İnsan, yurd və
ana dili
Mahirə Nağıqızının 65
illiyinə ikinci yazı
Salam
olsun, çox dəyərli oxucum! Söhbətimizi
qaldığımız yerdən davam edirik.
Hekayələr
Mahirə
Nağıqızının hekayələrində (hekayətlərində) diqqəti çəkən əsas
xüsusiyyət mövzuların həyatın özündən
götürülməsidir. Onun qəhrəmanları sadə
insanlar - kənd qadınları, ziyalı
xanımlarımız, ailəsinin
yükünü çiyinlərində daşıyan analar, həyatın
keşməkeşləri ilə mübarizə aparan
övladlar, vətən həsrəti ilə yaşayan insanlar
və gündəlik qayğıların arasında
yaşamağa çalışan sadə insanlardır.
Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər
kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi
ilə bədii mətn arasında körpü yaradır:
"Hamı nənəyə təskinlik verməklə bərabər,
hökmən qurban kəsməli olduğumuzu
xatırladırdı və mən təəccüblənirdim
ki, nəyə görə qurban kəsilməlidir. Ağamdan
bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda
nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad,
görünür, yol boyu Validədən lazım olan məlumatları
almışdı deyə, kiməsə əlavə sual vermədən
ərik ağacının altında, xırda kilimin
üstündə uzadılmış Vəliyə
yaxınlaşdı. ..."
("Sandal")
Mahirə
xanımın "İpək köynək", "Saz
havası", "Sandal", "Mənim çəkmələrim"
və digər bu qəbildən olan hekayətləri necə deyərlər,
"adamın iliyinə işləyir."
Hekayələr
(hekayətlər) haqqında olan yazıda bu barədə daha ətraflı
söhbət edəcəyik.
Məqalələr
Mahirə
Nağıqızının publisistik məqalələrinin əsas
məziyyəti onların oxucu ilə canlı ünsiyyət
qurmasıdır. Onun yazılarında quru faktlardan daha
çox hadisələrin arxasındakı mənalar, insan
taleləri, milli yaddaşın izləri ön plana çəkilir.
Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm
də iştirakçısı kimi görür.
Xüsusilə
son dövrlərdə Qərbi Azərbaycan mövzusunda
yazdığı publisistik məqalələri
(çıxışları) soydaşlarımızın
maariflənməsi və gələcəyə ümidlə
baxması yolunda atılan uğurlu addımlardan biri kimi qəbul
olunmalıdır. Milli mənsubiyyət məsələsi,
yurd həsrəti və qayıdışa inam, dil problemləri
(ana dilimizin qayğıları) onun yazılarının
(çıxışlarının) özəyini təşkil
edir:
"Hər
bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət
və adət-ənənəsini nəsildən-nəsilə
ötürən ən vacib vasitə onun ana dilidir. Azərbaycan
xalqının da milli kimliyinin, mənəvi
varlığının ən böyük dayaqlarından biri
onun dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi
deyil, xalqımızın keçdiyi tarixi yolun,
formalaşdırdığı zəngin mədəni irsin,
yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin
daşıyıcısıdır." (25 aprel 2025, adpu.edu.az)
Məqalələrdən
bəhs edən bölümdə bu barədə daha
detallı şəkildə məlumat verməyə
çalışacağam.
Mahirə
Nağıqızı oxucunu həm sakitləşdirən, həm
də düşündürən şairdir (yazardır). Onun
yaradıcılığı müasir əhvalatları, şəxsiyyətin
incə məqamlarını və cəmiyyətin dəyişən
üzünü poetik bir dillə, rəvan təhkiyə ilə
səlis şəkildə ifadə edir. Mahirə
xanımın şeirləri və hekayələri adi həyat
fraqmentlərindən başlayıb özündə
böyük mənalar ehtiva edən dəyərli əsərlərə
çevirilə bilir. Oxucu hər dəfə o əsərə
müraciət edəndə yeni qatlar kəşf edir. Bu səbəbdən
də onun yazdıqları sadəcə oxunmamalı - hiss edilməli,
danışılmalı və nəsillər arasında
ötürülməlidir.
