Tarixi sorğulamayan
rejissor
böyük film çəkə bilməz
Nadir Bədəlov: "Film tarix
dərsliyi deyil, tamaşaçının düşüncəsini
oyadan sənət əsəri olmalıdır"
Tarixi filmlər insan yaddaşının ən
təsirli daşıyıcılarından
biridir. Onlar bir tərəfdən keçmişin izlərini
qorumağa çalışır,
digər tərəfdən
isə bədii təxəyyülün gücü
ilə tamaşaçını
təsirləndirir. Lakin burada
incə bir sərhəd var - tarixi faktların qorunması ilə rejissorun bədii yanaşması arasında. Bu sərhəd
çox vaxt mübahisələrə yol
açır: tarix sənətin xidmətinə
verilməlidirmi, yoxsa sənət tarixin?
Müsahibimiz ssenarist,
kino redaktoru Nadir Bədəlov
ilə söhbətimizdə
məhz bu suallara cavab axtardıq.
-Nadir müəllim, tarixi filmlərdə həqiqətin
qorunması ilə bədii uydurmanın tarazlığı necə
təmin olunur?
-Tarixi filmlər demək olar ki, kino sənəti yaranandan çəkilməyə başlayıb.
Lakin onların əksəriyyətinin
tarixə ciddi bağlılığı yoxdur.
Burada daha çox kino effektlərinə
üstünlük verilib,
nəinki tarixi hadisələrin obyektiv əksinə.
Mən tarixi çox sevirəm, tarix haqqında yazılarım
olub, xüsusilə Azərbaycan tarixi ilə bağlı. Amma Azərbaycan tarixi də təcrid olunmuş tarix deyil, dünya tarixi ilə sıx bağlıdır.
Bizim regionda, bu coğrafiyada böyük hadisələr
baş verib və mən bütün dövrlərlə
maraqlanmışam. Jurnalist
və sənətşünas
kimi fəaliyyətimdə
də bu mövzulara çox toxunmuşam. Buna baxmayaraq,
tarixi filmləri o qədər də sevmirəm. Niyə? Çünki tarixi filmlərin əksəriyyətində
istisnalar xaric, tarixi hadisələr kinematoqrafik vasitə kimi istifadə olunur. Tarixi faktlar ikinci planda qalır, rejissorlar daha çox kino üçün
əlverişli olan elementləri önə çəkirlər. Bu, mənim
fikrimcə, düzgün
deyil. Əlbəttə,
istisnalar var. Kino tarixində
böyük hadisə
sayılan filmlər mövcuddur. Məsələn,
Sergey Eyzenşteynin "Aleksandr Nevski" və
"İvan Qroznı" filmləri,
Devid Linin "Ərəbistanlı
Lourens"i, eləcə
də Akira Kurosavanın
kostyum filmləri. Müasir dövrdə də maraqlı nümunələr var. Məsələn,
mən yaxınlarda bir film izlədim. Bu film
1940-cı illərdə İkinci
Dünya müharibəsi
zamanı Auşvitsdə
baş verən hadisələrə həsr
olunmuşdu. Film məni
çox təsirləndirdi.
Çünki orada zorakılıq səhnələri
demək olar ki, göstərilmir, hadisələrin
dəhşəti ekranın
arxasında baş verir. Biz yalnız insanların gündəlik
həyatına, bir-birilərinə
sevgisinə, ailə münasibətlərinə baxırıq.
Onların zövqlü,
estetik həyatı fonunda arxada baş verən faciələri hiss edirik.
Bu isə tamaşaçıda
qəribə bir günahkarlıq duyğusu
yaradır: biz sanki insanlığa dəhşət
yaşadan şəxslərin
normal həyatından zövq
alırıq. Filmin adı "Maraq Zonası"dır. Təxminən
2023 və ya
2024-cü ildə Kann
festivalında "Grand Prix" mükafatına layiq görülüb. Bu da tarixi
filmlərə nümunədir.
Azərbaycan kinosunda isə tarixi filmlər adətən şəxsiyyətlər
üzərində qurulur.
Əsas mövqeyə
böyük şəxsiyyətlərin
tarixi yaratdığı
ideyası çıxarılır.
Mən bu yanaşma ilə tam razı deyiləm. Çünki tarix canlı bir prosesdir, yalnız fərdlərin adı ilə yazılmır. Xalq, kütlə, ikinci dərəcəli şəxslər də böyük rol oynayır. Şəxsiyyətlər
sadəcə öz rollarını yaxşı
oynayırlar, amma tarixi yalnız onlar dəyişmir. Buna baxmayaraq, bizdə tarixi filmlərin çoxu məhz görkəmli şəxsiyyətlər
üzərində qurulur
ki, bu da mənim zövqümə uyğun
deyil.
