Qayıdışın memarlığı: Azərbaycanlıların Qərbi Azərbaycana
qayıdış hüququ beynəlxalq hüququn imperatividir
"Hər bir xalqın tarixində elə anlar olur ki,
yığılıb qalan
ağrı sadəcə
ağrı olmaqdan çıxır və qətiyyətə çevrilir.
On illərlə diplomatik
öhdəliklərin, tarixi
məcburiyyətlərin içində
sıxışıb qalmış
yaddaş birdən-birə
siyasi enerjiyə çevrilir.
Uzun illər ərzində torpaqlarımız Qarabağda işğal altında olduğu dövrdə Qərbi Azərbaycan - İrəvan, Zəngəzur, Göyçə məsələsi yalnız milli yaddaşımızın yarası kimi qalırdı. Dövlətin bütün diqqəti bir hədəfə yönəlmişdi - ərazi bütövlüyünü bərpa etmək. İndi isə fərqli, mənəvi cəhətdən çətin, lakin qaçılmaz bir mərhələ başlayır: doğma torpaqlarına qayıdış mərhələsi. Bu qayıdış hərb yolu ilə deyil, sülh yolu ilə, hüquqa əsaslanan, ləyaqətli və XXI əsrin prinsiplərinə uyğun bir şəkildə olmalıdır." Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi sərhçi Elçin Alıoğlu deyib:"
Bəzi dairələr bu prosesi guya ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Halbuki, söhbət sərhədlərdən yox, insan hüququndan - xalqın öz ata-baba torpaqlarına qayıtmaq haqqından gedir. Bu, dövlətlərarası çəkişmə deyil. Bu, ədalət ilə XX əsrin etnik mühəndisliyi arasında mübarizədir. Bu, tarixi həqiqətin, zorla silinmiş bir xalqın haqqının bərpası uğrunda mübarizədir.
Ona görə də "Qayıdış" konsepsiyasında səslənən əsas prinsip təsadüfi deyil: "Biz ora tankla qayıtmayacağıq. Biz ora maşınla, pasportla, beynəlxalq normalara əməl edərək qayıdacağıq. Amma qayıdacağıq, çünki bu bizim həm tariximizin, həm də qanunun bizə verdiyi haqqdır". Bu sözlər şüar deyil. Bu, gələcəyin kodudur - illərlə davam edəcək siyasi proqramın təməlidir.
Faciənin miqyasını anlamaq üçün emosiyaları bir kənara qoyub, faktlara müraciət etmək lazımdır - dəyişməz, danılmaz faktlara.
Qərbi Azərbaycan nə simvol, nə metafora, nə də mifdir. Bu, əsrlər boyu türkdilli azərbaycanlıların yaşadığı real coğrafiyadır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra ləğv edilən İrəvan xanlığı əsasən azərbaycanlılardan ibarət idi. Bu, tarixi şərh məsələsi deyil, demoqrafik reallıqdır.
Amma faciənin əsası - məhz sürgün tarixidir. Burada biz tək bir hadisə ilə yox, yüzillik planlı bir proseslə üz-üzəyik.
İlk zərbə 1905-1906-cı illərdə endirildi - azərbaycanlılara qarşı təşkilatlanmış qırğınlar baş verdi, minlərlə insan öz yurdundan didərgin salındı. Növbəti dalğa 1918-1920-ci illərdə gəldi - daşnak hökuməti dövründə Zəngəzur, Qaregin Njde rəhbərliyində etnik təmizləmənin sınaq meydanına çevrildi. Orada baş verənlər lokal faciə deyildi - bir bölgənin tək bir etnos üçün "yenidən qurulması" idi.
Lakin ən amansız mərhələ 1948-1953-cü illərə təsadüf edir. SSRİ Nazirlər Sovetinin 4083 saylı qərarı əsasında 100 mindən çox azərbaycanlı "rəsmi şəkildə" Ermənistan SSR-dən deportasiya edildi. Guya diasporadakı ermənilərin "vətənə qaytarılması" adı altında Göyçə və Zəngəzurun dağlıq kəndlərində yaşayan azərbaycanlılar Mil və Muğan düzlərinə köçürülürdü. İqlimə alışa bilməyən minlərlə insan xəstəlikdən, aclıqdan və ağır şəraitdən həyatını itirdi. Bu, sadəcə məcburi köçürülmə deyildi - bu, nəticələri ilə ölüm hökmü idi.
