Athaatdı
Felyeton
Gəncliyimdə bədahətən meyxana deməyim də vardı. Məhəllədə
yığışırdıq, iki-üç nəfərə
də ipucu verirdik. İpucunun iki sətri hələ də yadımda qalıb. Məncə belə idi:
Athaatdı, gəlib atıb vurdular,
Əcəb deyib kəlləmizi qırdılar.
Hə, "at" sözü çoxşaxəlidir, dərin çalarları var. Məsələn, at heyvan cinsi, güllə atmaq, bıçaq atmaq, çoxmaq -selbələmək, yəni onu atmaq, vıyıldatmaq. Bir də var at sözündən yaranan "atmaq", yəni kəf gələn, atanşik, dolandırıcı, başını və ailəsini dolandıran.
Bu barədə yaxşı atalar misallarımız da
var. Bu atalar misalları
da həmişə ya
ikibaşlı, ya da çoxbaşlı olur. Məsələn dovşana
qaç deyir, tazıya (it növü)
tut. Buradan nə nəticə çıxır?
Sözü deyən adam bu yazıq
heyvanların hər ikisinə atır. Tazı dovşanı tuta bilməsə sözü deyən adam dovşanın yanında genələcək
ki, bəs, gördün,
səni itin ağzından necə qurtardım?! Hələ bir itin də
üstünə bütün
hirsin, pasın tökəcək ki, ə qurumsaq,
bir dənə dovşanı da tuta bilmirsənsə, səni niyə yedizdirirəm?
İt bu adamın yanında gözükölgəli
olacaqdı, sahibini görən kimi quyruğunu qısıb gözdən uzaq bir yer axtaracaq. Yox, əgər tazı dovşanı tutub sahibinin ayaqları altına atanda adam gəriləcək,
genələcək, ətrafdakılarına
da deyəcək ki, görürsən,
vəziyyətdən baş
çıxartmaq hər
oğulun işi deyil, e...
Başqa
bir atalar misalı: "Dovşanı
araba ilə tutur".
Bu da atmağın bir
növü. Burada üçüncü tərəf
də var. Arabanı müsadirə etmək üçün arabaçıya
deyir ki, get dovşanı
araba ilə tut. O da gedib
tutur. Hə, əsl həngamə bundan sonra başlayır.
Üçüncü şəxs
arabaçını çəkir
haqqı divana, bəs bizim qanunlara görə dovşanı araba ilə tutmaq olmaz. Bu həm də imzaladığımız beynəlxalq
konvensiyaya ziddir. Odur ki, arabanı müsadirə edirik. Arabaçı yalvar-yaxar edir ki, ayə qıvlasız, uşaqlarımı
bu araba ilə dolandırıram, nə müsadirə. Üçüncü
şəxs baş barmağını yuxarı
qaldırıb deyir
"sən öl"
mənlik deyil, oralıqdır. Atan belə olar..e..e.. Bu müsadirədən
o yuxarıların heç
xəbəri də olmur, əgər səsi çıxmasa. Görürsən atan belə olar, həm yuxarılara atır, həm də aşağılara.
Dünyada da athaatdır. Putin Ukraynaya atır (bombalayır), Trampa atmaq istəyir.
Ukrayna Rusiyanın neft infrastrukturlarına atır (dağıdır).
İzrail Qəzzaya, İrana, Suriyaya atır. Tramp da hamıya atır (hədə gəlir).
Hə, bu məmləkətdə
də atan atanındır, hətta bunun şiddətləndirmə
dərəcəsi var, "athaat". Tuthatut olur, athaat niyə
olmasın?
O gün biri məndən
soruşur:
-Mirzə, bu necə olur? Birinin aylıq maaşı dörd yüz manatdır, amma ayda min beş
yüz manat xərcləyir. Arvadı
da işləmir, iki uşağı da azyaşlıdır.
