İnsan, yurd və
ana dili
Mahirə Nağıqızının 65
illiyinə dördüncü yazı - hekayələr
Salam
olsun, çox dəyərli oxucum! Söhbətimizi
qaldığımız yerdən davam edirik.
Azərbaycan
ədəbiyyatında qadın müəlliflərin imzası
hər zaman xüsusi bir duyğu, zəriflik və həyatın
incəliklərinə həssas yanaşma ilə
seçilmişdir. Bu baxımdan yazıçı Mahirə
Nağıqızının hekayələri də müasir bədii
düşüncəmizin qiymətli örnəklərindəndir.
Onun hekayələri yalnız bədii təxəyyül məhsulu
deyil, həm də həyatın canlı lövhələrinin,
insanların taleyindən süzülmüş gerçəklərin
ifadəsidir.
Giriş
yazısında bu barədə qeyd etmişdim; Mahirə
Nağıqızının hekayələrində diqqəti
çəkən əsas xüsusiyyət mövzuların həyatın
özündən götürülməsidir. Onun qəhrəmanları
sadə insanlar - kənd qadınları, ailəsinin
yükünü çiyinlərində daşıyan analar, həyatın
keşməkeşləri ilə mübarizə aparan
övladlar, vətən həsrəti ilə yaşayan insanlar
və gündəlik qayğıların arasında
yaşamağa çalışan sadə insanlardır.
Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər
kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi
ilə bədii mətn arasında körpü yaradır.
Öz yaratdığı qəhrəmanlarını və
onun yazdıqları ilə gələcəyə baxan
oxucularını ümidləndirir. Sabaha inamını və
yaşamaq-yaratmaq həvəsini artırır.
Mahirə
Nağıqızının hekayələrinin dili sadə,
anlaşıqlı, eyni zamanda bədii çalarlarla zəngindir.
Onun hekayələrində dialoqlar təbii səslənir, təsvirlər
oxucunu hadisələrin içinə çəkir. Ən
önəmlisi isə yazıçının qələmində
səmimiyyət var. O, süni pafosdan uzaq duraraq, insan ruhunun incə
qatlarını açmağa çalışır. Bu səbəbdən
də hekayələr oxucunu həm
düşündürür, həm də
duyğulandırır.
Hekayələrdən
bəhs edən bu yazımda konkret olaraq Mahirə
Nağıqızının "İpək köynək",
"Saz havası", "Sandal", "Mənim çəkmələrim"
adlı hekayələri haqqında söhbət açacaq,
söhbətimizi yenə "İnsan", "Yudr" və
"Ana dili" mövzuları üzərindən davam etdirəcəyik.
Mahirə
Nağıqızının hekayələrində yalnız fərdi
talelər deyil, bütöv bir cəmiyyətin ruhu əks
olunur. Müharibənin acıları, ayrılıqlar, insanın
öz doğma torpağına bağlılığı, ailə
münasibətləri, qadının ailədəki rolu, həyatın
çətinlikləri qarşısında insan ləyaqətini
qorumaq kimi dərin mövzular yazıçının
yaradıcılığının əsas leytmotivini təşkil
edir. Hər bir hekayədə oxucuya mənəvi bir mesaj, həyat
həqiqəti ötürülür.
Azərbaycan
hekayəçiliyi Cəlil Məmmədquluzadədən
başlayaraq uzun bir inkişaf yolu keçib. Mahirə
Nağıqızı da bu ənənənin
davamçısı olaraq, klassik hekayəçiliyin bədii
prinsiplərini qoruyur, amma mövzulara müasir yanaşma gətirir.
Onun əsərlərində milli ruhla yanaşı, ümumbəşəri
dəyərlər də öz əksini tapır.
Ən
yaxşı hallardan biri də odur ki, Mahirə
Nağıqızının hekayələri ədəbiyatşünasların,
ədəbiyyat tənqidçilərinin, xüsusilə gəncləırin
diqqətini cəlb etmiş və təhqiqat mövzusuna
çevrilmişdir. Belə nümunələrə söhbətimizin
gedişində toxunacaq və yeri gəldikcə misallar gətirəcəm.
Bəli, əvvəlki
yazılarımda da dəfələrlə
vurğuladığım kimi, Mahirə
Nağıqızının yaradıcılığında
mövzusundan və janrından asılı olmayaraq, əsas
müzakirə obyekti, mərkəzdə dayanan problem, söhbətin
predmeti insandır.
İNSAN
Mahirə
Nağıqızının hekayələrində insan
anlayışı onun bədii dünyasının mərkəzində
dayanır. Yazıçı insanı yalnız bir fərd
kimi deyil, həm də xalqın, millətin, zamanın
daşıyıcısı kimi təqdim edir. Onun hekayələrində
insan (obraz), həm daxili aləmi, həm də sosial mühiti
ilə birlikdə təsvir olunur.
Mahirə
Nağıqızı üçün insanın ən əsas
ölçüsü onun ruhu, vicdanı və mənəviyyatıdır.
