Peşəkar jurnalist daha obyektiv, daha
informativ və düzgün informasiyanı yaymalıdır
Jurnalistikanın yaddaşı
var - qəzet arxivlərində
saralmış vərəqlərin,
köhnə fotoaparatların
obyektivində donub qalmış anların, müharibə illərinin
soyuq səngərlərindən
gələn səsin yaddaşı. Bu yaddaşı
yaradanların sırasında
bir ad xüsusi hörmətlə çəkilir:
Əməkdar jurnalist,
publisist və yazıçı Zemfira Məhərrəmli.
Ötən əsrin 70-ci illərinin
tələbə auditoriyalarından
başlayaraq cəbhə
xəttinin ən təhlükəli nöqtələrinə
qədər uzanan bir peşə yolu... Qarabağ savaşının od-alovu
içində yazılmış
reportajlar, sahibkar qadınların, döyüşçü
qızların, həyatla
savaşan insanların
talelərindən doğulan
kitablar, publisistikanın
ən çətin janrlarında illərin sınağından çıxmış
yazılar...
Zemfira xanımın qələmi
həm faktın sərtliyini, həm sözün istiliyini, həm də həyatın acı həqiqətlərini eyni
həssaslıqla daşımağı
bacarır. Onunla söhbət həm peşə dərsi, həm də həyat fəlsəfəsidir.
Bəlkə də elə buna görədir
ki, müsahibəyə başladığımız
anda səsləndirdiyi
bir cümlə dərhal yadda qalır:
"Jurnalist yazmaqdan əvvəl dinləməyi
öyrənməlidir. Çünki
söz həmişə
faktın içindən
doğur."
Bu müsahibədə Zemfira
Məhərrəmli jurnalistikanın
qızıl qaydalarından
tutmuş, bədii sözün sehrinə, müharibə publisistikasının
görünməyən tərəflərinə,
gənc jurnalistlərin
qarşısında duran
çağırışlara qədər geniş spektrdə dəyərli düşüncələrini bölüşür.
-Zemfira xanım, illərdir mətbuatın
içindəsiniz. Sizcə
jurnalistin ilk öyrənməsi
lazım olan şey yazmaqdır, yoxsa dinləmək?
-Bəli, həyatımın
əlli ilini jurnalistikaya həsr etmişəm. Təsəvvür
edin, orta məktəb partasından
qalxan gənc bir qız jurnalist
olmaq arzusu ilə Bakı Dövlət Universitetinə
üz tutur, ağır imtahanlardan keçir və jurnalistika fakültəsinə
qəbul olunur. Mən həyatımın
sənətini artıq
tələbəlik illərindən
etibarən jurnalistikaya
həsr etdim. Düşünürdüm ki, jurnalistika
arzularımın həyata
keçməsində, millətimə,
xalqıma xidmət etmək borcumu yerinə yetirməkdə mənim üçün bir tərcüman olacaq. Jurnalistika mənim üçün mühüm bir vasitə, əhəmiyyətli
bir amil idi. 1970-ci illərin axırlarından
başladığım bu
peşə həyatımda, jurnalistika
taleyimdə sanki qızıl xətlə keçdi və bu günə qədər də keçməkdədir.
-Çox maraqlı sualdır: deyirsiniz ki, jurnalist üçün dinləmək daha vacibdir, yoxsa yazmaq? Jurnalist hər ikisini mütləq öyrənməlidir.
Qarşındakı müsahibi
yaxşı dinləməsən,
onunla necə sağlam bir müsahibə qura bilərsən? Dinləməyi
bacarmaq jurnalist üçün çox mühüm keyfiyyətdir.
Anlamaq və yazmaq məfhumlarını
jurnalistikaya aid ediriksə,
hər ikisi eyni dərəcədə
vacibdir. Məsələn,
reportyorsan və müsahibə yazırsansa,
yenə də dinləməyi bacarmalısan.
