Açdım
gözlərimi işığa yenə...
Baş açmadım ürəyimdən,
Dərdə, ələmə uduzdum.
Boyun əydim taleyimə,
Əydim, şələmə uduzdum.
Dərə, təpə, dağ dolaşdım,
Qismət gəzdim, baxt dolaşdım,
Yazdım başıma iş açdım,
Susdum, qələmə uduzdum.
Ömrün başına dolandım,
Səbrin xoşuna dolandım,
Eşqin oduna qalandım,
Söndüm, külümə uduzdum.
Zaman baxmadı sözümə,
Durdu vaxt-bivaxt üzümə,
Bir quyu qazdım özümə,
Düşdüm tələmə, uduzdum.
Qədərdən qaça bilmədim,
Qərq oldum heçə, bilmədim ,
Yolumdan keçə bilmədim,
Gedib gələnə uduzdum.
Baş açmadım ürəyimdən,
Dərdə, ələmə uduzdum.
Boyun əydim taleyimə,
Əydim, şələmə uduzdum.
**
Addım -addım ölçürəm şəhəri,
Kölgəm də mənimlə addımlayır.
Ölçürəm adamları, yolları, maşınları,
Ağacları , binaları, səkiləri .
Qarğalar məni addım səslərimdən tanıyır,
Kölgəmə qaçır yiyəsiz küçə itləri.
Başımın üstündə səma,
Ayağımın altında torpaq yeriyir.
"Kimsə arxamca danışır"-
Qulağım cingildəyir.
Addım -addım keçirəm şəhərin tarixini,
Küçələri , reklamları,
Afişaları, heykəlləri, şəkilləri...
İçimdə tutub saxlayıram nəfəsimi,
Ürəyim ovcumda döyünür.
Gözümün qabağında
rəng verib rəng alır adamlar,
saxta gülüşlərdən diksinir
divarlar, daşlar, ağaclar, quşlar.
Addım -addım yeriyirəm qaranlığın üstünə,
Qürubun şəkli düşür dənizə,
Nə yaxşı dəniz var..
**
Bir payız nağılıydı,
Ayrılıq qoxuluydu,
Sərsəmdi, yuxuluydu,
Gözümdə azdı getdi,
Bu sevgi göyərmədi.
Dərd yoğurdu, qəm əkdi,
Yerdən, Göydən nəm çəkdi,
Bir didərgin küləkdi,
Ruhumda əsdi getdi,
Bu sevgi göyərmədi.
Bəlkə də sınaq idi,
Tənəydi, qınaq idi,
Bir qəfil qonaq idi,
Xəzandan küsdü getdi,
Bu sevgi göyərmədi.
**
Min notda ağlatdı duyğular məni,
Ovundum
bir misra baxışın altda.
Göz
yaşım asıldı kirpiklərimdən,
İslandım bir qərib yağışın altda,
Bir vüsal
doğuldu gözümdə yenə.
Göynədi,
duz səpdim yaramın
üstə,
Əl atıb
yapışdım ağrılarımdan.
Söz-söz,
heca-heca axıb duruldum,
Sıyrılıb qurtardım qorxularımdan,
Bir vüsal
doğuldu gözümdə yenə.
Didib parçaladım tərəddüdləri,
Yolumun üstündən çəkildi həsrət.
Güzarım təzədən sevgiyə
düşdü,
Təzədən üzümə güldü məhəbbət,
Bir vüsal
doğuldu gözümdə yenə.
Bir ümid
boy atdı əzablarımdan,
Bir ocaq
qalandı külümdən, Allah.
Az
qala özümdən yıxılacaqdım,
Son
anda qayıtdım ölümdən, Allah,
Bir vüsal
doğuldu gözümdə yenə.
**
Qeybdən bir səda
gəldi,
Kimsə adımı
çağırdı.
Yüyürdüm
adıma sarı,
Büdrədim,
durdum, yıxıldım,
Adıma
çata bilmədim.
