Tarixi romançılıqda Yunus
Oğuz yolu
Dahi fransız yazıçısı O.Balzak
kitablarının birinin müqəddiməsində yazır:
"Əsl tarixçi fransız cəmiyyətidir, mən isə
ancaq onun katibiyəm".
Azərbaycan tarixi romanlarından söz açanda bu kəlamı
həmişə xatırlayıram və belə
düşünürəm ki, Məmməd Səid Ordubadidən
başlayan tarixi roman ənənəsi bu gün də
uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan
tarixinin müxtəlif qütblərini, həm
işıqlı, həm də qaranlıq səhifələrini
canlandırarkən məhz katiblik missiyasını yerinə
yetirir. Onlar təzədən tarix yaza bilməzlər, ancaq
tarixi hadisələrə və tarixi şəxsiyyətlərin
həyat yoluna yenidən nəzər yetirib onları bədii
şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə
tarixi reallıqlarla bədii təxəyyüldən doğan
məqamlar bir-birilə vəhdət təşkil etməlidir,
V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər
şeydən əvvəl, şəxsi həyatı,
ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə
daxil olur və tarixlə bağlı hadisələr tək-tək
adamların taleyi ilə qaynayıb qarışır". Amma
dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də
yazıçı təxəyyülündən doğan hadisələr,
olaylar, obrazlar...bütün bunlar təsvir olunan tarixi
dövrün özünün obrazını
yaratmalıdır. Bizim ən sanballı tarixi
romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli,
istər Ə.Cəfərzadə, istər F.Kərimzadə,
istər Ç.Hüseynov və istərsə də digər
tarixi roman müəlliflərimiz bu prinsipə həmişə
əməl etmişlər. Son iyirmi ildə də tarixi roman
öz inkişafından qalmamış,
yazıçılarımız mövcud ənənəyə
sədaqət göstərərək yeni əsərlər
yazmışlar. Sabir Rüstəmxanlının, Elçin
Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa
Çəmənlinin tarixi romanları bu janrın
inkişafında yeni bir dönəmin
başlandığını sübut edir. Bu yazıda
haqqında söz açacağım Yunus Oğuz da artıq
tarixi romanlar müəllifi kimi diqqəti cəlb edir və
artıq bu sahədə bir sıra uğurlar əldə
etmişdir.
Yunus Oğuzun tarixi romanları ("Nadir şah",
"Təhmasib", "Əmir Teymur", "Şah
arvadı və cadugər",
"Sultan Alp Arslan", "Atabəy Eldəniz") son
10 ilin məhsuludur və doğrudan da bu rəqəmin
özü adamı heyrətləndirir. On ildə yeddi tarixir
roman ("Əmir Teymur" iki hissədən ibarətdir)
dörd kitabda cəmləşib və əlavə edim ki,
"Atilla", "Altun dəftər", "Nadir
şah" pyesləri də tarixi mövzudadır, o zaman
tarixi nəsrimizdə Yunus Oğuz yolunun varlığından
söz aça bilərik. Və qəti əminəm ki, XXI əsrin
kitaba o qədər də həvəsli olmayan oxucuları bu
romanlara biganə deyillər.
Yunus Oğuzu on ildə yeddi tarixi roman yazmağa vadar
edən səbəb nədir,-deyə düşündüm.
Birincisi, belə güman etdim ki, əsas səbəb onun
heç də tarixçi
olmasında deyil, illər boyu ürəyində mürgüləyən,
sonrasa birdən-birə ayılan yazıçı
şövqünün get-gedə şiddətlənməsidir.
Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora
çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun
bütün bu romanlarına dəyərli müqəddimələr
yazmış akademik Nizami Cəfərovun bir fikrini
xatırlayıram: "Yunus Oğuzun çox zəngin
elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi
var, tarixlə işləmək mədəniyyəti, eyni
zamanda, çox müasir və güclü bədii təfəkkürü
var. Tarixdən yazan yazıçı üçün
bunların hər ikisi mühüm məsələdir".
İkincisi, qəti əminəm ki, ən
yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik
duyğusu ilə qələmə alınır və vətənpərvərlik
duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə
də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında
da bunu hiss edirik.
