Məni o yerlərə
qaytar, ay Allah!
QƏRBİ AZƏRBAYCANDAN OLAN DİDƏRGİNLƏRİN
ƏDƏBİ DUALARI
II YAZI
Qərbi Azərbaycandan zülmlə
köçürülüb, didərgin salınan əhalimizin
bir qismi Naxçıvan Muxtar Respublikası ərazisində məskunlaşıb.
Deyirlər, dərdli adam sözlə yanar. Qərbi Azərbaycan
camaatının dərdi ağrılı bir ədəbiyyat
yaratdı. Ortaya çıxan şeirlər onların
dualarına döndü, arzularına, niyyətlərinə
çevrildi. Naxçıvan ədəbi
mühitində tanınıb-seçilən şair Ramiz
Babayev də Şıxmahmud qəsəbəsində məskunlaşan
Dərələyəzli el ziyalılarından biridir.
Torpağa bağlılıq, yurd məhəbbəti onun əsərlərinin
əsas qayəsini, başlıca xüsusiyyətlərini kəsb
edir. "Nənəmə bir ovuc torpaq borcluyam", "Məni
o yerlərə qaytar, ay Allah", "Dağlar", "Qədrini
bilsən", "Öldürəcək məni" kimi
şeirlərində məhz bu motivlər ön planda
dayanır. Ramiz Babayevin şeirləri içərisində məzmununda
yurd həsrəti, el-oba məhəbbəti olan əsərlər
də az deyil. Torpağa bağlılıq, yurd məhəbbəti
onun əsərlərinin əsas qayəsini, başlıca
xüsusiyyətlərini kəsb edir. "Nənəmə bir
ovuc torpaq borcluyam", "Məni o yerlərə qaytar, ay
Allah", "Dağlar", "Qədrini bilsən",
"Öldürəcək məni" kimi şeirlərində
məhz bu motivlər ön planda dayanıb. "Nənəmə
bir ovuc torpaq borcluyam" şeirində yurd həsrəti və
od-ocaq bağlılığı özünü daha poetik
sanballa göstərir:
Nənəmə bir ovuc torpaq borcluyam,
Tez-tez yuxularda istəyir onu.
Öləndə gözləri üzümdə
qaldı,
Nakam arzusunun yetişdi sonu.
...Nənəmə bir ovuc torpaq borcluyam,
Bulaqlar kəndindən gətirəm gərək.
Babamın qəbrindən, ayaq tərəfdən,
Nənəm deyən yerdən gətirəm gərək.
...Nənəmə bir ovuc torpaq borcluyam,
İllər illər üstə qalanıb gedir.
Nənəmə bir ovuc torpaq borcluyam,
Dözüb gözləməkdən əyilib qəbir.
"Məni o yerlərə qaytar, ay Allah"
şeirində doğma yerlərə həsrət
özünün ən mükəmməl poetik ümumiləşməsini
tapıb:
Çuxur, bağ yolunda itib izlərim,
Dik daşın üstündə qalıb gözlərim.
Talanıb, dağılıb kəndim, şəhərim,
Məni o yerlərə qaytar, ay Allah.
Ağdaban, Bazarçay yaylağım hanı?
Ver mənə Damcını, o Əhlimanı.
Neynirəm onlarsız mən bu dünyanı?
Məni o yerlərə qaytar, ay Allah.
Elə "Dağlar" adlı şeirdə də
bu həsrət və nigaranlığı duymaq, yaşamaq
mümkündür:
İgidin atı yüyənsiz,
Dağların dumansız, çənsiz.
Necə yaşayırsan mənsiz?
Sən, ay dağlar, sən, ay dağlar.
...Zirvələrin zirvəsi qar,
Tənha qalıb, itib yollar.
Məni keçmişimə qaytar,
Sən, ay dağlar, sən, ay dağlar.
