Hər kadr
bir tarixdir: Vüqar
İbadovun fotojurnalistika dünyası
Foto
yalnız təsvir deyil - yaddaş, hiss və tarixdir
Foto
- danışan yaddaşdır.
Bəzən bir insanın ömrünü,
bir xalqın tarixini, bəzən də bir müharibənin
izlərini bircə kadrda danışır. Tarixi yazmaq üçün
qələmin, hekayə
söyləmək üçün
sözün gücü
nədirsə, həqiqəti
göstərmək üçün
də fotoqrafiyanın
gücü odur. Foto - təkcə təsvir deyil, həm də hissdir, yaddaşdır, yaşanmış anların
gələcəyə ötürülən
sübutudur.
Fotoqrafiya
həmişə cəmiyyət
üçün bir güzgü rolunu oynayıb. O güzgüdə
biz sevinclərimizi də,
kədərlərimizi, qələbələrimizi,
məğlubiyyətlərimizi də görürük. Bəzən bir foto milyon sözün
izah edə bilmədiyi həqiqəti
deyir. Xüsusilə müharibə illərində,
təbii fəlakətlərdə,
ictimai hadisələrdə
çəkilən kadrlar
insanların yaddaşında
əbədi olaraq qalır. Çünki fotojurnalistika sadəcə
sənət deyil - həm də cəmiyyət qarşısında
məsuliyyətdir. Bu peşə
yalnız işıq və rakurs bilikləri tələb etmir, həm də cəsarət, obyektivlik və həqiqəti göstərmək
iradəsi tələb
edir. Azərbaycan fotojurnalistikası böyük
sınaqlardan keçib.
Qarabağ müharibəsi,
20 Yanvar faciəsi - bütün bunlar lentlərdə, kadrlarda əks olunub. O kadrlar təkcə hadisəni göstərməyib,
həm də gələcək nəsillərə
tarix kimi ötürülüb. Məhz
buna görə fotoqrafiya
ilə məşğul
olan hər kəsin məsuliyyəti digərlərindən qat-qat böyükdür.
Çünki bir dəfə buraxılan səhv, yanlış seçilən rakurs bəlkə də tarixə başqa cür düşəcək.
Fotoqraflıq peşəsinin arxasında
görünməyən çoxlu
çətinliklər də
var. Biz yalnız nəticəni
- parlaq, emosional fotonu görürük.
Amma o fotonun arxasında
bəzən saatlarla gözləmə, bəzən
təhlükəli şərait,
bəzən də həyat riskinə qədər uzanan yol dayanır. Fotoqraf hadisənin içindədir, amma eyni zamanda kənardan
baxmağı bacarmalıdır.
Hadisəni yaşaya-yaşaya,
emosiyalara qapılmadan
obyektiv kadr yaratmaq isə böyük peşəkarlıq
tələb edir.
Müasir
dövrdə texnologiyanın
inkişafı fotoqrafiyanın
imkanlarını genişləndirib.
Dronlar, yüksək keyfiyyətli kameralar, süni intellekt dəstəkli redaktə proqramları işimizi asanlaşdırır. Amma heç
bir texnologiya fotoqrafın ürəyini,
baxışını, hissini
əvəz edə bilmir. Çünki foto - texnikanın deyil, insanın gördüyü gerçəkliyin
təcəssümüdür. Ən müasir texnika belə, bir anı hiss etməyi, onu duymağı bacarmır. Onu yalnız fotoqrafın gözü və ürəyi bacarır. Bütün bu çətinliklərə
baxmayaraq, fotoqraflar hər zaman tarix yazmağa davam edirlər. Onların çəkdiyi kadrlar arxivlərdə, qəzet səhifələrində, sərgilərdə
yaşayır və gələcəyə ötürülür.
Azərbaycan fotojurnalistikasının
önəmli simalarından
biri də məhz bu çətin,
amma şərəfli
yolda öz imzasını atan Vüqar İbadovdur. Əslən Laçınlı
olan fotoqraf həm sənətkarlığı,
həm də peşəkarlığı ilə
tanınır. Eurovision 2012-nin rəsmi fotoqrafı, COP29 Azərbaycan
Əməliyyat şirkətinin
rəsmi fotoqrafı, bir sıra beynəlxalq
və yerli mükafatların qalibi olan Vüqar bəy, illərdir həm ölkə daxilində, həm də xaricdə fotoqrafiya sahəsində nümunə göstərir.