Yazıçı üçün tarixi roman qələmə
almaq çox məsuliyyətli bir işdir və burada ilk
növbədə, əsl istedadla yanaşı, bu istedadı
şərtləndirən bir çox arqumentlər də nəzərə
alınmalıdır. O arqumentlər
sırasında yazıçının mürajiət etdiyi
tarixi dövrü, haqqında söz açdığı
tarixi şəxsiyyəti nə dərəcədə dərk
etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami
dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi,
kifayət qədər (hətta tarixçilərin bildiyindən
də artıq!) məlumatlı olmasaydı, necə deyərlər,
təpədən-dırnağa nizamiləşməsəydi,
"Qılfınc və qələm" kimi möhtəşəm bir roman
meydana gəlməzdi. Yaxud Yusif Vəzir Çəmənzəminli
"Qan içində" romanını yazarkən Molla Pənah
Vaqifin yaşadığı dövrə və bu böyük
şairin həyatına, yaradıcılıq dünyasına
bələd olmasaydı, gözəl bir tarixi roman yarana bilməzdi.
XXI əsrin yazarı Yunus Oğuz da bu həqiqəti
yaxşı bilir və öz tarixi romanlarını qələmə
alarkən, əlində məşəl tarixin qaranlıq
hücrələrinə yol alır.
Söhbətimizə xronoloji ardıcıllığa
riayət edibən Yunus Oğuzun "Nadir şah"ından
başlayaq. Xatırlayaq ki, XIX əsrin sonlarında-1898-ci ildə
Azərbaycan dramaturgiyasında ilk tarixi faciə-"Nadir
şah" yazıldı. Onun
müəllifi o zaman bir
maarifçi və demokrat kimi tanınan Nəriman Nərimanov
idi. Təbii ki, "Nadir şah" faciəsini yazmaq Nərimanova
ona görə lazım idi ki, öz maarifçi fikirlərini
oxucuya çatdırsın, tarixə müraciət etməklə,
əslində, müasirlərinə bir çox həqiqətləri
çatdırmaq istəmişdir. Faciədə Nadir şah
çox ziddiyyətli bir şəxsiyyət kimi təqdim
edilir: həm müstəbiddir, həm də ağıllı
bir islahatçı, həm adil bir hökmdardır, həm də
oğul qatili.
Heç şübhəsiz, "Nadir şah" faciəsi
N.Nərimanovun dövlət və
cəmiyyət, şahlıq və monarxiya, hökmdar və
xalq haqqında fikirlərini ifadə etməyə xidmət
etmiş və buna o, tamamilə nail ola bilmişdir. Amma Nadir
şahın tam və dolğun obrazını bir pyesdən tələb
etmək doğru olmazdı. Nadir şahın Azərbaycan
tarixində tutduğu mövqe, onun amalları, uğrunda
mübarizə apardığı ideallar fajiədə əks
olunmamışdır. Ümumiyyətlə, keçən əsrin
90-cı illərinə qədər Azərbaycan ədəbiyyatında
şahlara, hökmdarlara qarşı birmənalı şəkildə
mənfi tendensiya mövcud olmuşdur. "Nadir şah"
faciəsində bu, o qədər də hiss olunmur, amma Nadirin
qaçaqçılıq, quldurçuluqla məşğul
olması əsərin ilk şəkillərində xüsusilə
nəzərə çarpdırılır. Bu da tarixi
baxımdan dəqiqləşməyib, bəlkə də
yanlışdır.
Yunus Oğuz "Nadir şah" romanında xronoloji
ardıcıllığı gözləmiş, Nadirin
uşaqlıq yaşlarından ta ölümünə qədər,
bir insan-hökmdar ömrünü tam şəkildə əks
etdirmişdir. Romana ön söz yazan Nizami Cəfərov qeyd
edir ki: "Müfəssəllik, təfsilatın genişliyi,
müəyyən məqamlarda hətta saray münaqişələrinin
daxilinə girməyə qədər, tarixin məişətinə
daxil olmağa qədər, bu üslub M.S.Ordubadinin
üslubudur. Elə bil ki, Məmməd Səid Ordubadinin
üslubunu Yunus Oğuz yenidən dirçəldir. Çoxlu
tarixi romanlar yazılıb. Onların heç birində Məmməd
Səid Ordubadi üslubu bu dərəcədə təzahür
etməmişdi. Bu da onunla bağlıdır ki, Yunus Oğuz
dövrü yaxşı bilir". Burada bizi maraqlandıran
odur ki, Yunus Oğuz da öz qüdrətli sələfi kimi
tarixi romanda MÜFƏSSƏLLİK yolunu seçmişdir.