Son,
"final" akt isə
1988-1991-ci illərdə baş
verdi. 250-300 min azərbaycanlı
Ermənistan ərazisindən
qovuldu. Bu, sovet dövrünün sonundakı
ilk etnik təmizləmə
idi - və sonrakı müharibələrin
başlanğıcını qoydu.
Rəqəmlər hər bir bəyanatdan daha güclü danışır.
1828-ci ildə İrəvan
əhalisinin təxminən
75 faizi azərbaycanlı
idi. 1897-ci ildə bu rəqəm 43 faizə düşdü.
Stalin dövrü deportasiyasından
sonra 3-5 faiz.
1990-cı ildə - sıfır.
Bu, "təbii proses" deyildi.
Bu, planlı şəkildə
həyata keçirilmiş
etnik silinmə idi.
Bu gün Ermənistan öz monoetnikliyini guya "mədəni nailiyyət" kimi təqdim edir. Halbuki XXI əsrdə monoetniklik zorla yaradılıbsa, bu, qürur deyil - sübutdur. Bu, çoxmədəniyyətliliyin
məhv edildiyinin etirafıdır.
Tarix göstərir ki, yaddaşı
sonsuza qədər sıxışdırmaq mümkün
deyil. O, bir gün siyasi iradə kimi geri qayıdır. Məhz bu mərhələdə
Azərbaycanın yeni tarixi
başlayır - qayıdış
hüququ artıq təkcə mənəvi borc deyil, milli strategiyanın ayrılmaz hissəsidir.
Beynəlxalq diplomatiya aləmində
hüquqi arqumentlər
bəzən ən güclü ordulardan da təsirli olur.
Onları
nə susdurmaq, nə görməməzliyə
vurmaq, nə də siyasi "müvafiqlik" naminə
ləğv etmək mümkündür. Qərbi
Azərbaycana qayıdış
hüququna həsr olunmuş konfransda Bakının nümayiş
etdirdiyi hüquqi mövqe də məhz bu sarsılmaz
məntiqin bariz nümunəsi idi. Beynəlxalq hüquq üzrə aparıcı mütəxəssislərin çıxışları
bir həqiqətdə
birləşirdi: azərbaycanlıların
ata-baba torpaqlarına qayıdış tələbi
revanşizm deyil, beynəlxalq hüquqla təsbit olunmuş
fundamental insan haqqıdır.
Bu, yüzlərlə məhkəmə
qərarı və dünya təcrübəsi
ilə təsdiqlənmiş
bir prinsipdir.
Azərbaycanın hüquqi mövqeyinin
dayaqları üç
bünövrə üzərində
qurulub - tarixin özülü qədər
möhkəm olan sütunlar üzərində.
Birinci sütun - 1948-ci il Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsidir. Onun
13-cü maddəsi elə
aydın şəkildə
formalaşdırılıb ki, sanki məhz bizim vəziyyətimiz üçün yazılıb:
"Hər bir insan istədiyi ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Bu, imtiyaz deyil, təbii, ayrılmaz hüquqdur - yaşamaq və azad olmaq qədər
fundamental. Azərbaycanlıların zorla qovulması, onlara inzibati təzyiqlərlə vətəndaşlıqdan
imtina etdirilməsi bu hüququ ləğv etmir.
Onlar öz torpaqlarında yaşamaq haqqını nə tarixi, nə də hüquqi baxımdan itirməyiblər.
İkinci
sütun - mülkiyyət
hüququ və beynəlxalq restitusiya mexanizmləridir. 1980-ci illərin
sonundakı qaçqınlar
evlərini tərk edərkən arxalarında
sənədsiz getmirdilər.
Hər birinin əllərində o dövrün
sovet qanunvericiliyi ilə verilmiş rəsmi sənədlər,
orderlər, mülkiyyət
təsdiqləri var idi.
Etnik əsasla aparılmış istənilən
müsadirə beynəlxalq
hüquqda etibarsız
sayılır. Bunun presedenti
artıq mövcuddur -
"Çırağov və
digərləri Ermənistana
qarşı" işi.
Avropa İnsan Hüquqları Məhkəməsi
bu işdə açıq şəkildə
bəyan etdi ki, Ermənistan tərəfi azərbaycanlıların mülkiyyət
hüquqlarını pozmaqda
məsuliyyət daşıyır.
Həmin qərar gələcək qayıdışın
hüquqi bünövrəsinə
qoyulmuş möhkəm
bir daşdır.
Üçüncü sütun - beynəlxalq təcrübədir.
Qarşı tərəf
deyə bilər ki, çox zaman keçib.
Amma beynəlxalq hüquqda
etnik əsaslı deportasiyalara görə
"müddət bitməsi"
anlayışı yoxdur.