Onun kadrlarında yalnız təsvir deyil, həm də tarix yatır. Hər foto bir
sübut, bir xatirə, bir hekayədir. Vüqar İbadov üçün
foto sadəcə sənət yox, həm də həyat tərzidir. O deyir ki, hər kadr bir tarixdir
- çəkildiyi anı
illər sonra da eyni duyğularla yaşadır. Bəlkə
də buna görədir
ki, o, fotoqrafiyanı həm
sənət, həm məsuliyyət, həm də Vətən sevgisi kimi dəyərləndirir.
Elə biz də bu müsahibədə fotoqrafiya sənətinin görünməyən tərəfləri,
fotojurnalistikanın cəmiyyət
üçün rolu,
çətinlikləri və
yeni texnologiyalarla gələcəyi
haqqında Vüqar İbadovla söhbətləşdik:
- Sizi fotoqrafiya ilə bu yolun açılmasına
gətirən əsas
məqam nə oldu? İlk kamera ilə tanışlığınız,
mediaya gəlişiniz
həyatınızda hansı
dönüş nöqtəsini
yaratdı?
- Məni fotoqrafiyaya gətirən ən əsas məqam, sadəcə səkil çəkmək arzusu deyil, gördüyüm o anı dondurmaq və cəmiyətin də onu görməsini
təmin etmək olub. Bu həvəsi isə məndə ilk oyadan, Azərbaycanın tanınmış jurnalisti
(Stringeri) Xalid Əsgərov olub. Onun Çeçenistan müharibəsində çəkdiyi
kadrlar məni ruhlandırdı. Günlərin
bir günü, atamın iş masasında Xalid Əsgərovun telefon nömrəsini gördüm. Atamdan gizlin nömrəni götürüb
özü ilə görüşməyi qərara
gəldim. İlk görüşümüz
çox maraqlı keçdi. Mən də fotojurnalistika ilə məşğul olacağımı ona söylədim. Sağ olsun, mənə lazımi dəstəyi verdi. Xarici media agentliyinin fotoçəkiliş
stilini mənə başa saldı. Hansı növ şəkilləri çəkməyi,
rakursları mənə
izah etdi. Xalid Əsgərovla tanışlığımdan sonra dünyaya
və fotoya tamam başqa gözlə baxmağa başladım. O zaman başa düşdüm ki, foto yalnız təsvir deyil - yaddaş, hiss və tarixdir.
- Hərbi fotoqrafiyaya
marağınız necə
yarandı? Bu istiqamətə
yönəlməyinizin səbəbi
nə idi və ilk təcrübələrinizdə
hansı çətinliklərlə
üzləşdiniz?
- Hərbi fotojurnalistika və həbi fotoqrafiya ilə bağlı geniş danışmayacam.
Bu mövzuda çalışan
ikinci biri olmadığı üçün,
özüm öz haqqımda heç nə demək istəmirəm. Hələki
meydanda təkəm . Bilirsiniz niyə?
Çünki bu sahədə maddi maraq yox, Vətənin
maraqları var. Hər
fotoqrafın ürəyinə
görə deyil ki, Vətənin maraqları ilə qidalansın... Bu sahəyə maraq göstərən də bir müddət sonra maddiyyatlı çəkilişlərin arxasınca
gedir. Bəli, maddiyyat da vacibdir, bunu inkar etmirəm.
Amma bu sahəyə gərək içdən
könül verəsən
və səbrli olasan. Media sahəsində,1998-ci ildən əmək kitabçam açılıb.
2008-ci ildən isə Silahlı
qüvvələrimizin bütün
qoşun növləri
ilə digər hərbi qurumlarla da əməkdaşlıq edirəm.
Fikirləşməməlisən ki, görəsən
nə vaxtsa mənim bu əməyimə
qiymət verəcək
bir qurum olacaq, ya yox?
Hazırda Azərbaycan
Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvüyəm. Birliyimiz,
bacarıqlı gəncləri
bizim sıralarımıza
qoşulmağa dəvət edir.
- Azərbaycan fotojurnalistikasının hazırkı
vəziyyətini necə
qiymətləndirirsiniz? Bu sahənin
inkişafı üçün
hansı addımların
atılması vacibdir?
- Bilirsiniz ki, texnologiyanin əlçatan olması, sosial
medianın güclənməsi nəticəsində
artıq hər kəs foto çəkə bilir. Mobil telefonlar vasitəsilə nələr mümkündür.