Ordubadinin üslubunun təzahürünə gəldikdə bu
məqamda N.Cəfərovla mübahisə etmək fikrimiz
olmasa da, deyərik ki, Ordubadidə olan üslub
"şirinliyi", majəraçılığa meyl Yunus
Oğuzda çox zəifdir.Yəni Yunus Oğuz Nadir
şahı çox ciddi planda təqdim edir, əsərdə
sevgi macəralarına demək olar ki, yer ayırmır, hadisələri
Ordubadi sayağı macəraçılıq səmtinə
yönəltmir və s. Nadirin şəxsiyyəti ilə
bağlı araşdırmalar və eyni zamanda, onun həyatı,
keçdiyi ömür yolu ilə bağlı oxuduğu mənbələr
təsəvvürdə NADİR ŞAH OBRAZInın başlıca cizgilərini
yaratmışdır.
Nadir şah qüdrətli bir dövlət yaratdı,
itirilmiş torpaqları qılınc və savaş
gücünə geri aldı. Bəs niyə ölümündən
sonra o dövlət parçalandı, xanlıqlara
bölündü, sülalə davam etmədi? Bunun səbəbləri
romanda birbaşa göstərilmir, amma təsvirlərdən
aydın görünür ki, bu, belə də
olmalıydı. Çox güclü bir fatehin, dünyaya
meydan oxuyan bir hökmdarın düşmənləri də
çox olur. Həm də qılınc hakimiyyətinin zəif
nöqtələri çox olur və Nadirin hakimiyyəti də
belə zəif nöqtələrlə dolu idi.
Yunus Oğuzun "Nadir şah" romanı
böyük fateh haqqında bizim təkcə bildiklərimizi
deyil, bilmədiklərimizi də açıqlayır və
beləliklə, tamamlanmamış "Tarixi-Nadir" öz bədii-tarixi
təcəssümünü də bu romanda tapır.
Yunus Oğuzun "Təhmasib şah" romanı da
"Nadir şah"dakı üslubi xətti davam etdirir. Təbii
ki, I Şah Təhmasib haqqında tarixi mənbələrdə
maraqlı faktlar diqqəti cəlb edir, amma heç bir tarixi mənbədə
şahın insani xarakteri, bu xarakteri səciyyələndirən
güclü və zəif cəhətləri əks
olunmayıb. Yazıçını da tarixçidən
ayıran, fərqləndirən elə bu cəhətlərdir.
"Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks
etdirirsə, yazıçı ən çox dövrün
psixologiyasını təşrih edir. Tarixçi psixoloq
deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix
elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər
də sadə desək, tarixçi "nələr
olmuşdur?" sualına cavab verirsə, sənətkar
"nələr ola bilərdi və necə ola bilərdi?"
suallarına da cavab verir. Yazıçının vəzifəsi
heç də tarixi şəxsiyyətlərin fəaliyyətini
başdan-başa izləyib bədii tərcümeyi-hal
yaratmaqdan ibarət deyildir (M.Hüseyn)".
Əlbəttə, Yunus Oğuz bu məlum həqiqəti
yaxşı dərk edir və bədii tədqiq hədəfinə
çevirdiyi tarixi hadisələri və şəxsiyyətləri
bədii təxəyyül süzgəcindən də
keçirir. Onun tarixi romanlarında təsvir olunan qəhrəmanlar
həm tarixi şəxsiyyətlər, həm də insan kimi
dolğun təsir bağışlayırlar. "Nadir
şah"da bunu əyani gördük, "Təhmasib
şah"da da həmçinin...
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında
tarixi roman ənənələri artıq
formalaşmışdır və indi də o ənənənin
ən yaşarı xüsusiyyətlərini biz yeni yaranan
tarixi romanlarımızda, o cümlədən, Yunus Oğuzun
"Təhmasib şah" romanında da görürük.
Tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda,
bu həqiqətləri bədii təxəyyül süzgəcindən
keçirmək, daha çox tarixlə müasirlik arasında
körpü yaratmaq, keçmişlə bugünü bir-birindən
ayırmamaq fikrimizcə, əsas məqsəd bunlardır.
