Biz indi onlardan 100 il qabaqdayıq

 

Üzeyir bəy Hacıbəylinin 140 illiyinə səkkizinci yazı

 

Salam olsun, çox dəyərli oxucum! Ötən yazımızın sonunda məlumat verdiyimiz kimi bu dəfə Üzeyir bəy Hacıbəylinin dövrünün qələm adamlarının qələmə alıb, tərtib etdiyi kitab jurnallar, eyni zamanda cəmiyyətdə mədəniyyət adına baş verən mühüm hadisələr barədə yazdığı resenziyalar barədə söhbət açacağıq. Əvvəlcədən onu qeyd edim ki, əlimizdə Üzeyir bəy Hacıbəylinin qələmindən çıxmış elə çox sayda resenziya nümunəsi yoxdur. Şəxsən mənə "Tənqidat "ikinci il"", ""Zənbur" jurnalı", "Yeni məktəb", "Vətən dili" "Tənqid əvəzinə" olmaqla cəmi 5 (beş) resenziyası məlumdur. onları  dönə-dönə oxumuşam.

Üzeyir bəyin qələmə aldığı resenziyalara keçməzdən əvvəl "resenziya" kəlməsinə bir anlayış kimi münasibət bildirmək istəyirəm. Yuxarıdakı misallardan da aydın görünür ki, təxminən 100 il əvvəl ədiblərimiz bu yazı variantından (janrından, üsulundan) istifadə ediblər (yüksək keyfiyyətlə  - nümunə olacaq şəkildə). Ən azından böyük əksəriyyətin bəstəkar-musiqiçi kimi tanıdığı Üzeyir bəy Hacıbəylinin bu movzuda təxminən bir əsrlik zaman məsafəsini qət edərək, dövrümüzə qədər gəlib çatmış haqqında söz etdirəcək kifayət qədər yazısı məlumdursa, gör onda işi-peşəsi yazıçılıq, tənqidçilik olan ədəbiyyatçıların, ədəbiyyat tənqidçilərinin, publisistlərin qədər resenziyaları olub (var). Bəs bu kəlmə anlayış olaraq özündə nəyi ehtiva edir? Kökü - mənbəyi haradandır?

Resenziya -  latın (resensio - qiymət) - sözü olub, ədəbi tənqidin jurnalistikanın əsas janrlarından biridir. Günümüzdə əsasən elmi ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy kimi başa düşülür.  Resenziya yazmaq bir əsəri nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək deməkdir. Rəydə yeni əsər haqqında məlumat verilir, qısa təhlil qiymətləndirmələr yer alır. Kəlmə olaraq daha geniş anlamda (tərcümədə) "recensio" "baxış, dəyərləndirmə, qiymət, bir şey haqqında fikir" mənasını verir. Resenziya, bədii ədəbiyyat, sənət, elm, jurnalistika s. əsərləri haqqında araşdırmaya (ilk növbədə tənqidi) əsaslanan bir janrdır. Resenziya anlayışını təkrar nəzərdən keçirmə kimi qəbul etmək olar. Bəlkə ilkin variantda əslində belə qəbul olunub; mövcud bir əsəri - mədəniyyət hadisəsini yenidən nəzərdən keçirmək - mövcud olana yeni fərqli bir mövqedən baxmaq. Bu zaman nəzərin (baxış) obyekti, mövzusu informasiya faktlarıdır - kitablar, broşuralar, tamaşalar, filmlər, TV şouları, oyunlar, ümumilikdə istənilən ədəbi mədəni əhəmiyyətli tədbir, hadisə tənqid mövzusu, rəy obyekti ola bilər.