Ürəyimi
məşəl etdim,
Hamı
yığıldı başına.
Hərə
bir daş atıb
qaçdı,
Gücüm
çatmadı daşıma,
Dadıma çata bilmədim.
Əlim
özümdən üzüldü,
Asılıb
qaldım gümandan.
Ümid etmədim
sabaha,
Qərq oldum keçmiş zamanda,
Vaxtıma çata
bilmədim.
Sevgini
dayazda tapdım,
Dərində tapmadım, neynim.
Tanrını
Göydə axtardım,
Yerində tapmadım, neynim,
Baxtıma çata
bilmədim.
**
Yanvar yağışından
asılıb qalıb iyundan qalan
arzular,
Üşüyür bulud
evində.
Üstünü şaxta örtüb, qırov
basıb,
Didərgindi yerlə göyün arasında.
Bir himə bənddi çiliklənib
tökülsün üzüaşağı səma
yuvasından .
Amma qorxusu
yoxdu heç nədən --
nə
yağışdan, nə
küləkdən..
Yanvarın boğazında ilişib qalacaq uzaqbaşı,
Şükür hələ ki, diridi..
nə
bilmək olar,
ölümlə
olumun tən ortasında
bir də
gördün gün çıxdı, buz əridi..
**
Gah küləkdən, gah yağışdan adlayıb,
Gah enişdən, gah yoxuşdan adlayıb,
Ürəyini hərə bir cür odlayıb,
Ümidini hərə bir cür
qırıb hey,
İçimdəki qərib hey!
Göz dikiblər
taleyinə , baxtına,
Od vurublar "Ömür "
adlı taxtına,
Həsrət düşüb gözəl-göyçək vaxtına,
Vüsalını şaxta-sazaq vurub hey,
İçimdəki qərib
hey!
Doymayıblar qeybətindən , qalından,
Qova
-qova döndəriblər yolundan,
Yıxılanda tutmayıblar qolundan,
Addımbaşı bir xəyanət görüb hey,
İçimdəki
qərib hey!
Keçiriblər min tənədən , qınaqdan ,
Min
qarğışdan, min nifrətdən, min ahdan,
Yorulanda
hayıf çıxıb varaqdan,
Heça-heça
nəfəsini dərib hey,
İçimdəki
qərib hey!
**
Bu külək nə yaman dəli olubdu,
Neynirəm
, əl çəkmir telimdən
, Allah.
Saçlarım ovcunda
əsir kimidi,
Bir xəta
çıxacaq əlindən , Allah.
Gah göyə uçurur , gah tumar
çəkir,
Gah dağıdıb tökür , gah
hamar çəkir,
O da məhəbbətin belə
car çəkir,
Qoparır dünyanı yerindən , Allah.
Telimlə sözlənib bu gün bu külək,
Bəzənib, süstlənib bu gün bu külək,
Nə
yaman hirslənib bu gün bu külək,
Qoymur nəfəs alım
dərindən, Allah.
Gah
sevib oxşayır mələk diliylə,
Dəniz dalğasıyla, çiçək
diliylə ,
Saçımla danışır külək diliylə
,
Baş
aça bilmirəm dilindən, Allah.
Bu külək
nə yaman dəli olubdu,
Asılıb
qalıbdı telimdən ,Allah.
Saçlarım
ovcunda əsir kimidi,
Bir xəta
çıxacaq əlindən,
Allah.
**
Ulduzlar gecəyə, işıq səhərə,
Ürək məhəbbətə qaçır min ildi.
Vüsal ayrılığa , göz
xəyanətə,
Sevgi itaətə qaçır min ildi.
Zaman
hey fırlanır ömrün başına,
Nə
bahar dəyişir yerini
, nə qış .
Sevinc də
, kədər də qoşa yeriyir,
Küləyi küləkdi, yağışı
yağış.
Buludlar səmadan asılıb qalıb,
Ağaclar torpaqdan
yapışıb durub.
Dəniz
qayalara pənah gətirib,
Dağlar bir - birinə sarmaşıb durub.