İndi isə "Təhmasib şah"
romanının özünəməxsus xüsusiyyətləri
barədə. Biz, həmçinin bu romanın Azərbaycan
tarixi roman ənənələri ilə
bağlılığı barədə də söz deyəcəyik.
Fikrimizcə, Azərbayjan tarixi romanlarının bir
sıra ən uğurlu nümunələri-"Qılınc
və qələm" (M.S.Ordubadi), "Qan içində"
(Y.V.Çəmənzəminli), "Xudafərin
körpüsü", "Çaldıran
döyüşü", "Təbriz namusu" (Fərman Kərimzadə),
"Bakı-1501", "Vətənə qayıt",
"Yad et məni" (Əzizə Cəfərzadə)- ilə
"Təhmasib şah" müəyyən tipoloji
xüsusiyyətlərinə görə bir-birilə
bağlı romanlardır. Ona görə ki, bu romanların hər
biri həm tarixdən məlum olan şəxsiyyətlər və
hadisələr haqqında olsa da, xronika səviyyəsində
deyillər. Yəni tarixi hadisələr və şəxsiyyətlər
barədə quru, ritorik məlumatlara bədii don geyindirilmir,
tarix bizə çağdaş dövrümüzü
xatırladır və bu səbəbdən də roman təkcə
tarixi-bədii əsər kimi deyil, həm də müasir əsər
kimi təsir bağışlayır. Təhmasib şah öz
dövründə qüdrətli, əzəmətli bir
şah idi və onun timsalında məlum olur ki, dövlətçilik
ənənəsinin yaranmasında və möhkəmlənməsində,
məmləkətin ədalətlə idarə olunmasında, ən
çətin məqamlarda şahlığın, hakimiyyətin
və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz
rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi
hakimiyyətə uşaqkən
(on-on bir yaşlarında) gəlmişdi, lakin o, get-gedə
müstəqil ağlı, möhkəm iradəsi sayəsində
ağıllı və qüdrətli bir hökmdara
çevrilir. Səfəvilər dövlətinin, o zamankı
Azərbaycan məmləkətinin düşməni olan
Osmanlı imperiyası və Sultan Süleyman dörd dəfə
yürüş etmişdi ki, Təhmasib şahı və onun
hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun
yürüşü uğursuzluqla nəticələnir. Nizami
Cəfərov haqlı olaraq yazır ki, "Yunus Oğuz Təhmasibin
hərbi taktikasına haqq qazındır, o,
bütövlükdə ordunu yox, xalqı Sultan
Süleymanın qarşısına çıxarır. Ordu ilə
qalib gəlmir Təhmasib şah Sultan Süleymana, o, həmişə
xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir.
Bu, həm tarixin faktıdır, həm də əsərin
hadisəsidir". Yunus Oğuz da öz tarixi romanında Azərbaycançılığı
təbliğ edir və bu cəhət açıq şəkildə
nəzərə çarpmasa da, biz əsərin ümumi
ruhunda bunu hiss edirik.
Yunus Oğuz təsvir etdiyi dövrün (XVI əsr)
hadisələrinə heç bir müdaxilə eləmir, yəni
məlum hadisələrə özündən yeni bir hadisə
əlavə eləmir.
Əgər edirsə də, həmin dövrün
tarixi koloritindən kənara çıxmır. Lakin o, tarixi
dövrə müasir bədii təfəkkürün işığında
yanaşır. O dövr üçün də indiki tək
BİRLİK, BÜTÖVLÜK, MÜSTƏQİLLİK
ideyası bir konsepsiya kimi mövcud idi. Təbii ki, bu konsepsiya
XVI əsr üçün fərqli idi. Maraqlıdır ki, Təhmasib
müxtəlif təriqətlərin, ideya-siyasi-fəlsəfi
cərəyanların fəaliyyət göstərdiyi, həmçinin
bir-birilə dost olmayan müxtəlif tayfaların
qarşıdurması zəminində heç də
çaşbaş qalmadı. Ağıllı siyasəti ilə
BİRLİK İDEYASINA sadiq qaldı.
Müəllifin bir uğuru da ondadır ki, XVI əsr
Azərbaycanı haqqında müəyyən tarixi, etnoqrafik,
ictimai-siyasi mahiyyətli təsəvvür əldə edirsən.