BAYATILARI
HAQQINDA
Azərbaycan
xalq poeziyasının ən möhtəşəm incilərindən
biri bayatıdır. Dörd misralıq, lakonik formaya malik olsa
da, bayatı minilliklərin yaddaşını, xalqın dərdini,
sevincini, amalını özündə cəmləyən zəngin
bir xəzinədir. Bu poeziya janrında hər sözün
çəkisi var, hər misranın arxasında bir dünya
dayanır. Məhz bu səbəbdəndir ki, bayatı
xalqın ruhunu, milli varlığını qoruyub saxlayan
müqəddəs söz yadigarı kimi yaşayır və
bu gün də çağdaş şairlərin
yaradıcılığında öz bədii-estetik
gücünü qorumaqdadır.
Azərbaycan
ədəbiyyatının zəngin folklor xəzinəsində
xüsusi yer tutan bayatılar əsrlər boyu xalqın ruhunu,
ağrısını, sevincini, hikmətini özündə
yaşadıb. Bu qədim janr həm xalqın
yaddaşını qoruyur, həm də bədii təfəkkürün
saf forması kimi nəsillər arasında körpü
yaradır. Müasir poeziyada da bu milli irsin
davamçıları var. Onlardan biri də istedadlı
şairə Mahirə Nağıqızıdır - onun
bayatıları həm milli ruhu yaşadır, həm də
müasir insanın düşüncə və
duyğularını ifadə edir.
Mahirə
Nağıqızının bayatı
yaradıcılığı, ilk növbədə, xalqın
səsinə, təfəkkür tərzinə söykənir.
O, bayatılarda xalqın dilini, onun metaforik düşüncə
tərzini, ruhunun incə titrəyişlərini duymağı
bacarır. Onun bayatıları el dili ilə yazılsa da, orada
dərin mənəvi qatlar, fəlsəfi duyğular, vətən
sevgisi və insan təbiətinə xas saf hisslər gizlənib.
Mahirə
Nağıqızının bayatıları ilk növbədə
xalq ruhunun daşıyıcısıdır. Onun
bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi,
aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər
ifadədə təbiilik özünü göstərir. Bu
bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq
da, ana torpağa - dilə
bağlılıq da. Şairə xalqın
yaratdığı bu miniatür formanın imkanlarından məharətlə
istifadə edir, az sözlə dərin mənanı
çatdırmağı bacarır:
Sordum
yaşını, dünya,
Çatma
qaşını, dünya.
Kimi kəsdi
göbəyin,
Kimi
başını, dünya.
Bu kimi
bayatılar sadə görünür, amma arxasında bir
xalqın sevgi fəlsəfəsi, gözlənti mədəniyyəti
və təbiətlə vəhdəti dayanır. Şairə
xalq danışığının ruhunu qoruyur, lakin onu
müasir bədii düşüncə ilə birləşdirir.
Mahirə
Nağıqızı bayatı formasına yeni nəfəs gətirən
sənətkarlardandır. O, ənənəvi poetik
ölçüləri saxlayaraq müasir insanın
duyğularını, qadın qəlbinin sükutlarını
və dövrün ağrılarını ifadə edir. Onun
bayatıları sanki həm keçmişin səsi, həm də
bu günün nidasıdır.
Bu
yaradıcılıqda ana, dil, yurd və sevgi motivləri əsas
yer tutur. Bayatılarda ana obrazı müqəddəslik rəmzidir,
dil və yurd isə kimliyin təməlidir. O, hər bir
sözündə milli ruhun daşıyıcısı kimi
çıxış edir.
Mahirə
Nağıqızının bayatıları oxucuya həm
sükunət, həm də mənəvi dərinlik bəxş
edir. Onlarda nə süni pafos var, nə də bəzəkli
ifadə - hər şey səmimi, təbii və
yığcamdır. Bu, həm də şairənin sənətkarlıq
ustalığını göstərir: az sözlə
çox məna demək bacarığı onun
poeziyasının əsas gücüdür. Onun
bayatıları yalnız dil-üslub baxımından deyil, mənəvi
və fəlsəfi yükünə görə də diqqət
çəkir. Bu bayatılarda insan anlayışı - onun
daxili aləmi, mənəvi kamilliyi, sevinc və kədəri,
vicdanı və taleyi - əsas mövzulardan biri kimi ön
plana çıxır.
İNSAN
Mahirə
Nağıqızının bayatıları insanın mənəvi
bütövlüyünə, onun varlıq anlamına
işıq tutur. Şair üçün insan yalnız bioloji
varlıq deyil, düşünən, duyan, yaradan bir ruhdur. Onun
bayatılarında insanın Tanrıya
yaxınlığı, vicdanla yaşamın dəyəri,
halallıq və mərhəmət kimi anlayışlar əsas
yer tutur.
