Yunus Oğuzun 65 illik
yolu: Mətbuat və ədəbiyyatda dərin izlər
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad
Məcid tanınmış yazıçı- publisist və
"Olaylar" qəzetinin təsisçisi və baş
redaktoru Yunus Oğuzu 65 illik
yubileyi (22 iyul) münasibətilə təbrik edib:
" Mən 35 ildən çoxdur ki, Yunus Oğuzu
tanıyıram. Son 20-25 ildə isə demək olar ki, bir yerdə
mətbu fəaliyyətimizdə Yunus Oğuzun doğum
günləri həmişə bizim üçün yadda qalan
olub. Çünki Yunus Oğuzun doğum günü Azərbaycan
Milli Mətbuat Gününə təsadüf edir. Bunun bir
simvolik mənası var. Çünki Yunus Oğuz mətbuatla
sıx bağlı insandır və gənc yaşlarından
mətbuat orqanları yaradıb. Onun rəhbərlik etdiyi
"Olaylar" qəzetinin, "Olaylar" İnformasiya
Agentliyinin 30 illiyini bir müddət əvvəl Mətbuat
Şurasında təntənəli şəkildə qeyd etdik.
Azərbaycan qəzetləri sırasında
özünəməxsus yer tutan "Olaylar" qəzeti Yunus
Oğuzun rəhbərliyi ilə istedadlı jurnalistlərin
ortaya qoyduğu bir mətbuat nümunəsidir.
Yunus Oğuz eyni zamanda Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür və dəyərli
tarixi əsərlərin müəllifidir. Onun Azərbaycan tarixinə yeni
yanaşma ilə yazdığı bədii əsərlər
oxucular tərəfindən böyük maraqla
qarşılanır.
Mən həmişə demişəm: mənim anam
Yunus Oğuzun romanlarının ən sədaqətli
oxucusudur. Hər bir yeni roman çıxan kimi Yunus Oğuz onu
avtografla göndərir və anam da onu maraqla oxuyur.
Eyni zamanda, Yunus Oğuzun Azərbaycan tarixi ilə
bağlı elmi məqalələri də öz fərqliliyi,
yeni baxışı ilə seçilir.
Yunus Oğuz enerjilidir, daim yazır, yaradır, hərəkətdədir,
tədbirlərdə iştirak edir, fəaldır. Ona görə
də onun 65 yaşı mənə də təəccüblü
gəlir və elə bilirəm ki, Yunus Oğuz gənclik
enerjisi ilə dolu bir insandır.
Yunus Oğuzla səfərə çıxmaq, müxtəlif
ölkələrdə olmaq özü də maraqlı bir səyahətdir.
Dəfələrlə birlikdə
müxtəlif tədbirlərdə, müxtəlif ölkələrdə
iştirak etmişik. Həmişə bu barədə xoş
xatirələrimiz yaranıb.
Yunus Oğuzu yubileyi - 65 yaşı münasibətilə
təbrik edirəm və ona gələcək illərdə
çox-çox yaradıcılıq uğurları
arzulayıram.
Rəşad Məcid
Olaylar .- 2025.- 11-17 iyul (№23).- S.8.