“O filmlər
keçmişdə niyə qaldı ?” – Kino dəyişdi, ya
biz?
"Teatrla məşğul olan teatrda böyüməlidir.
Kino ilə məşğul olan isə kinostudiyada, çəkiliş
meydanlarında, montaj otaqlarında, hər bir detala toxunaraq
yetişməlidir. " Bu
sözlər müsahibimindir və çox
xoşum gəldi...
Hər kəsin yaddaşında xüsusi yeri olan
klassik Azərbaycan filmləri var. "Şərikli
çörək", "Bəxt üzüyü",
"Arşın mal alan", "Nəsimi", "Ögey
ana"...
Hər biri təkcə bir film deyil, bir zamanın ruhu
idi. O ekranlarda biz təkcə aktyorların oyununu yox,
özümüzü, yaşadığımız həyatı,
duyğularımızı görürdük.
Azərbaycan kino sənəti uzun və zəngin tarixə
malik olsa da, son illərdə üzləşdiyi çətinliklər,
yaradıcılıq prosesindəki sarsıntılar və
peşəkarlıq problemi bu sənətin ruhunu və
gücünü zəiflətdiyi təəssüratı
yaradır. O filmlər ki, illər öncə kinosevərlərin
yaddaşına həkk olunmuşdu, bu gün nədənsə
sanki yalnız nostalji ilə xatırlanır. İndi sual
yaranır: "O filmlər niyə keçmişdə
qaldı? Kino dəyişdi, yoxsa biz?"
Bu sual Azərbaycan kinosunun gələcəyi, mədəniyyətimizin
yaşaması və inkişafı üçün çox
önəmlidir. Çünki kino təkcə əyləncə
vasitəsi deyil, həm də xalqın tarixi, ideologiyası, mədəniyyətinin
əks olunması, nəsillərin yaddaşına işıq
salan vacib bir sənət formasıdır. İstənilən
ölkənin kino sənəti onun mədəni dəyərlərinin
qorunması və təbliği baxımından əhəmiyyət
daşıyır.
Bu baxımdan, Azərbaycan kinosunun hazırkı vəziyyəti,
qarşılaşdığı problemlər və gələcək
perspektivləri barədə dərin və səmimi fikirlərini
bölüşmək üçün məşhur
kinorejissor, Xalq artisti, ssenarist və aktyor Şeyx Əbdül
Mahmudbəyovla müsahibə etdik. O, klassik kinomuzun ruhundan,
müasir dövrdə peşəkarlığın vacibliyindən
və sənətin inkişafı üçün nə
edilməli olduğundan geniş danışdı.
-Əbdül bəy , sizcə, klassik Azərbaycan filmlərinin
ruhu nədə idi ki, bu gün onları hələ də sevə-sevə
xatırlayırıq?
-Bilirsiniz, o nostalji hisslər... O kinoların
arxasında böyük üslub sahibləri dururdu,
böyük müəllimlər, böyük rejissorlar, sənət
xadimləri, elm adamları dayanırdı. Onlar da böyük
məktəb görmüş
peşəkar insanlar idilər. Çox təəssüf
ki, biz onları itirdik və bu müasir həyata qarışa
bilmədik. Biz bu gün yolun kənarında
qalmışıq. Nə Avropaya inteqrasiya edə bilirik, nə
Avropa mədəniyyətini, kino elmini götürə bilirik,
nə də keçmişimizi dirildə... Qalmışıq
ortada. Ona görə də hər şeyi dayandırmaq
lazımdır. Bu günlərdə
Cənab Prezidentimizə
böyük bir müraciət etmişəm. Müraciətimin
məqsədi də peşəkar kino məbədi olan "Azərbaycanfilm"in
bərpası ilə bağldır. Hər şey bu mərhələdə
dayandırılmalıdır. Yenidən dövlət səviyyəsində
o müqəddəs kino studiyası bərpa olunmalıdır.
Orada böyük sənət əsərləri,
böyük ustadlar var. Peşəkar mühit var. Və hər
kəs kinostudiyaya qayıtmalıdır. Sərbəst,
müstəqil şəkildə fəaliyyət göstərə
bilərlər, amma toplaşma nöqtəsi kinostudiya
olmalıdır. İş oradan bəhrələnməlidir -
qarşılıqlı müzakirələrdən, müqayisələrdən,
məsləhətləşmələrdən
doğmalıdır. Və hər kəs bilməlidir ki, nəhayət,
işi peşəkar insanlara tapşırmaq lazımdır.
