Cəfər Cabbarlı-“tanımadığımız”
Cəfər
Repressiya tarixini araşdıran zaman Cəfər Cabbarlı ilə
bağlı maraqlı məqamlar diqqətimi cəlb etdi. Onu
qeyd etmək lazımdır ki, Azərbaycanın ictimai fikir
tarixində Cəfər Cabbarlı əvəzsiz xidmətlər
göstərməklə bərabər, millətin
ağrılarına da heç zaman biganə qalmayıb. Sovet ədəbiyyatşünaslığında
o, birtərəfli şəkildə sovet
yazıçısı, dramaturqu, rejimin tərənnümçüsü
kimi təqdim olunmuşdu. Əslində hər şey təqdim
olunduğu kimi deyildi. Cəfər Cabbarlı 15 ilə
yaxın sovet sistemində yaşayıb yaradıcılıqla
məşğul olsa da, heç zaman təqiblərdən
qurtulmayıb.
Cəfər Cabbarlının 1917-ci ildə yazdığı "Trablis müharibəsi
və ya Ulduz”, "Ədirnə fəthi” kimi pyesləri və
ümumilikdə onun yaradıcılığının alt
qatında olan məqamlar totalitar rejim dövründə müəllifin
başına bəla gətirdi. Onun bəzi əsərləri
"pantürkist”, "panislamist” təmayüllü mövzu
kimi sovet rejimi tərəfindən qamçılandı.
Cəfər Cabbarlının qızı
Gülarə Cabbarlının illər
öncə mediaya verdiyi bir müsahibəsinə rast gəldim.
(Azərbaycan müəllimi. 2010. 30 aprel. S.11.) Gülarə
xanım bildirib: “Atamı həmişə pantürkizmdə
günahlandıraraq onu həbs etmək üçün məqam
axtarmışlar.1923-cü ildə onu bir neçə dəfə
təhlükəsizlik orqanlarına
çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər
vermişlər. Atamın "Ədirnə fəthi" və
"Ulduz" ("Trablis müharibəsi") əsərlərində
Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi
əsas yer tutur. Elə buna görə də ona amansız
işgəncələr vermişlər. Bütün bu və
digər məsələlərlə bağlı təqiblərdən,
əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam
heç bir dostunun adını çəkməmişdir.
Tutarlı faktlar tapmasalar da, atamı daim incitmişlər. Bəlkə
də onun az yaşamasına səbəb elə bu təqiblər
olmuşdur”.
Kifayət qədər məhsuldar,
zəngin yaradıcılığı
olan C.Cabbarlı maddi sıxıntılar
içərisində yaşayıb. Qızı Gülarə
xanım yenə həmin müsahibədə atasının
ağır güzəranına nəzər salıb:
“Şurabad bağlarında bizim də bağımız
varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə
gedirdik. Cəfər isə burada lap çox işləyirdi.
Özü də bağda şəraitimiz pis idi.
Alaçıqda yaşayırdıq. Cəfər əsərini
burada lampa işığında, dizinin üstünə bir
taxta parçası qoyub yazırdı”.
Cəfər Cabbarlının "Bakı müharibəsi” əsərində
1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr,
erməni daşnaklarının azərbaycanlılara
qarşı zülmləri təsvir edilir, başda Nuru
paşa olmaqla xilaskar türk ordusunun şəhəri erməni
vəhşilərindən xilas etməsi haqqında söhbət
açılırdı. Sonradan bu əsər yoxa
çıxır.
Cəfər Cabbarlının həbs
olunmasının digər səbəblərindən
biri onun Mirzə Bala Məmmədzadə və Əbdül
Vahab Yurdsevər kimi istiqlalçı insanlarla dostluq etməsi,
onlarla birlikdə gizli şəkildə milli dəyərlərə
söykənən “İstiqlal” qəzetini çap etdirməsi
olub. “İstiqlal” qəzeti 18 ay - 1922-ci ilin aprelindən
1923-cü ilin oktyabrın 5-dək fəaliyyət göstərmiş
və 18 sayı işıq üzü görmüşdü.
