Böyük Allah bu namazı qəbul edəcəkdir.
Allah bütün dualarınızı qəbul etsin İnşəAllah!
Adilə
Nəzərin "Şuşanın azadlığı" əsəri
milli yaddaşın oyanışı və ədəbiyyatın
çoxdan gözlənilən Zəfər salnaməsidir!
Sözümü "Dağlar" adlı qoşmamdan bir bəndlə
yekunlaşdırmaq istəyirəm:
Haqqa nisbət
tutub ulu Ələsgər,
Andırıb,
tanıdıb, bilib pərisgar,
Hər səngər
məbəddi, pirdi hər əsgər,
Şuşa
tək ocağın mübarək, dağlar!
Azərbaycan
tarixində, ədəbiyyatında şəninə hələ
çox dastanlar qoşulacaq şanlı Zəfərimiz
mübarək olsun (Kəlbəcər Şəhəri
Günümüz mübarək)! Allah amanında. Hələlik.
25.11.2025.
Kəlbəcər.
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü
Olaylar.- 2025.- 12-18 dekabr, ¹43.-
S.19.