Kimdən yazım?
Felyeton
İl başa çatdığından kimdənsə
yazıb qan qaraltmaq istəmirəm. Onsuz da bəzi vəzifədə
olanların qanı it qanından qaradır. Vəzifədə
olmayanlar isə əllərini göyə qaldırıb dua
edirlər ki, Allah, bu Tarif
Şurasına bir az insaf ver qiymətlər qalxmasın.
Heç olmazsa bayram günlərində.
İndi mən durum yanan ocağın üstünə nöyüt töküm fış eləsin, olmaz belə, olmaz. Dinclik istəyirsənsə, odun üstünə su tök ki, qışın bu günündə soyuq ürəyinə sərinlik gəlsin. O gün mətbuatda oxuyuram ki, biri icra başçısına qarğış etdiyi üçün məhkəmə onu yüz manat cərimə edib, yaxşı eləyib. Ə, sən kimsən ki, qarğış dualarını yığmısan sinədaşına, gələnə də, gedənə də qarğış daşı atırsan? Arada bir alqış duası da atsan, dilin quruyacaq? Hər yeri qara daş kimi görürsən. Tanrı bir qara daş yaradıb, o da Kəbədədir.
Bir gün bir kişi avtobusa minir. Mənzil başına çatanda yol pulunu verməyib maşından düşür.
Sürücü bunun dalınca qışqırır:
-Ay kişi, hara gedirsən, yol pulunu verməmisən.
-Borcum nə qədərdi?
-Otuz qəpik.
Bu
çıxardıb bir manat verib deyir:
-Qalığı
lazım deyil.
-Niyə,
dəli olmusan?
Kişi
cavab verir:
-Yox, dəli
olmamışam. Sadəcə olaraq, bu kənddə indiyə qədər
mənə kişi deyən olmamışdı.
İndi
durub sən də qarğış edirsən.
Qara
daş dedim yadıma bir əhvalat düşdü.
Molla
namazdan sonra məsciddə üzünü camaata tutub deyir:
-Ey
cümlə, aramızda bir nəfər var, vaxtilə oğru,
qumarbaz, içki içən, türmədə yatanın
biri olub və nəhayət tövbə edib, dinə-imana gəlib.
İndi qoy gəlib özü danışsın. Həmin adam
başını qaldırmadan qabağa çıxır.
-Bəli,
mömin qardaşlarım, molla düz deyir. Tövbə
etmişəm, amma etdiyim əməllərə görə
Allah məni bir dəfə də utandırmayıb. Ancaq, mən
tövbə etdikdən sonra bu şərəfsiz məni hər
dəfə bura -camaatın qarşısına
çıxarıb biabır edir.
Molla
baxır ki, bu kişi ona şərəfsiz dedi, atmaca atır:
-Allah elə
səni mənim dilimlə utandırır də.
Bu
kişi qanıqara durub gəlir evinə. Baxır ki, külfət
"Möhtəşəm yüz il"ə baxır. Serialdan
sonra uşaq anasına deyir:
-Ana, mən
də padişah olmaq istəyirəm, həm də yeddi cariyəm
olsun. Biri məni geyindirsin, biri çimizdirsin, biri yedizdirsin,
biri nağıl danışsın...
Anası
soruşur:
-Bəs
kiminlə yatacaqsan?
Uşaq
cavab verir:
-Ana, səni
çox istəyirəm, ancaq səninlə yatacam.
-Bəs
cariyələr harda yatacaq?
-Qoy onlar
atamla yatsınlar.
Məsciddən
qanıqara qayıdan atanın gözləri
yaşarmış halda deyir:
-Padişahım,
çox yaşa.
Deyirəm
qəribə millətik. Bizimkilər heç nədən hər
şey düzəldirlər.
Avropada
salat düzəltdilər adını "Sezar", bizimkilər
"Çoban" qoydular.
Soruşuram
ki, niyə məhz "Çoban salatı"? Axı
çoban çölün düzündə pomidor, xiyar,
soğan əkməyib. Bəs niyə belə?
Müdrik
görkəm alıb cavab verir:
-Çünki,
peyğəmbərlərin əksəriyyəti çoban
olub.
Belə
çıxır ki, xalq qoyun olub. Yox, əstəfurullah belə
deyil. Bizdə xüsusi, heç bir xalqda olmayan özünəməxsusluq
var, hətta danışığımızda da.
