Bir il ömür sürmüş
“21 Azər”in 80 yaşı…
Sabir Rüstəmxanlı: “Milli Hökumət
Güney Azərbaycanda
istiqlal hərəkatının
tarixi yaddaşının
bərpasına mühüm
töhfələr verdi”
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının
Mərkəzi Qərargahında
“21 Azər” Hərəkatının
ildönümünə həsr
olunan tədbir keçirilib. Tədbirdə
öncə Güney və Quzey Azərbaycanda
Vətən yolunda canından keçmiş şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Siyasi partiyaların rəhbərləri,
jurnalistlər, vətəndaş
cəmiyyətinin üzvləri
və gənclərin
iştirak etdiyi tədbiri giriş sözü ilə açan VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bildirib
ki, tədbirin məqsədi
1945-ci ildə Güney
Azərbaycanda qurulmuş
Milli Hökumətin tarixinə
nəzər salmaq və həmin şərəfli tarixi təbliğ etməkdir. Xalq şairi “21 Azər” Hərəkatından
geniş bəhs edərək tarixi faktları və həmin dövrdə baş verən hadisələri xatırladıb.
VHP sədri qeyd edib ki, 21 Azər Hərəkatı 1945-ci ilin
noyabrından 1946-cı ilin
noyabrına qədər
Cənubi Azərbaycanda
fəaliyyət göstərmiş
müstəqil Azərbaycan
dövlətinin yaranışı
ilə bağlıdır:
“Azərbaycan Milli Hökuməti
cəmi bir il mövcud olmasına və Sovet İttifaqının
İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində
yaranmasına baxmayaraq,
tarixdə ilk dəfə
Cənubi Azərbaycanda
müstəqil milli dövlətçilik
cəhdi olub. Bu dövlətin süqutundan
sonra onun bir sıra tanınmış
xadimləri Azərbaycana
mühacirət ediblər.
Ömrü az olmasına baxmayaraq, bu gün də
Güney Azərbaycanda
xalq həmin tarixi böyük sayğı ilə anır. Səttarxanın
“Məşrutə inqilabı”,
Şeyx Məhəmməd
Xiyabaninin “Azadıstan”
milli hökuməti kimi,
Seyid Cəfər Pişəvəri hərəkatı
da millətin birliyi və demokratik hökumətin qurulması
amalına canla-başla
xidmət edib. Cəmi 1 il ömür sürmüş Milli Hökumətin
qəbul etdiyi bəyannamə o zaman Güney
Azərbaycanda istiqlal hərəkatının tarixi
yaddaşının bərpasına
mühüm töhfələr
verib”.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin
rəhbəri Sayman Aruz çıxışında
bildirib ki, Seyid Cəfər Pişəvərinin
başçılıq etdiyi
bu hökuməti Azərbaycan türklərinin
uzun illər apardığı milli-azadlıq
hərəkatının təbii
yekunu hesab etmək olar. Azərbaycan Milli Hökuməti
xalqın böyük
dəstəyi ilə Təbriz Dövlət Universitetinin və çoxsaylı orta məktəblərin açılması,
milli teatrın və
milli filarmoniyanın yaradılması,
milli kitabxanaların istifadəyə
verilməsi kimi mühüm işlər həyata keçirib. Hökumətin süqutundan
sonra beynəlxalq imperializmdən dəstək
alan İran rejimi Azərbaycana heç bir siyasi və
mədəni hüquq
tanımayıb və
Cənubi Azərbaycanda
yaşayan, İran əhalisinin
yarısından çoxunu
təşkil edən soydaşlarımızı molla
rejiminin əsarəti
altında saxlamaqda davam edib.
DAK İdarə Heyətinin üzvü Babək Muğanlı qeyd edib ki, Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat bütün
dünyada böyük
rezonans doğurub:
“Beş milyondan çox bir xalqın geniş təbəqələrini əhatə
edən bu hərəkat əsrin qabaqcıl hərəkatlarından
biri kimi tarixə düşdü və siyasət dünyasının ən
mütərəqqi hadisələri
ilə bir sırada yer aldı. Bütün dünya Asiyanın bir guşəsində diri, canlı və istedadlı bir xalqın azadlıq və demokratiya yolundakı mübarizəsini gördü.