-Sizcə, tarixi filmlər daha çox sənət əsəri kimi dəyərləndirilməlidir, yoxsa qeyri-rəsmi "tarix dərsliyi" kimi?
-Mənim fikrimcə, tarixi filmlərdən məktəbdə və universitetdə dərs vəsaiti kimi istifadə etmək düzgün deyil. Bu, tamamilə yanlış olar. Çünki film bədii əsərdir və təxəyyülə
əsaslanır. Tarixi
tam şəkildə əks
etdirə bilməz və yanlış təsəvvürlər yarada
bilər. Başqa məsələ elmi filmlərdir - sənədli
janrda çəkilənlərdən
tarix dərsliyi kimi istifadə etmək olar.
-Tarixi mövzuya müraciət edən rejissorun əsas məsuliyyəti nədir
- tarixə sadiqlik, yoxsa tamaşaçını
cəlb etmək?
-Müasir kinematoqrafiya təcrübəsi göstərir
ki, rejissorlar daha çox tamaşaçını
maraqlandırmaq üçün
tarixi mövzulara müraciət edirlər. Savaş filmləri, blokbasterlər, hətta melodram və ya komediyalar tarixi fon üzərində
qurulur. Lakin bu zaman tarixi faktlara tam sadiq qalmaq mümkün
deyil. Çünki tarix heç vaxt obyektiv yazılmayıb.
Müxtəlif müəlliflərin
eyni hadisəyə yanaşmaları tamamilə
fərqlənir. Azərbaycanlı,
rus, gürcü, erməni və ya qərbli müəllifin eyni hadisəni fərqli yozması buna sübutdur.
Ona görə rejissorun
faktlara tam sadiqliyi qeyri-mümkündür. Amma rejissorun
edə biləcəyi
ən vacib şey - dövrün ruhunu, ovqatını, düşüncəsini əks
etdirməkdir. Həmin
dövrdə hansı
ideyaların, hansı
dəyərlərin ön
planda olduğunu tamaşaçıya çatdırmaq
vacibdir. Tarixi filmlərdə əsas məsələ məhz budur. Yəni fakt bir qədər
dəyişdirilə bilər,
amma ruh saxta olmamalıdır. Məsələn, Şah İsmayıl haqqında
film çəkildiyini təsəvvür
edək. Hadisələr
sarayın bir zalında, azsaylı obrazların iştirakı
ilə də göstərilə bilər.
Əsas odur ki, tamaşaçı həmin
dövrün atmosferini,
ruhunu hiss etsin. Təəssüf ki, Azərbaycan
kinosunda bunu az görmüşəm. Daha çox kütləvi səhnələr,
döyüş təsvirləri
ön plandadır, amma dövrün ruhu çatdırılmır.
Yalnız müəyyən
istisnalar var. Məsələn,
"Olmasın, bu olsun" filmində Bakı 1910-cu illərin ruhunu hiss edə bilirik. Çünki rejissor və yaradıcı heyət o dövrdə yaşamış,
onu yaxşı xatırlamış insanlar
idi. Azərbaycan kinosunda uğurlu tarixi filmlərə misal olaraq "Nəsimi"ni göstərə
bilərəm. Həmçinin
müəyyən qüsurları
olsa da, "Fətəli
xan" filmində də tarixi ruhu hiss etmək mümkündür.
-Bəs Azərbaycan tarixinin hansı dövrləri və şəxsiyyətləri hələ
də kino vasitəsilə
tamaşaçıya çatdırılmayıb
və bu boşluğu doldurmaq vacibdir?
-Əsas məsələ konkret dövrlərin filmə gətirilməsi yox, həmin dövrlərin bu günlə əlaqəsinin
qurulmasıdır. Əgər
biz keçmişlə bu
günü əlaqələndirmiriksə,
belə filmlərin çəkilməsi vacib deyil. Mənim fikrimcə, vacib olan odur ki, çəkilən
hər bir film, hətta müasir mövzuya həsr olunmuş əsər də tarixlə bağlı olsun.Tarix yalnız keçmişin hadisələrini canlandırmaq
deyil. Tarix bugünkü həyatımızın
əsaslarının qoyulduğu
prosesdir. Əgər rejissor öz mövzusu ilə bu əlaqəni qura bilmirsə, uğurlu tarixi film çəkə bilməyəcək.
Təəssüf ki, bizim
tarixi filmlərdə bu əlaqəni çox vaxt görmürəm.
Bugünkü Azərbaycan kinematoqrafiyasının hələ böyük tarixi filmlər çəkmək
gücü yoxdur.
Bunun səbəbi yalnız
maliyyə deyil. Mən gənc rejissorlar arasında tarixi sorğulayan, tarixi dərin şəkildə düşünən
sənətkar görmürəm.
Sevda Dəniz
Olaylar.-
2025.- 12-18 sentyabr, ¹31.- S.22.