Yazıçı-publisist Natiq Məmmədlinin
“Sev” romanının təqdimatı olub
Medianın
İnkişafı Agentliyinin icraçı direktor müavini,
yazıçı, publisist Natiq Məmmədlinin “Sev”
romanının təqdimatı və imza günü
keçirilib.
Yenıcag.az
APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində
tanınmış ictimai-siyasi, media nümayəndələri
iştirak ediblər.
Azərbaycan
Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid
çıxışı zamanı bildirib ki, Natiq Məmmədli
“Sev” romanında iki gəncin sevgisini əsas xətt kimi
götürərək onları dünyanın müxtəlif
ölkələrinə səyahətə
çıxarır:
“Bu romanda
müəllif qəhrəmanların müxtəlif ölkələrdəki
səyahətlərini təsvir edir və həmin məkanlar
barədə maraqlı məlumatlar təqdim edir. Bununla
yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı
Aşığın yaradıcılığını romanda
ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi,
Yaxşıya olan məhəbbəti və
hamımızın dilinin əzbəri olan gəraylıları
insanın sevgi, hiss və duyğularının ifadəsində
mühüm yer tutur. Natiq Məmmədliyə bu romana görə
təşəkkür edirəm. Arzulayıram ki, yazsın,
yaratsın və həm jurnalistikamızda, həm də ədəbiyyatımızda
öz samballı fəaliyyətini davam etdirsin”.
“APA Media Group”un baş direktoru Vüsalə
Mahirqızı Natiq Məmmədlinin
yaradıcılığından bəhs edib: “Natiq Məmmədli
mənə hekayələrindən tanışdır. Onun
“Professor və samuraylar”, “Tiflis yolçuları”, “Qəzet
köşkünün yerində qalan boşluq”, “Molyerin
öldüyü gün”, “Yiyəsiz baş” hekayələri
ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin
ədəbi düşüncəsini, müasir
yanaşmasını bariz göstərir”.
Vüsalə
Mahirqızı bildirib ki, “Sev” romanı da Natiq Məmmədlinin
yaradıcılığında növbəti mərhələdir:
“Bu roman ” Teas Pres” nəşriyyat evi tərəfindən
nəfis tərtibatda çap edilib. “TEAS Press”in bu əsəri
seçməsinin səbəbi də məhz romanın gənclər
üçün, müasir düşüncə
üçün cəlbedici olmasıdır. Müəllif
“Sev” romanında posmodern ədəbiyyat nümunəsi kimi
tarix və müasirliyi paralel inkişaf etdirir. Bu isə
müasir oxucu üçün cəlbedicidir”.
Vüsalə
Mahirqızı qeyd edib ki, Natiq Məmmədli həm də Azərbaycan
jurnalistikasının istedadlı nümayəndələrindən
biridir: “Natiq Məmmədli həm ədəbi, həm də mətbu
yaradıcılığında Azərbaycan dilini qoruyur, onun
bütün imkanlarından məharətlə istifadə edə
bilir. Buna görə də ona ayrıca təşəkkür
edirəm”.
Milli Məclisin
deputatı, şair Elçin Mirzəbəyli
çıxışında bildirib ki, “Sev” romanını
böyük həvəslə oxuyacaq: “Romanın adı məni
dərhal cəlb etdi. Ümumiyyətlə, bu gün mənəvi
olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin
əvvəlki əsərləri də səmimiyyəti ilə
seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən
deyə bilərəm ki, onun yaradıcılığında
heç bir süni effekt yoxdur. Sözündə insana, cəmiyyətə,
dostluğa yönəlmiş xüsusi bir diqqət var. Məhz
onu dəyərli edən də budur”.
Professor
Qulu Məhərrəmli bildirib ki, insanlar hazırda çox qəzəblidirlər,
buna görə də bu əsər gənclər
üçün çox önəmlidir: “Onun hekayələrində
mövzular bir-birindən fərqlənir”.
Qulu Məhərrəmli
çıxışı zamanı Natiq Məmmədliyə
uğurlar arzulayıb və gələcəkdə yeni
kitablarının işıq üzü görməsini diləyib.
Jurnalist
Fuad Babayev bu əsərin gəclər üçün önəmli
olduğunu və “sevgi” anlayışının insanalara
aşılamağın vacib olduğunu bildirib.
Sahil
İskəndərli çıxış edərək bildirib
ki, əsərin ümumi adının “Sev” olması müəllifin
kim olduğunu bir daha göstərir: “Elə insanın həyata
gəlməsində sevgi var. Sevgi anlayışı çox
geniş məzmundur. Bu hissləri yaşamayan insan belə bir əsər
yaza bilməz”.
Sonda Natiq
Məmmədli kitabın necə ərsəyə gəlməsindən
söz açıb:
“Bu
kitabın arxasında böyük bir psixoloji travma dayanır.
Bu travmadan çıxmaq üçün özümə bir
yol kimi bu imza gününü seçdim. Kitabın
adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı
deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir.
Allah kitabı göndərəndə insanlara “sev” deyə
müraciət edir. Bu, bir müjdədir. Kitabı pandemiya
dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda
böyük bir boşluq yaranmışdı və mən bu
roman üzərində işləməyə başladım.
Mənim düşüncəmdə ədəbiyyat mütləq
gənclərə müraciət etməlidir. Ona görə də
bu romanı məhz gənclər üçün yazmaq istədim.
Elə yazmalıydım ki, 21-ci əsr insanının psixoloji
qatları əsərdə görünə bilsin. Vətən
müharibəsindən sonra düşünürdüm ki, Azərbaycan
ədəbiyyatının əsas mövzusu Qarabağ
olmalıdır. Qarabağı sevmək üçün əvvəl
insan sevməyi bacarmalıdır. Sevmək lazımdır ki,
noyabrın soyuğunda o qayalara dırmaşa biləsən. Bu
il iki kitabım çapdan çıxıb. İndi isə
düşünürəm ki, hələ nə qədər
yazılacaq sözümüz var. İnşallah Qarabağla
bağlı romanın təqdimatında görüşərik”.
Natiq Məmmədli
sonda tədbirdə iştirak edən hər kəsə minnətdarlığını
bildirib.
Olaylar.-
2025.- 12-18 dekabr, ¹43.- S.15.