Bütün dünya
musiqiləri, əslində,
muğama söykənib-
Babək Niftəliyev
Azərbaycan musiqisi yalnız səsdən ibarət deyil. O, xalqın ruhunu, tarixini, mədəniyyətini və duyğularını daşıyan bir xəzinədir. Məncə, hər bir xalqın musiqisi onun kimliyini, həyatını və hisslərini əks etdirir. Bizim musiqimiz isə həm tarixi, həm də emosional baxımdan çox zəngindir. Xalqımızın qədim zamanlardan bəri yaratdığı musiqi əsərləri yalnız ritm və not deyil, həm də dərin həyat təcrübəsi, mədəni yaddaş və duyğu qatlarıdır. Bu zəngin musiqi ənənələrinin ən parlaq ifadələrindən biri muğamdır.
Muğam təkcə melodiyadan ibarət deyil, o, bir xalqın ruhunun, tarixinin və düşüncə tərzinin sintezidir. Hər bir muğam melodiyasında xalqın sevincini, kədərini, məhəbbətini və əzabını eşidirsən. Onun hər bir sətiri bir həyat hekayəsi, hər bir notu isə min illərin emosional yaddaşını daşıyır. Düşünürəm ki, muğamın əsas dəyəri onun ifaçısının ürəyindədir. Hər bir ifaçı muğamı yalnız texniki bacarığı ilə deyil, həm də onu dərinliklə hiss etməklə yaşadır. İfaçının səsi, ifa texnikası, pauzaları, melodiyanın axışını hiss etməsi - bütün bunlar muğamın ruhunu yaradır. Dinləyici isə bunu yalnız dinləməklə deyil, hiss etməklə anlayır. Muğam həm də xalq musiqisinin inkişafında unikal bir vasitədir. Onun fərqli şəbəkələr, modulyasiyalar və improvizasiya imkanları var. Hər ifaçının muğamı təqdim etmə tərzi fərqlidir, bu da muğamın canlılığını və davamlılığını təmin edir. Bir ifaçı muğamı oxuyarkən həm tarixi yadına salır, həm də onu öz emosional təcrübəsi ilə zənginləşdirir. Bu, musiqini yalnız dinlənilən bir sənət əsəri deyil, həm də yaşanan və paylaşan bir təcrübəyə çevirir. Musiqi təhsili və mədəniyyət tədbirləri də muğamın dəyərini qoruyur və onun gələcək nəsillərə ötürülməsini təmin edir. Musiqi məktəblərində və universitetlərdə muğamın öyrədilməsi, konsertlər və master-klasslar gənclərin bu sənəti dərindən dərk etməsinə kömək edir. Bu, yalnız ifaçılar üçün deyil, musiqisevərlər üçün də muğamın dərin anlamını açır. Muğam Azərbaycan musiqisinin dərinliyini, zənginliyini və çoxşaxəliliyini göstərən unikal bir sənət nümunəsidir. Onun melodiyaları və ritmləri xalqımızın duyğularını, tarixi təcrübəsini və mədəni irsini ifadə edir. Hər bir ifaçı, hər bir dinləyici bu sənəti yaşadıqca, muğam canlı qalır və öz dərinliyini qoruyur.
Muğamın dünya səhnəsində tanınması barədə daha dərindən fikir almaq üçün Azərbaycan muğam ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Babək Niftəliyev ilə söhbət etdik:
-Muğam Azərbaycan musiqisinin ən dərin
ifadələrindən biridir. Sizcə, muğamın əsas
ruhunu qoruyub dinləyiciyə çatdırmaq
üçün hansı prinsiplər vacibdir?
- Muğamımız yetərincə böyük, nəhəng xanəndələr tərəfindən tanıdılıb və bu gün də tanıdılmağa davam edir. Bizlərə də üzərimizə düşən məsuliyyət var ki, bu dəyərli sənəti qoruyub gələcək nəsillərə düzgün şəkildə çatdıraq. Mən eyni zamanda Milli Konservatoriyanın müəllimiyəm və tələbələrimə də bu prinsipləri aşılayıram. Tələbələrimiz yalnız ölkə daxilində deyil, xaricdə də muğamın tanıdılması işində fəal iştirak edirlər. Onlar iştirak etdikləri müsabiqələrdə, festival və konsert proqramlarında muğamımızın incəliklərini, onun ruhunu və gözəlliyini dinləyicilərə çatdırırlar.