Kino peşəkarların sənətidir, qızım. Təkcə
elm, təkcə istedad deyil.
Ona görə də mən təklif edirəm və qətiyyətlə
bildirirəm ki, əgər biz bu gün klassik filmlərə
nostalji ilə yanaşırıqsa, bu günkü yanaşma
ilə, bu günkü formada işləməyimiz
mümkün deyil. Mütləq o müqəddəs məbəddən
- Peşəkar "Azərbaycanfilm" kinostudiyasından başlamalıyıq.
- Bu günkü rejissorlar nəyə görə
"Dəli kür" və ya "Şərikli
çörək " kimi yaddaşlarda qalan filmlər çəkə
bilmirlər? Halbuki texnologiya da inkişaf edib, imkanlar daha
çoxdur...
- Adını çəkdiyin hər iki filmin
iştirakçısıyam. Ona görə də bu sualına
xüsusi önəm verirəm. Və mən bütün
danışığımı peşəkarlıq üzərində
qururam. Peşəkarlıq, peşəkarlıq, peşəkarlıq!
Rejissorluq məktəbdir. Bu məktəb mərhələ-mərhələ
formalaşır. Kino mədəniyyəti səviyyəsinə
qalxır. Kino əsəri yaratmaq üçün rejissor -
müqəddəs bir şəxs - bu sənətin dəyişməz
sahibi, beyni, rəhbəri
mütləq formalaşmalı və peşəkar səviyyəyə
çatmalıdır.
Kino sintetik sənətdir. Rejissor yalnız kino bilikləri
ilə kifayətlənməməlidir. Musiqidən də
başı çıxmalıdır, aktyorluqdan da, texnikadan
da, kostyumdan da, dekorasiyadan da... Kino ilə bağlı
bütün sahələri bilməlidir ki, o sahələrin
insanlarına düzgün istiqamət verə bilsin.
Bu gün bu peşəkarlıq yoxdur. Peşəkarlar
yoxdur. Məktəb yoxdur. Yalnız adı olan bir "İncəsənət
Universiteti" var. Guya orada kino fakültəsi var. Bəs niyə
bu qədər il keçib, ortada bir normal kino rejissoru yoxdur?
Kino rejissoru auditoriyada deyil, studiyada hazırlanır. Və
mən həmişə demişəm: teatrla məşğul
olan teatrda böyüməlidir. Kino ilə məşğul
olan isə kinostudiyada, çəkiliş meydanlarında,
montaj otaqlarında, hər bir detala toxunaraq yetişməlidir.
Auditoriyada oturub "Kurosava belə deyirdi",
"Bergman belə deyirdi", "Antonioni belə deyirdi"
deməklə rejissor olunmur. Onlar 30-40 il əvvəl nə
deyiblərsə, düzdür, amma bu gün onu yaşamaq, onu
görmək, onu etmək lazımdır. Yoxsa alınmır.
Ona görə də kino sənəti
üçün ayrıca fakültə
yaradılmalıdır. Kinostudiya nəzərə
alınmalıdır. Kino aktyorları, kino rejissorları
mütləq peşəkar təhsil almalıdır - praktik
şəkildə, əyani şəkildə və istehsalat
içində formalaşmalıdır. Auditoriyada yalnız
şifahi biliklə peşəkar olmaq mümkün deyil.
- Azərbaycan kinosunda hansı mərhələ sizə
görə qırılma nöqtəsi oldu? O ruh nə vaxt
itib, və niyə?
- Biz 20-ci əsrin sonunda, 21-ci əsrin əvvəllərində
iki möhtəşəm tarix yaşadıq. Birincisi, müstəqilliyimizə
nail olduq. Qanımızla, canımızla,
balalarımızın qanı ilə, qeyrətimizlə. Təbii
ki, bütün tarixi inqilablar qan tələb edir. Biz də o
qanı verdik.
Nəticədə müstəqil dövlətimizi bərqərar
etdik. Bu gün məxsus olduğumuz Azərbaycan Respublikası
tarixdə sayca 17-ci müstəqil dövlətimizdir. Və
biz bu dövlətin vətəndaşı olmaqla fəxr
edirik.
İkincisi, hər bir ictimai-siyasi dəyişiklik
müəyyən çətinliklər yaradır. İlk zərbə
elmə və mədəniyyətə dəyir. Çünki
təhsil sistemi, elm-mədəniyyət strukturu dəyişir.
Yeni quruluşun bərpası üçün zaman
lazımdır. Təəssüf ki, biz bu mərhələni
peşəkar səviyyədə keçə bilmədik.
