Vətən adam... Şahin
Musaoğlunun 62 illiyinə...
Ondan həm də, yaxşı diplomat olardı, sanki
diplomat doğulub. Düşündüklərini olduqca
yumşaq şəkildə çatdıra,
başqalarını inandıra və düzgün motivasiya
qura bilir. Həmişə nəzakətlidir və həmsöhbətini
başa düşməyə çalışır. Gözəl
nitq qabiliyyəti var. Öz natiqliyi sayəsində fərdlərə
və bütövlükdə böyük toplumalara təsir
etməyi bacarır. Şux, zərif və təravətli
görünür, çünki təbiət ona qüsursuz
görkəm bəxş edib. Rahat yaşamaq üçün
faydalı əlaqələr qurmaq, insanlarla dost olmaq onun
üçün çətin deyil. Fitri zəkası
güclüdür, sürətli düşünə bilir...
Deyir ki:- "O vaxt Azərbaycan Radiosunun
"Çapar" adlı uşaq verilişi var idi. 2-3 dəfə
dəvət etmişdilər. Şeirlərimi oxumuşdum. Məni
həm ədəbiyyata, həm də musiqiyə "İgid əsgər,
möhkəm dayan" gətirdi. O dövrdə belə
mahnıya ehtiyac çox idi. Sovet dövründə bir-iki
mahnı yazılsa da, həmin effekti vermirdi. Vətənin
harayı var. Vətən övladları da öz borcunu yerini
yetirməyə gedir. Bu istiqamətdə nəsə yazmaq
lazım idi. O zaman ordumuz təzə-təzə
formalaşdığı üçün könüllülərdən
ibarət batalyonlar yaradılırdı. Həmin
könüllülər Şəhidlər Xiyabanında and
içərək, birbaşa cəbhəyə
yollanırdılar. O uşaqlar, Azərbaycan ordusunun canlı
tarixləridir. İlk yaranan batalyon isə "birinci
batalyon" oldu. Mən də orada idim. Əksəriyyət
xüsusi təlim keçmiş əsgər və zabitlərdən
ibarət idi. Qürurverici anlar yaşayırdım. Heç kəs
ölüm haqda fikirləşmirdi. Hamı qələbədən,
zəfərdən danışırdı. Bax, "İgid əsgər
möhkəm dayan" şeirini o dönəm yazdım. Oxudum
razı qalmadım, yenidən yazdım. Yenə razı
qalmadım. Elə bil, nəsə çatmırdı
tamamlanmağa. Xeyli çək-çevirdən sonra gitarama
sarıldım. Melodiya özü barmaqlarımın
arasından süzülməyə başladı və nəhayət
ürəyimcə oldu. Bu, mənim ilk bəstəm idi. Və
mən, necə deyərlər, musiqiyə gəldim.
Böyük, nəhəng və zəngin musiqi dünyasına.
Başa düşdüm ki, şeirlərimdə anlada bilmədiyim
hislərimi, düşüncələrmi musiqi ilə ifadə
edə bilərəm. O vaxtdan əksər
mahnılarımın musiqisi kimi, sözlərinin də mənə
aid olmasının səbəbi budur. Bəstəni əvvəlcə
xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt- Peterburqa
qastrol səfərinə yollanması ilə əlaqədar,
mahnının yazılma prosesinin yubancağından ehtiyat
edib, bəstəni Şəmistan Əlizamanlıya
verdim..."
Haqqında söhbət açmaq istədiyim Şahin
Musa oğlu Əbilov əslən Təbrizdən olsa da,
1963-cü il iyulun 11-də Masallı rayonunun
Qızılağac kəndində dünyaya gəlib. Orta təhsilini
bu kənddə alıb. 1980-1986-cı illərdə Nəriman
Nərimanov adına Azərbaycan Tibb institutunda ali təhsilə
yiyələnib. Və təyinatla Biləsuvar rayonuna
yollanıb. Dörd il burada həkim- terapevt kimi
çalışdıqdan sonra yenidən paytaxta dönüb.
1990-cı ildə Xəzər Dəniz Hövzə Xəstəxanasında
"USM" üzrə öz həkimlik təcrübəsini
artırmağa başlayıb. Burada həkimlik fəaliyyətinin
ilk illərində ölkədə müharibə hökm
sürürdü. Azərbaycan-Ermənistan savaşının
qızğın vaxtlarında o, Müdafiə Nazirliyi Tibb
İdarəsi, "HET"-(Hərbi Elmi Tədqiqatlar) idarəsi və Müdafiə
Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı
olaraq gözəl bir ilkə imza atıb. Qarabağ
döyüşlərində yaralanan əsgər və zabitlərə
məxsus ilk hərbi-tibbi arxivi yaradıb...
Münasibətlərdə etibarlı və sabitdir.
Kimisə rədd etməkdən xoşu gəlmir. Onun
üçün həyatda rahatlıq və
başqalarının da qayğısına qalmaq çox
vacibdir. Yalnız etibarlı insanlara güvənməyə
çalışır və dostlarının köməyinə
həvəslə gedir. Əsas xarakter xüsusiyyətləri
isə: həssaslıq, şəfqətlilik, təvazökarlıq,
inadkarlıq, mülayimlik, mərhəmətli və
mühafizəkar olmaqdan ibarətdir. Qəfil dəyişiklikləri
və dramatik dönüşləri sevmir...
"1991-1994-cü illər ərzində mən
Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq
etmişəm. İlk əməkdaşlıq etdiyim idarə
tibb idarəsi idi. Ağır döyüşlər gedirdi.
Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların
hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi
ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox
idi. Yaralıların valideynləri, yaxınları Müdafiə
Nazirliyinin, baş qərargahın, tibb idarəsinin,
respublikanın şəhər, rayon xəstəxanalarının
qapısı qarşısında saatlarla vaxt itirir, ən
xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman
bu məqsədlə operativ qərargah yaradıldı. Mən
həmin qərargaha rəhbərlik edirdim. Və biz o dönəm
ilk hərbi tibbi arxivi yarada bildik. Sonralar yaradıcılıq əlaqələri
məni Müdafiə Nazirliyinin "Hərbi sənədli
filmlər kino-tele studiyası"-na gətirib
çıxardı. Mən orada bu studiyanın qurucuları
olan Seyidağa Mövsümlü, Şəmistan
Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami
Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə
birlikdə çalışdım. Bununla yanaşı, həm
də Müdafiə Nazirliyi "HET" idarəsi ilə əməkdaşlıq
edirdim. "Hərbi bilik" jurnalı, "Azərbaycan
ordusu" qəzetlərində yazılarla, reportajlarla
çıxış edirdim."- söyləyir.
Bəli, görkəmli bəstəkar Cavanşır
Quliyevin məşhur "Əsgər marşı"ndan
savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin
hələ yazılmadığı bir vaxtda, Şahin
Musaoğlu özünün ilk türküsünü bəstələyir.
Və Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin
xatirəsinə həsr olunan bu mahnı- "İgid Əsgər,
Möhkəm Dayan!"- ilk dəfə televiziya ekranında səslənir.
Çox az müddətdə populyarlıq qazanaraq dillərdə
dolaşan bu mahnıdan sonra o, növbəti savaş
türkülərini yazır.Heç şübhəsiz ki, 20
Yanvar şəhidlərininin xatirəsinə həsr olunan
"Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan
"Birinci Batalyon", "Cənab Leytenant" və s. bu
kimi bir-birinin ardınca bəstələdiyi mahnılar ona daha
çox şöhrət qazandırıb. Şahin Musaoğlu
sonradan da həm hərbi, həm də vətənpərvərlik
mövzusunda yaradıcılıq fəaliyyətini davam
etdirib. Sözləri Rəsul Rzaya aid "Elegiya", Şəhriyarın
vətən yanğısıyla qələmə
aldığı eyni adlı "Azərbaycan", Bəxtiyar
Vahabzadəyə məxsus "Bay yurdum", Əhməd
Cavadın sözlərinə yazdığı
"Bismillah", Anarın şeirlərindən biri olan
"Gedirəm Zəngilana", Ramiz Rövşənin
şeri əsasında bəstələdiyi "Yalquzaq"
mahnısı və başqa türküləri ilə, o
başladığı işi uğurla davam etdirərək bu
musiqi janrına xeyli qiymətli töhfələr verib...
Deyir ki:- "Bəziləri hərbi vətənpərvərlik
mahnılarının olmamasından gileylənirlər. Amma bir
faktı unudurlar ki, bu, içdən gəlməlidir . Bu janrda
işləmək məsuliyyət və professionallıq tələb
edir. Bu tip mahnılarda bir tərəfdən zəfər, qələbə,
savaş, qisas ruhu, digər tərəfdən isə qan-qadaya,
ölümə meydan oxumaq, sülhü tərənnüm etmək
xətti olmalıdır. Ona görə də vətənpərvərlik
mahnıları deyiləndə təkcə marşlar yadda
düşməməlidir. Vətəni tərənnüm edən,
onun dağı, daşı, təbiətini vəsf edən hər
hansı melodiya da vətənpərvərliyə aiddir. Bu sahədə
xeyli populyar mahnı və marşlarımız var. Təkcə
mənim yaradıcılığımda 30-a yaxın mahnı
var ki, bunların hamısı sırf hərbi vətənpərvərlik
mahnılarıdır. Məsələn, "Cənab
Leytenant" mahnısı. Yadınızdadırsa orduda bir
müddət leytenant poqonunda iki kiçik ulduz və ay
vardı. Mahnı o vaxtlara təsadüf edir. Sonralar uniforma dəyişildi.
Bəziləri buna irad tutsalar da mən sözlərdə
redaktə etmədim. Çünki bu, bizim ordumuzun tarixi idi.
"Səngər başındakı çatdığım
ocağın" misrasını da kimlərsə- səngərdə
ocaq çatmaq olmaz- deyib uğursuz misra kimi qələmə
verirlər. Razıyam. Əslində mən ilk dəfə cəbhə
bölgəsinə gedəndə qış idi. Hər tərəf
qarın içindəydi . Blindaja girdik. Ortada bir odun peçi
var idi. Bilindaj soyuq, peç isə yanmırdı . Daha
doğrusu yandırmaq olmazdı. O zaman anladım ki,
düzgün iraddır. Axı müharibə verilişlərində
görmüşdük ki, əsgərlər həmişə
tonqal ətrafında toplaşırlar. Yəqin bunun
assosasiyası olub."
Şahin Musaoğlunun qələmə aldığı
şeirləri, o cümlədən bəstələdiyi
mahnıları təftiş edəndə, adam heyran qalmaya
bilmir. Bu adamın mayası necə deyərlər, vətən
sevgisilə yoğrulub- büsbütün VƏTƏN ADAMDIR.
İnanıram ki, qismətinə düşən bu tale, ona həmişə
uğur gətirəcək...
İyulun 11-də Şahin Musaoğlunun 62 yaşı
tamam olur. Azərbaycan torpaqlarının işğaldan azad
olunmasında, isanları döyüşə, qələbəyə
səsləyən mahnıları ilə əvəzsiz xidmətləri
olan bu həkim, şair, bəstəkar
qardaşımızı təbrik edirəm. Çox
yaşasın!..
Hörmətlə, Elman Eldaroğlu
Olaylar .- 2025.- 11-17 iyul (№23).- S.18.