Cavab verdim ki, təkcə sən deyilsən buna təəccüblənən. Bütün
dünya məmləkətin
belə "savadlı"
hərəkətinə mat-heyran qalıb. Hamı o min yüz manatı axtarır ki, bəs bu vəsait
nəyin hesabına formalaşır. Hə, indi mən sizə
deyim haradan formalaşır. Hamı bir-birinə atır, bir sözlə athaatdı. Süpürgəçidən
tutmuş ta "vicdanlı"
məmurlara qədər.
Deyəcəksən süpürgəçi
də atır? Bəs nə bilmişdiniz?! O gün qəzet almağa gedəndə görürəm
ki, o nimdaşı çıxmış
süpürgə ilə
zir-zibili bir mağazanın qapısı
ağzına itələyir.
Barmağımı dişləyib,
dedim ki, aha, mağaza sahibi bunun aylığını
verməyib. Uzağı
deyəcək ki, küləyin
burulğanı bütün
bunları sənin qapına yığıb.
Yadıma
bir əhvalat düşdü. İkimininci
illərin əvvəlində
ABŞ səfirliyi ərazisini
genişləndirmək üçün
ətrafdakı binaların
mənzillərini şəhər
icra hakimiyyəti vasitəsilə satın alırdı. Bir gün redaksiyaya yaşlı bir kişi gəldi
ki, bəs Hacıbala müəllim mənzilimin
pulunu vermir. Mirzə, bunu yaz, yazdım. Bir aydan sonra gəldi
ki, Mirzə, sən yazdın, pulumun bir hissəsini aldım yenə. Baxdım ki, bu kişi məni qazlamaq istəyir. Dedim ki, get ver məhkəməyə, səfirin
qəbulunda ol.
İndi baxın, o vaxtdan
bəri şəhərin
müxtəlif hissələrində
söküntülər olub,
nə qədər adama atıblar. Elə mənim özümə də atıblar. Mirzəağa Əliyevdə evim söküləndə mansardımın
pulunu vermədi Hacıbala müəllim. Daş atıb başın tutdu ki, olmaz. Başını daşın altına tuta-tuta mənə atdı.
Böyük "atanşik"lərdən biri də toy mərasimidir. Gedib şadlıq evində toyun keçirilməsini müəyyən qiymətə
danışırsan. Sarayın
sahibi şərt qoyur; toydan sonra
saraydan heç bir ərzaq apara bilməzsən. Niyə, a kişi, bu ərzağın pulunu verməmişəm,
niyə apara bilmirəm? Sənə nə var bu ərzağı hara göndərəcəm?
Bəlkə yetimləri
sevindirəcəm bu ərzaqlarla. Yox, adamın üzünə dururlar ki, olmaz. Xoruzun quyruğu burada görünür. Qalan ərzağı növbəti
toyun ərzaq siyahısına salır.
Hələ mən demirəm,
zirzəmilərdə istehsal
edilən araqlar, müxtəlif içkiləri
xarici mal adı ilə necə sırıyırlar. Hara baxırsan,
AQTA? Hara lazımdır, ora
da baxır. Ağrımayan
başına yaş dəsmal niyə qoysun?
Ən böyük "atanşik"lərdən
biri də marketlərdir. Market sahibləri
üçün Allah ölüb.
Nə Allahları var,
nə dinləri var, nə də imanları. Baxın, mənim cibimdə on manat pul var. Girirəm marketə on manatlıq ərzaq götürürəm.
Bilirəm ki, ƏDV (əlavə
dəyər vergisi), yəni on səkkiz faiz bu qiymətin
içindədir. Yaxınlaşıram
kassaya, kassir deyir ki, on bir manat səksən qəpik. Niyəsini, soruşanda cavab verir ki, on səkkiz faiz ƏDV. Bah atonan, sən demə bunlar alıcıdan ərzağın qiymətinin
otuz altı faizini çığırda-çığırda
alırlar. Elə ərzaq var ki, topdansatışda
iki manata aldığı bir nəsnənin üstünə
yüz əlli faiz qiymət artırır, yəni beş manata satır. Odur ki, camaat küçə ticarətinə daha çox üstünlük
verir. Çek verməsələr də,
bir manatın üstünə ƏDV gəlmirlər.