Dünya bunu dəfələrlə sübut
edib - Balkanlarda Dayton sazişi bütün tərəfləri qaçqınların
geri qayıdışını
təmin etməyə
məcbur etdi. Kiprdə yunan və türk kiprlilərin mülkiyyət
hüquqları adanın
bölünməsinə baxmayaraq
tanınır. Fələstində
BMT-nin 194 saylı qətnaməsi onillərlə
qayıdış hüququnu
təsdiqləyir. Gürcüstanda
beynəlxalq ictimaiyyət
abxaz və tsxinval qaçqınlarının
geri dönməsi tələblərini dəstəkləyir.
Belə
olan halda, əgər Qərb ermənilərin Qarabağa,
gürcülərin Abxaziyaya,
bosniyalıların öz
kəndlərinə qayıtmasını
tələb edirsə,
nə üçün
Zəngəzurdan, İrəvandan
qovulmuş azərbaycanlılara
eyni hüquq tanınmamalıdır? Cavab
aydındır: tanınmalıdır.
Əks halda, bu, artıq hüquqi yox, mənəvi və siyasi ikili standartların
göstəricisi olar.
Heç
bir xalq öz mədəni mühiti olmadan yaşaya bilməz. Ev yalnız divar deyil - o, məsciddir, qəbiristandır,
ata bağıdır,
qədim körpüdür,
nəsillərin dilində
səslənən toponimdir.
Evi yandırmaq olar, amma mədəni
yaddaşı başqa
cür məhv edirlər - sistemli, planlı, izləri silməklə.
Müasir
Ermənistan ərazisində
baş verənləri
başqa cür adlandırmaq mümkün
deyil - bu, total mədəni soyqırımı
idi. XX əsrin əvvəllərində İrəvan
quberniyasında üç
yüzdən çox
məscid fəaliyyət
göstərirdi. Yalnız
İrəvan şəhərində
səkkiz məscid var
idi. Bu gün onlardan yalnız biri qalıb - Göy məscid. Amma o da təhrif olunur: guya "fars abidəsi" kimi təqdim edilir, sanki türk mədəni irsini bir qələm zərbəsi ilə silmək olar.
Dağıdılmış qəbiristanlıqlar
burada neçə əsr azərbaycanlıların
yaşadığını danışa bilmir. Uçurulmuş türbələr
turistlərə bu şəhərləri kimlərin
saldığını izah
edə bilmir. Təhrif olunmuş toponimlər isə torpağın yaddaşını
dəyişdirməyə çalışır.
Basarkeçəri "Vardenis",
Cəlaloğlunu "Stepanavan",
Hamamlıyı "Spitak"
adlandırırlar.
Bu, sadəcə adların dəyişdirilməsi deyil
- yaddaşın cərrahiyyəsidir,
regionun tarixi toxumasını süni şəkildə yenidən
biçmək cəhdidir.
Qayıdış hüququ yalnız
insanların qayıdışı
demək deyil. Bu, həm də mənanın, mədəniyyətin,
memarlığın və
ən əsası, tarixi adların qayıdışıdır. Bakıdakı
erməni kilsəsi bu gün toxunulmadan,
bərpa olunmuş şəkildə durur.
Amma Ermənistanda azərbaycanlı
mədəni irsinin bütün izləri ardıcıl, məqsədyönlü
və amansız şəkildə silinib.
Bakının əsas mesajı
son dərəcə aydındır:
söhbət sərhədlərin
dəyişdirilməsindən və ya Ermənistanın
suverenliyinə iddiadan
getmir. Məqsəd - dinc birgəyaşayış
üçün şərait
yaratmaqdır. Məhz
buna görə Qərbi
Azərbaycan İcmasının
strategiyası siyasi təzyiq üzərində
deyil, humanizm prinsipləri üzərində
qurulub.
Birinci prinsip - təhlükəsizlikdir.
Qayıdış yalnız beynəlxalq
təhlükəsizlik zəmanətləri
ilə mümkündür,
çünki Ermənistan
özü azərbaycanlıların
fiziki təhlükəsizliyini
təmin etmək qabiliyyətində olmadığını
artıq sübut edib. BMT-nin himayəsi
altında beynəlxalq
müşahidə və
ya polis missiyası təşkil edilə bilər ki, repatriantların
sıx yaşadığı
ərazilərdə hüquqi
qayda-qanun təmin olunsun.
İkinci
prinsip - reinteqrasiyadır.