Müsahibinə verdiyin
suallarla onu düzgün yönləndirməli,
söhbəti mövzuya
istiqamətləndirməlisən. Təbii ki, jurnalist yazmağı da gözəl
bacarmalıdır. Öyrəndiyi
faktların içindən
ən mühümlərini
seçib dəyərli
bir yazı ortaya qoymalıdır. Jurnalist əldə etdiyi bilgiləri artırmaqdan, araşdırmaqdan
çəkinməməlidir.
Jurnalistika fakültəsində bizə öyrədilən
ən mühüm prinsiplər bunlardır: gerçəyi yazmalısan,
dürüst olmalısan,
fakta sadiq qalmalısan, peşə etikasının incəliklərinə
riayət etməlisən.
Bütün bunlar jurnalistin öhdəsinə
düşən və
onun missiyasının
tərkib hissəsi olan məsələlərdir.
-Publisistik yazılarınızda
insan talelərinə tez-tez toxunursunuz. Bir taleyin sizə yazı yazdırmaq gücünə sahib olması
üçün nə
olmalıdır?
-İnsan taleyi haqqında yazmaq iki formada ola bilər. Birincisi, sənədli yazılarda
- faktlara əsaslanaraq.
İkincisi isə artıq bədii qələm adamının
təxəyyülündən keçən sənədli
hekayələrdə. Əgər
sən bir insan taleyi haqqında
yazırsansa, o tale, o həyat
yolu, o mübarizə,
qarşıya qoyulan məqsədlər uğrunda
göstərilən səylər
o qədər maraqlı,
o qədər cazibədar
olmalıdır ki, qələm
əhli həmin taleyi yazmağa qərar verə bilsin.
Jurnalist
olaraq hər hansı bir insan haqqında yazırıqsa, onun həyat yolunu izləməliyik, taleyinin çətinliklərini, uğurlarını,
mübarizəsini öyrənməliyik.
Mən həmişə
o insanların portret-oçerklərini,
sənədli hekayələrini
yazmışam ki, onların
tale yolu həm düşündürücü olsun, həm də oxucular üçün maraq doğursun. Biz hər kəs haqqında arzu etdiyimiz yazını yaza bilmirik.
Məsələn, mən "Döyüşə
qızlar gedir" kitabımı yazanda atəşkəs yenicə
əldə olunmuşdu.
Hələ müharibənin
ağrıları, acıları
unudulmamışdı. Uzun
illər də unudulmadı. 44 günlük
Zəfər savaşımıza
qədər biz o iztirabların
içində yaşamışdıq.
Ölkəmizdə elə
insan, elə ailə tapılmazdı
ki, Qarabağ müharibəsi
ona toxunmamış olsun. Biz müharibə illərində o taleləri
yazırdıqsa, döyüşən
insanların həyatına
güzgü tuturduqsa,
deməli, onların vətən naminə gördüyü böyük
işləri də göstərməyə borclu
idik. Bu talelər bizə o unudulmaz yazıları yazdırdı.
Qarabağ müharibəsi
haqqında bir gün etibarlı mənbə olacaq kitabların yaranmasına səbəb oldu.
-Jurnalist kimi ən böyük məsuliyyətiniz nədir:
həqiqəti demək,
yoxsa həqiqəti düzgün dildə çatdırmaq?
-Əslində, bu iki anlayış bir-birinə çox yaxındır. Həqiqəti
düzgün dildə
çatdırmaq elə
həqiqəti deməkdir.
Jurnalist həqiqəti
söyləməlidir. Söhbət
ciddi, mükəmməl
jurnalistikadan gedir. Jurnalistikaya bir ömür boyu püxtələşmə yolu
kimi baxanların yolundan gediriksə, yalan yazıya yol vermək olmaz.
Bizim ustadlarımız - Nəsir
İmanquliyev, Şirməmməd
Hüseynov, professor Qulu
Xəlilli, şair və publisist Famil Mehdi, publisistikamızın
tanınmış qələm
sahiblərindən biri
Nuriyyəddin Babayev - hamısı
bizə bunu öyrədirdi. Onlar bizə düzgünü yazmağı, həqiqəti
deməyi, peşə
etikasından kənara
çıxmamağı tövsiyə
edirdilər. Bütün
bu missiyaları yerinə yetirən klassik jurnalistlər bu gün də
gənclərə örnəkdirlər.