Biz müəlliflə bərabər Təhmasib şahın
sarayını seyr edir, buradakı əyanların, vəzir-vüzəranın,
ordu başçılarının hərəkətlərini
izləyir, bəzilərinin həyat tərzi ilə də
tanış oluruq. Biz müəlliflə bərabər Təbriz
şəhərini gəzir, sadə peşə
adamlarının, zəhmətkeş insanların əhatəsinə
düşürük. Xüsusilə, Sultan Süleymanın hər
yürüşü zamanı xalqın mətanəti,
şaha sədaqəti bizi heyrətə gətirir. Digər tərəfdən,
Yunus Oğuz əsrlər boyu qüdrətli bir dövlət
kimi formalaşan Şirvan şahlığının
süqutunu da, Səfəvilərlə münasibətini də
nəzərdən qaçırmır. Yəni Azərbaycan
xanlıqlarının o dövrki mövcudluğunu və
iddialarını da unutmur.
"Təhmasib şah" həm də xarakterlər
romanıdır, lap elə deyək ki, xarakterlər sərgisidir.
Başda Təhmasib şah olmaqla, əsərdə dolğun
obraz kimi diqqəti cəlb edən nə qədər
yaddançıxmaz insanlarla qarşılaşırıq. Biz
ilk fəsildəcə ölüm yatağında olan Şah
İsmayılın vəsiyyətini dinləyirik: "Mən
canımdan çox sevdiyim Azərbaycanımı tam birləşdirə
bilmədim. Şirvanı və Şəkini nəzərdə
tuturam. İndi bu şərəfli iş sənin öhdənə
düşür. İnanıram ki, sən bunu edəcəksən.
Bunu etmək üçün yeddi Oğuz tayfasını
öz ətrafında cəmlə.
Çalış ki, heç zaman səndən
uzaqlaşmasınlar. Mən Rumlu, Qacar, Avşar, Zülqədər,
Təkəli, Ustaclı, Şamlı tayfalarını deyirəm.
Onlar sənin döyüşən qolların, səltənətin
isə dirəkləridir". Bu sözlər-bu vəsiyyət,
əslində romanın ideyasını, Təhmasib
şahın yolunu, amalını işıqlandırır.
Romanın ideyası elə bunun üstündə
qurulmuşdur.
Lap ilk fəsillərdə-Təhmasibin hələ bir
şah kimi özünü tam dərk etməməsi mərhələsində
Div Sultanla Köpək Sultanı xatırlayaq. Onların hər
birinin içində şahlıq iddiası yaşayır və
hər biri də bu iddianın qurbanına çevrilir. Sonra
Çuxa Sultan gəlir, o da iddiasının tələsinə
düşür. Müəllif bunların, eləcə də,
Təhmasibin qardaşları olan Sam Mirzənin və Əlqas
Mirzənin ürəyinin içini görür, onların
ŞAH OLMAQ xəyalları ilə real həyatdakı
görünüşləri, hərəkət və rəftarı
arasında ziddiyyəti qabardır. Əsərdə Təhmasibin
digər düşmənləri də var və müəllif
onları da nəzərdən qaçırmır. Təhmasibə
qulluq göstərib sonra düşmən tərəfə
keçən Üləma bəy Təkəli belə
obrazlardan biridir. Məqsədi budur ki: "Qızılbaş
və Osmanlı dövlətləri arasında, birinci mərhələdə
mərkəzi Bidlis olmaqla Qars, Ərzurum, Diyarbəkir, Van, Qərbi
Azərbaycan ərazisində yarımmüstəqil bir bəylik
yaratsın. İkinci mərhələdə isə bu
yarımmüstəqil dövləti müstəqil dövlətə
çevirsin. Ancaq o, bu məqsədləri ürəyində
saxlayır, Osmanlı sultanına həmişə öz sədaqətini
izhar edirdi". Üləma bəy Təkəli Sultan
Süleymana sığınır və onun yürüşlərində
fəal iştirakçıya çevrilir, amma niyyəti
puça çıxır.
