Ömrün sınağı … və ya
düşüncənin yenidən doğuluşu -
Fazil
Mustafanın 60 yaşına...
Duyğunu düşüncəyə, düşüncəni
fikrə çevirmək,
fikrini yazmaq, yazdığını kitablaşdırmaq,
kitabını paylaşmaq,
paylaşdığına dair
tənqidi münasibətə
açıq olmaq - bu, heç də hər adamın bacardığı
məsələ deyil.
Belə bir yaxlaşım ayrı-ayrı
məmləkətlərdə və dönəmlərdə
cəsarət tələb
edib. Bax, belə cəsarətli fikir adamlarından biri Millət vəkili, Milli Məclisin öncə
(29.09.2023-23.09.2024) Mədəniyyət komitəsinin, hazırda isə İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Fazil Mustafadır.
Onun ömrü,
yaradıcılığı yalnız siyasətin və publisistikanın sərt yollarında deyil, həm də ideyaların yanar cəbhəsində keçib. Təsadüfi deyil ki, Fazil
bəy 60 yaşına
30 kitab, 30 min kitablıq şəxsi kitabxana və bu il çapdan
çıxmış trilogiya
-
"AZƏRBAYCAN: Qaranlıq
keçmişdən aydınlıq
tarixə", "Anladım.
Tanıdım. Yaşadım",
"Cəhalət gülləsi,
aydınlıq çiləsi"
ilə gəlib.
Yubilyarın axarıncı kitabı -
"Cəhalət gülləsi,
aydınlıq çiləsi"
- bir müəllifin yeni əsəri olmaqdan savayı bir yaşam təntənəsidir.
Açıq-aydın görünür ki, güllə səsi ilə başlayan yaşam öyküsü,
bir ideyanın aydınlıq manifestinə
çevrilə bilir.
Bəli,
Fazil Mustafanın
həyatı təkcə
siyasi taleyin deyil, düşüncə
cəsarətinin də
sınağından keçdi.
2023-cü ilin 28 martında baş verən (hamının yadında olan) terror aktı onun bədənini yaraladı, lakin ruhunu yenidən doğurdu, dirçəltdi...
O, həmin aktı
"Cəhalətin gülləsi"
adlandırdı. Çünki
bu atəş bir insana yox,
elə məhz düşüncəyə, azad
sözə, dünyəvi
dövlətçiliyə yönəlmişdi.
Bu kitabda
o, həmin hadisəni
fərdi ağrı kimi deyil, milli
bilincin, çağdaş
düşüncənin sınağı
kimi yozur.
Sətirlərində həm dövlət(çilik) fəlsəfəsi,
həm dinin mahiyyətinə dair kəskin incələmə,
həm də ruhun vətəncanlı, xalqcanlı dirənişi
var.
Bu, necə
deyərlər, "fiziki
güllənin mənəvi
cavabı"dır - çünki
Fazil Mustafa gülləni fikirlə, cəhaləti aydınlıqla,
qorxunu düşüncə
ilə cavablandıran
aydınlardandır.
"Cəhalət vurmaq, qorxutmaq, susdurmaq istəyir; aydınlıq isə oyatmaq, düşündürmək,
diriltmək anlamlarını
daşıyır." - Bu
sözlər Fazil bəyin axarıncı kitabına "Sözönü"ndəndir.
Bax, bu cümlə, əslində,
tək bir kitabın yox, bir ömrün fəlsəfəsi olmağı
haqq edir.
"Cəhalət gülləsi, aydınlıq
çiləsi" müəllifin
öncəki iki əsəri - "Azərbaycan:
Qaranlıq keçmişdən
aydınlıq tarixə"
və "Anladım.
Tanıdım. Yaşadım"
- ilə bir aydınlıq trilogiyasını
təşkil edir.
Birinci kitabda
o, milli tariximizin qaranlıq səhifələrinə
işıq saldı.
İkincisində, insanın öz vicdanı ilə dialoqunu qurdu.
Üçüncüsündə
isə, artıq həyatın özünü
düşüncənin ocağında
təhlil etdi.
Bu üç
kitab bir bütöv ruh xəritəsidir:
- birincisində millət danışır,
- ikincisində insan,
- üçüncüsündə isə düşüncə
özü.
Azərbaycanın çağdaş ideya
məkanında Fazil Mustafanın publisistik üslubu həm maarifçi, həm də dövlətçi
məktəbin davamıdır.
O, bir mütəfəkkirimizin
tənqidi ağlını,
digərinin dövlət
idealını, başqa
birinin mənəvi üsyanını bir xətdə birləşdirməyə
çalışır.