-Siz həm də
bədii yazılar yazırsınız. Hekayə
yazarkən söz sizə tabedir, jurnalistikada isə siz sözə tabe olursunuz. Hansı proses daha çətindir?
-Mən ilk növbədə
özümü jurnalist
hesab edirəm. Jurnalistikanın "şinelindən"
çıxmışam. 1990-cı illərin
sonlarından bədii
nəsrə keçdim.
Savaş publisistikasından
sonra təxəyyülün
və bədii sözün gücünə
əsaslanan həyat hekayələri yazmağa
başladım. İndi çoxsaylı
bədii nəsr nümunələrim oxucuların
ixtiyarındadır.
Bədii
yazıda həyatın
rəsmini sözlə
çəkirsən. İnsan
talelərini çətin
situasiyalarda göstərirsən.
Bu, yazıçıdan ustalıq
tələb edir.
Dünya
şöhrətli yazıçı
Vilyam Folkner deyirdi: "Yazıçıya
kağız və qələm lazımdır.
Əsl yazıçını
kağız və qələmdən heç
nə uzaqlaşdıra
bilməz." Sadə
görünən, amma
çox dərin mənası olan fikirdir.
Jurnalistikada isə sözə
yox, daha çox fakta tabesən. Jurnalistika faktın gücünə
əsaslanan sahədir.
Publisistika fakt və sənədliliyə
tabe olan yaradıcılıq sahəsidir.
Qədim
yunan natiqlərindən
Dionisisin məşhur
fikri var: "Söylədiyim
sözlə sizi inandırsam, siz mənim ardımca gələcəksiniz." Publisistikanın
mahiyyəti də budur: insanı inandırmaq, səfərbər
etmək, mübarizəyə
səsləmək. Xüsusilə
müharibə illərində
publisistlər Qarabağ
həqiqətlərini çatdırmaqla,
gəncləri mübarizəyə
səsləməklə çox
böyük işlər
gördülər.
Bu baxımdan neçə-neçə
publisistik kitabın müəllifi olmaq mənim üçün böyük qürurdur.
"Döyüşə qızlar
gedir", Türkiyədə
çıxan "Qarabağda
savaş var", "Qırx
qız dastanı"
müharibə illərində
qiymətləndirilmiş əsərlərimdir.
Bu kitabların müxtəlif
dillərdə çap
olunması üçün
də çalışmışam.
2005-ci ildə Sankt-Peterburqda
çap etdirdiyim kitab
rusdilli respublikalarda
diaspora nümayəndələrimizin köməyi ilə yayıldı. Daha sonra Qarabağ müharibəsi haqqında
ingilis dilində "Qarabağ müharibəsi
qadınların şahidliyi
ilə" kitabımı
çap etdirdim. Məqsədim Qarabağ həqiqətlərini dünyaya
çatdırmaq idi.
Hər ikisi yaradıcılıq prosesidir. Hər ikisinin çətin tərəfləri də
var, ruh oxşayan cəhətləri də.
Əsas odur ki, istənilən janrda yazdığını ürəyinin
odu ilə, janrın tələblərinə
uyğun biçimdə
yazasan.
-Sosial şəbəkələr
informasiya müharibəsinin
əsas meydanına çevrilib. Peşəkar
jurnalistin burada ən böyük silahı nə olmalıdır: dəqiqlik,
operativlik, yoxsa emosional toxunuş?
-Çox doğru qeyd etdiniz ki, bu gün sosial
şəbəkələr informasiya məkanının
əsas hissəsinə
çevrilib. Bu məkan
o qədər mürəkkəb
və qarışıqdır
ki, oradan baş çıxarmaq bəzən
çətin olur. Sosial şəbəkələr
elə bir platformadır ki, hər kəs ora müraciət
edir, hər kəs öz bildiyini, hətta bəzən tam doğru olmayan, dəqiqliyi təsdiqlənməmiş məlumatı
belə orada paylaşmaq istəyir.
Facebook, WhatsApp, Instagram və digər platformalarda bu proses daim davam edir.