Məsələn:
Xaricdə:
-Həyatım,
zəhmət olmazsa televizorun səsini bir az al, mənə
işləməyə mane olur...
Bizdə:
-Azz,
söndür bu televizoru! Baş-beynim getdi, xarabada işləmək
olmur e...
Xaricdə:
-Canım,
sən mənə üzüntülü görünürsən.
Bizdə:
-Nədi
az...z...z, yenə sir-sifətindən zəhrimar yağır.
Xaricdə:
-Salam
dostum, işlər necə gedir?
Bizdə:
-Salam, alə
yetim, nə var, nə yox?
Xaricdə:
-Dostum, məncə
bu köynək sənə yaraşmır.
Bizdə:
-Nə
gündəsən e...e...e, get dəyiş bu köynəyi,
lap bambılıya oxşayırsan.
Xarisdə:
-Oğlum,
heç nə olmaz, olan işdir. Kişi döyər də,
döyülər də. İdmanla çox məşğul
ol.
Bizdə:
-Kül sənin
başıva, köpək oğlu. Daşı
götürüb nallaya bilmirdin alnının ortasından?
Mən də
deyirəm lay divarım var.
İndi
bildiniz onlarda salata niyə "Sezar", bizdə niyə
çoban salatı deyirlər?
Qocalarımız
da az aşın duzu deyillər, az aşın da duzu olmaq istəmirlər.
Qulaqları
zəif eşidən səksən yaşlı bir kişi həkimə
gəlir. Ona ən yaxşı eşitmə aparatı verirlər.
O əvvəlki tək yaxşı eşitməyə
başlayır. Bir necə müddətdən sonra qoca
müayinəyə gəlir. Həkim soruşur:
-Yəqin
eşidə bildiyiniz üçün evdə hamı sevinir.
Qoca:
-Yox,
yaxşı eşitdiyimi hələ evdəkilərə deməmişəm,
oturub qulaq asıram. Artıq vəsiyyətnaməmdə
üç dəfə dəyişiklik etmişəm.
Adama deyərlər,
hec sənə yaraşır?
Bir ayağın burdadır, bir ayağın gorda. Ölməmiş
gorunu niyə söydürürsən?
Bu həkimlər
də yamandırlar, ha... Sənə lazım idi?
Görünür həkimlər bəstələdiyi
mahnıları yaxşı eşitmək üçün belə
edirlər.
Mənə
elə gəlir ki, bəzi mahnıların ərsəyə gəlməsində
ayrı-ayrı ixtisas həkimlərinin rolu vardır. Başqa cürə
də ola bilməz!
Baxın:
Kardioloq:
-Ömür
deyir qocalmışam, ürək deyir yaşa hələ.
-Can həkimi,
terapevt:
-Belin
ağrıyır? Belinə qurban.
Göz həkimi,
oftalmoloq:
Elə
baxma gözlərinə göz dəyər.
Sanitar həkimi:
Küçələrə
su səpmişəm
Yar gələndə
toz olmasın.
Stomatoloq:
Dişlərin
incidəndir
Dürdəndir,
incidəndir.
Həkim kosmetoloq:
Saçın
ucun hörməzlər.
Həkim
dietoloq:
Meyvələrdən
üç meyvə var
Üçü
də balam yeməli.
Növbətçi
həkim:
Gəlmişəm
otağına
Oyadım
səni, qaragiləm.
Bütün
bunları acı bağırsaq kimi uzatmaq da olardı. Tənqid
deyil ki, hıqqana-hıqqana yazasan. Tənqid yiyələri iki
hərfin arasında məna axtarırlar ki, görüm burda nə
demək istəyirdi. Tənqid ağır məsələdir,
inciklik, hədə, küsmək, təhdid və sairə,
sairə.
Sən də
gedib kiməsə qarğış edirsən, alqış et,
savabını qazan.
Ən önəmlisi isə, hansı zibilin içində olmağına baxmayaraq, xoşbəxtsənsə səsini çıxartma. Yoxsa sərçənin gününə düşərsən.
Bayramınız mübarək!
25.12.25
YUNUS OĞUZ
Olaylar.-
2025.- 26 dekabr-8 yanvar, ¹45.- S.13.