Hekayələrində qəhrəmanlar çox vaxt həyatın
sınaqları qarşısında öz insani dəyərlərini
qorumağa çalışır.
Mahirə
Nağıqızı xüsusilə qadın qəhrəmanları
ilə yadda qalır. Onun qadın obrazları zəhmətkeş,
dözümlü, mərhəmətli və müdrikdir.
Yazıçı qadının taleyi fonunda
bütövlükdə insanın mənəvi dirənişini,
həyatla mübarizəsini əks etdirir. Bu obrazlar vasitəsilə
o, insanın daxili gücünü, mənəvi
dayanıqlığını göstərir.Mahirə
Mağıqızının "Mənim adım Süsənbərdir
- Süsənbər Mahiyyəddinqızı." cümləsi
başlayan "Mənim çəkmələrim" adlı
hekayəsi buna ən gözəl misaldır. Yeri gəlmişkən
onu da qeyd edim ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
müəllimi Aynur Bədəlovanın bu hekayə
haqqında "Mahirə Nağıqızının "Mənim
çəkmələrim" hekayəsində vətən həsrətinin
təcəssümü" adlı elmi məqaləsi dərc
olunub (tall.edu.az - 23.08.2025). "Mənim çəkmələrim"
hekayəsinin və onun haqqında olan Aynur Bədəlovanın
məqaləsinin bizim söhbətimizin bu məqamında əhəmiyyəti
ondan ibarətdir ki, "İnsan" və
"Yurd"anlayışları hər iki mətndə
gün işığına çıxıb, öz
barını yetişdirmək üçün böyük
bir palıd ağacına dırmaşan meynə misalı
görünür. Bu duyğunun bir adı var. O da "yurdsevərlik"dir.
YURD
Azərbaycan
ədəbiyyatında yurd, torpaq və vətən
anlayışları hər zaman müqəddəs məfhum
kimi yaşayıb. Bu duyğular, xüsusilə də yurd həsrəti,
həm poeziyada, həm də nəsrdə millətin
yaddaşının, ruhunun ifadəsinə çevrilib. Mahirə
Nağıqızının hekayələri də bu ruhun
daşıyıcısı, milli yaddaşın səsi kimi
çıxış edir. Onun yaradıcılığında
yurd itkisi, doğma torpağa sevgi və bu sevginin
ağrılı nostaljisi həm bədii, həm də mənəvi
dəyər qazanı
Hekayələrində
kənd həyatı, uşaqlıq xatirələri,
dağların, bulaqların, torpağın qoxusu bir növ
müqəddəs rəmz kimi təqdim olunur. O yerlərə
qayıdış arzusu - bəzən real, bəzən xəyali
səfər şəklində oxucuya ötürülür.
Yazıçı bu arzunu poetik dillə, səmimi ifadələrlə,
dərin nostalji ilə təsvir edir.
Mahirə
Nağıqızı üçün "yurd həsrəti"
yalnız keçmişin xatirəsi deyil - bu, gələcəyə
ümidin də ifadəsidir. Onun hekayələrində qəhrəmanlar
bəzən o torpaqlara fiziki olaraq qayıda bilmir, amma
yaddaşlarında, xəyallarında, dualarında o yerləri
yaşadırlar. Hekayələrin dili sadə olsa da,
içindəki duyğu qatları çox dərin və təsirlidir.
Bu hekayələrdə
yurd itkisi yalnız bir ailənin və ya fərdin dərdi
deyil - bütöv millətin ağrısı kimi
qavranılır. Yazıçı bu ağrını nə
faciəvi, nə də pafoslu şəkildə deyil, incə,
səmimi və insanı düşündürən tonla
çatdırır.
Mahirə
Nağıqızının hekayələrində qadın
obrazları xüsusilə diqqət çəkir. Onlar həm
ana, həm gözləyən, həm qoruyan, həm də
xatırlayan fiqurlardır. Ana və yurd obrazı bir-birinə
bənzər şəkildə işlənir - hər ikisi
müqəddəs, hər ikisi həyatın mənasıdır.
Ana öz balasından, yurd isə öz övladlarından
ayrı düşüb. Yazıçı bu paralelliyi hekayələrinin
ruhuna o qədər təbii hopdurur ki, oxucu həm ana
ağrısını, həm də yurd həsrətini bir
ürək döyüntüsü kimi hiss edir.
Mahirə
Nağıqızının hekayələrində yurd həsrəti
milli yaddaşın canlı forması kimi təqdim olunur. Onun
söz dünyasında torpaq sevgisi, doğmalıq duyğusu və
yurdun itkisinin acısı birləşərək bədii
gücə çevrilir. Bu hekayələr oxucunu həm
duyğulandırır, həm də
düşündürür - çünki hər bir azərbaycanlının
qəlbində bir parça yurd həsrəti var.
İnsan
- Ana, insanın düşünməyə vadar edən, daim
intizarda saxlayan həsrət - Yurd həsrəti, bütün
bunların təzahür vasitəsi- inikası dil - Ana dili.
