“Yunus Oğuz Azərbaycan
ədəbiyyatında cığır açan ədəbi
körpüdür
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan
Şöbəsinin rəhbəri, Güney Azərbaycan
İcmasının təsisçisi və sədri Sayman Aruz
65 illik yubileyi münasibəti ilə Yunus Oğuza təbrik
ünvanlayıb:
"Yunus Oğuz Azərbaycan
ədəbiyyatında öz dəsti-xətti ilə
seçilən, fərqlənən və heç kəsə
bənzəməyən bir yazıçıdır. O,
xalqının keçmişini dərindən öyrəndiyi
və bildiyi üçün bu gününə və gələcəyinə
dair kifayət qədər aydın mövqeyi, fikirləri və
düşüncələri olan bir müəllifdir. Bu biliyə
əsaslanaraq, öz yazı üslubunu və ədəbi
istiqamətini də olduqca sadə və aydın şəkildə
müəyyən edə bilir. Bu isə hər
yazıçıda olmayan, yalnız çox az sayda qələm
sahibində rast gəlinən bir keyfiyyətdir. Məhz buna
görə də Yunus Oğuzun istənilən kitabını
əlinə alıb oxuyanda müəllifin adı yazılmasa
belə, dərhal hiss olunur ki, bu əsər yalnız Yunus
Oğuzun qələminin məhsuludur. Onun əsəri "Cığır" olsa da, o
özü Azərbaycan ədəbiyyatında
cığır aça bilmiş müvəffəq və əbədi
bir körpüdür. Digər
tərəfdən, Yunus Oğuz Türk dünyasında da
kifayət qədər tanınır və ədəbi,
ictimai-siyasi sahədə önəmli xidmətlər göstərmişdir.
Mənim fikrimcə, uğurlu bir ədəbiyyatçı
yalnız qələmi ilə deyil, həm də ictimai
mövqeyi və siyasi aktivliyi ilə seçilməlidir.
Xüsusilə Şərq təfəkküründə və
Şərq cəmiyyətində buna həm ehtiyac, həm də
tələbat var. Məhz bu baxımdan Yunus Oğuz eyni zamanda
ictimai-siyasi xadimdir. O, yaxşı bilir ki, qələmi
Koroğlu, Şah İsmayıl kimi qılıncla birləşdirmədən
heç bir uğur qazanmaq olmaz. O, dərk edir ki, ədəbiyyat ən
böyük siyasətdir.
Buna görə də Vətən torpağına olan sevgisini
həm əsərlərində, həm də ictimai fəaliyyətində
dolğun şəkildə nümayiş etdirib. Bu isə Azərbaycan
cəmiyyəti və Türk dünyası tərəfindən
hər zaman yüksək qiymətləndirilib və bundan sonra
da qiymətləndiriləcəkdir.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm:
Yunus Oğuz xalqını və dövlətini təmənnasız
şəkildə sevir. O, heç bir zaman nəyinsə
qarşılığını gözləmədən xidmət
edib. Həmçinin, heç bir vəzifə və məqamın
arxasınca getməyib. Mən onu şəxsi tanıyan biri
kimi deyə bilərəm ki, Yunus Oğuzda gördüyüm ən
mühüm və əvəzolunmaz xüsusiyyətlərdən
biri də bu təmənnasızlıqdır. Bu təmənnasız
yanaşma həm dostlarına, həm Vətənə, həm
də dövlətə münasibətdə özünü
göstərir. Düşünürəm ki, bu keyfiyyət
digər ədəbiyyatçılarımızda və
xüsusilə ictimai-siyasi xadimlərimizdə də
olmalıdır - yəni qarşılıq gözləmədən
Vətənə, dostlara və dövlətə xidmət etmək!
Yunus müəllimi ad günü münasibətilə
səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar və
davamlı yaradıcılıq uğurları arzu edirəm".
Sayman Aruz
Olaylar .- 2025.- 11-17 iyul (¹23).- S.8