Fazil bəyin kitabları geriçi fars-molla kültürünə qarşı
doğma Türk-İslam
mədəniyyətinin və
qabaqcıl Batı düşüncəsinin birləşdiyi
məkana çağırış
dəyərindədir.
Bu, həm də müəllifin öz intellektual kimliyinin təsviridir: Gündoğarla
Günbatarın kəsişməsində
(yaxud qovuşmasında)
duran türk aydını... - O türk
aydını deyir ki, cəhalətə qarşı
kitabla silahlanmaq ən yaxşı alternativdir.
Bu minvalla, Fazil Mustafanın mübarizəsi
meydanda qalmır, masada - yazı masasının üstündə
davam və inkişaf edir.
Onun "gülləyə
qarşı kitab"
fəlsəfəsi çağdaş Azərbaycan
düşüncəsinin simvoluna
çevrilib:
"Mənim üçün o güllələrin
səsi çoxdan susub; amma aydınlığın
çiləsi hələ
də davam edir"...
Bu, həm
yaralanmış, həm
dirilmiş bir düşüncənin ifadəsi
deyilmi?
Cəhalət vurur, amma fikir sağaldır...
"Cəhalət gülləsi,
aydınlıq çiləsi"ndəki
bir digər önəmli xətt - din və siyasətin sınırlarının təyini,
İran və ərəb
təsirinə qarşı
mənəvi dirənişdir.
Bəli
və əlbəttə,
dini siyasətdən ayırmaq imanı təmizləyir, siyasəti
isə milliləşdirir.
Bu, həm də Azərbaycan modelinin - dünyəvi dövlət,
milli dəyərlər və
azad düşüncənin
uzlaşmasıdır.
Beləliklə, Fazil Mustafanın
yaradıcılığında çağdaş aydın
tipologiyası formalaşır:
- Düşünən və
mübarizə aparan;
- Oxuyan və öyrədən;
- Yaralanan, amma yenə də yazan aydın tipi.
Fazil Mustafanın 60 yaşı
tamam oldu.
60 sadəcə bioloji dönəmi bildirmiş olsaydı, onu mənalandırmaq bir dəyər daşımazdı;
yaş o zaman yaş olur ki, bir düşüncə,
fikir dönəmini bildirmiş olsun.
60 ilin önəmli bir bölümünü dövlət xidmətində,
eyni zamanda düşüncə xidmətində
keçirmək xoş
yığvaldır.
Əminəm, Fazil bəy kimi aydınlar üçün yaş - təqvim deyil, məsuliyyətin, faydalı
ömür sürməyin
özüdür.
Fazil Mustafanın axarıncı
kitabı - "Cəhalət
gülləsi, aydınlıq
çiləsi" - həm
düşüncənin müdafiə
qalası, həm də ömrün şəhadətnaməsi kimidir.
Aydınlıq bədəl istər...
Və bu bədəli ödəyənlər
millətin gələcək
yolunu işıqlandırmaqçün
faydalı ömrü
ömürlərin xası
- ömür kimi ömür sayarlar.
Sonda bir məqamı vurğulamadan keçməyim.
Trilogiyanın redaktorlarından
biri olaraq deyə bilərəm ki, Fazil bəy fərqli düşüncəyə,
alternativ fikrə münasibətdə - nəinki
qarşı çıxır,
əksinə onu rəğbətlə qarşılayır.
- Bu da həm kitabların
səhihliyini artırır,
həm də estetikasını zənginləşdirir,
məna qatlarını
qüvvətləndirmiş olur. Əlbəttə, nəyi saxlayıb, nəyi çıxarmaqla bağlı son söz sahibi kitabın müəllifidir və bu, halda, razılaşmadığımız,
toqquşan məqamlarda
da itirən olmur. Çünki redaktor müəllifin öz fikrində qaldığı
hallarda o mövzunu bir daha və
daha dərindən, fərqli qaynaqlardan öyrənməyə istiqamətlənir;
müəllif isə mümkün miqdar əsaslandırılmış alternativ (fərqli) fikirlərlə tanış
olur; sonucda, qazanan ictimai fikir olur, oxucular
olur. Çünki ortada konstruktivlik, sağlam mühit varsa, toqquşan fikirlərdən ziyan gəlməz; əksinə,
sövq-təbii cilalanmaya
xidmət etmiş olar... Necə ki olur.
Fazil bəyi əlamətdar yubileyi və yeni kitabları münasibəti
ilə ürəkdən
qutlayır, ona möhkəm cansağlığı,
iş avandlığı,
yeni yaradıcılıq uğurları
diləyirəm!
Əkbər QOŞALI
Olaylar.-
2025.- 17-23 oktyabr, ¹36.- S.14.