Bu obrazlara tarixi baxımdan yanaşaq. Onları
heç də miskin, şərəfsiz insanlar kimi qınaq hədəfinə
çevirmək olmaz. Hər biri özünə görə
ağıllı və qüdrətli insanlardır və təbii
ki, hər birinin içində şahlıq iddiası baş
qaldıra bilər. Lakin məsələ burasındadır ki,
xəyalları və arzuları ilə real gerçəklik
arasında böyük bir uçurum var. Şahlığa
layiq olmayan şahlıq iddiasına düşür və bu
da onu məhvə sürükləyir.
Təhmasibin həyatı,
şahlığı...bunların sonadək izlənilməsinə
gəlincə, deyək ki, Sultan Süleymanla sülh müqaviləsi
bağlanandan sonra romanda hadisələr də qapanır, bundan
sonra hadisələrin təsvirini qısa bir xronika əvəz
edir. Oxuyuruq: "Həyatda nəyə can atmışdısa,
ona nail olmuşdu. Özünün şahlıq
dövrünü özünə halal hesab edirdi.
Atasının yanına üzüağ gedə bilərdi.
Özündən sonra böyük Azərbaycan miras
qoyacaqdı.Əsası qaraqoyunlulardan başlanan bütöv
Azərbaycanı bir böyük ölkə halına gətirmək
ideyasını yalnız Təhmasib şah tam həyata
keçirə bilmişdi. O, Şirvanşahlar və Şəki
vilayətini, həmçinin Tiflisi öz hakimiyyətinə
aldı və əraziləri Azərbaycan torpaqlarına
qatdı. Yalnız bir arzusunu həyata keçirə bilməmişdi:
doyunca şeir yazmağı, incəsənətlə məşğul
olmağı. Bunun zamanı çatanda artıq buna kifayət
qədər təbi və hövsələsi
qalmamışdı. Buna da çox üzülmürdü.
Gördüyü işlər daha möhtəşəm
idi".
Biz romanın sonunda belə bir möhtəşəm
şahla vidalaşırıq. Mənəvi
babalarımızdan biriydi o.
İndi isə Yunus Oğuzun "Əmir Teymur"
romanından qısaca söz açaq. Roman iki kitabdan ibarətdir:
I kitab "Zirvəyə doğru", II kitab
"Dünüanın hakimi" adlanır.
Əlbəttə, tarixi şəxsiyyətin miqyas və
böyüklüyünə görə, Əmir Teymur Nadir
şahdan da, Təhmasib şahdan da qat-qat güclüdür, təkcə
Şərq dünyasında deyil, bütün dünyada
tanınan, sağlığında heyrətamiz bir şəxsiyyət
kimi (burada fateh, basılmaz sərkərdə, həm də
elmin, mədəniyyətin, şəhərlərin
çiçəklənməsi üçün
çalışan ədalətli, sivil bir hökmdar ifadələri
yerinə düşür) dərk və etiraf olunan fövqəladə
insan idi.
Təbii ki, Teymur haqqında çox yazıblar. Bu
yazıların hər birində son dərəcə
güclü bir şəxsiyyətin taleyindən söz
açılır və istər obyektiv, istərsə də
qərəzli və subyektiv reallıqları əks etdirsin, o əsərlərin
hamısında ƏMİR TEYMUR nəhəngdir.Ancaq hər
bir yazıda (söhbət bədii və publisistik əsərlərdən,
tarixi xronikalardan gedir-V.Y.) Əmir Teymurun nəhəngliyi,
fatehliyi özünəməxsus çalarlarla diqqəti cəlb
etməlidir. Yunus Oğuzun romanında Əmir Teymura, onun şəxsiyyətinə,
apardığı siyasətə böyük rəğbət
hissi duyulur və müəllif sadəcə, onun keçdiyi
savaş yolunu, apardığı müharibələri, daxili
və xarici siyasətini izləməklə kifayətlənmir,
həm də öz qəhrəmanını bütün bu məsələlərdə
haqlı sayır. Buna səbəb odur ki, dünyanı lərzəyə
salan Teymur ölkələri, şəhərləri qəsb
etdiyi qədər də quran, tikən, yaradan bir şah olub.
Şərq ölkələrində indi misilsiz tarixi abidələr
kimi qorunan saraylar, mədrəsələr,
türbələr, məscidlər məhz Teymur zamanında
inşa olunubdur.
Romanda Teymurun xarakteri, bir insan və hökmdar kimi
özünəməxsus keyfiyyətləri Tacir
Ağbabanın dili ilə belə səciyyələndirilir:
"Əmir Teymur ona tabe olmayanlara qarşı çox qəddardır.