İran mərkəzi hökuməti
Azərbaycan Milli Hökuməti
ilə saziş imzalamasına baxmayaraq, Təbrizə ordu yeridərək şəhəri
nəzarətə götürdü
və ardınca Milli Hökumətin üzvlərinə
və fəallarına
qarşı repressiyalar
həyata keçirdi.
Bəzi mənbələrə
görə, bu əməliyyat zamanı
30 mindən çox təbrizli qətlə yetirilib. Minlərlə insan öldürülüb,
bir çoxları sürgün olunub. 21 Azər Hərəkatının
faciəli nəticələrindən
sonra qırğından
canını qurtaran fəallar sərhədləri
hələ açıq
olan Sovet Azərbaycanına keçiblər.
Başda S.C. Pişəvəri
olmaqla minlərlə təbrizli Sovet Azərbaycanına sığınıb.
Pişəvəri bir
il sonra Yevlax yaxınlığında müəmmalı
avtomobil qəzasında
həlak olur. Milli Hökumət qurucularının
Azərbaycan xalqının
azadlığı və
istiqlaliyyəti uğrunda
apardığı mübarizə
onların adlarını
tarixə əbədi
yazıb və bu gün də
Güney Azərbaycandakı
soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsinə
ciddi təkan verib”.
İranlı Mühacirlər Cəmiyyətinin
sədr müavini Yədulla Kənani Cəmiyyətin “Milli Hökumət-80” layihəsi çərçivəsində
nəşr etdirdiyi iki kitabı tədbir iştirakçılarına
təqdim edərək
Milli Hökumətin fəaliyyətindən
danışıb:
“Azərbaycan Milli Hökuməti
xalqın böyük
dəstəyi ilə dövlətin mühüm
işlərini həyata
keçirib. Təhsil
islahatları çərçivəsində
Təbriz Dövlət
Universiteti və çoxsaylı orta məktəblər yaradılıb.
Bundan başqa, Təbrizdə Milli Teatr,
Milli Filarmoniya və
Milli Kitabxanalar açılıb.
Eyni zamanda, torpaq islahatı həyata keçirilib, iri banklar milliləşdirilib,
dövlət məmurlarının
rüşvət almasının
qarşısını alan
ciddi qanunlar qəbul olunub. Şəhərlərlə yanaşı,
kəndlərdə səyyar
xəstəxanalar və
sağlamlıq klinikaları
təşkil edilib. Azərbaycan Milli Hökumətinin
əsas silahlı qüvvəsi 1946-cı ildə
formalaşıb. Ordunun
əsasını könüllülərdən
ibarət fədai dəstələri təşkil
edib, həmçinin Təbrizdə hərbi kadrlar hazırlayan məktəb yaradılıb”.
Sabiq millət vəkili Tahir Kərimli bildirib ki, 21 Azər hərəkatı
İran Pəhləvi şah
rejiminin assimilyasiya siyasətinə qarşı
çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı.
Azərbaycan dilinin
yüksək tutulmasına
əsaslanan mədəni
dəyişikliklər prosesi
1945-ci ilin noyabrından
əvvəl də başlamışdı. Rəsmi
xarakterini isə
1946-cı il yanvarın
6-da qəbul olunan “Dil haqqında Milli Hökumətin Qərarı” ilə aldı. Qərara əsasən, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”.
Bu müddətə qədər türk dili bir çox
məktəblərdə tədris
olunurdu və ana dili dərsliklərinin
sürətli nəşrinə
başlanmışdı.
Güney Azərbaycan
Milli Hökuməti dövründə aparılan
mədəni islahatların
mühüm istiqamətlərindən
biri də ana dilli mətbu
orqanların nəşri
idi. Milli Hökumət sosial və iqtisadi dəyişikliklər məqsədilə
bir sıra ciddi islahatlara da başladı.
