Həyatı
mübarizə kimi yaşayan müəllim–döyüşçü
"Həyat mübarizədir. Həyat sadəcə
var olmaq deyil. Həyat yaşadaraq yaşamaqdır."
Bu sözlər təsadüfi deyilməyib. Onu
deyən insan bu fikirləri həm həyatında, həm də
döyüş meydanında sübut etmiş bir şəxsdir.
Vətən Müharibəsi iştirakçısı,
baş leytenant, müəllim Əli Abbasov qələmi ilə
də, silahı ilə də Vətənə xidmət edən
ziyalıdır.
Əli Abbasov 19 iyul 1979-cu ildə Bakı şəhərində
anadan olub. Bakı Dövlət Universitetini bitirib. Bu gün o,
Bakı şəhərinin Qızıldaş qəsəbəsində
yerləşən Şəhid Azər Namazov adına 180
saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı
müəllimi kimi fəaliyyət göstərir. Onun dərsləri
təkcə fənn bilikləri ilə deyil, həm də vətənpərvərlik
ruhu ilə yadda qalır. Çünki o,
danışdıqlarını yaşayan, öyrətdiklərini
isə əməli ilə sübut edən müəllimlərdəndir.
Əli Abbasov əslən Yardımlı
rayonunun Dağüzü kəndindəndir. Halal zəhmətə
söykənən ailə tərbiyəsi, milli-mənəvi dəyərlərə
bağlılıq onun xarakterinin formalaşmasında
mühüm rol oynayıb. Bu dəyərlər onun həyat
yolunun mənəvi bünövrəsini təşkil edib. Məhz
bu bağlılıq onu Vətən çağıranda tərəddüdsüz
ön cəbhəyə aparıb. O, İkinci Qarabağ
müharibəsinə könüllü olaraq qatılan zabitlərdəndir.
44 gün davam edən Vətən müharibəsində
baş leytenant Əli Abbasov ağır və şərəfli
döyüş yollarından keçib. Füzuli, Cəbrayıl
və Qubadlı rayonlarının kəndlərinin
işğaldan azad olunması uğrunda aparılan
döyüşlərdə fəal iştirak edib. Bu
döyüş yolunun ən çətin və yaddaqalan məqamlarından
biri 5 noyabr 2020-ci il tarixində Daşaltı uğrunda gedən
döyüşlər olub. Həmin gün Əli Abbasov top mərmisinin
partlaması nəticəsində kəllə-beyin travması
almasına baxmayaraq, təxliyədən imtina edib və
döyüşü tərk etməyərək xidmətini
davam etdirib. Bu, zabit andına və döyüş
yoldaşlarına sədaqətin nadir nümunələrindəndir.
Azərbaycanın qürur yeri, tariximizin və mədəniyyətimizin
simvolu olan Şuşa şəhərinin azadlığı
uğrunda gedən döyüşlərdə isə əsl
Azərbaycan zabitinə xas mərdlik və iradə
nümayiş etdirib. O döyüşlər təkcə
silahların deyil, ruhların və iradələrin
toqquşması idi və Əli Abbasov həmin sınaqdan
üzüağ çıxanlardandır.
Göstərdiyi xidmətlər dövlət tərəfindən
də yüksək qiymətləndirilib. Əli Abbasov
"Füzulinin azad olunmasına görə",
"Qubadlının azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə", III dərəcəli
"Xidmətdə fərqlənməyə görə" və
"Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunub. Bu təltiflər onun döyüş yolunun, vətənə
sədaqətinin rəsmi təsdiqidir.
Müharibə bitdi, amma onun xatirələri
bitmədi. Əli Abbasov yaşadıqlarını,
gördüklərini, itirdiyi döyüş
yoldaşlarının əziz xatirəsini yaşatmaq
üçün qələmə sarıldı. Nəticədə
"Mən orda idim" adlı kitab ərsəyə gəldi.
Bu kitab sadəcə xatirələr toplusu deyil, səngərdən
gələn səs, barıt qoxulu günlər, şəhidlərin
susmayan harayıdır. Müəllif müharibəni bəzəmədən,
olduğu kimi oxucuya təqdim edir.
Əli Abbasovun həyat yolu bir həqiqəti
bir daha təsdiqləyir: Vətənə xidmət təkcə
döyüş meydanında olmur. Bu xidmət sinif
otağında, kitab səhifələrində, gənc nəslin
yaddaşında da davam edir. O, bu gün şagirdlərinə
yalnız ədəbiyyatı deyil, Vətəni sevməyi, dəyər
bilməyi, mübariz olmağı öyrədir.
Belə insanlar cəmiyyətin dayağıdır.
Onlar tarix yazmır, tarixi yaşayırlar.
Əli Abbasov kimi müəllim-döyüşçülər
olduqca bu xalqın gələcəyinə inam daha da möhkəmlənir.
Samir Əsədli
Olaylar.-
2025.- 19-25 dekabr, ¹44.- S.21.