Ədəbi tənqidi resenziyalar jurnalların, qəzetlərin, bir sözlə mətbuatın yaranması ilə parallel şəkidə meydana çıxmışdır. Azərbaycan ədəbi tənqidində ilk resenziyalar Həsən bəy Zərdabi, Firidun bəy Köçərli tərəfindən yazılmışdır. Sonralar resenziya janrı inkişaf edərək  Azərbaycan ədəbi tənqidinin əsas janrlarından birinə çevrilmişdir. bu gün bu janrdan (bir az məqsəddən kənara çıxsa da) geniş istifadə olubur. Bu sahədə vəziyyət qənaətbəxşdirmi? Əlbəttə, xeyr! Digər sahələrdə necə, burada da elə. Mütəxəssislərin ələbaxımlığı dostların canıyananlığı bu sahəni nəinki inkişaf etməyə qoymur, çox geri salır. İstədiyiniz fikirdə ola bu yazıya istədiyiniz məzmunlu cavab (lap elə resenziya) yaza bilərsiniz. Ancaq böyük ədib Üzeyir bəy Hacıbəylinin  təxminən 100 il əvvəl yazdığı bu "Tənqidat "ikinci il"", ""Zənbur" jurnalı", "Yeni məktəb", "Vətən dili" "Tənqid əvəzinə" resenziyaların qəlibinə uyğun, real vəziyyəti hərtərəfli doğru-düzgün tam əks etdirən resenziyalara çox nadir hallarda rast gəlirik. Son 20 ildə yaranmış nümunələrin böyük əksəriyyəti ya həddindən artıq qərəzli, ya da əsasən dost təriflərindən ibarətdir. Məni xüsusilə Üzeyir bəyin o dövr yeni yaranmaqda olan milli dərsliklərimiz haqqında olan resenziyaları valeh edir. Əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik, ziyalılıq hər kəlmədən boylanır. Hər cümlənin bir qayəsi var; daha yaxşı olmağa köməklik etmək, doğru yol göstərmək. Böyük təəssüflə qeyd etmək lazımdır ki, eyni problemləri (məktəb, təhsil, dərslik) 100 il sonra yenidən yaşayırıq. Müxtəlif fənlərin; istər müasir elmi-texniki, kompüter bilikləri, süni intlekt, istərsə dil, ədəbiyyat, tarix, təbiət elmləri sahəsində yeni dərsliklər yazılır, tərtib olunur, aidiyyəti sahələr üzrə böyüklərin (valideyinlərin) xəbəri olmadan kiçiklərin qarşısına qoyulur. Unutmayaq ki, hər bir müəllim, yazıçı, şair, mühəndis, həkim eyni zamanda valideyndir. Bizim biganə qaldığımız dərsliklər (kitablar, tamaşalar, videolar, filmlər, cizgi filmləri, son vaxtlar xüsusi dəb şəklini almış böyük populyarlıq qazanmış animelər) bizdən xəbərsiz bizim övladlarımızı tərbiyə edir. Hansı müəllim ən azından özünün tədris etdiyi fənnin dərsliyi haqqında əsaslandırılmış şəkildə, tutarlı resenziyalarla (məqalələrlə) çıxış edir? Varsa da, çox azdır. Hansı yazıçı, şair dərsliklər haqında  əsaslandırılmış şəkildə, tutarlı resenziyalarla (məqalələrlə) çıxış edir? Əlbəttə, varsa da çox az saydadır. Görünmür. Yox dərəcəsindədir. Uzaqbaşı əllərində olan imkandan istifadə edib, öz əsərlərinin dərsliklərə niyə salınmamasının davasını edirlər. Belə olmaz! Bu gedişlə irəli getmək olmaz. Yaxşı ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi altında yetişmiş Qarabağı azad edən gənclər kimi, söz cəbhəsində inamla addımlayan gənclərimiz var. Ümid ancaq onlaradır. Yazımın sonunda sələf-xələflik, estafet məsələsində onların adını fəxrlə çəkib, bir-bir təqdim edəcəm. Hələlik isə mətləbdən yayınmayaq. İlk olaraq  Üzeyir bəy Hacıbəylinin Türk dilinin təlimi məqsədilə üçüncü siniflər üçün nəzərdə tutulmuş "Yeni məktəb" kitabı (dərsliyi) haqqında olan resenziyasına nəzər salaq. Ola bilər ki, mətndəki bəzi kəlmələr ya ümumilikdə dili (üslubu) müasir oxucu üçün bir balaca narahatçılıq yarada bilər. Buna rəğmən mətni olduğu kimi tam formada təqdim edirəm:

"YENİ MƏKTƏB"

"Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı. Müəllifləri: M.Mahmudbəyov Abbas Səhhət Mehdizadə. Birinci çap.

Məktəblərimizdə oxunmaq üçün birinci ikinci ilin ana dili kitabları himmətli müəllimlərin çalışmaları sayəsində hazır edilib. Üçüncü il üçün kitab lazım idi ki, o da haman yolda işləyən Mahmud bəy Mahmudbəyov ilə şair Abbas Səhhət Mehdizadə cənabları tərəfindən tərtib edilib, öz vaxtında mövqeyi-intişara qoyulubdur.

