“Naşirlərin
göylərə qaldırdığı
kitablar zibil yığınıdır”
"Ədəbiyyatdan uzaqlaşan cəmiyyətin
gələcəyi necə
olacaq?"
Bu sual
günümüzdə getdikcə
daha çox səsləndirilir. Texnologiyanın
sürətlə inkişaf
etdiyi, sosial media platformalarının hər saniyə diqqət uğrunda mübarizə apardığı
müasir dövrdə
bədii ədəbiyyatın
kölgədə qalması
bəziləri üçün
təəssüf, bəziləri
üçünsə artıq
təbii hal sayılır. Xüsusilə
də gənc nəsildə bu uzaqlaşma daha kəskin şəkildə
hiss olunur.
Son illərdə aparılan müxtəlif sorğular və müşahidələr göstərir ki, gənclər arasında bədii ədəbiyyat oxumağa maraq getdikcə azalır. Bəziləri bu azalmada təhsil sisteminin rolunu vurğulayır - bədii əsərlərin yalnız mətn kimi təqdim olunması, müəllimlərin sırf imtahan yönümlü yanaşması, qiymət üçün əzbərlədilən ədəbi biliklər və sair. Digərləri isə problemin kökünü ümumi mədəniyyətin, ailə tərbiyəsinin və cəmiyyətin dəyərlər sisteminin dəyişməsində görür. Axı bir gəncin kitabla münasibəti ətrafdakı dünyadan, gördüyü nümunədən və aldığı mesajlardan çox asılıdır.
Bədii ədəbiyyat yalnız keçmişin güzgüsü deyil, həm də gələcəyin formalaşmasında mühüm rola malikdir. Ədəbiyyat empatiya bacarığını inkişaf etdirir, insanı başqasının acısını, sevincini hiss etməyə vadar edir, daxili aləmi zənginləşdirir. Bu xüsusiyyətlər isə XXI əsrin informasiya dolu, amma mənəvi baxımdan bəzən boş görünən dünyasında daha da vacibdir.
Müsahimiz yazıçı, şair, publisist Aqşin Yenisey mövzu ilə bağlı suallarımızı cavablandırıb.
-Aqşin bəy,
bugünkü gənclərin
bədii ədəbiyyata
münasibətini necə
dəyərləndirirsiniz?
-Biz Amerikanın yoluxdurduğu kütləvi mədəniyyət dövrünü yaşayırıq. Avropa artıq bu mədəniyyətin boş və mənasız bir küy olduğunu görüb və ondan imtina edir. Elitar mədəniyyətə qayıdış çağırışları eşidilir. Artıq universitetlər də yalnız şirkətlər üçün kadr yetişdirən emalatxana olmamaq üçün yollar axtarırlar. Gənclərin nəinki ədəbiyyata, elitar mədəniyyətin hər bir növünə biganəliyi neoliberal bazar dəblərinin tələsinə düşmələriylə bağlıdır. Onları bu dəblərin hücumundan qoruyacaq heç bir fəlsəfi, əxlaqi, mədəni qalxana sahib deyilik. Görünür, növbəti gənclik ordusunu qurban verməli olacağıq. Ancaq bu müvəqqəti qurbanvermə olacaq. Artıq ölkəmizdə neoliberal dəyərlərin istismar aləti olduğunu anlayan gənclərimizin sayı artmaqdadır.
-Müasir dövrdə gənclər
daha çox motivasiya kitablarına yönəlir, klassik və ya müasir
ədəbiyyat isə
arxa planda qalır. Bu dəyişimin səbəbi
nədir - ehtiyac, yoxsa təqdimat forması?
-Motivasiya modern kölənin qamçısıdır. Motivasiya ilə müasir insanlar özləri özlərini qamçılayır ki, sürətlə ayaqlaşa bilsinlər, ehtiyaclarından çox qazanmaq üçün daha çox işləsinlər. Bu, könüllülük prinsipi əsasında formalaşdırılmış quldarlıq quruluşunun təzahürüdür. Pul hər şeydirsə, heç bir şey önəmli deyil. Neoliberal kapitalizm bazar dəyərlərini müqəddəsləşdirmək üçün bütün müqəddəs dəyərləri sosial şəbəkələr vasitəsi ilə pornoqraflaşdırır. Bu hal bütün dünyada baş verir. Amma buna müqavimət də artıb. Artıq Avropa fəsləfəsi cari xoşbəxtliklərə deyil, əzab verən sevgilərə üz tutur.
-Bədii ədəbiyyatın gənclərin
emosional və intellektual inkişafında
hansı rolu olduğunu düşünürsünüz?
Bu rolu gənclərə
çatdıra bilirikmi?
-Bu gün bədii ədəbiyyatın özü belə neoliberal konyukturanın diqtəsi ilə yazılır və olduqca təhlükəlidir. Cari və qurşaqdan aşağı mövzular oxucunun emosional və intellektual inkişafını təmin edə bilməz. Hisslərin çılpaqlaşdırılması, istehlakçılığın azadlıq və xoşbəxtlik kimi sırınması insanları bazarlaşdırır. Ona görə gənclər nə oxuduqlarına diqqət etməlidir. Bir zamanlar ədəbiyyatda necə yazmaq önəmliydi, bu gün nə yazmaq təbliğ olunur və o "nə" mənəviyyatı olmayan insanın cari həyatıdır. Diqtə olunur ki, məşhurlaşmaq, cari sürətlə ayaqlaşmaq üçün insan mənəvi yükdən azad olmalıdır. Gənclər özlərinə məna və dəyər qazandıran ədəbiyyatı oxumalıdır. Naşirlərin göylərə qaldırdığı kitablar zibil yığınıdır.
-Təhsil sistemində bədii ədəbiyyatın tədris
forması gənclərdə
maraq yaratmaq əvəzinə onu öldürür deyə düşünənlər çoxdur.
Sizcə, bu fikirdə həqiqət payı varmı?
-Bu fikir də təhsilə soxulmuş bazar fikridir. İntellektual həzz duyğusundan məhrum böyüyən uşaq, sadəcə, nəticədə bioloji fərdə çevrilir. İçində bir dəyər yaratmayan insan çölünü dəyərlərlə zənginləşdirir. Çölü zənginləşdirən dəyərlər isə bazar markalarıdır. Təhsili və tədrisi ədəbiyyatdan, fəlsəfədən arındırmaq gələcəyin bazara insanlarını yaratmaq hiyləsidir. Təəssüf ki, bəzən müəllimlər şagirdlərdən daha tez bu hiyləyə uyur. Əslində, cəmiyyətimizi müasir ədəbiyyatdan daha çox müasir çağın problemlərini araşdıran sosiologiyaya ehtiyacı var. Nə yazıq ki, cəmiyyətimiz müasir sosiologiyanın araşdırmalarından xəbərsizdir. Byuq Çul Xan kimi sosioloqları oxuyan olsa, əminəm ki, minlərlə insanımız özlərini necə bir mənəvi, psixoloji, əxlaqi iyrəncliyin fərqinə varıb peşman olacaqlar. Ancaq bu sonrakı peşmanlıq olacaq.
Aqşin Yenisey
Müsahibəni
apardı:
Səidə Ramazanova
Olaylar.- 2025.- 23-29 may, ¹18.- S.18.