“Türk” etnonimi və
törələri
Əvvəli
ötən saylarımızda
Tapınaqlar
və inanclar haqqında
İnsan
yarandığı gündən özünü axtarmağa
başlamış, nə üçün və necə
yaşamağı özündən soruşmuş, buna
uyğun simvollar qəbul etmişdir. Həyat axarının
çıxışını tapmayanda isə miflər, əfsanələr
yaratmışdır. Bəlkə də bu miflər, əfsanələr
həqiqətən mövcud olmuş və zaman keçdikcə
unudulmuşdur. İnsan hər şeyi bəsit həyatdan
başlayanda ağızdan-ağıza keçənlərə
inanmamış və danışılanları mif hesab
etmişdir.
Heç
şübhə etmirik ki, 40-50 min il bundan əvvəl bir
danışıq dili, protodil olmuşdur. Sonradan, 5-6 min il
bundan öncə protodil öz yerini yeni yaranmış dillərə
verəndə, boylar, oymaqlar, tayfalar bir-birindən min kilometrlərlə
uzaq düşəndə, onların öz dilləri
yaranmağa başladı və boy, yaxud soy mifləri, əfsanələri
özlərinə uyğun özününküləşdirib,
protodildə qalanları unutmağa başladılar. Heç
şübhəsiz ki, protodilin dövründə
yaşayanların uzayla (kosmosla) əlaqələri vardı və
onlar bundan istifadə edib özlərinin inkişaf mərhələsini
keçirdilər. Təsadüfi deyil ki, şumerlər və
mayalılar (Amerika) mükəmməl ulduz və günəş
sistemlərini bir-birindən xəbərsiz
yaratmışdılar. Platon öz əsərlərində
"əfsanəvi" Atlantida haqqında məlumat verir.
Leonardo da Vinçi gələcəyin uçaqlarının
eskizlərini çəkir və günümüzə bunlar
gəlib çıxır. Homerin "İlliada" əsərində
Turoba (Troya) şəhərini on doqquzuncu əsrin sonlarına
qədər "əfsanə" hesab etsələr də,
Şliman bu şəhəri tapır.
Kimin nə
deməsindən asılı olmayaraq insan nəslinin kosmosla
bağ əlaqəsi movcuddur və bu özünü
zaman-zaman göstərir.
Min illər
dövlətlərin nə işğal planları dəyişdi,
nə də silahları. Min illər qılınc, qalxan,
ox-yay, əmud, nizə, balta, qalxan silahları,
döyüş geyimləri dəyişmədi. Ancaq son
yüz ildə hər şey dəyişdi, xüsusən də
son qırx ildə "sürətli dəyişmələr"in
qarşısında duruş gətirə bilmirik.
Yerdəki
insanlara texnologiyanı inkişaf etdirmək üçün
informasiyalar ötürülür.
Bunu qədim
misirlilərin bizə miras qoyduğu "uçan
boşqab" təsvirləri də göstərir.
Təsəvvür
edin ki, yer kürəsi üç ölçülü
zamanda deyil, dörd-beş ölçülü zamanda
yaşayır.
Biz
hal-hazırda üç ölçülü zamandan dörd
ölçülü zamana keçid dövrünü
yaşayırıq və təbiidir ki, bunun insanlığa
xeyri olduğu kimi fəsadları da göz
qabağındadır. Güclü ilə gücsüzün
müharibəsi, "virus"ların savaşı, iqlim dəyişikliyi,
hibrid savaşı və bir azdan kosmik müharibələr adi
hala çevriləcək. Gənc nəsil bir neçə ildən
sonra su qıtlığının və bunun uğrunda gedən
müharibələrin şahidi olacaq.
Bir də
təsəvvür edin ki, Yer kürəsində harasa bir
"uçan boşqab" enir
və oradan skafandrada "qumanoid" düşür.
Yeri gəlmişkən, ötən əsrin doxsanıncı
illərinə qədər belə hadisələri rəsmi
orqanlar insan təxəyyülünün məhsulu
sayırdılar və buna "uydurma", yəni mif deyirdilər.
On
üçüncü əsrdə o qumanoidi yerdə görən
insan fikirləşərdi ki, onun yanına "Allah" gəlib.
"Allah"ı "görən" insan qorxusundan səsini
çıxarmırdı. Yaxud bilirdi ki, ona heç kim
inanmayacaq, ya da küfr danışdığına görə
dini konfessiya tərəfindən təqib olunacaq. Söz yox ki,
yüksək və ali dərəcədə inkişaf
etmiş qumanoid gəldiyi kimi də yoxa çıxacaqdı.
