İndi biz onlardan 100 il qabaqdayıq
Üzeyir Hacıbəylinin 140 illiyinə
üçüncü yazı
Salam olsun, çox dəyərli oxucum! Ötən
yazımızın sonunda məlumat verdiyimiz kimi bu dəfə
Üzeyir Hacıbəylinin miniatürlərindən söhbət
açacağıq. Ənənəvi yazılı mənbələr
və müasir texnolgiyanın verdiyi imkanlardan istifadə edərək
qısa bir araşdırma apardıqdan sonra belə məlum
oldu ki, görkəmli ədibin publisistik məqalələri,
komediyaları haqqında kifayət qədər məlumat olsa
da onun miniatürləri barədə hamı üçün
əlçatan məlumat hardasa yox dərəcəsindədir.
Ən yaxşı halda sadəcə onun miniatür janrında
da əsərləri olduğu haqqında bir cümlə ilə
məlumat verilir. Əslində isə Üzeyir bəyin iyirmidən
artıq adı bəlli, tam mətni qaydasında
miniatürü məlumdur. Bu miniatürlər zaman-zaman
müxtəlif qurumlar tərəfindən fərqli adlar
altında tərtib olunmuş müəllifin əsərlərindən
ibarət toplularda ayrıca "Miniatürlər"
başlıqlı bölümlərdə yer almışlar.
Üzeyir Hacıbəyli də dövrünün digər
mütərəqqi ideyalı ziyalıları kimi öz
xalqını daim daha asan və
qısa yoldan maarifləndirməyin üsullarını
axtarıb, araşdırb. Və demək olar ki, zəmanəsinə
görə ən yüksək səviyyədə buna nail
olmağı bacarıb. O da xalqı maarifləndirməyi
qarşılarına məqsəd qoymuş digər
bütün müasirləri
kimi əldə olan mümkün vasitə və üsullardan
maksimum dərəcədə
istifadə etmişdir. Dövrün yazarları yeni
yaranmaqda olan mətbuat ənənələrinə uyğun
olaraq, qəzetlərin kənarında, aşağı hissəsində,
məqalələr (elmi məqalələr) bitdikdən sonra
boş qalan yerlərdə öz vacib sözlərini, fikirlərini
daha yığcam formada xalqa çatdırmağın
üsullarını tapırdılar. Və bu çox effektiv
üsul idi. Bəzən uzun-uzadı məqalədənsə,
adi bir karikatur rəsm və ya bir neçə cümlədən
ibarət miniatür daha təsirli olurdu. Miniatür ənənəsi
bu gün də uğurla davam etdirilir. Müasir
dövrümüzdə bu üsuldan həm tərbiyəvi, həm
tənqidi, həm də maarifləndirici üsul kimi şair,
yazıçı, eyni zamanda peşəkar jurnalist olan Rəşad
Məcid böyük ustalıqla istifadə edir. Akademik İsa
Həbibbəyli onun "Qələmsiz yazılanlar" kitabına
yazdığı ön sözdə miniarürlərin əhəmiyyəti
barədə belə qeyd edir: "Hər birində müəyyən
əxlaqi-mənəvi dəyərlərə, müəyyən
tövsiyələrə diqqət verildiyi üçün
sms-esselər didaktik miniatür hekayələrin
funksiyasını həyata keçirir. Rəşad Məcidin tam halda illər
ərzində yaranmış sms-ləri onun miniatür elektron
hekayə külliyyatıdır. Sms hekayələrin hər
biri konkret bir mətləbin mahiyyətini açıqlayan
baxışlarıdır."
Bəli, eyni səfdə yer aldığı digər
silahdaşları (məsələn "mollanəsrəddinçilər")
kimi Üzeyir Hacıbəyli də hədəflərinin yerləşdiyi
atış mənzilindən, onların
ölçüsündən asılı olaraq bəzisini
felyetonla, bəzisini satirik hekayə ilə, bəzisini də məhz
miniatürlərlə atəşə tuturdu. Görkəmli ədibin
miniatürlərinə diqqətlə nəzər saldıqda
görürük ki, xələfi Rəşad Məcid kimi o
da bu janrda olan mətnlərindən əsasən tərbiyə
üsulu kimi istifadə edib. Yəni bu janrda işlənmiş
mövzulara diqqətlə fikir verdikdə görürsən
ki, ən yaxşı halda belə ola bilərdi. Bu baxımdan
miniatürlərin Üzeyir Hacıbəylinin zəngin və
rəngarəng ədəbi irsi içərisində
özünəməxsus yeri, xüsusi çəkisi var.
Dəyərli oxucum, miniatür anlayışı -
miniatürlər barədə bacardığım qədər
ətraflı məlumat verdikdən sonra görkəmli ədibin
bu janrda yazmış olduğu əsərlərdən bəzilərini olduğu kimi sizin diqqətinizə
çatdıracam.
