Azərbaycan demoqrafik böhran həddində
Doğum
sayı son 50 ilin minimumuna enib
Son illər
Azərbaycanda demoqrafik proseslərə diqqətlə
baxıldıqda, əhali sayında formal artımın davam
etməsinə baxmayaraq, bu artımın sürətinin ciddi
şəkildə zəiflədiyi aydın görünür.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatları
da bunu açıq şəkildə təsdiqləyir. Belə
ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin
sayı cəmi 32 109 nəfər artaraq 0,3 faiz təşkil
edib. Nəticədə, 2025-ci il noyabrın 1-i vəziyyətinə
Azərbaycanın ümumi əhalisi 10 milyon 256 min 998 nəfərə
çatıb.
İlk
baxışdan bu rəqəmlər əhalinin artmaqda
olduğunu göstərsə də, statistik göstəricilərin
illər üzrə müqayisəsi tamamilə fərqli bir mənzərə
ortaya qoyur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali
artımı 37 766 nəfər və ya 0,4 faiz olmuşdu.
2023-cü ildə isə bu göstərici daha yüksək
idi, həmin il əhali 53 625 nəfər artmış,
artım tempi 0,5 faiz təşkil etmişdi. Rəqəmlərin
ardıcıl müqayisəsi onu göstərir ki, Azərbaycan
əhalisi say baxımından artmaqda davam etsə də, bu
artımın illik tempi ildən-ilə azalır və
artıq sabit demoqrafik artımdan yox, zəifləyən
dinamikadan danışmaq zərurəti yaranır. Bu tendensiya təkcə
statistik rəqəmlərin dəyişməsi deyil, daha geniş
sosial-iqtisadi və demoqrafik proseslərin göstəricisidir. Əhali
artım tempinin azalması, bir tərəfdən doğum
göstəricilərinin aşağı düşməsi,
digər tərəfdən isə ailə qurmaq və övlad
sahibi olmaqla bağlı mövcud çətinliklərin
artması ilə əlaqələndirilir. Mütəxəssislər
hesab edirlər ki, bu dinamika uzunmüddətli perspektivdə əmək
bazarına, sosial təminat sisteminə və ümumilikdə
ölkənin iqtisadi inkişaf modelinə birbaşa təsir
göstərə bilər.
Xüsusilə
diqqətçəkən məqam ondan ibarətdir ki, əhali
artımının azalması artıq epizodik hal deyil,
davamlı tendensiyaya çevrilmək üzrədir. İllər
üzrə artım faizlərinin ardıcıl şəkildə
aşağı düşməsi demoqrafik proseslərdə
müəyyən dönüş nöqtəsinin
formalaşdığını göstərir. Bu isə onu deməyə
əsas verir ki, mövcud vəziyyətə yalnız statistik
artım prizmasından yanaşmaq kifayət deyil; əsas məsələ
artımın keyfiyyəti, davamlılığı və gələcək
illərdə necə inkişaf edəcəyidir.
Beləliklə,
rəsmi statistika Azərbaycanın
demoqrafik baxımdan hələ də artan əhali
kateqoriyasında olduğunu göstərsə də, artım
tempinin zəifləməsi ciddi analiz və sistemli yanaşma tələb
edən bir məsələ kimi gündəmə gəlir. Bu
prosesin arxasında dayanan səbəblərin dərindən
araşdırılması və mümkün fəsadların
əvvəlcədən qiymətləndirilməsi artıq zərurətə
çevrilib.
İqtisadçı
Asif İbrahimov Olaylar.az-a bildirib
ki, Azərbaycanda demoqrafik vəziyyət son illərdə
diqqətçəkən və narahatlıq doğuran mərhələyə
daxil olub:
"Doğrudur,
statistik olaraq ümumi əhali artımı hələ də
mövcuddur, lakin bu artımın dinamikası əvvəlki
illərlə müqayisədə xeyli zəifləyib.
Xüsusilə doğulan uşaqların sayı
baxımından vəziyyət daha aydın görünür.
Sosioloqlar bu göstəricini son 50 ilin ən aşağı səviyyəsi
kimi qiymətləndirirlər. Rəsmi statistika da bunu təsdiqləyir:
son illərdə doğum sayı davamlı şəkildə
azalır və minimum həddə enib. Xüsusən 2025-ci il
üzrə açıqlanan rəqəmlər artıq sadəcə
azalma yox, demək olar ki, demoqrafik böhran əlamətləri
kimi xarakterizə olunur.
Bu vəziyyətin
əsas səbəblərindən biri ondan ibarətdir ki,
insanlar ailə qurmağa tələsmir, bəziləri isə
ümumiyyətlə ailə qurmaqdan imtina edir. Digər bir
qisim isə ailə qurmaq istəsə də, mövcud şərtlər
buna imkan vermir. Problemin kökündə, ilk baxışda,
iqtisadi amillər dayanır: işsizlik, qeyri-sabit gəlir, mənzil
problemleri, sosial təminatın zəifliyi. Bu arqumentlərdə
həqiqət payı böyükdür və onları inkar
etmək olmaz. Lakin demoqrafik geriləməni yalnız iqtisadi
faktorlarla izah etmək də tam doğru olmazdı".
İqtisadçı
qeyd edib ki, məsələyə daha geniş baxdıqda
görürük ki, nəsillər arasında davranış
modelləri və həyat prioritetləri ciddi şəkildə
dəyişib:
"Əvvəlki
nəsillər, xüsusilə 19-25 yaş aralığında
ailə qurmağı həyatın təbii və
qaçılmaz mərhələsi kimi qəbul edirdilər. Həmin
dövrdə valideynlərin ailə daxilində dominant
mövqeyi vardı və onlar övladlarını erkən
evliliyə istiqamətləndirə bilirdilər. Sosial
mühit də bunu təşviq edirdi: ailə qurmaq sosial norma
idi, gecikmək isə istisna sayılırdı. Müasir
dövrdə isə həyatın sürətlənməsi, fərdi
azadlıqların artması, təhsil və karyeraya verilən
önəmin yüksəlməsi bu ənənəvi modeli zəiflədib.