"Yeni məktəb" kitabının möhtəviyyatı on qismə bölünübdür. Bu on qismin beş əvvəlinciləri uşaqların tərbiyə(!) təhzibi-əxlaqına xidmət edəcək hekayə şeirlərdən; beş axırıncı qismlər isə uşaqlara mənfəətli bilik verən, ağlını artıran nəzərlərini genişləndirən məqalələrdən ibarətdir. Haman on qisim bunlardır:

1)   Məktəb ailə. Bu qisimdə uşaqları məktəbə çalışıb oxumağa maraqlandırmaqla bərabər, valideynə yoldaşlara qarşı uşaqların qəlbinə məhəbbət salan hekayə şeirlər məcmudur.

2)   Çalışqanlıq bilik kimi bu qismin möhtəviyyatını təşkil edən məqalə məcmuələr uşaqları zəhmət çəkib mənfəət hasil etməyə həvəsləndirməkdir.

3)   Kömək ittifaq. Ünvanından aşkar olduğu üzrə bu qismdəki hekayə mənzumələr uşaqları himmət (HİMMƏT - ərəb - همَت  - çalışma, çapalama, səy, cəhd Z.U) ittifaq ilə görməyə öyrədir (amma heyf ki, müəllimlərimizin özləri belə ali sifətlərdən kənardırlar).

4)   El arasında. Bu qisimdəki nağıl, hekayə şeirlər uşaqları məişət güzəran ilə aşinalandırıb, yaxşı məişətə tərğib (TƏRĞİB - ərəb. - ترغيب - həvəsləndirmə, rəğbətini artırma Z.U) pis məişətdən tənfir (TƏNFİR - ərəb. - تنفير - iyrəndirmə, nifrətləndirmə) edir. ...

Kitabın uşaqlarda gözəl hissiyyat tərbiyə(!) edən bir hissəsi bu dördüncü qism ilə qurtarıb, sair yerdə qalan qismlər isə uşaqların məlumat biliyini artırmaqla ağlın nəşvü nümasına kömək edir. O qismlər bunlardır: insan, heyvanat, nəbatat, su-dəniz; bu qismlər tarixi - təbii elminə dair olub, ara -sıra hifzüssihhədən nafe məqalələr vardır. Bundan sonra coğrafiyadan ümumi məlumat verilib, əzcümlə ölkəmiz olan Qafqazdan Bakı quberniyasından müfəssəl məlumat vardır. Lap axırda xüsusi bir qism olmaq üzrə Lermantovun məşhur "Mtsıri"sindən Səhhət cənablarının bir böyük parça tərcüməsi mövcuddur.

Müəllif cənablar kitabın dilinə çox diqqət yetirib, asan, ədəbi, səhih, rus fars lisanlarının nüfuzu xaricində olan türk dilimiz nümunəsi göstərməyə müvəffəq olubdular. Məqalələr içində olan əcnəbi sözləri haman məqalənin altında tərcümə bəyan ediblər. Kitabın hürufatı kağızı çox yaxşıdır. Kitab şəkillidir. İçindəki şəkillər çox aydındır(!). Qafqaz Rusiyanın xəritələri dəxi mövcuddur.

Şübhəsizdir ki, müəllimlər, üçüncü şöbələrin şagirdlərinə bu kitabdan dərs verəcəklər. Kitabın qiyməti(!) yarım manatdır. Bakının kitab mağazalırında satılmaqdadır(!).

Çox dəyərli oxucum, məqaləni tam oxudunuzsa, sizdə müəyyən fikirlər yarana bilər. Anca bu gün bizim düşünməyimizdən asılı olmayaraq, Üzeyir bəyin bu yazısı istənilən baxış bucağından baxdıqda nümunədir.

Görkəmli ədibin "Vətən dili" kitabı haqqında olan məqaləsinə (resenziyasına) baxaq:

""Vətən dili" hər yerdə rəğbət hörmət kəsb edib, sürətlə intişar tapdı. Müəllifi-kitab cənab Çernyayevski sabiqdə Zaqfqaziya seminariyasının cünbündə olan müsəlman şöbəsinin naziri idi, türk dilini yaxşı bilirdi özü mahir qabil pedaqoqlardan birisi hesab olunurdu. "Vətən dili"ni elə asan sadə türk dilində tərtib qılıbdır ki, məktəb uşaqları onu artıq şövq həvəslə mütaliə edirlər."

Çox mühüm əhəmiyyətli ibrətamiz yazıdır. Öz dövrü üçün obyektiv resenziya, bizim üçün isə nümunə tarixi sənəd hökmündə olan dəyərli mənbə əhəmiyyəti kəsb edir.