Şair Zaur Vedilinin "O yallar", "Bizim
dağlara", "Sədərəkdən Vedi qoxusu gəlir",
"Kaş qayıda Xalisalı günlərim",
"Vedisiz göynəyir Zaur Vedili", "Xalisa həsrəti,
Vedi həsrəti", "Məktub yazmaq istəyirəm
Vedimə", "Həsrətəm mən qucağına kəndimin",
"Vətən dərdi, torpaq dərdi, el dərdi" kimi
lirik şeirlərində, "Vüqarlı Azərbaycan"
lirik poemasında Vətənin çalın-çarpaz dərdləri,
həsrət və kədər notları, faciəli taleləri
və qayıdış ümidləri poetik şəkildə
əks olunmuşdur. "Vedisiz göynəyir Zaur Vedili"
şeirində şair didərgin salındığı
Vedinin - Qərbi Azərbaycan həsrətinin dərin kədərini
dilə gətirmiş, bitməyən ağrı və dərdini
qələmə almışdır:
Yoxdur nə gündüzüm, nə də ki gecəm,
Hicran dünyasında elə bil heçəm.
Kaş Həcər bulağın gözündən
içəm,
Ola dərdlərimə məlhəm mərd əli,
Vedisiz göynəyir Zaur Vedili!
Xalisa nisgili qəddimi əydi,
Sanki ürəyimə bir güllə dəydi.
Bütün el mən geyən libası geydi,
Tanrım, bu bəladan sən qurtar eli,
Vedisiz göynəyir Zaur Vedili!
Zaur Vedili "O yollar" şeirində onu
uşaqlığının şirin çağlarını
qayğısız-qayğısız ata-analı, doğma
el-obalı keçirdiyi zamanda didərgin salan mənfur,
qansız düşmən fitnəsini lənətləyərək
ayrılıq və köçkünlük dərdini sətirlərə
çevirmişdir:
Məni doğma el-obamdan ayırıb,
Uşaq vaxtı qərib etdi o yollar.
Yol abadlıq. Yol xoşbəxtlik olsa da,
Ürəyimdə dərdtək bitdi o yollar.
Qoca, cavan yandı əcəl oduna,
Həsrət qaldıq Vedibasar yoluna.
And olsun o Vətənimin adına,
Məni yağtək tam əritdi o yollar.
Şair həm də inanır və tam əminliklə
ümid bəsləyirdi ki, o doğma ellərə mütləq
qayıdacaqlar. Çünki haqq nazilər, üzülməz
deyiblər. Ona görə də şeirinin son bəndini
qayıdış ümidi və inamı ilə
tamamlamışdır:
Tanrım, eşit, hər duamı, sözümü.
Bir də görüm Xalisada özümü.
Gün olsun ki, mənim ağlar gözümü
Zaur, görək tam kiritdi o yollar.
Şairin aşıq şeiri tərzində gəraylı
formasında yazdığı "Bizim dağlara"
şeirində də vətən, el-ob həsrəti dağların obrazında ümumiləşdirilmişdir.
Məlumdur ki, ədəbiyyatımızda dağ obrazı bir
çox məna-məzmun xüsusiyyəti qazanaraq işlənmişdir.
Dərdin ağır obrazı kimi də xüsusi yer
almış, kədər, dərd, həsrət, nisgil kimi
poetik çalarlar ifadə etmişdir. Bu baxımdan "Bizim
dağlara" şeirində gəraylı şeir şəklinin
səkkiz hecalı deyim ritminin 4/4 melodik biçimindəki təqtilərini
məhz kədər və həsrət duyğularının
ifadəsi baxımından istifadə etmişdir:
Yolum düşə, kaş ki gedəm.
Bizim dağlara, dağlara.
Neçə ildir mən həsrətəm
Bizim dağlara, dağlara.
Hicran qəlbi elə sıxır,
Alovunda külüm çıxır.
Ay taleyim, məni çağır
Bizim dağlara, dağlara.
Qərib şair (əlbəttə, elin o başı,
bu başı olmaz, olmadığı kimi də, Vətən
oğlu üçün vətənin hər yeri doğma və
əzizdir. Lakin öz elindən didərginlik yaşamasına
işarə olaraq şairə "qərib" həsrət
epitetini işlətmişik - R.Q.) öz poeziyasında
çox tez-tez Vedi, Vedibasar və Xalisa yer-yurd adlarından istifadə
etmişdir. Məlum olduğu kimi, Vedi-Vedibasar Qərbi Azərbaycanda
bir mahal olmuşdur ki, azərbaycanlıların ən qədim
dövrlərdən kompakt məskunlaşaraq
yaşadıqları vətən torpağının bir hissəsidir.