Düşünürəm ki, bəzi günahlara görə
biz müasir dünya mədəniyyətində,
ideologiyasında dövlətimizin apardığı siyasət
səviyyəsinə laiq ola billməmişik . Baxın, Cənab
Prezident bizə ikinci böyük tarixi yaşatdı - 200 illik
əsarətdən, rüsvayçılıqdan xilas olduq. Bu
gün biz dünyaya söz deyirik. Dünya bizi qəbul edir.
Amma içəridə vəziyyətimiz necədir? Təhsilimizin,
elmimizin, təşkilatçılığımızın səviyyəsi
necədir? Yerlə göy qədər fərq var.
Bunları aradan qaldırmaq üçün təsadüfi
adamlara yox, ürəyi yanan, namuslu, iş bilən, nəfsinə
sahib olan insanlara ehtiyac var. Çox təəssüf ki, mədəniyyət
və təbliğat sahəsində bu gün bu cür insanlar
çox azdır.
- Sizcə, kino sənətində nostalji hissi yaradacaq
yeni filmlər çəkmək mümkündür, yoxsa bu
artıq keçmişin möcüzəsidir?
- Atalar sözü var- su gələn arxa yenə də
su gələr. Bu xalq istedadlı xalqdır. Allahın
rızası ilə bu millət istedadlı doğulub. Bizim
film çəkmək üçün mənəviyyatımız,
tariximiz, milli dəyərlərimiz, folklorumuz, şifahi və
yazılı xalq yaradıcılığımız var ki, min
illər çəksən bitməz.
Amma məsələ ondadır ki, bunları peşəkar
səviyyədə ortaya qoymaq üçün bayaq dediyim
şərtlər lazımdır. Biri olsa, digəri olmasa,
heç nə alınmaz. Bu sənətin də adı rejissor
sənətidir. Ona görə də rejissor məktəbi
yüksək səviyyədə formalaşmalıdır.
Bu günlərdə Özbəkistanda idim. Orada da nəsillərin
dəyişməsi prosesi gedir. Orada müsabiqə keçiriblər. Amma çox
maraqlı, çox doğru bir
sistem qurublar. İstedadlı uşaqları bütün sahələr
üzrə seçiblər: rejissorluq, operatorluq, rəssamlıq,
dekorasiya, səs, musiqi, hər sahədən. Necə ki bunu
vaxtında Türkiyə və İran etdi və bu gün
Türkiyə və İran kino sənəti dünyaya meydan
oxuyur. Bunu indi bizim özbək və qazax
qardaşlarımız edirlər.
Onları dünyanın inkişaf etmiş kino ölkələrinə
göndəriblər. Bu uşaqlar orada peşəkarlığı
öyrənib geri qayıdacaqlar və milli kinolarını
quracaqlar. Necə ki, bir vaxtlar bizim böyük sənətkarlarımız
- Səməd Mərdanovlar, Əlisəttar Atakişiyevlər,
Tofiq Tağızadələr, Həsən Seyidbəylilər,
Mikayıl Mikayılovlar böyük məktəblər
görüb gəliblər və bu gün
danışdığımız, nostalji hisslərlə danışdığımız
böyük kino mədəniyyətimizi yaratdılar. Mən inanıram ki, əgər biz
gələcəkdə nostalji ilə deyil, fəxrlə öz
filmlərimizə baxmaq istəyiriksə, ilk növbədə
kadr potensialı formalaşmalıdır.Bütün sahələr
üzrə.
-Siz həm aktyor kimi sevilən filmlərdə rol
almısınız, həm də rejissor kimi dəyərli
ekran əsərlərinə imza atmısınız.
Bugünkü aktyor və rejissor nəslinə hansı məsləhəti
verərdiniz?
- Birmənalı şəkildə, tədris sistemi
peşəkarlar səviyyəsində yenidən
formalaşdırılmalıdır. Sistemli şəkildə
tədris qurulmalıdır. Əvvəla, oradakı "incəsənət"
və "rejissor" sözləri
çıxarılmalıdır. Onun yerinə "teatr-kino
aktyoru" kimi konkret ixtisas adları qoyulmalıdır. Üstəlik,
əlavə olaraq tar, saz, klarnet çalan musiqiçilər,
musiqantlar konservatoriyalara yönləndirilməlidir. Onsuz da Azərbaycanda
iki konservatoriya var: biri Avropa musiqisi üzrə, digəri isə
Milli musiqi üzrə fəaliyyət göstərir.
