“Yunus Oğuz – bütöv şəxsiyyətin
simvolu”
"Yunus Oğuz bütöv şəxsiyyətdir.
Özü olmayan yerlərdə adı hər şeyi deyənlərdən
biridir. Bu fikri çox sevirəm - "50 yaşa qədər
sən adın üçün işlə, 50-dən sonra
adın sənin üçün işləyəcək".
Dostum Yunus bəyin şəxsində bu sözlərdəki həqiqətə
bir daha əmin oldum. Bu fikri doğrultmaq üçün şəxsi
istedadın üstündə yorulmaz əmək, zəhmətsevərlik
və məqsədyönlü iş görmək
lazımdır. Yunus bəy bunları etdiyinə görə 65
yaşına dopdolu "baqajla" gəldi. İnanıram ki,
onun potensialı hələ tam açılmayıb. Bunun
üçün günahkar onun özü deyil. Mühit və
zaman özlərindən küssünlər ki, Yunus Oğuza
bu şansları verməyənlərə şans verdilər".
Bu fikirləri "Bakı-Xəbər" qəzetinin
baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyev
Yunus Oğuza təbrikində bildirib:
"Bir neçə on illərdən keçmiş
şəxsi dostluğumuz var. Onun haqqında yalnız dost
olduğumuz üçün danışmıram. Dostum olmayan
sadə bir azərbaycanlı kimi tanısaydım da, onun
haqqında, yenə eyni sözləri deyərdim. Onu heç
vaxt sınamadım. Fikirdə də olmadım. Çünki
başlanğıcdan ona güvənməyin ən
yaxşı başlanğıc olduğuna inandım. Əminəm
ki, onunla yaxından dostluq edənlərin, onu yaxından
tanıyanların hamısının qənaəti belədir.
Təpədən dırnağa qədər vətənsevər,
dövlətçi olan bir şəxsiyyətin insanlara
özü haqqında ilk tanıtım mesajları başqa
cür necə ola bilər ?! Yaratdığı
"Olaylar" media qrupundan, yazdığı
çoxsaylı tarixi romanlarından əvvəl o bir şəxsiyyət
olaraq artıq vətənsevər və dövlətçi
idi. Məhz bunlar olduğuna görə "Olaylar"-ı və
tarixi romanları ərsəyə gətirdi. Bunları yazmaq
üçün qandan gələn
vətənpərvər olmaq lazım idi. Necə ki,Yunus
Oğuz oldu.
Onun barəsində çox mənalarda dolğun
danışmaq mümkündür. Çünki həqiqətən
dolu adamdır. Şəxsiyyəti bütöv, fikri qəti və aydın,
yaradıcılığı hərtərəfli, işləri
məqsədyönlü, öz xarakterinə sadiq, getdiyi yolun
uğurlarına inanan....Yunus bəyin bütövlük elementlərinin
tam demədiyim siyahısı budur...
Azərbaycanın yaradıcı, ictimai-siyasi fəallarının
hamısının olmasa da, çoxunun həyatı və fəaliyyətləri
haqqında nələrisə bilirik .Üzdə olan şəxslərin
kim və nəçi olduqları ən kritik dönəmlərdə
üzə çıxır. Məhz bu məqamlarda "kimin əlinin
hansı dövlət xadiminin və hansı dövlətin
cibində olduğunu" aydın görmək olur. Müstəqillik
tariximizin bütün mübarizə məqamlarında Yunus
Oğuz "əli yalnız öz cibindən
çıxan" şəxsiyyət kimi tanındı...
Mən Yunus Oğuzla dostluğumuzla qürur duyuram.
Onunla dostluq eyni zamanda Azərbaycan ideyası ilə, milli-mənəvi
, tarixi dəyərlərimizlə
və insaniyyətlə dostluq deməkdir...
Həmişə belə qal, DOSTUM!
65-dən başladığımız yeni ömür
səhnəsinə xoş gəldin!".
Aydın Quliyev
Olaylar .- 2025.- 11-17 iyul (¹23).- S.8.