Təhsil və din:
məktəblərdə
dini biliyin tədrisi
lazımdırmı?
Din insanın
daxili dünyasını,
həyat tərzini və əxlaqi prinsiplərini müəyyən
edən, min illərlə formalaşmış
mənəvi dəyərlər
sistemidir, Tarix boyu dinlər cəmiyyətlərin formalaşmasında,
etik normaların yaranmasında, insan davranışlarının tənzimlənməsində
mühüm rol oynayıb. Din insanın əxlaqını
və davranışını
istiqamətləndirir, onun
dürüst, mərhəmətli
və ədalətli olmasına təkan verir. Təhsil isə cəmiyyətin gələcəyini formalaşdıran
əsas institutlardan biridir. Düşünürəm
ki, təhsil insanın bilik, bacarıq və düşüncə imkanlarını
artıran, onun dünyanı anlama qabiliyyətini inkişaf etdirən sistemdir. Məktəb biliklərinin
ötürüldüyü yer deyil, eyni
zamanda, şəxsiyyətin
formalaşdığı, dəyərlərin
aşılandığı məkandır.
Məncə, təhsil
və din arasında bir-birini tamamlayan təbii bir əlaqə var, biri insanın
ağlını, digəri
isə ruhunu zənginləşdirir.
Son günlər
ictimai müzakirələrə
səbəb olan mövzulardan biri də məktəblərdə
dini biliklərlə bağlı dərslərin
keçiriləcəyi xəbərləridir.
Sosial şəbəkələrdə,
mediada və ictimai müstəvidə bu mövzu müxtəlif
rakurslardan şərh
olunur, fərqli mövqelər səsləndirilir.
Bəziləri bunu cəmiyyət üçün
zəruri addım kimi dəyərləndirir,
digərləri isə
dünyəvilik prinsipinə
zidd ola biləcəyindən ehtiyatlanır.
Əslində isə müzakirənin mahiyyəti
"din tədris edilsinmi" sualından daha çox, "din necə, hansı çərçivədə
və hansı məqsədlə təqdim
olunmalıdır?" məsələsi
ətrafında cəmlənməlidir.
Bu gün gənclərin böyük
bir hissəsi dini məlumatları sosial şəbəkələrdən,
təsdiqlənməmiş mənbələrdən, bəzən
isə radikal çağırışlarla yüklü
platformalardan əldə
edir. Belə bir mühitdə məktəbin tamamilə kənarda qalması maarifçilik boşluğu
yaradır. Rəsmi qurumların da vurğuladığı kimi,
bu sahədə məktəblərin və
təhsil sisteminin imkanlarından daha səmərəli istifadə
olunmalıdır. Burada
söhbət konkret bir dinin təbliğindən
və ya şəriət qaydalarının
öyrədilməsindən getmir. Söhbət dini düşüncə mədəniyyətinin, tolerantlığın,
müxtəlif inanclara
hörmətin, dinin tarixi və mədəni rolunun izah edilməsindən gedir.
Müzakirələrin fonunda əsas sual budur: dini
biliklər məktəbdə
necə və hansı çərçivədə
tədris olunmalıdır?
Dünyəvi təhsil
sistemində dini-mənəvi
dəyərlərin hansı
çərçivədə tədrisi daha məqsədəuyğundur? Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Olaylar.az-a açıqlama
verib:
"Ümumiyyətlə orta ümumi təhsil məktəblərində
dini biliklər deyəndə, təkcə
dini biliklərin tədrisi doğru olmaz. Çünki biz dünyəvi dövlətik və dünyəvi dövlətdə
din dövlətdən
ayrıdır. Amma dini biliklər deyəndə, məsələn,
"İnsan və cəmiyyət" kimi fənlərin tərkibində
müəyyən dini-əxlaqi,
xarakter formalaşdıran,
insanın dünyagörüşünü
inkişaf etdirən dinin bəzi qayda-qanunları ilə bağlı mövzuların
salınması mümkündür.