Amma,
beş-altı min il əvvəl insan özünün mifoloji
dünyabaxışını yaratmış və bu dünya
baxışında türk insanları təktanrını
başqa xalqlardan fərqli olaraq ortaya
çıxarmışdır. Bu həm də qədim
türklərə imkan vermişdir ki, sosial həyatda
yaşamlarını inam kimi törə biçiminə
uyğunlaşdırsınlar. Sonradan törə inamları,
yaşam tərzi mifologiyadan dinə keçid alanda gerçəkləşdirdi.
Bu
baxımdan qədim türklərin mifologiya
dünyagörüşü çox zəngindir. Belə ki,
"Zaman-Məkan", "Yaranış",
"Ölüb-dirilmə", "Yaşam ağacı və
Yaşam suyu (dirilik suyu)", mifləri, eyni zamanda rəqəmlər
(say), rəng, simvollar haqqında miflər günümüzə
qədər gəlib çıxmışdır.
Qədim
türklərdə yaranışından, sosial yaşamda yaranmış
törələrlə yanaşı kosmik düzənə aid
Göy, Yer-sub, Dağ, Ağac kultları da mövcud olub. Bu,
türklərin ilkin inanc yeri, tapınaqları olub. "Dədə
Qorqud" dastanında, elə indinin özündə də
ilkin inanclara uyğun olaraq "Göy haqqı", "Yer
haqqı", "Su haqqı", "Dağ haqqı",
"Ağac haqqı" kimi andiçmələr var. Bu ondan
irəli gəlir ki, ta yaranışından əski türklər
özlərini Göy və Yerlə vəhdət hesab ediblər,
onların bir parçası olublar. Elə indinin özündə
də müxtəlif bölgələrdə bəzi
ağacları türklər müqəddəs hesab ediblər,
ziyarətə gediblər və gedirlər, ağaca müxtəlif
rəngli parça kəsikləri bağlayıb arzu edər,
əhd tutarlarmış. Elə indinin özündə də
Naxçıvana "Əshabi-Kəhf" ziyarətinə
gedəndə əhd edib bəlli bir yerdə dayanılır. Əgər
qayadan su damcısı onun başına düşərdisə,
deməli ürəyində tutduğu arzu həyata keçəcək.
Belə misalları çox çəkmək olar, hətta bu
kimi hadisələr xristianlarda, yəhudilərdə və digər
dinlərə tapınan xalqlarda da var. Bu onların
inancıdır və bu inancları islam və digər dinlər
də əllərindən ala bilməyib, qılınc, zor
kömək etməyib. Türklər təkcə Tanrıya
bağlı deyildir, həm də onun yerdə
yaratdığına, təbiətə bağlı idilər.
Qədim türklər təbiətin onlara Tanrı tərəfindən
verildiyinə inanır və onu kulta çevirirdi. Onlar
ildırımı Tanrının silahı hesab etmişlər.
İldırım vuran ağacı tapınaq kimi qəbul
etmiş və ziyarətə gəlmişlər.
Türklərdə
müqəddəs (qutsal) ata məzarlıqları da
vardır, indi də mövcuddur. Hətta islam dini də
türklərin qədim inanclarını əllərindən
ala bilməyib. İslam dini yenigün (novruz) bayramını qəbul
və qeyd də etmir. Amma yeni gün birinci günündə
insanlar məzarlığa axışır, ölənlərilə
bayramlaşırlar. Əski türklər, elə indinin
özündə də inanırlar ki, ölənlərin
ruhları bu dünya ilə o dünya arasında bağ
yaradır, əlaqə qurur.
Herodot
yazır ki, Dara iskitlərə (skiflərə) hücum edəndə
onlar döyüşmürdülər, sadəcə olaraq
ucu-bucağı görünməyən bozqırlarda
(çöllərdə) yoxa çıxırdılar. Dara
onlara xəbər göndərir ki, mənimlə niyə
döyüşmürsünüz, yoxsa məndən
qorxursunuz?
Ona belə
cavab verirlər ki, biz heç kimdən qorxmuruq, bozqırlarda
bizdən güclüsü də yoxdur. Əgər sən
bizimlə döyüşmək istəyirsənsə, o zaman
bizim qutsal (müqəddəs) məzarlığımızı
dağıt, onda bizim necə döyüşçü
olmağımızı öz gözlərinlə görərsən.
Elə də olur. Bir sözlə, əcdad kultuna bu gün də
sayğı ilə yanaşılır, nəsildən-nəsilə
ötürülür.
Kosmoqonik
miflər bəzən real nəticələrini də verir,
gün, ay, il saylarını və fəsili, gecə-gündüzü,
günortanı, ölçünü sistemləşdirməyə
imkan verirdi. Bunlar burada da özünü göstərirdi.