Onların teatr institutunda nə işi var axı? Adını
qoyublar "İncəsənət". Nə incəsənət?
İncəsənət dediyin - teatr, kino, rejissor, aktyor
ixtisası olmalıdır. Bu ixtisaslar isə ayrıca və fərdi
şəkildə universitetdə tədris olunmalıdır.
Peşəkar insanlar burada dərs deməlidirlər.
Amma təəssüf ki, incəsənət adı ilə
oraya hər kəsi doldururlar. Az qala istedadlıları
sıxışdırıb
oradan çıxarırlar. Bu, çox
yanlışdır. Ona görə də, kino-teatr
yönümlü təhsil və tədris sistemi
sıfırdan qurulmalıdır. Bu istiqamətdə ciddi
şəkildə təmizlik aparılmalıdır.
Hətta mən bir neçə nüfuzlu dövlət
rəhbərlərinə demişəm ki, gəlin bu "incəsənət"
sözünü oradan götürək. Tar, qaval, nağara
digər musiqi alətləri ilə məşğul
olanları konservatoriyaya yönləndirək. Buranı isə
sırf peşəkar teatr-kino rejissoru və aktyoru fakültəsi
kimi formalaşdıraq. Peşəkar səviyyədə!
Orada laboratoriyalar yaradılsın, çəkiliş
studiyaları qurulsun, peşəkar insanlar dərs desinlər.
Tələbələr əyani şəkildə təcrübə
keçsinlər, tamaşalar hazırlansın, kürsülər
açılıb müzakirələr keçirilsin. Beynəlxalq
səviyyəyə çıxarılsın, peşəkar
kino studiyaları ilə ünsiyyət qurulsun. Zaman-zaman
peşəkar mütəxəssislər dəvət olunsun.
Qarşılıqlı inkişaf əsasında bu universitet
formalaşdırılsın.
İndi isə baxırsan, aktyor kimi ora gələnlərin
çoxu qeyri-ciddi, gülməli bir vəziyyətdədir. Hər
şey zarafata çevrilib. Millət də bunu belə qəbul
edir - harada yeyib-içmək var, oxuyub-oynayan varsa, elə onu
çağırırlar. Harada səviyyəsiz sənətçi
varsa, onu çıxarıb min bir hörmətlə təqdim
edirlər, başına pul yağdırırlar. Bu,
soykökümüzə zidd, tam qərəzli bir yanaşmadır.
Bu qərəzçilik aradan
qaldırılmalıdır. Hər şey praktiki, əyani
şəkildə və gündəlik səmərə verməlidir.
Əlbəttə ki, dövlət nəzarəti altında
olmalıdır. Ciddi şəkildə nəzarət və hətta
cəza tədbirləri də tətbiq olunmalıdır.
Bütün bunlar həyata keçirilərsə, üç
ilə biz istədiyimiz nəticəyə çata bilərik.
Sonda mən də sənə təşəkkür
edirəm. Aqsaqqal kimi deyirəm - mənim 81 yaşım var, 67
ildir bu sahədəyəm. Mənim həyatım kino sənətinə
həsr olunub. Dörd-beş il xüsusi kino təhsili
almışam, həmin sahədə fəaliyyət göstərmişəm.
Böyük ustadlarla çalışmışam -Əlisəttar
Atakişiyev, Mikayıl Mikayılov və digərləri.
Mənim tanış olmadığım iki şəxs
qalıb - Cəfər Cabbarlı və Abbas Mirzə Şərifzadə.
Mən Rza Təhmasibdən başlayaraq böyük məktəb
keçmişəm. Müəllim-tələbə, tərəf-müqabil
kimi böyük sənətkarlarla birgə işləmişəm.
Bu səbəbdən də deyirəm ki, bu gün kinonun
problemi təkcə xalqın problemi deyil. Bu, həm
ümumixalq problemi, həm də dövlət səviyyəsində
- birinci şəxs səviyyəsində həll olunmalı məsələdir.
Bizim milli kino mədəniyyətimiz bərpa
olunmalıdır. Kino tarixdir, mədəniyyətdir, ideoloji və
təbliğat vasitəsidir. Kino həm də böyük gəlir
gətirən sahədir. Bütün bunlar xalqın və
dövlətin birinci şəxsi səviyyəsində
xüsusi diqqətə və nəzarətə
götürülməlidir. Və mən inanıram ki, mənim
bu müsahibəmə başqa sənətkarlarımız da
qoşulacaq.
Zeynəb Mustafazadə
Olaylar .- 2025.- 25-31 iyul (¹25).- S.18.