Muğamın yaşadılması və dünyada tanıdılması üçün ilk növbədə onu öz xalqımıza sevdirmək vacibdir. Bu, onsuz da dövlətimiz tərəfindən dəstəklənmiş və sevdirilmişdir. Qəzəlxanların yaradıcılığına baxdıqda, xüsusilə Əliağa Vahid Azərbaycan dilində çox gözəl əsərlər yazıb. Ərəbcə və farsca sözləri çıxarmaqla, onun əsərləri xalqımız üçün daha anlaşılan, daha yaxın və daha sevilən olub. Bu sözlərin sadələşdirilməsi muğamın sözlərinin xalq tərəfindən daha rahat qavranmasına, duyulmasına və hiss edilməsinə imkan verib. Muğamımızı bir tərəfdən xalqımıza sevdirən Əliağa Vahid olubdur - öz ana dilimizdə qəzəl yazan böyük qəzəlxanlarımız sayəsində bu sənət həm dilimizdə, həm də mədəniyyətimizdə möhkəmlənib. Bu gün də muğamımıza böyük diqqət və qayğı göstərilir. Muğam müsabiqələrinin, festival və tədbirlərin keçirilməsi, gənc ifaçıların dəstəklənməsi bütün bunlar təqdirə layiq işlərdir.
- Muğamın dünya musiqi səhnəsində
daha yaxşı tanıdılması üçün
hansı addımlar atılmalıdır?
- Muğamın daha yaxşı tanıdılması üçün ilk növbədə onu təqdim etməyin yaradıcı yollarını tapmaq lazımdır. Məsələn, biz qrup şəklində maraqlı improvizasiyalar təşkil edə bilərik. Xarici ölkələrə gedəndə, oranın populyar musiqiçiləri ilə birgə çıxış etmək böyük əhəmiyyət kəsb edi- istər caz ifaçısı, istər rok musiqiçisi, istərsə də hər hansı tanınmış yerli musiqiçi olsun. Belə sintez üsulu muğamı həm daha əlçatan edir, həm də fərqli musiqi janrları ilə birləşdirərək yeni dinləyici kütləsinə çatdırır. Bu yanaşmanın üstünlüyü odur ki, həmin ölkənin musiqi həvəskarları həm tanıdıqları sənətçinin ifasını dinləyir, həm də muğamın incəliklərinə qulaq asırlar. Beləcə, muğam yalnız Azərbaycan daxilində deyil, beynəlxalq səviyyədə də tanınır və sevilir. Çünki bütün dünya musiqiləri, əslində, muğamın üzərində söykənib.
- Beynəlxalq səhnələrdə
muğamı təqdim edərkən onun milli ruhunu qorumaq necə
mümkündür? Sizcə, bu balansı qorumağın ən
doğru yolu nədir?
- Xalq mahnılarımızdır,
muğamlarımızdır. Muğam elə bir sənətdir ki, improvizasiyadır. Elə
xanəndələrimiz var ki, onların improvizasiyasını
xüsusilə xoşlayıram. Şəxsən mən də
improvizasiyanı çox sevirəm. Ona görə də orada
maraqlı gedişmələr edə bilərəm.
Eyni
zamanda, milli ruhun qorunması üçün əsas prinsip
odur ki, xalq mahnılarımızın mahiyyətinə xələl
gəlməsin. Bu səbəbdən onların sözlərini
və melodiyasını dəyişdirməyə o qədər
də yaxşı baxmıram. Çünki belə dəyişikliklər
artıq əsərin orijinal mahiyyətinə zərbə vura
bilər və muğamın ruhunu tam olaraq çatdırmaq
mümkün olmaz. Beləliklə, balansı qorumağın ən
doğru yolu improvizasiyanı müvafiq ölçüdə,
əsərin əsas xüsusiyyətlərinə hörmətlə
etməkdir.