Dəyişə
bilməyib yolunu heç nə,
Duman adətindən,
sel adətindən.
Nə
sazaq yerini günəşə verib,
Nə
Günəş
qalıbdı hərarətindən.
**
Açdım gözlərimi işığa yenə,
Açdım səhər ilə qoşa , günaydın.
Günaydın ötüşən qar dənəsinə,
Başının
üstəki qışa günaydın.
Sakitcə zülməti soyundu ruhum,
Səhərin
nurunda yuyundu ruhum,
Günəş
paltarını geyindi ruhum,
Sarıldı torpağa, daşa, günaydın.
Xəzəllər təzədən çiçəyə
döndü ,
Ağaclar huriyə, mələyə döndü,
Xəyallar arzuya, diləyə döndü,
Döndü bir
qanadlı quşa, günaydın.
Sazağım
sevindi, buzum sevindi,
Cığırım sevindi,
izim sevindi,
İşığa
düşdükcə gözüm sevindi,
Sevincdən tökülən yaşa günaydın.
Açdım gözlərimi işığa yenə,
Açdım
səhər ilə qoşa ,günaydın.
Günaydın ötüşən qar dənəsinə,
Başının
üstəki qışa
,günaydın.
**
Bu yol neçə qışdan , bahardan
keçib,
O dərədən keçib , bu
yaldan keçib,
Neçə
ayrılıqdan , vüsaldan keçib,
Nələrdən keçməyib yol olanacan?
Vurub
dağa, daşa
özünü gəzib,
Çəkib
yerin, göyün
nazını , gəzib,
Heç
vaxt qatlamayıb dizini
, gəzib ,
Dolanıb özünə sarılanacan.
Uzana
-uzana incəlib bu yol,
Döyülə
-döyülə dirçəlib bu yol,
Elə ayaq
üstə dincəlib bu
yol,
Yüyürüb
nəfəsi daralanacan.
Belində nə qədər yükü var ,Allah,
Günahı
, əzabı , görkü var, Allah,
Bu yol ağrı çəkib o ki var , Allah
Özünə
yol tapıb, yol alanacan.
**
"Natəvan"
haqda düşündüklərim..
Şairi
addım səslərindən tanıyar,
Rəngli
-rəngli yalanları eşitdikcə rəng verib rəng alar,
Susqunluğunda bir nida
var,
Qapısı alqışa , pəncərəsi qaranlığa açılar.
Balaca
işıq gördümü ,
gözləri
gülər,
Ürəyindən
keçənləri bir Göydəki,
bir də özü bilər.
Çəpik səslərinə diksinər xəyalları,
Ayağı yer tutsa yüyürər azadlığa sarı.
Bir yanda
Xan qızı Natəvanın xatirəsi,
Bir yanda ordenli ,medallı adamların söz hikkəsi.
Burda adamın üzünə durar
söz
oğurlayıb söz satanlar,
Boğazdan yuxarı "Vətən "
şeirlərində sevgidən
başqa hər şey var.
**
Addımlayıram tütün qoxuyan küçəni üzü
dənizə sarı
Başımda külək , ayağımda payız
, xəyalımda bahar.
Ağaclar da
yeriyir mənimlə ,
binalar da .
Yanımda dolaşır rəngli -rəngli adamlar ,
dodaqlarında qeybət , yerişində əda,
qollarında təklik, gözlərində
nida,
Çiyinlərində çanta, barmaqlarında mesaj ,
baxışlarında giley-güzar.
Hamısı yorğun, hamısı nigaran,
Hamısı yarımçıq, hamısı
natamam..
Bəziləri
Göyündən,
Bəziləri yerin dibindən baxır adama.
Bəziləri əynindən , başından,
bəziləri cibindən baxır adama.
Yazığım gəlir
şəhərə, küçəyə,
Bahara,
özümə , küləyə....
**
İndi adamlar yox ,yollar darıxır,
Ağaclar,
çiçəklər, yarpaqlar,
tikanlar, kollar darıxır.