Ümumilikdə Üzeyir Hacıbəylinin bir oxucu
kimi mənim diqqətimi çəkən "Mühərrir",
"And içmək", "Peyğəmbər", Axmaq
vəzir", "Qafqazda müsəlman kəndlisinin
halı", "Kənd məktəbində",
"Müsəlmanların halı", "Qarabağda yer məsələsi",
"Avtomobil", "Bizim adi
söhbətimiz" və digər təxminən
adını burada qeyd etmədiyim bu qədər də
miniatürləri ilə tanışam. Adını
yuxarıda sadaladığım miniatürləri
stolüstü kitabım olan 1985 - ci ildə Bakı şəhərində
nəşr olunmuş "Üzeyir Hacıbəyov"
(seçilmiş əsərləri)
kitabından təkrar-təkrar oxuyuram. Yeri gəlmişkən
bu tribunadan istifadə edərək belə bir zəngin xəzinəni
mənə hədiyyə etdiyinə görə Azərbaycan oxucusuna yaxşı
tanış olan "xəzinədar" Xan Rəsuloğluna təşəkkürümü
bildirirəm. Bu miniatürlərdən biri olan "Bizim adi
söhbətimiz"lə artıq giriş məqaləsində
sizi tanış etmişəm. Ancaq yenə bu yazımda həmin
miniatürün epiqrafına yazdığı
üzrxahqlığı olduğu kimi sizə
çatdırmağı özümə borc bildim: -
"Oxuculardan üzr istəyirəm. Hərçənd
söhbətlərimizin elələrini seçmişəm
ki, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm."
Keçək tam mətn halında təqdim edəcəyim
miniatürlərə:
"Peyğəmbər"
Bir kişi peyğəmbərlik iddiası eləyirdi.
Onu tutub qubernatorun yanına gətirdilər. Qubernator
soruşdu ki, heç möcüzə göstərə bilərsənmi?
Dedi:
-Göstərərəm.
Dedi:
-Nə göstərərsən?
Dedi:
-Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.
Qubernator dedi:
-Bil görək.
"Peyğəmbər" dedi:
-Bu saat sən fikir eləyirsən ki, əgər bu
kişi yalançı olsa, tutub həbs edərəm, amma
sonra rüşvət alıb buraxaram.
"Qafqazda müsəlman kəndlisinin halı"
Siçan: Atakişi əmi, taxılın cücərmədi?
Çəgirtkə:
Atakişi əmi, taxılın göyərmədi?
Dolu: Atakişi əmi,
taxılın sünbüllənmədi?
Hörümçək Hacımurad xan: Atakişi əmi,
taxılını döymürsən?
Bəy: Atakişi əmi, taxılın çuvala
yığılmadı?
Strajnik: Atakişi əmi, xurcunlarım hazırdır,
taxıl necə oldu?
Atakişi əminin uşaqları: Dədə, bəs
təzə taxıldan havaxt çörək bişirəcəyik?
Atakişi əminin qarnı. Qurr!.. A kişi,
acından öldüm!
Atakişi əmi (acıqlı): Qarnım! Barı sənsə
dinmə, yoxsa, quran mənə qənim olsun ki, soxaram xəncəri,
tökərəm bağırsaqlarını çölə
indi ya!!!
Yazıq Atakişi əmi! Bir məsəl var, deyərlər
ki, on iki qurda bir boz eşşək neyləsin?
"Müsəlmanların halı"
Hökumət qapısında
-Kərbəlayi Bədəl, görə bildin?
-Görə bildim.
-Nə dedi?
Dedi: "Zavtra"!
Ağalar qapısında
-Məşədi Fərəcullah, ağa evdə idi?
-Bəli, evdə idi.
-Səni gördü, nə dedi?
-İki dəfə üzümə tüpürdü,
bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında
-Mahmud əmi, razı oldumu?
-Balam, yox!
-Nə üçün?
-Dedi, beş yüz manat ver, yazım.
Dövlətli qapısında
-Kərbəlayi Müseyib, getmişdin?
-Hə, getmişdim.
-Görə bildin?
-Balam, yox. Səhər yatmışdı, günorta
çörək yeyirdi, axşam da evdə yox idi.
Dahi Üzeyir bəyin bu miniatürlərini oxuduqca
düşünürəm ki, İlahi, mənim bu zavallı,
başıbəlalı xalqım çox da uzaq tarix olmayan
yüz il bundan qabaq nə zülmlər çəkib... Bu millətin
başına nələr gəlməyib, İlahi!?
Deyirəm, yaxşı ki, bu kimi hallar tarixə
qovuşub. Daha bizdə belə şeylər yoxdur. Dəyərli
oxucum, tarixi bilmək, dilimizin
incəliklərinə varmaq xatirinə çox istərdim ki,
"İranın evi yıxılıb", "And içmək",
"Axmaq vəzir", "Kənd məktəbində",
"Qəzet", "Avtomobil", heç olmasa - ələlxüsus
- "Qarabağda yer məsələsi"
miniatürlərini də sözbəsöz buraya
köçürüb sizə çatdırardım. Ancaq
neyləmək olar? Çərçivələr, əndazəni
gözləmək məsələsi bütün dövrlərdə
olub və olacaq. Sırf texniki səbəblərdən
onları buraya köçürüb sizə çatdıra
bilmirəm. Ancaq çox istərdim ki, adlarını qeyd
etdiyim miniatürləri özünüz əldə edib
oxuyasınız. Heç olmasa, "Qarabağda yer məsələsi"ni
mütləq tapıb oxuyun!
Hələlik. Növbəti sayımızda
dördüncü yazını oxumağı unutmayın.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.
Olaylar .- 2025.- 25-31 iyul (¹25).- S.19.