Məsələn,
belə bir bayatıda bu düşüncə aydın duyulur:
Dayanıb
marığında
Gülləsi
darağında
Fələk,
yenə gəzirsən
De kimin
sorağında
Bu
misralarda insanın təbiətə, həyata və sevgiyə
bağlılığı poetik dildə ifadə olunur. Mahirə
Nağıqızı üçün insan həm
ağrıdan, həm sevgidən doğulur - yəni onun
kamilliyi sınaqlardan keçir.
Mahirə
Nağıqızı insanı təkcə sevgi və
duyğu varlığı kimi deyil, məsuliyyət
daşıyan bir varlıq kimi təqdim edir. Onun
bayatılarında insan öz əməllərinə,
sözünə və davranışına cavabdehdir. Bu, Azərbaycan
xalq poeziyasının mənəvi qaynaqları ilə səsləşir:
Fələk,
yenə gəzirsən
De kimin
sorağında.
Bu
bayatıda insanın mənəvi mühakimə mərkəzi
kimi vicdan anlayışı ön plana çıxır.
Şair insanı içindəki səsə qulaq asmağa,
düz yol seçməyə çağırır.
Mahirə
Nağıqızının bayatılarında insan təbiətdən
ayrı deyil - o, təbiətin bir parçası, onun
canlı simasıdır. Dağ, çay, külək,
quş, gül, dəniz kimi təbiət obrazları
insanın daxili halını ifadə edən poetik vasitələrdir.
Bu son iki misranın təsirində qıvrılarkən
(sözün əsl mənasında - 06.10. 2025 saat 04:48) lap
çoxdan "Bilsin" adlı şeirimin son iki
misrasını qeyri - iradi xatırlayıram: Dünyadan nə
gəlsə bizə, Arar bizi, bizi bilsin...
Maraqlıdır
ki, filologiya elmləri doktoru, professor Zahid Xəlil Mahirə
Nağıqızının bayatılarını ayrıca təhlil
etdiyi geniş məqaləsində bu bayatı haqqında
özünün xüsusi qənaəti olduğunu bildirir: -
"Mahirə xanım bəzi bayatılarında sonda deyiləcək
fikri əvvəlki misralara gətirməklə diqqəti cəlb
edir.
İlk
iki misranı oxuyanda gözümüzün qabağına
belində patrondaşı, çiynində tüfəngi
olan,ovunu izləyən (ovunun marığında dayanan)
ovçu canlanır. Son iki misra isə taledən,onun qəzavü
qədərindən danışır.Bu bayatılar göstərir
ki, şair folklor ənənələrini izləməklə
yanaşı ondan korkoranə bəhrələnmir, xalq ədəbiyyatına
yaradıcı yanaşır."
Məncə
ümumi qənaət burada insanın təbiətlə eyni
taleyi yaşaması, onun hisslərinin təbiət hadisələri
ilə səsləşməsi duyulur.
Mahirə
Nağıqızının bayatılarında insan həm bəşəri,
həm milli dəyərlərin
daşıyıcısıdır. O, xalqın
vicdanını, sədaqətini, mərhəmətini və
azadlıq istəyini öz varlığında cəmləyir.
Şairin poetik dünyasında insan Tanrı ilə, təbiətlə,
vətənlə və öz vicdanı ilə daim
dialoqdadır. Mahirə Nağıqızının
bayatıları oxucunu daha saf, daha düşüncəli və
daha mərhəmətli insan olmağa səsləyir.
YURD
Azərbaycan
poeziyasında bayatı janrı xalqın ruhundan,
yaddaşından süzülüb gələn bənzərsiz
bir ifadə formasıdır. Hər bir bayatıda həm
sevinc, həm nisgil, həm də Vətənə
bağlılıq duyğuları öz əksini tapır.
Mahirə Nağıqızının
yaradıcılığında da bu ənənə müasir
tərzdə davam etdirilir. Onun bayatılarında yurd və Vətən
həsrəti aparıcı xətt kimi keçir və oxucunu
dərin duyğular aləminə aparır.