Gənclər daha çox özünüreallaşma, şəxsi
inkişaf və müstəqillik üzərində
fokuslanır. Bu, bir tərəfdən müasir cəmiyyət
üçün normal tendensiyadır, digər tərəfdən
isə ailə institutunun zəifləməsinə gətirib
çıxarır. Təbii ki, iqtisadi qeyri-müəyyənlik
bu prosesi daha da sürətləndirir.
Mənzil
məsələsi bu kontekstdə xüsusi yer tutur. Dövlət
tərəfindən mənzil şəraitinin
yaxşılaşdırılması üçün müxtəlif
güzəşt və mexanizmlər təqdim edilsə də,
onların praktikada effektivliyi ciddi suallar doğurur. İpoteka və
Kreditlərə Zəmanət Fondunun məlumatlarına nəzər
saldıqda görürük ki, son 15 il ərzində dövlət
ipotekasından cəmi 51-52 min nəfər faydalana bilib. Kirayə
mənzil mexanizmi ilə təmin olunanların sayı isə təxminən
3-4 min nəfər civarındadır. Bu rəqəmlər onu
göstərir ki, ölkə əhalisinin çox
böyük hissəsi üçün bu mexanizmlər əlçatan
deyil. Faktiki olaraq, bu sistem geniş kütlənin
ehtiyaclarını qarşılamır və ailə qurmaq istəyən
gənclər üçün real çıxış yolu təqdim
etmir.
"İqtisadi
vəziyyətin qiymətləndirilməsində mühüm
indikatorlardan biri də Engel qanunudur. Bu qanuna əsasən, əhalinin
sosial rifah səviyyəsi onun gəlirinin nə qədər
hissəsini ərzağa xərcləməsi ilə
ölçülür. Əgər ailə gəlirinin 15-20
faizi ərzağa gedirsə, bu optimal göstərici hesab
olunur. 20-30 faiz aralığı orta səviyyə
sayılır və iqtisadiyyatın müəyyən həssaslıq
mərhələsində olduğunu göstərir. Bu mərhələdə
struktur islahatlarına ehtiyac yaranır. 30-40 faiz isə
artıq risk zonasına daxil olur və sosial rifahda ciddi problemlərin
mövcudluğuna işarə edir. Gəlirin 40 faizdən
çoxunun ərzağa xərclənməsi isə vəziyyətin
kritik olduğunu göstərir.
Əhalinin
sayının azalması problemi isə təkcə
bugünkü sosial vəziyyətlə məhdudlaşmır,
daha dərin və uzunmüddətli fəsadlara yol
açır. Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Anar Əliyevin də qeyd
etdiyi kimi, Azərbaycanda pensiya sistemi sosial dayanışma
prinsipi üzərində qurulub. Yəni bu gün
çalışan və əmək qabiliyyətli əhali əvvəlki
nəsillərin pensiya təminatını maliyyələşdirir.
Demoqrafik azalma davam edərsə, bu balans pozulacaq. Nəticədə
15-20 il sonra əmək qabiliyyətli əhalinin üzərinə
düşən yük kəskin şəkildə artacaq və
pensiya sisteminin dayanıqlığı sual altına
düşəcək. Bu problemi kompensasiya etmək
üçün bir sıra Avropa ölkələri
miqrantların cəlb olunması yolunu seçiblər. Ucuz
işçi qüvvəsinin idxalı qısa müddətdə
müəyyən boşluqları doldursa da, uzunmüddətli
perspektivdə ciddi sosial və iqtisadi problemlər yaradır.
Bu, yerli əmək bazarına təzyiq göstərir, sosial gərginliyi
artırır və bəzən mədəni inteqrasiya problemlərinə
səbəb olur. Nəticədə miqrasiya demoqrafik problemin
müvəqqəti həlli olsa da, davamlı və sağlam
çıxış yolu kimi qəbul edilmir.
40 faizdən
yuxarı ərzaq xərcləri artıq sosial rifah sahəsində
ciddi problemlərin göstəricisidir. Azərbaycanda rəsmi
statistikaya görə bu göstərici 42-45 faiz
civarındadır. Aşağı gəlirli ailələrdə
və regionlarda yaşayan əhali arasında isə bu rəqəm
50-60 faizə qədər yüksəlir," - deyə A.
İbrahimov vurğulayıb.
Ekspertin
fikrincə, belə bir mühitdə insanların ailə
qurmaqdan çəkinməsi təbii və məntiqi
haldır. Nəticədə demoqrafik problemlər
qaçılmaz şəkildə üzə
çıxır. Bu məsələ artıq sadəcə
statistik problem deyil, ciddi həyəcan siqnalıdır. Əgər
indidən kompleks və uzunmüddətli yanaşma ortaya qoyulmasa,
15-20 il sonra bu proseslərin fəsadları daha aydın və
daha ağrılı şəkildə özünü
göstərəcək. Xüsusilə əmək qabiliyyətli
əhalinin sayının azalması bir çox sahələrdə:
iqtisadiyyat, sosial təminat, əmək bazarı və dövlət
büdcəsi baxımından ciddi çətinliklər
yaradacaq.
Lamiyə
Cəbrayılova
Olaylar.-
2025.- 26 dekabr-8 yanvar, ¹45.- S.20.