İndi həsrət
əsir zamanın başı
üstə,
Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar..
Daş
ömrü yaşayır bütün dünya,
Hara
baxırsan daşdı.
Ürəklər
daş , küçələr daş,
Binalar
daş , hasarlar daş.
Başına
daş yağır,
Yoluna
daş çıxır, üzünə daş baxır.
İndi
adamlar yox, xəyallar darıxır,
İçində
məhəbbət, saçında
sığal, ruhunda bahar .
Hərdənbir naguman
sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd,
qolunda qandal.
Üzü
qışa gedir bütün arzular,
Başında
qovğa, dilində külək,
Gözündə
yağış,əynində sazaq.
İndi adamlar
yox, kitablar darıxır,
Arasında yalın -yalavac misralar,
Nöqtələr,
nidalar ,suallar...
**
Hərdən
küsər qafiyələr adamdan,
Misra
-misra , heca- heca ağlayar.
Düşüb
sınar o bacadan, bu damdan,
Ağrısını quca-quca
ağlayar.
Gah arzudan
, gah həvəsdən
yıxılar,
Gah
baxışdan, gah nəfəsdən
yıxılar,
Gah o səsdən , gah bu səsdən
yıxılar,
Sözdən sözə keçə -keçə
ağlayar.
Sevdalanar
, qış qapını kəsdirər,
İnadlaşar
, "kaş" qapını kəsdirər,
Xəyalları sətir-sətir gəzdirər,
Heç nə
tapmaz, durub heçə
ağlayar.
Gözə girər
varaq -varaq şeirlər,
Sınıq
- salxaq , yüngül -yaraq
şeirlər,
Gündüz
sərsəm, gecə oyaq
şeirlər
Uçan
vaxta, gedən köçə
ağlayar.
**
Nə
ağırmış ömür
boyu, İlahi
O
baxışdan, bu baxışdan yıxılmaq.
Qismətinə
, taleyinə qul olub,
O
naxışdan , bu naxışdan yıxılmaq.
Baxarsan
ki, ürəyini dərd yeyib,
Öz bəxtini
öz içindən qurd
yeyib,
Ağır dərddi
duasında kiriyib ,
O
alqışdan, bu
alqışdan yıxılmaq.
Nə
danışsan , hardan keçsən söz olur,
Aləm dəyir
bir birinə , toz olur,
Payız vaxtı
yenə dərdin az olur,
Çox çətindi qarlı qışdan
yıxılmaq.
Göz
yaşında
boğulmağa nə var
ki,
Ölüb
, bir də doğulmağa nə var ki,
Dağdan
, daşdan yıxılmağa nə var ki,
Yaman
şeydi aldanışdan yıxılmaq.
**
Bu
bahar ayrı donda gəldi ömrümə ,neynim
Ürəyimin
özümdən küsən çağında gəldi.
Gözlərimin kədərə , qəmə susayan vaxtı,
Saçımda ayrılığın süsən çağında gəldi,
Darıxdım.
Bu
bahar çiçəkləri könlümü oxşamadı,
Baxışlarım gəzmədi çəmənin ,
çölün üstə.
Ürəyimdən keçmədi bahara
sevdalanmaq,
Durnalar qayıtmadı geriyə
dəstə-dəstə,
Darıxdım.
Pəncərəmə
qonmadı bir sərçə təbəssümü,
Məni salamlamadı qaranquşlar bu bahar.
Günəşin şəfəqləri isitmədi
könlümü,
Ayağımı
yol yordu, ürəyimi intizar ,
Darıxdım.
Bu
bahar ayrı rəngdə qayıtdı mənim üçün,
Bu
bahar ümidlərim göyərmədi
nədənsə.
Həsrətimə bələndi küsəyən şeirlərim,
Hamı
bahara açdı qapısını , mən isə
Darıxdım.
Təranə Dəmir
Olaylar.-
2025.- 9-15 may, ¹16.- S.23.