“Azərbaycan teatrı
dramaturq böhranı yaşayır”
Əyyub
Qiyas: "Mənim üçün nəsr və dramaturgiya
daha doğmadır"
Ədəbiyyat
insanın həm daxili dünyasını, həm də cəmiyyətlə
münasibətini ifadə edən ən böyük güclərdən
biridir. Bəzən bir şeir bir ömrün yükünü
daşıyır, bir tamaşa isə bütöv bir
xalqın taleyini səhnəyə gətirir. Əyyub Qiyas bu
iki yolun yolçusudur: həm yazı masasında, həm də
teatr səhnəsinin arxa pərdəsində sözün
gücünü sınayır. Onun
yaradıcılığında suallar çoxdur - insan, həyat,
zaman və sənətin özü haqqında. Müsahibimizlə
söhbətimiz də məhz bu sualların cavabını
axtarmağa yönəldi.
-Əyyub müəllim, siz həm
şair, həm də dramaturqsunuz. Hansı janrda
özünüzü daha rahat ifadə edirsiniz və bu iki
yaradıcılıq xətti bir-birinə necə təsir
göstərir?
-Əslində mən özümü tam şəkildə
şair hesab etmirəm. Bəzən şeir yazıram, amma mənim
əsas yaradıcılıq istiqamətim nəsr və
dramaturgiyadır. Nəsr mənim üçün daha
doğma bir sahədir. Dramaturgiya isə həm nəsrdən
qidalanır, həm də nəsrə təsir göstərir.
Mənim yaradıcılığımda bu iki istiqamət
bir-birini tamamlayır, bir-birinə dəstək olur. Ona görə
də mənim yazdığım nəsr əsərlərində
vizuallıq, teatrallıq daha güclüdür, sanki oxucu hadisəni
sözlərlə deyil, səhnədə izləyirmiş kimi
təsəvvür edə bilir. Dramaturgiyada isə nəsrdən
gələn obrazlılıq, psixoloji dərinlik
özünü göstərir. Mənim üçün bu
qarşılıqlı sintez
yaradıcılığımın təməl
dayağıdır.
-Azərbaycan teatrı son illərdə
hansı mərhələdən keçir?
Tamaşaçının maraqlarını qarşılamaq
üçün dramaturqlar hansı yeniliklərə getməlidir?
-Əgər açıq
danışsaq, bu gün Azərbaycan teatrı dramaturgiya
baxımından böhranlı bir mərhələ
yaşayır. Peşəkar dramaturqlar çox azdır,
teatrlar isə onların yetişməsinə maraq göstərmirlər.
Əslində teatr tariximizdə bu məsələnin çox
aydın ənənəsi olub: Şekspirdən Hüseyn Cavidə,
İlyas Əfəndiyevdən tutmuş yaxın müasirlərimizə
qədər dramaturqlar teatra yol açıb, teatr isə
onları formalaşdırıb. Bu qarşılıqlı
münasibət teatr sənətini gücləndirib. Təəssüf
ki, indi teatrlarımız klassiklərin və əcnəbi
müəlliflərin əsərlərinə daha çox
ümid edir. Halbuki milli dramaturgiya yetişməsə,
teatrın gələcəyi də zəifləyəcək.
Tamaşaçının marağını yalnız yeni
ideyalar, müasir düşüncə ilə
yazılmış peşəkar pyeslər qarşılaya bilər.
-Sizcə, bu gün Azərbaycan
poeziyası gənclərə nə deməlidir? Şeir
insanın hansı yarasına məlhəm ola bilər?
-Mən şeir mövzusunda çox
danışmaq istəməzdim, çünki özümü
daha çox nasir və dramaturq hesab edirəm. Amma oxucu kimi deyə
bilərəm ki, yalnız yaxşı şeirlər
zamanın ələyindən keçir və yüz illərlə
yaşayır. Orta səviyyəli, babat şeirlər
zamanın sınağından keçmir. Ona görə də
ya ümumiyyətlə yazmamaq, ya da çox yaxşı
şeir yazmaq lazımdır. Mən də bəzən şeir
yazıram, amma onları böyük poeziya iddiası ilə
yazmıram.