Mahirə
Nağıqızı Vətəni təkcə torpaq, dağ,
çay kimi deyil, ana yurd, mənəvi dəyərlər,
xalqın ruhu kimi görür. Filologiya elmləri doktoru,
professor Məhərrəm Hüseynov Mahirə xanımın
bayatıları haqqında yazdığı geniş təhlil
məqaləsində bu məqamı xüsusi
vurğulayır: - "Təbiətə,
ana yurda tükənməz sevgi Mahirə
Nağıqızının bayatı
yaradıcılığının əsas leytmotivlərindən
biridir." Onun
bayatılarında doğma yurddan uzaqlıq, itirilmiş kəndlərin,
dağların, obaların həsrəti sətirlərin
arasından boylanır. Bu həsrət bəzən sakit bir
sızı kimi, bəzən isə alovlu bir fəryad kimi
duyulur:
Hər
yanın çeşmədi, dağlar,
Suların
seçmədi, dağlar.
Dünyada
çox şeydən keçdim,
Bir səndən
keçmədim, dağlar.
Bu kimi
bayatılar sadəcə kədər ifadə etmir, həm də
Vətən sevgisini qorumaq, onun azadlığına inamı
itirməmək kimi bir çağırış
daşıyır. Mahirə Nağıqızının
söz dünyasında yurd həsrəti ilə yanaşı,
dönməz ümid, xalqın ruh gücü və torpağın
müqəddəsliyi də yer tutur.
Onun
bayatıları həm də köklərə
bağlılıq, doğma elin unudulmaması ideyası ilə
zəngindir. Bu bayatılarda yurdun hər daşı, hər
çiçəyi, hər nəfəsi doğmadır,
müqəddəsdir:
Qismətim
ilmədi, dağlar,
Qəm
yazdı, silmədi, dağlar.
Dərdim
anamdan savay,
Kimsənə
bilmədi, dağlar.
Təkcə
bu bayatı haqqında səhifə-səhifə yazılar
yazmaq olar. Və ya mənim bu sicilləmə yazımı elə
bu dörd misra tam əvəz etmək qüdrətindədir.
Bu bayatıda ilk növbədə Tanrı misalı Dağlara
xitab (bu barədə "Dağlar" haqqında olan məqaləmdə
Dədə Ələsgərin "Dağlar"ı üzərindən
geniş yazım var) diqqət çəkir. Bayatının məzmununa
gəlincə bu dörd misrada insan da var, yurd da var, dil də. Bu misralarda təkcə həsrət
deyil, həm də dönüş arzusunun poetik inikası
görünür. Şairin ruhu doğma yurdsuz tam ola bilmir,
sanki onun nəfəsi də Vətən havasına
bağlıdır. Bu bayatıda bir fərd - insan öz şəxsi problemləri
ilə barabər Yurdun harayına qalxır və bu nisgili
özünəməxsus kəlmələrdən ibarət
dili ilə anladır.
Beləliklə,
Mahirə Nağıqızının yurd həsrətli
bayatıları Azərbaycan xalqının tarixi
yaddaşını, torpaq sevgisini, milli ruhunu yaşadan mənəvi
xəzinədir. Onun bayatılarında yurd həsrəti - həm
bir xalqın ağrısı, həm də ümidi kimi səslənir.
Ancaq bütün hallarda böyüklüyündən
asılı olmayaraq, istənilən dərdin, nisgilin, bəlanın
izharında milli mənsubiyyət, mərdanəlik, qürur
özünü bariz şəkildə göstərir:
Eləmə,naşı
dillənər
Hər kəlməbaşı
dillənər
Deməyə
kəlmə tapmaram
Gözümün
yaşı dillənər.
Bu barədə
giriş məqaləsində qısa bir qeydim var idi. Zahid Xəlil
Mahirə Nağıqızının bu bayatısı
haqqında belə yazır:
"Bu
gün Mahirə xanımın bir bayatısını oxudum.
Oxudum və düşündüm.Yadıma saldım
ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən
biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd
Mahirə Nağıqızı Azərbaycan xalq ədəbiyyatının
dərin köklərindən qidalanan, milli ruhu, vətən
sevgisini və dilə sədaqəti
yaradıcılığının əsas xəttinə
çevirən istedadlı şairlərimizdəndir. Onun
bayatıları sadəcə poetik nümunələr deyil, həm
də xalqın mənəvi dünyasının, milli
kimliyinin ifadəsidir." Xüsusilə ana dili mövzusu
Mahirə Nağıqızının bayatılarında həm
mənəvi, həm də milli bir amal kimi ön plana
çıxır.
Sona qədər
həmsöhbət olduğunuz üçün təşəkkür
edirəm. Bu mövzuda üçüncü - şeirlər
haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü
Olaylar.-
2025.- 10-16 oktyabr,¹ 35.- S.18.