Lakin təkcə dini mövzuların tədris edilməsi hesab edirəm ki, doğru olmaz. Çünki dünyəvi dövlətlərdə
din dövlətdən
ayrı olduğu üçün orta ümumi təhsil məktəblərində təkcə
dini mövzuların aşılanması, şagirdlərin
dini məzmunda formalaşdırılması düzgün
deyil. Bununla yanaşı, dini mövzularda müəyyən
məlumatların verilməsi,
dinin əxlaqa, təlim-tərbiyəyə xas
olan cəhətlərinin
qeyd olunması şagirdlər üçün
çox faydalı ola bilər. Xüsusilə də İslam dinində, hamımızın bildiyi kimi, tərbiyə yönümlü mövzular
kifayət qədər
genişdir və bu istiqamətdə verilən biliklər şagirdlərin əxlaqi
cəhətdən yetişməsinə,
formalaşmasına öz
töhfəsini verə
bilər. Bu mövzular hesab edirəm ki, ümumi şəkildə
salınarsa, orta ümumi təhsil məktəblərində "İnsan
və cəmiyyət"
fənninin tərkibində
verilsə, daha məqsədəuyğun olar.
Çünki hazırda
da bu istiqamətdə,
tədris planında bu mövzulara yaxın məsələlər
işlənir. Hesab edirəm ki, məcburi və ya könüllü ayrıca fənn formasında deyil, ümumi proqramın tərkib hissəsi kimi salınsa və proqram əsasında tədris olunsa, daha faydalı
olar. Tədris proqramına daxil edilməsi və ümumi olaraq bütün şagirdlərə
tədris formasında
keçirilməsi daha
məqsədəuyğun hesab
oluna bilər.
Üçüncü məsələ dünyəvi
təhsil sistemində
dini-mənəvi dəyərlərin
hansı çərçivədə
tədrisinin daha uyğun olması ilə bağlıdır.
Bizdə hesab edirəm ki, mövzu baxımından xüsusilə tərbiyə
anlayışı, ata-anaya
hörmət, valideyn qarşısında olan öhdəliklər, tərbiyə
xarakterli bəzi məqamlar, məsələn,
ailə ilə rəftar, sinif yoldaşları ilə münasibət, ətraf mühit və cəmiyyətlə davranış,
düzgünlük, doğruluq,
məsuliyyət kimi mövzuların salınması
daha məqsədəuyğundur.
Çünki şagirdlərin
cəmiyyətə daha
faydalı fərdlər
kimi yetişməsi üçün bu istiqamətdə seçilən
mövzular onların formalaşmasında daha böyük rol oynayacaq. Yəni, dini-mənəvi tədris
istiqamətində ən
doğru mövzular məhz bu mövzulardır.
Şagirdin formalaşmasında
bu tərbiyəvi mövzuların istər-istəməz
böyük faydası
var və bu mövzuların tədris planına salınması, hesab edirəm ki, şagirdlərin düzgün
formalaşmasına xidmət
edəcək.
Müəllim hazırlığı və
dərs məzmunu baxımından mövcud olan risklər və üstünlüklərə
gəldikdə isə,
ilk növbədə bu fənni tədris
edəcək müəllimlərin
həmin istiqamətdə
formalaşması vacibdir.
Məsələn, bizdə
İslam Universiteti var və
bu universitetin məzunları mövcuddur.
İslam Universitetinin məzunlarından
müəyyən qədər
bu fənnin tədrisində yararlanmaq olar, onlara bu
istiqamətdə dəstək
verilə bilər. Çünki əgər
biz "İnsan və
cəmiyyət" fənnində
dini-mənəvi, əxlaqi
mövzuların tədrisini
həyata keçiriləcəksə,
təbii ki, bu sahədə bilikli kadrlar lazımdır ki, şagirdləri də düzgün istiqamətdə
formalaşdıra bilsinlər.
Ona görə də düşünürəm ki, bu
məsələ tədris
prosesinə daxil ediləcəksə, mütləq
şəkildə müvafiq
mütəxəssislərin fəaliyyətindən istifadə
olunmalıdır. Mənim
fikrimcə, bu baxımdan İslam Universitetinin
imkanlarından yararlanmaq
olar.
Bunun üstünlükləri və
riskləri nədən
ibarət ola bilər?
Üstünlüklər ondan
ibarətdir ki, şagirdlər
əxlaqi və mənəvi baxımdan daha sağlam şəkildə formalaşacaqlar.