-Azərbaycan klassik ədəbiyyatının
ən çox hansı nümayəndəsi sizin
yaradıcılığınıza təsir göstərib?
Bu gün öz əsərlərinizdə ənənə ilə
yeniliyi necə uzlaşdırırsınız?
-Füzulisiz keçinmək mümkün deyil. Füzuli
Azərbaycan ədəbiyyatının sütunlarından
biridir və istənilən yazıçı onun təsirindən
yan keçə bilmir. Mən də Füzulini sevirəm və
düşünürəm ki, yaradıcılığıma
müəyyən təsirlər buraxıb. Ənənə ilə
yenilik məsələsinə gəlincə... Mən həm
redaktor, həm də tərcüməçi kimi daim
müasir ədəbi proseslərin içindəyəm.
Dünyada hansı tendensiyaların getdiyini izləyir, oxucu
zövqlərini müqayisə edirəm. Azərbaycan oxucusunun
maraqları ilə dünya oxucusunun tələbləri
arasında ortaq bir üslub və təqdimat forması
tapmağa çalışıram. Əlbəttə, bunun mənim
əsərlərimdə nə qədər uğurlu
alındığını oxucu deyə bilər.
-Ən çox hansı
mövzular sizi yazmağa vadar edir? İlhamı gündəlik
həyatda tapırsınız, yoxsa daha çox tarixi, fəlsəfi
mövzulara üstünlük verirsiniz?
-Mövzu özü o qədər də
əsas məsələ deyil. Əsas odur ki, sən onu necə
yaza bilirsən. Mənim üçün yazı prosesi ilhama
bağlıdır. Şair üçün ilham əsas şərtdir,
amma nasir üçün yazmaq həm də gündəlik
iş, planlı fəaliyyət deməkdir. Mən nasiri ədəbiyyatın
mühəndisi hesab edirəm. Nasir hadisəni, obrazı,
konfliktləri qurur, sanki bir inşaatçı kimi əsəri
bünövrədən ucaldır. Mövzu müxtəlif ola
bilər - gündəlik həyat da, tarixi hadisələr də,
fəlsəfi düşüncələr də. Amma əsas məsələ
odur ki, sən bu mövzunu necə işləyirsən,
hansı bədii həll tapırsan.
-Dünya ədəbiyyatında
baş verən proseslər, trendlər sizin
yaradıcılığınıza təsir edirmi? Məsələn,
Qərb dramaturgiyası və poeziyası ilə hansı
paralellər və ya fərqlər görürsünüz?
-Dünya ədəbiyyatından
ayrı yaşamaq mümkün deyil. Biz bu dünyanın bir
parçasıyıq və dünya ədəbiyyatında
baş verən proseslər bizə təsir etməyə bilməz.
Mən çalışıram ki, bu proseslərlə
ayaqlaşım, çünki əks halda çox geridə
qalmaq olar. Amma yazanda mütləq Azərbaycan oxucusunu nəzərdə
tuturam. Əsərlərimdə milli üslubu qoruyaraq dünya
oxucusu üçün də maraqlı olacaq mövzulara
toxunmağa çalışıram. Yəni mənim
üçün həm milli, həm də qlobal dəyərlər
bir yerdə dayanır.
-Qarşıda yeni
tamaşalarınız və ya şeir kitablarınız
varmı? Oxucular və tamaşaçılar sizdən
yaxın vaxtlarda nə gözləyə bilər?
-Yəqin ki, roman və az tirajdda
şeir kitabı olacaq.
Sevda Dəniz
Olaylar.-
2025.- 12-18 sentyabr, ¹31.- S.21.