-Muğam
ifası tək texnika deyil, həm də duyğu və fəlsəfi
məna daşıyır. Sizin ifanızda bu harmoniyanı necə
yaradırsınız? İfaçı kimi uzun illər boyu
topladığınız təcrübənin muğamı
daha geniş auditoriyaya çatdırmaqda rolu nədir?
- Birinci
növbədə tamaşaçılarla, insanlarla səmimiyyət
çox vacibdir. İfaçı gərək öz səmimiyyətini
qoruyub tamaşaçıya ötürə bilsin.
Çünki yalnız texnika ilə deyil, insanın daxili hissi
və ruhi aləmi ilə də muğamın gözəlliyi
hiss etdirilir. Tamaşaçılar sənin səmimiyyətini
gördükdə, həm sənətinə, həm də
şəxsiyyətinə dəyər verirlər. Bu məncə,
muğam ifasının ən əsas şərtlərindən
biridir.
Bir də
geyim məsələsi çox önəmlidir. Biz ciddi sənətlə
məşğuluq, ona görə də görünüşə
diqqət yetirmək lazımdır. Mən tələbələrimə
də həmişə deyirəm: geyiminizə fikir verin, səhnədə
hər zaman kostyumda olun. Cins şalvarda muğam oxumaq təsiri
zəiflədir, tamaşaçıya lazım olan əzəməti
çatdırmır. Klassik tərzə üstünlük
vermək lazımdır. Biz bunu dədə-babadan
görmüşük: muğam ifaçıları ya milli
geyimdə, ya da kostyumda olublar və bu, həm sənətin, həm
də ənənənin hörmətini göstərir.
-
Muğamı öyrənmək uzun illər tələb edir.
Sizcə, müasir gənc ifaçılar üçün ən
çətin mərhələlər hansılardır? Gənc
ifaçılara muğamı dünyaya tanıtmaq
üçün nə tövsiyə edərdiniz?
- İndi
muğamı öyrənmək əvvəlkindən daha
asandır. Bizim dövrdə audiokasetlərin vaxtı idi,
internet yox idi. Ona görə çox çətinlik çəkirdik.
Bir lent tapmaq üçün günlərlə
axtarırdıq. Hər şey çox çətin idi, məlumat
məhdud idi. İndi isə şükür Allaha, internet
dövrüdür. Hər kəs internetdən yararlanır,
istədiyini axtarıb tapa bilir. İstədiyin muğam
ifasını, xanəndənin repertuarını rahatlıqla
tapırsan, qulaq asırsan, öyrənirsən. Bu, gənclər
üçün böyük üstünlükdür.
Dünyaya muğamı tanıtmaq üçün əsas
odur ki, gənclər klassik muğamı dərindən öyrənsinlər,
onun ruhunu, texnikasını və ifa ənənələrini
yaxşı mənimsəsinlər. Sonra isə öz fərdi
improvizasiyalarını etsinlər, yəni muğamı
yalnız təkrarlamaqla kifayətlənməsinlər, onu
öz yaradıcılıqları ilə zənginləşdirsinlər.
Bu, həm ifaçının inkişafı, həm də
muğamın dünyaya çıxması üçün
vacibdir.
Beləliklə,
muğam təkcə melodiyaların toplusu deyil,
xalqımızın ruhunun, mədəniyyətinin və
tarixinin canlı ifadəsidir. Hər bir ifaçı və hər
bir dinləyici bu sənəti yaşadıqca, muğamın dərinliyi
qorunur, onun milli ruhu yeni nəsillərə
ötürülür. Müasir dövrdə texnologiya və
qlobal əlaqələr gənclərə bu incə sənəti
öyrənmək və dünya səhnələrinə
çıxarmaq üçün böyük imkanlar təqdim
edir. Əsas olan isə muğamı sevgi ilə yaşamaq,
onun köklərinə hörmətlə yanaşmaq və
öz yaradıcılığı ilə zənginləşdirməkdir.
Bu yolla Azərbaycan muğamı yalnız milli xəzinə
olaraq qalmaqla kifayətlənməyəcək, həm də
dünya musiqi xəritəsində layiq olduğu yeri tutacaq, hər
kəsin qəlbinə toxunacaq bir sənət nümunəsinə
çevriləcək.
Zeynəb
Mustafazadə
Olaylar.-
2025.- 17-23 oktyabr, №36.- S.20.