Görkəmli ədib Üzeyir bəy Hacıbəylinin "Tənqidat "İkinci il"" yazısı da eyni ilə yuxarıda təqdim etdiyim resenziyalar kimi dərs kitabı haqqında olub, onun müsbət xüsusiyyətlərini oxuculara (valideynlərə) çatdırmaqla mükəlləfdir. Yazının son üç abzasını (sətirbaşını) oduğu kimi təqdim edirəm:

"Kitab müsəvvərdir (MÜSƏVVƏR - ərəb. - مصوَر  - rəsmlər şəkillərlə bəzədilmiş, rəsmli). Şəkilləri çox aydındır. Şayani-diqqət burasıdır ki. Bir çox şəkilləri əsl Qafqaz kəndli məişətini təsvir edir ki(!), o biri kitablarda bu yoxdur.

Kitabın əvvəlinci hissəsi böyük ikinci hissəsi bir qədər xırda, lakin çox aydın hüruf ilə düzülübdür. Axırda kitabda təsadüf edilən çətin əcnəbi ya türk sözlərinin lüğəti vardır.

Biz bu kitabı məktəblərimiz üçün təkid ilə tövsiyə(!) edib, ümidvarıq ki, müəllim arkadaşlarımız bununla tez istifadəyə çalışırlar. Çünki bu cürə kitab bizim bu halımızda göydəndüşmə bir şeydir."

Bəli, çox dəyərli oxucum, sizdə qəribə bir sual yarana bilər ki, oldu ay müəllim, elə bunların da hamısı tərif oldu ki... Xeyr! Əsla, bu belə deyildir.

""Zənbur" jurnalı" "Tənqid əvəzinə" adlı resenziyalarında böyük ədib tənqidin necə yazılmalı olduğunun gözəl örnəyini vermişdir. Ancaq biz öz ənənəmizə sadiq qalaraq ancaq yaxşıları təbliğ edirik. Qoy həmişə hər şey yaxşı olsun, biz ancaq yaxşılardan, yaxşılıqdan yazaq. "Yaxşı"nın əksi olan sözün özünü belə buraya yazıb gül kimi yazımı korlamaq istəmirəm. Onlar da həmişə olub, var, çalışaq ki, olmasınlar. Bizim onlardan yazmağımıza ehtiyac qalmasın.

Gələk sələf-xələflik məsələsinə; mənim tanıdığım (hamının yaxşı tanıdığı), tanınmış, müasirlərimiz olan ədəbiyyatşünas tənqidçilərdən Qurban Bayramovu Tehran Əlişanoğlunu misal göstərə bilərəm. Dost sözünə səmimi (real) fikir bildirən şair yazıçılardan Vüqar Əhmədi, Kənan Hacını nümunə gətirmək olar. Bu adları çəkməyin məsuliyyətini anlayaraq söykəndiyim meyarı da nəzərinizə çatdırmağı özümə borc bilirəm.Bu şəxsləri fərqləndirən cəhət odur ki, onlar gördükləri, rastlaşdıqları, tanış olduqları, diqqət çəkən əsər, kitab, müəllif, mədəni hadisə barədə heç bir əlavə qeyd-şərt olmadan fikir bildirirlər sən yalnız bu barədə söhbət yayıldıqdan sonra mətbuatdan xəbər tutursan.

Estafet etibarlı əllərdədir. Bu gün əksəriyyətinin (demək olar ki, hamısının) imzası ilə "Yazarlar" jurnalının poçtuna gələn yazılarından tanış olduğum; Sərvanə Dağtumas, Günnur Ağayeva, Həcər Atakişiyeva Zəhra Həşimova kimi ləyaqətli, işin qaydasını bilən peşəkar ədəbiyyatşünas tənqidçilərin yetişdiyini inamla söyləyə (yaza) bilərik. Adını qeyd etdiyim gənc müəlliflərin yazılarını sərhədsiz internet məkanında sadəcə adlarını yazıb axtarış etməklə tapıb, tanış ola bilərsiniz.

Sərvanə Dağtumasla Zəhra Həşimovaya şəxsən mənim ianmım böyükdür. İnanıram ki, onlar mənim mənimlə eyni fikirdə olan açıq fikirli ziyalılarımızın ümidlərini doğruldacaqlar.

Bizi ümid yaşadır. Ümid gələcəyədir. Ancaq ümumi işin xeyirinə bu fidan ümidlərin pöhrələnməsi üçün hamımız əlimizdən gələni etməliyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti sayımızda açıq məktublar haqqında olacaq "doqquzuncu yazı"nı oxumağı unutmayın. Hələlik.

 

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB AJB-nin üzvü.

 

Olaylar.- 2025.- 5-11 sentyabr, ¹30.- S.18.