Tabe olmadınsa, axırına çıxmayana qədər
rahatlıq tapmayacaq. Bu zaman onun üzünü görməsən
yaxşıdır. Hər yan dağılar, hər yan
yandırılar.
Mərhəmətlidir, ona görə ki, əfv edə
bilir. Ən qatı düşmən də onun
qarşısında diz çökdükdə,
günahını boynuna aldıqda, səhvini etiraf etdikdə,
onu bağışlayır, var-dövləti əlindən
tamam almır.
Xəsisdir, ona görə ki, bir quruşunun da qədrini
bilir, hamısının hesabatını aparır. Boşuna
para xərcləməz. Özü istəməsə,
heç kimə heç nə verməz. Bütün
tutduğu yerlərin haqq-hesab dəftərini özü
yoxlayır.
Səxavətlidir, ona görə ki,
yığdığını müəyyən işlərə,
məscidlərin tikilməsinə, bəxşişlərin
verilməsinə xərcləyir.
Güclüdür, ona görə ki, məğlubedilməz
ordusu var. Onun ordusu onun yumruğu kimi bir şeydir. İstəyəndə
hamısını birdən yumur, hamısını birdən
açır. Orduda elə qaydalar qoyub ki, hətta təzə
gələn döyüşçü də onun əmrini
sözsüz yerinə yetirir-ölümə getmək olsa belə.
Gücü həm də onun başındadır.
Çıxılmaz vəziyyətlərdə onun başı
o qədər dəqiqliklə işləyir ki, təəccüb
etməyə bilmirsən.
Zəifdir, ona görə ki, o, təkdir. Məvrannəhrdə
onu əvəzləyəcək insan, başqa bir əmir
yoxdur. Yaxınlarına, ətrafına böyük sevgisi var.
Onların başına bir iş gələndə
üzülür, bir neçə gün özünə gələ
bilmir.
Nifrəti böyükdür, ona görə ki, sevdiyi
iş, onun qoyduğu qaydalar pozulanda bağışlamır, hətta
ən yaxını olsa belə. Onun sevgisi ilə nifrəti
arasında ipək pərdə qədər məsafə
mövcuddur".
Qəddar. Mərhəmətli. Xəsis. Səxavətli.
Güclü. Zəif. Nifrəti böyük. Bütün bu
xasiyyətlər yalnız bir adamın subyektiv fikridir, biz bunun
tarixi reallıq baxımından nə qədər doğru
olub-olmadığının fərqinə varmırıq. Amma
inanırıq ki, Əmir Teymur kimi son dərəcə ziddiyyətli
bir insanda bütün bu müsbət və mənfi
xüsusiyyətlər əks olunub. Yunus Oğuz da romanda
mümkün qədər Teymuru belə bir mürəkkəb
kompleksə malik bir şəxsiyyət kimi təqdim etməyə
çalışır.
Tarixi roman müəllifi mütləq öz əsərlərində
tarixi kolorit yaratmalıdır. Bunu M.S.Ordubadi bacardı, bunu
Yusif Vəzir bacardı, Əzizə Cəfərzadə, Fərman
Kərimzadə də bacardı, Yunus Oğuz da cəhd edir.
Tarixi kolorit deyəndə təbii ki, təsvir edilən
dövrün adət-ənənələri, sarayda və xalq
arasında yaşanan özünəməxsus dil, məişət,
davranış xüsusiyyətləri başa
düşülür. Bu cəhəti Nizami Cəfərov da
doğru sezib: "Bu dövr ("Nadir şah"dan söhbət
gedir-V.Y.) bir milli düşüncənin çiçəklənməsi
dövrüdür. Xalqın həyatının, məişətinin,
xalq yaradıcılığının ön plana
çıxması dövrüdür. Bunu da Yunus Oğuz
romanda xeyli dərəcədə ifadə edə bilir. Bu ifadə
onda özünü göstərir ki, o dövrün
böyük sənətkarlarının adı çəkilir,
müəyyən etnoqrafik detallar verilir. Məsələn,
Nadir şahın oğlunun toyunda xalqın içərisindən
gəlmiş qavaldaş ifaçısından
başlamış Xəstə Qasıma qədər
onların epizodik şəkildə olsa da, kifayət qədər
maraqlı obrazları yaranır. Eyni zamanda, romanın
özünün strukturunda bir dastançılıq, bir epos
ruhu var".