Çünki türk xalqlarının mifologiyasında,
etnoqrafiyasında, folklorunda, inam və inanclarında,
kultların yaranmasında göy cisimlərinin (Gün, Ay,
Ulduz) önəmli rolu və ağırlığı
vardır. Təsadüfi deyil ki, əcdadımız olan
Oğuz xanın altı oğlundan üçünün
adı Gün, Ay və Ulduz qədim kosmoloji baxışlara və
biliklərə bağlıdır.
Prototürklərdən
gələn və günümüzə qədər bəzi
türk boylarında istifadə olunan Göy və Yer-su
kultudur.
Eyni
mifologiya həm qədim türklərdə, həm də
şumerlərdə mövcuddur, yəni əvvəl bir olan
Göy və Yer, sonradan ayrılmış, aralarına hava
doldurulmuş, su və od isə insana təkcə həyat mənbəyi
olmamış, həm də yaşam mənbəyi və
dünya baxışı vermişdir. Yenigünün də
(Novruzun) başlanması bu mifoloji sistemlə bağlı olsa
da, sonradan reallıqda bunu bayram kimi qeyd etmişlər və
indi də edirlər.
Qədim
türklər Tanrını göydə yerləşdirir və
hər hərəkətlərində, elə hesab edirdilər
ki, onunla özləri arasında bağlılıq var. Əgər
törələrə əməl edilməzsə, bu
bağlılıq yoxa çıxa bilər. Tanrı və
Göy türklərdə qutsal (müqəddəs) hesab
edilirdi və belə düşünülürdü ki, xaqana
hakimiyyət Göydən gəlir və o Tanrı və
Göy tərəfindən seçilmişlərdəndir. Əgər
xaqan seçilmişlərdəndirsə, deməli onun soyu,
boyu da seçilmişlərdəndir. F.Ağasıoğlu
yuxarıda adını çəkdiyimiz kitabda yazır:
"Prototürk ata yurduna gəlib 5-6 min il öncə
buradakı türklərdən "Tanrı"
sözünü alan sumerlər kimi, çinlilər də həmin
sözü buradan 3-4 min il öncə doğuya köçən
türklərdən almışlar. Çin qaynaqlarını
araşdıran uyğur türkü A.İnayət yazır
ki, çin dilində Tanrı və Göy sözləri
türk dilindən alınmadır. Türk dillərində bu
iki polisemantik söz mifoloji qavramdan süzülüb gəldiyi
üçün metaforik deyimlərdə hər ikisi
"qutsal" anlamla görünür: "Gök tenri,
Tanrıxan, Göktürk, Gökböri. Elam yazısında
da Kuk (Göy) Tanrı adı keçir."
Qədim
türklərdə Göy "ata" kimi, Yer isə
"ana" kimi qəbul edilirdi. Bu baxımdan torpağa, vətənə
indinin özündə də "Ana torpaq", "Ana vətən"
deyirik.
Yer də
öz növbəsində iki yerə bölünürdü:
yerüstü və yeraltı. Prototürklərin mifoloji
dünya baxışlarına görə həm yer
üstündə, həm də yeraltı dünyada həyat
mövcuddur və onlar bir-birlərinin işlərinə
qarışmırlar. Bəzi rəvayətlərə görə,
yer öküzün, tısbağanın, balinanın
üstündə duruş gətirir. Göylə Yer
arasında göyü saxlayıb üstümüzə
tökülməyə qoymayan dirəklərdir, yəni
dağlardır. "Sumer mifində Yerlə Göy
arasındakı dirəyə "duranki" deyirdilər."
Yenə
sumer mifologiyasında yerüstü sahibin adı "Enki",
yeraltı dünyanı idarə edən "Yereşkiqal"
adlanır.
Qədim
yunan mifologiyasında da buna bənzər rəvayətlər
mövcuddur. Belə ki, yunanlar belə hesab edirdilər ki, yer
altında gözü qanla örtülmüş, heç bir
qayda-qanun tanımayan "tartar"lar yaşayırlar.
Çingiz xanın dövründə monqol-tatarlar Avropaya ayaq
basanda din xadimləri belə hesab etdilər ki, Allahın qəzəbinə
gəliblər və yeraltı dünyanın qapısı
açılaraq "tartarlar", yəni "tatarlar"
yerin üstünə çıxıblar.
Bundan əlavə
əski türklərdə "Dağ-daş", "Yada
daş", "Ağac", "Od və Ocaq",
"Qılınc", "Təbiət", "At",
"Təkə, qoç-qoyun və maral", "İlan, əjdaha
və bağa", "Bozqurd" kultları mövcud
olmuş və hər kulta onlar qutsal olaraq baxmışlar.
Yunus
OĞUZ
Olaylar.-
2025.- 13-19 iyun,¹20.- S.12.