Bu durumda peşəkar jurnalistin üzərinə
çox böyük missiya düşür. O, yanlış və dəqiqliyi şübhəli
məlumatların əksinə
olaraq daha obyektiv, daha informativ və düzgün informasiyanı
yaymalıdır. Lazım
gəldikdə təkzib
etməli, yanlışlığı
düzəltməlidir. Jurnalist
təsadüfən belə
bir yalana rast gəlirsə, onu düzəltmək özü-özlüyündə böyük faydadır. Bu
baxımdan, məncə,
dəqiqlik və operativlik peşəkar jurnalistin ayrılmaz yol yoldaşı olmalıdır.
Emosional
toxunuşa da yer var. Hər hansı hadisəni bir qədər yumşaq, daha çatımlı dillə izah etmək mümkündür.
Lakin hər halda həqiqəti təhrif etməkdən daha yanlış və qüsurlu heç nə yoxdur.
-Publisist kimi oxucunun ən dərinə toxunması üçün hansı üsula üstünlük
verirsiniz: sərt reallığı göstərməyə,
yoxsa onun içindəki ümid nöqtəsini tapmağa?
-Mən bu sualın
böyük hissəsinə
artıq publisistika haqqında danışarkən
toxundum. Amma yenə də dəqiqlik üçün əlavə
etmək istəyirəm.
Publisistikada sərt reallıq qalmalıdır.
Çünki publisistika
sənədlilik üzərində
dayanır. Reallıq necədirsə, publisist onu o şəkildə çatdırmalıdır. Bununla
yanaşı, publisistin
özünəməxsus bir
missiyası var: çağırış
etmək, oxucunu cəlb etmək, düşündürmək və
bəzən də onu arxasınca aparmaq.
Məsələn, mən müharibə
illərində - 1990-cı illərin əvvəllərində
Qarabağ savaşının
ən gərgin vaxtlarında - mütəmadi
cəbhə səfərlərinə
çıxırdım. Yazdığım
cəbhə reportajları,
döyüşçülərin portret oçerkləri, onların ağır və şərəfli həyat yolları haqqında hekayələrim
həmin dövrün
publisistikasına daxildir.
Həmin
reportajlardan biri belə adlanırdı:
"Qeyrət batalyonu
qeyrətliləri səsləyir."
1993-cü
ilin əvvəlində
"Bakı-Baku" qəzetinin
xətti ilə Ağdərə-Tərtər-Ağdam istiqamətinə səfər
etmişdik. Fotoqrafımız
Hicran Babayev ilə birlikdə Tərtərdə
formalaşdırılan Qeyrət
batalyonunun könüllülərlə
dolu böyük toplaşma yerində olduq. Hicran hadisələri
fotoda əbədiləşdirirdi,
mən isə reportaj hazırlayırdım.
Gənclərin arzularını,
döyüş əzmini,
düşmənə olan
qəzəbini, vətənpərvərlik
duyğularını yazıya
köçürürdüm. Reportajda həm sərt reallıq, həm də çağırış hissi
vardı.
Publisistikanın gücü də
elə bundadır - çağırmaq, səsləmək,
hərəkətə gətirmək
və reallığı
göstərərək oxucunu
düşünməyə vadar etmək.
Ümid nöqtəsi məsələsi
Bəli,
mən yazılarımda
həmişə bir ümid nöqtəsi qoymağa çalışmışam,
istər publisistik yazılarımda, istər
bədii əsərlərimdə.
Ümidə söykənmək,
mübarizəyə davam
edəcək gücü
oxucuda yaşatmaq çox önəmlidir.
Bu yaxınlarda yazdığım
ilk dramaturji əsərim
- "Ümid işığı"
adlı pyesim də bunun nümunəsidir.
Taleyi çətinliklərlə
dolu olan iki gəncin hekayəsi üzərində
qurulan həmin əsərdə mən oxucu və tamaşaçı
üçün xüsusi
bir ümid işığı saxlamışam.
Elə əsərin adı da bunu bildirir. Həyat nə qədər çətin olsa da, insan o ümidə sığınaraq yoluna davam etməlidir.