Qəzetin sonuncu -19-cu nömrəsi isə sovet rejimi əməkdaşları
tərəfindən müsadirə olunmuşdu. Bu gün həmin
hadisələrə, Cəfər Cabbarlının
bütün sferalarda mücadiləsinə sakit şəkildə
baxmaq mümkündür. Lakin o zaman, qəddar sovet rejimində
belə işlər görmək böyük cəsarət tələb
edirdi. Fenomen şəxsiyyət öz haqq yoluna hər zaman
sadiq qalaraq öz intellektini millətə sərf etməyə
çalışdı. Cəfər Cabbarlı bəlkə də
dinc bir dövrdə yaşasaydı onun ömrü qısa
olmazdı, daha möhtəşəm əsərlər
ortalığa qoyardı.
Professor
Asif Rüstəmli (“Cəfər
Cabbarlı və Milli
İstiqlal Hərəkatı” kitabı, səh.88.) yazır:
“Cəfər Cabbarlı 1923-cü il iyun ayının 14-də
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
pleniumunda çox işlədiyi üçün axşam evə
yorğun gəlmişdi. MİK-in materialları üzərindəki
işi gecə saat 12-yə qədər uzanmışdı.
Küçə qapısının qəfil döyülməsi
onu fikrindən ayırdı.
Çağırılmamış silahlı qonaqlar evi
mühasirəyə almışdı. C.Cabbarlı onları təmkin
və təəccüblə qarşıladı,
ünvanı səhv saldıqlarını bildirdi.
Axtarışı həyata keçirən komissar Danilyan Azərbaycan
ÇK-sının sədri Mir Cəfər Bağırovun
yenicə imzaladığı 202 saylı orderi ona təqdim
etdi. Cəfər gözlərinə inanmırdı”.
Asif Rüstəmli "Cəfər
Cabbarlı və Milli
İstiqlal Hərəkatı” kitabında fikrini davam etdirərək
yazır: “Arxiv sənədləri diqqətlə nəzərdən
keçirildikcə həbsxana divarları arasında fiziki
zorakılığa məruz qalan, qol-qabırğası
sındırılan, lakin mənən sınmayan, mətanət
və iradə nümayiş etdirən gənc ədibin ləyaqətinə
və şəxsiyyətinə heyran qalmamaq mümkünsüzdür.
O, ən ağır və dözülməz şəraitdə
dostlara və uğrunda mücadilə apardığı ideala
xəyanəti təsəvvürünə gətirmək
duyğusundan belə uzaq idi. Xüsusilə Mirzə Bala ilə
bağlı suallar cavabsız qaldığı
üçün Cabbarlıya qarşı intensiv "işgəncə
kursu” oktyabrın 5-dən 13-dək davam etdirilmişdir”.
Qeyd etmək lazımdır ki,
C.Cabbarlını sovet
yazıçısı, totalitar quruluşun təbliğatçısı
etmək üçün rejim ona davamlı təzyiqlər
edirdi. Lakin onun yaradıcılığında,
düşüncəsində milli ruh, millətin taleyi,
ağrıları hər zaman əsas hədəf olub. Onun
yaradıcılığına, həyat yoluna nəzər
saldıqda bir oxucu olaraq bizə aydın olur ki, Cəfər
Cabbarlı hələ uşaq yaşlarından əhalinin
ağır vəziyyətinə, cəmiyyətin sosial təbəqələşməsinə
həssaslıqla yanaşıb. Gördüyü bu
ağır yük, insanların məşəqqətli həyat
tərzi təbii ki, onun ürəyində fəsadlar
yaratmalı idi. Görünür, bu yükə onun ürəyi
yalnız 35 il dözə bildi. Qısa ömürdə dahi
insan nə qədər işlər görə bildi. Əminliklə
demək olar ki, Cabbarlı bütün intellektini cəmiyyətə
sərf edə bilmədi.
Əkrəm Bəydəmirli
Olaylar.-
2025.- 3-9 oktyabr, ¹34.- S.16.