Xalisa da bu mahalda, Vedi rayonunda bir kənd adıdır, şair
Zaur Vedili də məhz bu kənddən didərgin salınan dərdli,
dərdindən ürəyi sazlı-sözlü el şairlərindən
biridir. Bunu da qeyd edək ki, erməni zalımlarının
xalqımza qan uddurduğu, qan çanağına, faciə məkanına
çevirdikləri, soyqırımı aktı törətdikləri
yerlərdən biri də Xalisa olmuşdur ki, şair Zaur Vedili
də bu faciənin qurbanlarından, o zülmün didərgin
saldığı vətən övladlarından biridir.
Qərbi Azərbaycanın Dərələyəz
mahalından, Gomur kəndindən didərgin düşüb
Naxçıvanın Çalxanqala kəndində məskunlaşan
gözəl el sənətkarı Aşıq Kamil öz
yaradıcılığında elin, obanın dərdini
bütün həssaslığı ilə əks
etdirmişdir. Barlı-bəhərli Dərələyəz
elindən didərgin salınan bu insanların hal-əhvalları
onun da şeirlərində həsrəti, nisgili, ümid və
inam parıltıları ilə birgə təqdim edilib. El
şairinin "Dərələyəzdə",
"Gomurum", "Vətən torpağının
daşı gözəldir", "Bizim yerlərin",
"Ağlasın", "Ağlayır", "Vətəndə",
"Düşmüşəm", "Ağlaram" kimi
şeirlərdə el şairi elinin, obasının həm dərdini,
həm ümidlərini ifadə etmişdir. Aşıq Kamilin
də şeirlərində dağlara müraciətlə
yazılan çoxluq təşkil edir. Çünki Dağ
Ulu Atadır, mərdlik və cəsarət
ünvanıdır, əbədidir, heç zaman əyilməyən,
həmişə susqun və etibarlı dərd və kədər
ortağıdır. "Hanı Pənah xan, ay dağlar",
"Kim gəlibdir təzə, dağlar", "Az
qalırdı yaza, dağlar", "Bağlayıblar yolu,
dağlar", "Dağlar", "Mənimlə qan
ağlar sazım dağlara" və bu kimi nümunələrində
məhz dağlara deyilən ağır bir elin dərd və kədər
yanğısı var. Şair "Yoxdurlar adların siləndən
bəri" şeirində erməni faşizminin zülm və
işğalına üsyan qaldırır, dünyadan ədalət
tələb edir, elinin dərdini dilə gətirir. Şair ermənilərin
saxtakarlığını da bu şeirdə birbəbir
göstərərək quzu donuna girib necə vəhşi bir
xislətə malik olduqlarını ortaya qoymuş, Azərbaycan
yer adlarını saxtalaşdıraraq necə erməniləşdirməyə
çalışdıqlarını poetik şəkildə
ifadə edilmiş faktlarla əks etdirmişdir:
Qəmərli Artaşan oldu, soldu,
Dəvəlisə Ararat erməni doldu.Azəri elinə
xəyanət oldu
Xankəndi Stepanakert olandan bəri.
Xnzorut qoyuldu Almalı adı,
Bazarkeçər vardı, Vardenis nədir?
Paşalı kəndinin qopdu fəryadı
Zaritap adını alandan bəri.
Cul adı silindi, Artavan oldu,
Terpin də ləqəbi Saravan qaldı.
Barciruna döndü Sultanbəy kəndi
Dığa Karen katib gələndən bəri.
Buna görə tədqiqatçı
A.Bağırlı da ümumiləşdirərək göstərirdi
ki, "Kamil müəllimin şeirlərində Dərələyəz,
Zəngəzur, Göyçə, Vedi, Gomur, Axta, Gabut, Cul, Zeytə,
Daylaqlı, Daşaltı, Kotanlı, Əmağu, Qovuşuq,
Qabaxlı, Gülüdüzü, ələyəz, Gədikvəng,
Xatun yaylağı, Qələndər çalası, Noyu
dağı, Şahmirzə dağı, Göyçə
gölü, İstisu, Meşə bulağı, Soyuq bulaq,
Pünhan bulağı, Arpa çayı və s. adı
keçən mahal, kənd, dağ, oba, göl, çay, bulaq
adlarıdır". Bu cəhətdən Aşıq Kamilin
yer-yurd adları ilə zəngin olan
yaradıcılığı bir tərəfdən də Qərbi
Azərbaycanımızın - Dərələyəz elinin
tarixi-coğrafi söz xəritəsidir.