Hazırda "Ümid işığı"
pyesi Şuşa Dövlət Musiqili Dram Teatrının repertuarındadır.
Yay aylarında onun anşlaqla keçən premyerası oldu.
-Bu gün gənc jurnalistlərin ən böyük çatışmazlığını
nədə görürsünüz
- bilikdə, təcrübədə,
yoxsa cəsarətdə?
Əməkdar jurnalist
kimi gənc jurnalistlərə məsləhətiniz,
tövsiyyələriniz nələrdir?
Mən sizə deyim ki, bizim ailədə demək olar hər gün bu mövzuda söhbətlər gedir. Hər gün mənim həyat yoldaşımla - sənət
dostum, ömür dostum, illər öncə tələbə
yoldaşım olmuş
Qulu Məhərrəmli
ilə bu məsələləri müzakirə
edirik.
Niyə
müzakirə edirik?
Birincisi,
bir evdə iki əməkdar jurnalist yaşayır. İkincisi, bizim bütün söhbətlərimiz,
fikir mübadiləmiz
əsasən jurnalistika,
yazmaq mədəniyyəti,
yazı səriştəsi
üzərində cəmlənir.
Kadr hazırlığı,
jurnalist yetişdirmək
məsələsi tez-tez
gündəmimizdə olur.
Qulu müəllim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Televiziya
və radio jurnalistikası"
kafedrasının müdiridir.
Ona görə də jurnalist kadrlarının hazırlanması ilə bağlı onun fikirləri mənə çox maraqlı gəlir, mənim fikirlərim də ona eyni dərəcədə
maraqlıdır.
-Bu gün gənc jurnalistlərin yetişməsində
əsas diqqəti cəlb edən məsələ bilik və təcrübə çatışmazlığıdır. Jurnalist ilk növbədə
təhsil aldığı
fakültədə jurnalistikanın
bütün janrlarını
mükəmməl bilməlidir.
Təkcə janrları
yox, tədris olunan bütün fənləri yaxşı
öyrənməlidir. Çünki
jurnalist digər sənət sahiblərinə
nisbətən daha geniş çevrə ilə işləyir. Hər hansı sənət sahibi yalnız öz sahəsini bilsə bəzən kifayət edir. Amma jurnalist hər gün çox fərqli sahələrdən olan insanlarla görüşür,
mövzular araşdırır,
faktlar toplamalıdır.
Bu isə yalnız geniş bilik və davamlı mütaliə ilə mümkündür.
Jurnalist
yazacağı mövzunu
əvvəldən öyrənməlidir.
Ona heç kim demir ki, o sahəni ali səviyyədə bilsin, amma ən
azı əsas məqamları bilməlidir
ki, düzgün yazı
yaza bilsin. Müsahibə alacağı
şəxsin peşəsini,
işlədiyi sahənin
incəliklərini də
əvvəlcədən araşdırmalıdır.
Təəssüf ki, bu
yanaşma gənclərimizdə
bəzən çatışmır.
Bu gün süni intellektin geniş yayıldığı bir
dövrdəyik. İnternetdən,
ChatGPT-dən və digər vasitələrdən
istifadə edərək
məlumat tapmaq çox asanlaşıb.
Bu, müəyyən mənada
lazımlıdır, işini
sürətləndirə bilir.
Amma jurnalistin öz biliyi, öz yanaşması, öz təhlili əvəzedilməzdir.
Yazının keyfiyyətini
müəyyən edən
də bunlardır.
Mən gənclik illərimizi xatırlayıram. Bir mövzu
verilirdi və redaktor bizi yazı
yazmağa göndərirdi.
O vaxt indiki kimi internet imkanları yox idi. Hər
şeyi mütaliəmizə,
kitab oxumağımıza, araşdırmalarımıza
söykənirdik. Getdiyimiz
obyektlərdə öyrəndiyimiz
faktlar yazının əsasını təşkil
edirdi. Bu prinsiplər indi də əsasdır
və gənc jurnalistlər bunları mütləq nəzərə
almalıdırlar.
Sevda Dəniz
Olaylar.- 2025.- 12-18 dekabr, ¹43.- S.18.