“TÜRK” etnonimi və
törələri
Əvvəli ötən saylarımızda
Bozqurd kultu
Ta qədimdən bütün kultlar
içində bozqurd (börü, aşina) kultu daha çox fərqlənir.
Belə ki, qədim türklərin inancına görə
bozqurdlar Marsın yerdəki simvoludur və bozqurd onların əcdadı
sayılır. Bəzi kultlar günümüzdə gündəmdən
çıxsa da bozqurd kultu bu gün türklər arasında
daha da genişlənir.
Bu kult bir çox ölkələrdə simvol
(simgə) rolunu oynayır. Etrusk və italyanlarda dişi qurd onların simvoludur.
Skandinaviyada əcdadlarına "Börü" deyilir,
oğlunun adı isə Tordur. Almanlar badələri bir-birinə
toqquşduranda "sum volf" deyirlər, yəni qurdun şərəfinə.
"Qurd"
sözü toponim, etnonim, hidronimlərdə hələ də
qalmaqdadır. "Göybörü" anlamının da rənglə
heç bir əlaqəsi yoxdur və əski türklər belə
hesab edirdilər ki, o ağ işıqla göydən enib və
onlara yol göstərib, xilaskar rolunu oynayıb. Təsadüfi
deyil ki, islamaqədərki dövrlərdə, müharibə
zamanı türklər bayraqlarının (tuğların)
uclarına qurd başı taxırdılar.
Qurdu
başqa heyvanlardan fərqləndirən cəhətlərdən
biri də onun etnoqrafik xüsusiyyətləridir. Belə ki,
dastanlarda, nağıllarda, hətta şeirlərimizdə,
deyimlərdə də qurdun adı çəkilir, insan
özünü onunla müqayisə edir.
Qurdu
söymək və ona qarğış etmək yaxşı əlamət
hesab edilmirdi, hətta günah sayılırdı. "Qurd
üzün mübarək" deyimi
şanlı anlamına gəlirdi, qorxmaz, cəsur adama
"qurd ürəkli" söylənilirdi. Ac adama isə
"qurd kimi acımış", qorxmazlığı ilə
seçilən cavanlara "qurd ürəyi yeyib",
ağıllı, tədbirli insanlara "qoca qurd" deyimlərindən
indi də istifadə olunur.
"Kitabi
Dədə Qorqud" dastanında "əzvay qurd əniyinin
erkəyində bir köküm var", "qara başım
qurban olsun qurdum sana", "...qurd ilə xəbərləşim",
N.Gəncəvidə, "Koroğlu" dastanında,
B.Vahabzadənin, M.Arazın, X.Rzanın, R.Behrudinin, M.Yaqubun və
başqalarının şeirlərində qurd haqqında
bol-bol deyimlərə, söyləmələrə rast gəlmək
olar.
Bəs bu
xüsusiyyətlər nədən ibarətdir?
1. Bozqurd özgürdür,
azadlıq sevəndir. Tələyə düşəndə pəncəsini
çeynəyib qopardır və azad olur.
2. Bozqurd əhliləşmir.
3. Bozqurd fəsillərə
(çağlara) görə həyat (yaşam) tərzi
sürür. Belə ki, törəmə, nəsilartırma
zamanı oturaq, köçəri heyvanların və
quşların arxasınca ova gedərkən köçəri,
dəyişkən həyat tərzi keçirir.
4. Bozqurd qorxmur.
5. Bozqurd pusquda gözləmir.
6. Yetim qalan qurd balasına sahib
çıxır, ona qayğı göstərib bəsləyir.
7. Bozqurd xəyanəti
bağışlamır.
8. Bozqurdun dişisi ölərsə,
ailə qurmur, yalquzaq yaşam tərzinə keçir.
9. Sürüyə, davara hücum edərkən
yalnız birini boğazlayıb aparır. Canavar isə digərlərini
ya boğub öldürür, ya da yaralayır.
10. Bozqurd ovuna yeddi saniyədən
çox baxarsa onu ovlayır.
11. Bozqurddan ovu qorxmasa,
özünü döyüşə hazır göstərərsə
ona toxunmur, çəkilib gedir.
12. Bozqurd dalaşarsa, dişi qurd gəlib
yanında, boğazının altında (qurdlar boğazdan
yapışır) dayanarsa, digər qurd savaşdan əl
çəkir.
13. Bozqurd sürüsündə
başda cavanlar, ortada qocalar və xəstələr, sonda isə
sürü başçısı dayanır. "Qurd
taktikası" döyüşünü türklər qurdlardan
götürüb, adına "Turan taktikası" verilib.
Belə ki, aypara halında düşməni ortaya salıb,
çevrəni sonda qapadırdılar.
14. Bozqurd məğlub olana qədər
deyil, ölənə qədər savaşır.
15. Bozqurd məğlub ola bilər,
amma əyilməz, ovlanar, həbsə düşməz.
16. Bozqurd heç vaxt təkbaşına
hərəkət etməz. Sürü onun üçün
kollektiv xarakter daşıyır.
17. Yaşadığı əraziyə,
ailəsinə, öz növündən digər qurda təcavüz
olarsa, qəzəbli qurdun qarşısını heç kim
ala bilməz.
18. Qurdun ulaması birliyə
çağırışdır.