Amma unutmayaq ki, peşəkar
fotojurnalistikanın əsas
dəyəri obyektivlik,
məsuliyyət, çeviklik,
baş vermiş hadisəyə anında qiymət vermək və sənədli baxışda
qalır. Təəssüf
ki, hazırda fotoqrafiya təhsili heç bir ali təhsil ocağında tədris edilmir. Təkcə BDU Jurnalistika fakültəsində
"Fotojurnalistika"nı tədris etmək üçün, tələbələrə
bu sənətin sirlərini öyrətmək
üçün mənə
şərait yaradıb.
Buna görə Bakı
Dövlət Universitetinin
rəhbərliyinə təşəkkür
edirəm.
- Fotoqraf
üçün hər
kadr bir tarixdir. Siz çəkdiyiniz
fotolara sonradan baxanda, onlar sizdə hansı hissləri oyadır? Öz əsərlərinizlə
aranızda necə bir bağ hiss edirsiniz? Sizin yaddaşınızda ən
çox qalan hadisə və ya an hansıdır və o Sizə necə təsir etdi?
- Hər çəkdiyim foto, mənim üçün bir tarixdir. Yenidən həmin kadrlara baxdıqda yalnız görüntü deyil, o anın bütün ab-havası, insanların o andakı səsləri, baxışları, hətta
havanın soyuqluğu
və ya istisi belə yadıma düşür...
Xüsusilə 44 günlük
müharibədə çəkdiyim
hər kadr, məni o anlara aparır.
- Texnologiyanın sürətli
inkişafı fotoqrafiyaya
da ciddi təsir göstərir. Sizin fikrinizcə, yeni texnologiyalar
(dronlar, süni intellekt, yüksək keyfiyyətli kameralar) fotojurnalistikanı hansı
istiqamətə aparır?
- Texnikanın sürətli inkişafı,
şübhəsiz ki, fotojurnalistkaya
da ciddi təsir göstərir. Dronlar bizə əlçatmaz rakurslardan kadrlar çəkmək imkanı
verir, yüksək keyfiyyətli kameralar və lenslər isə hər detalı daha aydın çatdırır
və işimizin operativliyinə kömək
edir. Süni intellekt isə həm də redaktə prosesini sürətləndirir. Amma bütün
bunlara baxmayaraq, fotojurnalistikanın mahiyyəti dəyişməz
olaraq qalır. Çünki müasir
texnika belə, insanın müşahidə
qabiliyyətini, hadisəni
hiss etmə duyğusunu
və obyektiv baxışını əvəz edə bilməz. Düşünürəm
ki, yeni texnologiyalar fotojurnalistikanı
daha dinamik, daha əlçatan və vizual olaraq daha güclü
edəcək. Amma fotojurnalistin
peşəkar baxışı
və məsuliyyəti
həmişə əsas
qalacaq.
- Uzun illərin təcrübəsinə əsaslanaraq
gənc fotoqraflara və jurnalistlərə nə məsləhət verərdiniz?
- Vallah, indiki bəzi gənc fotoqraflara söz demək olmur. Hamısı özünü
"Dahi" sanır.
Ona görə də artıq heç kimə heç nə demirəm. Kimin fotojurnalistika sahəsində köməyə, dəstəyə
ehtiyacı varsa, özü məni tapacaq. Bacarıqlı gənclərə hər
zaman dəstək olmuşam
və olacam da.
Vüqar
İbadovun fotojurnalistikası
yalnız sənət
əsəri deyil, həm də tarix, yaddaş və hisslərin vizual ifadəsidir. Onun hər bir
kadrı həm keçmişi qoruyur, həm də gələcək nəsillərə
ötürülən bir
dərs, bir xatirədir. Fotoqrafiyanın
çətinlikləri, riskləri
və məsuliyyəti
fonunda Vüqar bəy həm peşəkarlığı, həm
də Vətən sevgisi ilə nümunə göstərir.
Texnologiya nə qədər inkişaf etsə də, insan gözü və ürəyi olmadan foto yalnız
təsvir olaraq qalır. Onun yaradıcılığı göstərir
ki, hər foto - bir tarixdir, hər
an - gələcək üçün
bir mirasdır və hər fotoqraf - cəmiyyətin yaddaşını qoruyan bir tarixçi kimidir. Bu səbəbdən,
Vüqar İbadovun kadrları yalnız gözəllik deyil, həm də öyrədici, düşündürücü
və gələcək
nəsillər üçün
əvəzsiz bir xəzinədir.
Zeynəb Mustafazadə
Olaylar.-
2025.- 5-11 sentyabr, ¹30.- S.22.