ANA
DİLİ
Mahirə
Nağıqızı müasir Azərbaycan ədəbiyyatında
özünəməxsus bədii üslubu, duyğusal təhkiyəsi
və mənəvi dəyərlərə sədaqəti ilə
seçilən yazıçılardandır. Onun hekayələrinin
əsas ideya xəttində insanın mənəvi
bütövlüyü, yurd sevgisi, milli kimlik və ana dilinə
bağlılıq kimi mövzular xüsusi yer tutur. Mahirə
Nağıqızının yaradıcılığında
ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də
milli varlığın, mənəvi yaddaşın və
xalqın ruhunun daşıyıcısı kimi təqdim
olunur.
Yazıçının
hekayələrində qəhrəmanların dili,
danışıq tərzi, ifadə üslubu onların
kimliyini müəyyənləşdirir. Mahirə
Nağıqızının qəhrəmanları doğma
dildə düşünür, sevir, ağrıyır və
öz varlığını ana dilində ifadə edir. Onun bədii
təhkiyəsində dil - xalqın gen yaddaşı, tarixi və
mənəvi dayağı kimi görünür. Ana dilinə
sədaqət yazıçı üçün milli mənəviyyatın
əsas sütunlarından biridir. "İpək köynək"
hekayəsi bu baxımdan xüsusilə diqqətəlayiqdir.
Onu əhəmiyyətli edən insanın-Ananın hisləri,
onun bayatılı dili və ipək - baramaqurdu
("Yurd") haqqında
ötürdüyü faydalı məlumatların əmsalıdır:
"Sultan üçün söz verdiyim ipək köynəyi
almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı
görəndə "yenə vaxt darlığı imkan vermədi"-
deyib, özümü danlamayacaq əvəzində hər dəfə
yoldan gələndə özünü üstümə atan balamı
ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən
zeytunrəngli köynəyi təntənə ilə ona təqdim
edəcək, ürəyimdəsə nə vaxtsa
yazdığım bayatını özüm eşidəcəyim
səslə oxuyacam:
Köynəyin
kətandımı,
Canına
yatandımı...
Mən sənə
qurban olsam,
Bu
dünya batandımı..."
və ya
"Saz havası"na baxaq:
"Anamın
yanıqlı bayatıları adamın iliklərinə
işləyərdi:
Tökmə,
surahı tutmaz,
Daşar,
günahı tutmaz.
Haqqı
olan kəsləri,
Haqsızın
ahı tutmaz.
Hər dəfə
özünə qapanıb fikirli -fikirli gözləri yol
çəkəndə bilirdik ki, yenə xəyallar doğma
yurddadır...
1971-ci il
idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi.
Payız da tələsirdi, anam da."
Bu mətndə
konkret zaman göstəricisinin olması nümunənin əhəmiyyətini
birə on artır. Və yenə bu kiçicik parçada
"İnsan", "Yurd" və "Ana dili"
anlayışlarının birlikdə gücünü
görür və damarlarımızda hiss edirik.
Adət-ənənələrin
milli dəyər kimi ortaya qoyulduğu "Sandal" hekayəsindən
giriş məqaləsində bir parça təqdim
etmişdim. Ümumilikdə Mahirə
Nağıqızının bir çox hekayələrində
ana dilinə hörmət təkcə obrazların nitqində
deyil, müəllifin bədii təsvirində də hiss olunur.
O, xalq danışıq üslubunun incəliklərindən,
deyimlərdən, atalar sözlərindən, folklor motivlərindən
məharətlə istifadə edir. Bu, həm dilin
saflığını qorumağa xidmət edir, həm də
oxucuda doğmalıq hissi yaradır. Yazıçının
fikrincə, dilini sevən insan köklərinə, xalqına və
vətəninə sahib çıxmış olur
("İnsan", "Yurd" və "Ana dili").
Hekayələrində
müəllif tez-tez unudulan sözlərə, saf ifadələrə,
dilin poetik gücünə qayıdışa
çağırır. Mahirə Nağıqızının
qəhrəmanları çox vaxt müasir dünyanın yad
təsirlərinə qarşı ana dilinə
sığınmaqla mənəvi təmizlik tapırlar. Bu mənada,
onun yaradıcılığında dil - mənəvi
dirçəlişin simvoludur.
Mahirə
Nağıqızının hekayələri müasir Azərbaycan
nəsrində sadəliyi, səmimiyyəti və həyat
gerçəklərini əks etdirməsi ilə seçilir.
Onun hekayələri oxucunu düşündürür,
emosional təsir gücü ilə yadda qalır, insanları
öz həyatına, dəyərlərinə bir daha nəzər
salmağa vadar edir. Bu yazıçının
yaradıcılığı həm ədəbi baxımdan, həm
də publisistik-estetik məzmun baxımından ədəbi
cameəmiz üçün dəyərli töhfədir.
Sona qədər
həmsöhbət olduğunuz üçün təşəkkür
edirəm. Bu mövzuda beşinci - məqalələri
haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü.
Olaylar.-
2025.- 24 oktyabr-6 noyabr, ¹37.- S.19.