Bu, əsas üstünlüklərdən
biridir. Risklər isə ondan ibarət ola bilər ki, tədris prosesini həyata keçirən müəllimlərin düzgün
seçilməsi xüsusi
əhəmiyyət daşıyır.
Çünki əgər
müəllimlər başqa
əxlaqi baxışların
və ya dini cərəyanların nümayəndələri olarsa,
bu, ciddi risk yarada bilər. Xüsusilə diqqət yetirilməlidir ki, müəllimlər
başqa dini cərəyanlara və ya təriqətlərə
mənsub olmasınlar
ki, uşaqları da həmin
istiqamətdə formalaşdırmasınlar".
Məktəb yaşında uşaqlara
dini biliklərin verilməsi nə dərəcədə vacibdir?dini
biliklərin məktəb
mühitində ötürülməsi
hansı prinsiplərə
əsaslanmalıdır? Bu suallara
dini baxımdan daha geniş cavab tapmaq üçün
ilahiyyatçı-psixoloq Fazil
Əhməd Olaylar.az-a açıqlama
verib: "Dini biliklərin
məktəblərdə necə
və hansı çərçivədə tədris
olunması vacib məsələdir. Dini biliklər
elə şəkildə
proqramlaşdırılmalıdır ki, orada məzhəbçiliyə
yol verilməsin. Burada yalnız ümumi dini biliklərdən söhbət
gedə bilər və əsasən də İslam əxlaqı
mövzuları mütləq
tədris olunmalıdır.
Bu, təkcə bizim kimi müsəlman ölkələrində deyil,
hətta Rusiya kimi xristian ölkələrində
də tətbiq olunur. Yəni artıq bir neçə ildir ki, bu təcrübə mövcuddur. Elə deyil ki, Azərbaycanda bu ilk dəfə gündəmə gəlir
və biz qorxaq ki, bunu tətbiq etməsək, birdən hansısa zərəri olar. Rusiya kimi
xristian ölkəsində,
üstəlik, müxtəlif
dövrlərdə müharibələr
yaşamış bir ölkədə bu tədrisə icazə verilibsə, deməli, bu, cəmiyyət üçün təhlükə
hesab edilmir. Əgər təhlükəli
olsaydı, Rusiya buna icazə verməzdi. Halbuki Rusiyada valideynin istəyi əsasında, rəsmi şəkildə, valideyn razılığı ilə
məktəblərdə ya
İslam əxlaqı və
İslam dini haqqında
biliklər, ya da digər dinlərə aid məlumatlar uşaqlara qrup şəklində tədris olunur. Ona görə də mən bunu təhlükə
kimi görmürəm
və bu mövzuda qorxulu yanaşmanı düzgün
hesab etmirəm. Dünyanın bir çox ölkələrində
məktəblərdə dini
dərslər müəyyən
çərçivələr daxilində tədris olunur. Əsas İslam əqidələri və əsas İslam əxlaqı
elə proqramlaşdırıla
bilər ki, bu, uşaqların hansısa məzhəbə yönəlməsinə
səbəb olmaz. Ümumiyyətlə, proqramlarda
məzhəbçilikdən söhbət belə getməməlidir.
Xüsusilə İslam əqidəsi -Allahın varlığı
və təkliyi, peyğəmbərlik anlayışı,
İslamda peyğəmbərlik,
ölümdən sonrakı
həyatla bağlı
əqidəvi sübutlar
və dəlillər bunlar ümumi əqidələrdir. Bunların
heç bir məzhəblə xüsusi
bağlılığı yoxdur və bütün məzhəblərdə
mövcuddur. Buna görə
də hər hansı ayrı-seçkiliyə
yol açmır. Düşünürəm ki, əsas
diqqət İslam əxlaqına
verilməlidir. Çünki
İslam əxlaqı birbaşa
davranışa yönəlir. Dini biliklərin
verilməsinin nə dərəcədə vacib
olduğuna gəldikdə
isə, bu gün narkomaniyanın inkişaf etdiyi bir dövrdə, müxtəlif siyasi, dini, radikal meyillərin
yarandığı dövrdə yeganə çıxış yolu uşaqların düzgün
dini biliklərə
malik olmasıdır. Əgər
proqram düzgün hazırlanarsa və tədris düzgün aparılarsa, uşaqlar artıq erkən yaşlardan həmin radikal cərəyanlar haqqında məlumatlı
olar və onların təhlükəsini
anlayar. Bu da həmin meyillərə yönəlməmələrinə
səbəb olar. Bu, bütün sahələrdə
belədir. Məsələn,
xəstəlik praktikasında
da uşaqlar xəstələnməsin
deyə xəstəliyin
özü öyrədilmir,
əksinə, peyvənd
vurulur ki, xəstəlik
yaxın durmasın.