Xalq hərəkatı
fəallarından biri
Siyavuş Mustafa çıxışında “21 Azər” hərəkatının
tarixi əhəmiyyətini
vurğulayıb:
“Azərbaycan Milli Hökuməti fəaliyyət göstərdiyi
cəmi bir il ərzində öz bayrağını və himnini qəbul edib, qadınlara səsvermə
hüququ verib, parlament yaradıb, ana dilində məktəblər, Azərbaycan
Radioverilişləri Agentliyi,
Təbriz Dövlət
Universiteti açıb.
Dövlət Teatrı,
İncəsənət Muzeyi,
Azərbaycan Milli Orkestri və onun əsasında təşkil olunmuş Dövlət Filarmoniyası
fəaliyyətə başlayıb,
ana dilində mətbuat orqanları nəşr edilib. Lakin fars şovinizmi
dünya gücləri
ilə əlbir olaraq Güney Azərbaycanda azadlıq ocağını söndürməyə
nail oldu. Buna baxmayaraq, Arazın o tayında yaşayan azərbaycanlıların
milli hüquqları uğrunda mübarizəsi
bu gün də davam edir”.
Digər çıxışçılar
da Milli Hökumətin tarixindən
və Güney Azərbaycanda yaşayan soydaşlarımızın problemlərindən
danışıblar. Sonda
Milli Hökumətin dövlət himni səsləndirilib.
Qeyd edək
ki, 12 dekabr 1945-ci ildə Təbriz şəhərində böyük
çətinlik və
xalqın iradəsi ilə Azərbaycan Milli Hökuməti qurulub. Bu gün
tarixə “21 Azər” Hərəkatı kimi düşüb. Hərəkatın
adı İran təqviminin
21 Azər gününə
– 12 dekabra təsadüf
etməsi ilə bağlıdır. Hökumət
Seyid Cəfər Pişəvərinin rəhbərliyi
ilə fəaliyyət
göstərib.
Güney Azərbaycanda
ötən əsrdə
21 Azər inqilabına
qədər Xiyabaninin
və Səttarxanın
rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərəkat qanla yatırılıb, soydaşlarımızın
hüquqları üçüncü
tərəfin müdaxiləsi
ilə əllərindən
alınıb. Ümumiyyətlə,
21 Azər hərəkatının
tarixi missiyası təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün nümunə
ola biləcək bir hadisədir.
Güney Azərbaycan
Milli Hökuməti
ABŞ və Böyük
Britaniyanın İran şahına
dəstəyi, həmçinin
SSRİ-nin Pişəvərini
aldatması nəticəsində
12 dekabr 1946-cı ildə
süquta uğradıldı.
Hökumətin devrilməsindən
sonra minlərlə Azərbaycan türkü qətlə yetirildi və sürgünə göndərildi.
Devrilişdən sonra Azərbaycan inqilabçılarının bir
hissəsi Sovet Azərbaycanına gəldi.
Onlar ölkənin 34 rayon və şəhərində
yerləşdirildi. Mühacirlərin
yerləşdirilməsi ilə
məşğul olan Pişəvəri 1947-ci il
iyulun 11-də Gəncə
şəhərindən qayıdarkən
Yevlax yaxınlığında
müəmmalı şəkildə
avtomobil qəzasına
düşdü və
xəstəxanada müəmmalı
şəkildə vəfat
etdi. Silahdaşları
onun Stalinin rəhbərlik etdiyi sovet rejimi tərəfindən
xəstəxanada zəhərli
iynə vurularaq öldürüldüyünü bildirirdilər, çünki
qəza zamanı yüngül xəsarət
almış və özünü normal hiss edirmiş.
Seyid Cəfər
Pişəvərinin məzarı
Bakı şəhərində
Fəxri Xiyabandadır.
Hökumətin baş
prokuroru Firudin İbrahimi Təbrizdə edam olunub. Maarif
naziri Məhəmməd
Biriya sovet rejimi tərəfindən
22 ildən çox həbsdə saxlanılıb.
Milli Hökumətin digər qurucuları da həbs və
sürgünə məruz
qalıb, ağır mühacirət həyatı
yaşamağa məcbur
olublar.
Olaylar.-
2025.- 12-18 dekabr, ¹43.- S.17.