Yunus Oğuz son dörd ildə daha məhsuldar işləmişdir.
O, "Şah arvadı və cadugər", "Sultan Alp
Arslan" və "Atabəy Eldəniz" tarixi
romanlarını qələmə almışdır. Bu
romanlar türkçülük və azərbaycançılıq
ideyalarını möhkəm və davamlı şəkildə
əks etdirir. Yenə də bu həqiqəti söyləməyi
lazım bilirik: Yunus Oğuz tarixi, tarixi hadisələri, tarixi
şəxsiyyətləriideallaşdırmaq fikrindən
uzaqdır. O, sadəcə olaraq
tarixin üzərindən sirli, müəmmalı
örtüyü çıxarıb atır. Bizi həqiqət
işığına çəkib aparır. Tarixi romanda
müəllifin nə dərəcədə
yazıçı və nə dərəcədə
tarixçi olmağı mühüm əhəmiyyət kəsb
edir. Bunlar vəhdət təşkil edirsə, əsl tarixi
roman meydana çıxır. "Şah arvadı və cadugər"
romanında Yunus Oğuzun istifadə etdiyi bədii təsvir
vasitələri, təhkiyyə üsulunun cazibədarlığı
və Ordubadi üslubuna xas olan müəyyən xüsusiyyətlərin
nəzərə çarpması romanın tarixilik prinsipinə
qətiyyən xələl gətirmir. Nizami Cəfərov bu
romana həsr etdiyi məqaləsində haqlı olaraq qeyd edir
ki: "Bu əsər Yunus Oğuzun əvvəlki əsərlərindən
daha mükəmməldir, rahat oxunur, hadisələr oxucunu
çəkir. Elə bil xüsusi bir dünyaya
düşürsən. Yunus Oğuz bu hadisələr, bu
münaqişələr, bu münasibətlər
dünyasının tam hakimi və müəllifidir. Yəni mən
bunu heç bir tarixi romanda görməmişəm... Müəyyən
epizodlar, detallar, təsvirlər var. Olduqca istedadla
yazılıb, istedadla yaradılıb". Qeyd edək ki
"Şah arvadı və cadugər" romanı Azərbaycan
tarixində yer tutmuş Səfəvilər hakimiyyəti
dövründən bəhs edir.
Yunus Oğuzun "Sultan
Alp Arslan" əsəri də müasir tarixi romanlarımızın
maraqlı bir nümunəsi kimi diqqəti cəlb edir. Bu roman
Yunus Oğuzun təkcə mükəmməl bir
yazıçı olmağını deyil, həm də
mükəmməl bir türkçü kimi diqqəti cəlb
etdiyini də nəzərə çarpdırır.
Romanın hər bir səhifəsində
Yunus Oğuzun türkçülük dünyasının zəfərləri
ilə qürur duyduğunun, təsvir etdiyi qəhrəmanların
möhtəşəm xarakterləri ilə fərəhləndiyinin
şahidi olursan. Ancaq
bütün bunlar müəllifi ifrat aludəçilik həddinə
aparıb çıxarmır.
Yunus Oğuzun "Atabəy Eldəniz" əsəri
onun əgər belə demək mümkünsə, mürəkkəbi
qurumamış romanıdır və bu roman haqqında iki həmkarım
- Nizami Cəfərov və İsa Həbibbəyli mətbuatda
geniş məqalələrlə çıxış etdiyindən
üzərində çox dayanmayacağam. Bunu söyləyə
bilərəm ki, Yunus Oğuz bizim böyük tarixçimiz
akademik Ziya Bünyadovun tarix elmində gördüyü o
möhtəşəm işi bədii ədəbiyyatda
reallaşdırmağa çalışmışdır...
Yunus Oğuz Azərbaycan tarixi romanının XXI əsrdə
yeni və maraqlı səhifələrini yaradan bir müəllifdir,
onun mövzuları tarixin ən qədim köklərinə,
qatlarına gedib çıxır - amma müasir bədii təfəkkürün
işığı ilə.
Bu yolda Yunus Oğuza yeni uğurlar arzulayıram.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Olaylar .- 2025.- 11-17 iyul (¹23).- S.12-13.