"Ruha can verir Dərələyəz mehi,
Tapılmaz əvəzi bizim yerlərin", - deyə həsrət
və nisgil çəkdiyini dilə gətirən, "Kamil də
tərk etdi yurdu, yuvanı, Yönü düşüb
ayrı yana, ağlayır", - deyə qan-yaş tökən
el şairi Aşıq Kamil "Ağlayır" rədifli
şeirində ürəyinin həsrətdən necə qan
ağladığını, göz yaşı və dərddən
zəif düşmüş qabar dolu yaralı ürəyinin
halını təqdim etmişdir:
Sağaltmaq çətindir vətən yarasın,
Düşmənlər səpdikcə bina
ağlayır.
Təbiblər, loğmanlar tapmır çarəsin,
Balasın itirən ana ağlayır.
Tutulub bərəsi, kəsilib yolu,
Solubdur vətənin çiçəyi, gülü.
Sonasız qalıbdır dağların gölü,
Gölündən ayrılan sona ağlayır.
"Mənimlə qan ağlar sazım dağlara"
şeirində də şair doğma yurd yerlərinə olan həsrət
duyğularını ifadə etmişdir:
Çəmən yaşıllaşır, gül
çiçəklənir,
Uzaqdan yol çəkir gözüm dağlara.
Ürəyim istəyir, könlüm diləyir,
Qoymurlar getməyə bizim dağlara.
...Kamil xatırlayır dağı-dərəni,
Yamacda sürünü, zirvədə çəni.
Yaş ötdü, qocaldım, bu son vədəni,
Nə ola gedəydim özüm dağlara.
Şair "Ağlasın" rədifli şeirində
eldən-obadan didərgin düşənlərin dərdini bir
az da ictimailəşdirir, bütün aörısını və
ağırlığını "qan ağlayan" sözlərlə
təqdim etmişdir:
Ayrılmaq çətindir vətəndən, eldən,
Bülbül ayrı düşüb çəməndən,
güldən.
Gomurdan, Köçbəkdən, səfalı Culdan
Didərgin düşənlər gəlib
ağlasın.
Beləliklə, Vətənindən - doğma Qərbi
Azərbaycan elindən didərgin düşən el şairlərinin
qələmindən süzülüb gələn
yaradıcılıq nümunələrində bir vətən
ağlayıb, bir el göz yaşı töküb, bir
obanın dərdi, kədəri, faciəsi təqdim olunub, bir
bədii tarix yaranıb. Naxçıvanda məskunlaşaraq
yaşayan ürəyi dolu insanlar öz el-obalarına olan məhəbbəti,
ordan ayrılmanın həsrət və nisgilini, bir də o
doğma yerlərə qayıtmağın ümid və
inamını əks etdiriblər. Bu gün Müzəffər
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən qərarları
ilə Müzəffər Ordumuz düşmən üzərində
qəti qələbə çalaraq doğma
Qarabağımızı işğaldan azad elədi. İndi
isə işğaldan azad edilmiş doğma el-obaya
Böyüdüş Qayıdış həyata
keçirildiyi kimi, Qərbi Azərbaycana da qayıdış
işləri həyata keçirilməkdədir.
Xalqımız da, qərib ellərdə qalan o yurd yerlərimiz
də əmindirlər ki, qovuşacağımız gün
uzaqda deyil və biz mütləq qayıdacağıq. "Biz
mütləq torpaqlarımıza qayıdacağıq!
Özü də ləyaqətlə
qayıdacağıq!" qətiyyəti ilə çıxış
edən Müzəffər Ali Baş Komandan, Cənab Prezident
İlham Əliyev Qərbi Azərbaycan İcmasının
nümayəndələri ilə görüşündə də
dediyi kimi: "Əminəm ki, gün gələcək və
Qərbi Azərbaycandan olan soydaşlarımız, onların
yaxınları, uşaqları, nəvələri tarixi
diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən
əminəm ki, bu gün gələcək və əminəm
ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə
öz doğma torpaqlarına qayıdıb orada
yaşayacaqlar!"
RAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə
müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Olaylar .- 2025.- 4-10 iyul (№22).- S.17.