Azərbaycanlılarla ermənilər
əsrlər boyu bir-birinə qonşu, dinc şəkildə yaşamışlar. Radikal millətçilik
ideyaları meydana çıxmazdan əvvəl
bu bölgə multikultural bir məkan idi. Tarixi kontekst dəyişsə də, sosial toxuma yenidən
bərpa oluna bilər - yetər ki, onu yenidən parçalamağa cəhd
göstərilməsin.
Üçüncü prinsip - güzgü yanaşmasıdır.
Əgər Fransa və
ABŞ bu qədər
israrla Qarabağdan köçmüş ermənilər
üçün beynəlxalq
mexanizmlərin yaradılmasını
tələb edirlərsə,
eyni prinsip Zəngəzurdan qovulmuş
azərbaycanlılara da şamil
olunmalıdır. Qərbi
azərbaycanlıların hüquqları
tanınmadan əldə
olunacaq sülh nə tam, nə dərin, nə də davamlı ola bilər.
Bəzi
məsələlər var ki, onlar milli maraqların hüdudlarını aşır.
Azərbaycanlıların qayıdışı
da məhz belə məsələlərdəndir.
Birincisi
- regional sabitlik amilidir.
Qorxu və fobiyalar içində qapanmış monoetnik Ermənistan Cənubi Qafqaz üçün dalan deməkdir. Qərbi azərbaycanlıların
bu məkanda yenidən məskunlaşması
bölgədə təbii
sabitləşdirici faktor
yaradacaq, ultra-millətçiliyə
qarşı sağlam
sosial balans formalaşdıracaq.
İkincisi - kommunikasiya xətlərinin
açılmasıdır.
Zəngəzur dəhlizi Azərbaycanı
həm Naxçıvan,
həm də Türkiyə ilə birləşdirən həyati
arteriyadır. Burada yerli azərbaycanlı əhalinin varlığı
regionun infrastruktur təhlükəsizliyini təmin
edəcək, tranzit proseslərini proqnozlaşdırıla
bilən və sabit edəcək. Bu isə təkcə Bakı və Ankara üçün deyil, qlobal oyunçular üçün də iqtisadi baxımdan faydalıdır.
Üçüncüsü - bu, ədalət presedentidir. Azərbaycanlıların qayıdış
hüququnu dəstəkləmək
- beynəlxalq hüququn
dinindən, irqindən
və siyasi rəğbətindən asılı
olmayaraq hamı üçün eyni işlədiyini sübut etmək deməkdir. Bu, Qlobal Cənubun Qərb institutlarına etimadını bərpa etmək üçün
real imkandır - uzun illərdir "seçmə
ədalət"də ittiham
olunan o institutlara.
... Əgər əvvəllər Bakıdan izahat tələb olunurdusa, indi Azərbaycan özü irəli gedir - hüquqi, mənəvi və tarixi cəbhələrdə. Bu, insan hüquqlarının etnik seçkiliyə, beynəlxalq konvensiyaların unudulmaya, ədalətin qorxuya qarşı hücumudur.
Qayıdış hüququ romantik
arzu deyil. Bu, siyasi məqsəddir. Və Qarabağın azad edilməsi təcrübəsi göstərdi
ki, bu məqsədə
doğru qətiyyətlə
və ardıcıllıqla
irəliləsən, o, gerçəkliyə
çevrilir.
Beynəlxalq institutlara müraciət
isə ümidsizlik jesti deyil, əməkdaşlıq
təklifidir. Qoy BMT, Avropa Şurası,
ATƏT öz missiyalarını
göndərsin. Qoy onlar dağıdılmış
məscidləri, yerlə-yeksan
edilmiş qəbiristanlıqları,
yoxa çıxmış
evləri görsünlər.
Qoy qeydiyyata alsınlar - sabah qaytarılmalı olacaq mülkiyyəti sənədləşdirsinlər.
İrəvana gedən yol ailələrin geri dönmə karvanı ilə yox, sənədlərlə,
ekspert rəyilə, siyasi iradə və inamla başlanır. Çünki
vətən xəritədən
silinsə belə, yaddaşdan silinmir.
Biz qayıdacağıq. Revanş
istədiyimiz üçün
yox. Tarixin, hüququn və vicdanın bizə yüklədiyi borcu yerinə yetirmək üçün.
Qərbi
Azərbaycan - bu, keçmişin xatirəsi
deyil, gələcəyə
çevrilməyə məhkum
bir yaddaşdır."
İbrahim Məmmədli
Olaylar.-
2025.- 12-18 dekabr, ¹43.- S.7.