Bu marketlər var ha, adamı
göz görə-görə
soyurlar. Gedirsən
"Ramazan" çörəyi almağa, çəkisi
360-390 qram, qiyməti bir manat on qəpik.
Hardasa bir kilosu üç manat otuz qəpik.
Tarif Şurası
bəs deyirdi ki, çörəyin qiymətini
qaldırmaq olmaz. Bu qiymətə beş yarım "zavod" çörəyi almaq olar. Deməli
"Ramazan" çörəyinin bir tonu, üç
min üç yüz
edir. Vay dədə, vay! Qaz vurub, qazan
doldurmaq buna deyərlər,
e.., cınqırını da çıxarda bilmirsən.
Cınqırını çıxartmamaq
üçün elə
bil marketlərin hamısına "atanşik"
duası yazıblar.
Qaz demişkən, orada borulara elə hava vururlar ki, sən özündən çıxarsan, hava borudan çıxmır. Dörd saat gözləyirsən ki, sözün
əsl mənasında
bu zəhrimar qaz boruya nə
vaxt dolacaq?
Bu MTK-lardan heç danışmağa dəyməz.
Pay sahiblərinə elə
atırlar ki, əlin üzündə qalır.
Elə oyunlardan çıxırlar ki, adam
deyir bu nə oyundur düşmüşəm. Nazirlər
Kabinetinin təsdiq etdiyi "Mənzil Məcəlləsi" onlar
üçün tuneldən
keçən qatara bənzəyir. Uzun fit verib tunelə girir. Ordada qaranlıq,
zülmət. Paravoz işıqlarını yandırmasa
elə bilirsən ki, sonsuzluğun içindəsən.
MTK pay sahiblərinə yeriyən
pul qabı kimi baxırlar. Nə isə MTK-lar atmaq üzrə rekord qırdıqlarına
görə, onlardan ayrıca yazmaq lazımdır.
Bu it-pişiyin idarəsi var, hə onu deyirəm.
O idarə itlərə,
pişiklərə atır.
Şəhər doludur
küçə itlərilə,
pişiklərilə. İt kimisə qapır, pisiklər bit-birəni küçələrə doldurur.
Hətta bəzi insanların bu küçə heyvanlarına
yazıqları gəldiyi
üçün onları
yemləyirlər də.
Daşdan səs çıxır, bu idarədən səs çıxmır. Onlarda şəffaf heç yoxdur. Bir dəfə mətbuata çıxıb
demirlər ki, bu işləri gördük.
Daha küçə itləri üstünüzə
tullanmayacaq, sizi qapmayacaq. Əvəzində
pul silmək üçün sovetlərdən
qalan "pripiska"ları
köhlən ata mindirib "Cıdır"
düzündə cövlan
edirlər.
Kücələri işıqlandıran idarə küçə işıqlarına atır.
Banklar müştərilərinə, müştəri
də krediti ödəyə bilmədiyi
üçün qaçıb
gizlətməklə banka
atır.
Bulvar İdarəsi dənizə
atır, sonra da gedib "Ağ şəhər"də altı-yeddi
mənzil alır.
Kənd
təsərrüfatına su
yönəldən idarə
sahibkara göz-qaş
eləyir ki, cibimi doldurmasan susuz qalacaqsan.
Liftlərin tros idarəsi trosa atır.
Hansını deyim?
Bir sözlə athaatdı. Sən də deyirsən ki, dörd yüz manat maaş alan adam, necə min beş yüz xərcləyir?
Hə,
di bəsdir. Yazını
bitirim, durum görüm
mən də kimə atıram.
YUNUS OĞUZ
Olaylar.-
2025.- 5-11 sentyabr, ¹30.- S.13.