Dini biliklər də bu baxımdan bir növ qoruyucu
rol oynayır. Uşaqda dini biliklər olmalıdır
ki, din barədə anormal və
radikal düşüncələrlə
qarşılaşanda artıq
məlumatlı olsun və özü onlardan uzaq dursun.
Yoxsa bu düşüncələr onun
üçün yeni və
maraqlı olar, fərqli təsir bağışlayar və
təhlükəli meyillərə
qoşulmasına səbəb
ola bilər.
Unutmamalıyıq ki, uşaq təkcə
məktəbdə olmur-
məhəllədə, müxtəlif
mühitlərdə olur
və xüsusən
internet dövründə çoxsaylı
mənbələrdən məlumat
alır. Ona görə
də bu məsələni çox
vacib və mühüm hesab edirəm. Sağlam dini düşüncənin
formalaşması üçün
ailə, məktəb
və müvafiq qurumlar arasında düzgün əməkdaşlıq
modeli qurulmalıdır.
Bunun üçün sağlam
düşüncəli müəllimlər
və sağlam proqramlar olmalıdır. Müəllimlərin hazırlanmasına
xüsusi diqqət yetirilməlidir. Eyni zamanda valideynlərlə də xüsusi görüşlər keçirilə
bilər. Bu görüşlər
Dini Komitənin və
sağlam düşüncəli
müəllimlərin iştirakı
ilə təşkil oluna bilər. Çünki valideynlər
arasında da dini mövzularla bağlı çoxlu suallar və çaşqınlıqlar
mövcuddur. Valideynlərin
özləri də bəzən manipulyasiyaya açıq olurlar. Ona görə də seminarlar, konfranslar və maarifləndirici görüşlər valideynlərin
də bu sahədə məlumatlanmasına
kömək edər.
Bu dərslər cəmiyyətdə
tolerantlıq və dözümlülük anlayışının
formalaşmasına da töhfə
verə bilər. Amma bu, yalnız o halda mümkündür
ki, seçilən müəllimlər
tolerant düşüncəli olsun və proqramlar
sırf ümumi dini biliklərə əsaslansın, məzhəbçilikdən
uzaq olsun və İslam əxlaqına
dair əsas təlimləri çatdırsın.
Bu zaman uşaq artıq
kiçik yaşlarından
anlayacaq ki, biz bütün
dinlərə və məzhəblərə qarşı
dözümlü olmalıyıq,
dini fərqliliklərə
və müzakirələrə
tolerant yanaşmalıyıq. Bu isə birbaşa keçilən proqramdan asılıdır. Əgər
proqramda tolerantlıq anlayışına yer verilərsə və bu anlayış düzgün izah olunarsa, gələcək üçün hazır,
sağlam düşüncəli
bir gənc formalaşar. Harada təhsil
almasından asılı
olmayaraq, dini mövzularda tolerant mövqe
sərgiləyər. Yəni
uşaqların tolerant böyüməsi
birbaşa tədris olunan proqramlardan və dərslərin məzmunundan asılıdır".
Məktəblərdə dini biliklərin tədrisi yalnız bilik ötürmək deyil, gənclərin əxlaqi və mənəvi inkişafına xidmət edən bir vasitədir.
Düzgün proqramlaşdırılmış
və peşəkar müəllimlərin rəhbərliyi
ilə həyata keçirildikdə, bu dərslər uşaqları
radikal təsirlərdən
qoruyur, tolerantlığı
artırır və cəmiyyətə faydalı
fərdlər kimi formalaşdırır. Məqsəd
sadəcə dini öyrətmək deyil, həm də gələcək nəsli
etik, mədəni və tolerant düşüncəli
yetişdirməkdir.
Zeynəb Mustafazadə
Olaylar.-
2025.- 19-25 dekabr, ¹44.- S.17.
.