Tarixin borclu olduğu adam

Yunus Oğuzun 65 yaşına

 

Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.

 

Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə demişəm. Yeri gəldikcə deyirəm deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.

 

Yunus Oğuz sağlığında öz əməllərilə "Gündoğandan Günbatana" dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində,  başı isə  sonsuz səmanın mavi ənginliklərində itib-batan  nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.

 

Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam.  Əgər belə demək mümkünsə - doğru olarsa,  tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin "Napoleon"u, Vasili Yanın "Çingiz xan", "Kurqanlardan gələn işıq" kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş həmişə bir baş yuxarı bilmişəm.

 

Yunus Oğuzun yaradıcılığı bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın)  ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix ona borcludur.

 

22 iyulda   Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

 

Zaur Ustac

Olaylar  2025.- 18-24 iyul (¹24).- S.14.