Məhz
bu xüsusiyyətlərinə görə bozqurdlar türklərə
bənzədilir və türklərin simvolu (simgəsi)
sayılır.
Göründüyü
kimi dünyanın bir çox yerlərində, harada
yaşamasından asılı olmayaraq, türk əsilli
insanlar, yaxud türk dillərinə bölünən
qrupların demək olar ki, hamısının bu və ya digər
şəkildə simgələri (simvolları) Bozqurddur.
Beləliklə
türk dilləri altı
qrupa bölünür:
1. Oğuz qrupu - Azərbaycan,
türk, türkmən, qaqauz və Balkan türklərinin dilləri;
2. Qıpçaq qrupu - qazax,
Qaraqalpaq, qırğız, Altay, Noqay, Krım
tatarlarının dilləri;
3. Bulqar dil qrupu - Kazan tatar,
başqırd, Qaraçay - balkar, kumık və qaraim dilləri;
4. Karluq-uyğur qrupu - özbək,
yeni uyğur, sarı uyğur və salar dilləri;
5. Uyğur - oğuz qrupu - Tuva,
tafalar (karaqas), xakas, şor, Baraba tatarları və
Çulım tatar dilləri;
6. Çuvaş-yakut qrupuna yalnız
iki qrup daxildir - çuvaş və yakut.
Göründüyü
kimi türklərin bütün Avrasiya arealına
yayılmasına baxmayaraq, Bozqurdu simgə (simvol) seçməsinin
iki əsas səbəbi vardır.
1. Bozqurdun başqa heç bir
canlıda olmayan xüsusiyyətləri, özəllikləri,
üstünlükləri, ov tərzləri (taktikası), cəsurluğu
və s.
2. Bozqurdun yer mənşəli
olmaması, yəni göy mənşəli (gökqurd) -
qutsal (müqəddəs) olması.
Sonda
bütün yazılanları ümumiləşdirərək
belə qənaətə gəlmək olar ki, türk
inanclarına görə Bozqurd simgəsi (simvolu) özündə,
əsasən üç funksiya cəmləşdirir:
1. Əcdadlarının göydən
ağ işıqla enməsi;
2. Çətin vaxtlarda,
savaşlarda, yol göstərən hami, yəni rəhbər;
3. Türklərin ruh
bağlılığına görə xilaskar.
Və
bunu araşdırmaçı
İmran Verdiyevin "Bozqurd-Azadlığın və cəsarətin
simvoludur" məqalənin iqtibası (sitat) ilə bitirirəm:
"Türk
(Oğuz) - qurd münasibətlərinin arxaik
semantikasının araşdırıcıları da türklərdə
qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər.
"Kitabi Dədə Qorqud"dakı qurdun Salur Qazan tərəfindən
"ər" adlandırılması ("Qarla
yağış yağanda ər kimi duran") faktı
Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini
göstərir. Hər iki obraz "ər" semantemində
birləşir. Türklər də qurd kimi hər zaman qorxmaz,
azad və sərbəst olmağa, öz dövlətinə,
ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə
hesablaşmağa, dar gündə özünü kollektivin
bir üzvü kimi görməyə üstünlük
vermiş, "Tanrı Milləti" olduqlarını dəfələrlə
sübut etmişlər."
Türk
duası
"Ulu
Tanrı!
Hər
şeyi yaradan Tanrı!
Yenilməz,
yıxılmaz, ölməz, bitməz, yox olmaz Tanrı!
Suyu
donduran, buzu əridən, buzdan su yaradan, suyu çaya
çevirən, çaydan göl yaradan, göldə balıq
gəzdirən Tanrı!
Quru dərələri
dolduran, ota, ağaca can verən, otdan, ağacdan çiçək
çıxardan, arıya bal verən Tanrı!
Günümüzü
aydın edən, gecəmizi ulduzlarla süsləyən
Tanrı!
Bizə
yeni bir il bəxş edən Tanrı!
Bu il bizə
bol ver, bolluq ver!
Otumuzu,
otlağımızı bol et!
Atlarımızı,
quzularımızı bol et!
Yağımızı,
südümüzü, pendirimizi, qımısımızı
bol et!
Yağışımızı,
suyumuzu bol ver!
Ovlağımızı,
ovumuzu bol ver!
Qızımızı,
oğlumuzu bol ver!
Anamızı,
balamızı, oğlumuzu, qızımızı, gəncimizi,
yaşlımızı, bu Yer üzərində qara qüvvələrdən
qoru, Uca Tanrı!
Yayımızı
hədəfə tuşla, oxumuz hədəfə dəysin,
qılıncımızı kəskin
et!
Biləklərimizi
gücsüz, ürəklərimizi ümidsiz qoyma!
Yaz
keçsin yay gəlsin, yaydan sonra payız gəlsin. Payız
xalqıma ağırlıq gətirməsin!
Türk
çoxalsın, yaşam tərzimiz bəy kimi olsun!
Ac,
çılpaq qalmasın, həmişə dirilik olsun!
Türk
dövlətsiz olmasın, Türk xalqı başsız
qalmasın, Türk xalqı törəsiz olmasın! Türk
xalqını qoru!
AMİN!"
SON
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 20 iyun-3 iyul, ¹21.- S.12.