Reklamların zaman səyahəti
Müasir
dövrdə reklam taktikası
Reklam -
insanı təsir altına almaq bacarığıdır. Sadəcə
bir məhsulu tanıtmaq yox, həm də bir ideyanı, bir
düşüncəni, bir həyat tərzini insanın zehninə
yerləşdirməkdir. Əslində, biz hər gün
reklamların içində yaşayırıq: televiziya
ekranlarında, küçə lövhələrində,
metrolarda, avtobus dayanacaqlarında, telefonumuzdakı sosial şəbəkələrdə.
Elə bil bizi müşayiət edən, daim addım-addım
arxamızca gələn bir kölgədir.
Düşünürəm
ki, reklamı yalnız "aldırmaq" kimi anlamaq
düzgün deyil. Reklam bir mədəniyyət yaratmaq
gücünə malikdir. Necə ki, illər əvvəl
"Made in Italy" ifadəsi sadəcə geyim deyil, dəb və
zövq anlayışı ilə assosiasiya olunurdu, bu gün də
müəyyən brendlər sadəcə məhsul deyil, həyat
fəlsəfəsi satır. Ənənəvi reklam
üsulları - qəzet elanları, radio və televiziya
çarxları uzun illər insanların həyatında əsas
rol oynadı. Amma texnologiyanın inkişafı ilə
reklamların dili də dəyişdi. Artıq kiminsə
televizorda gördüyü 30 saniyəlik çarxdan daha
çox, telefonunda 3 saniyədə qarşısına
çıxan qısa video diqqət çəkir.
Çünki zaman dəyişdikcə insanların informasiya qəbul
etmə sürəti də dəyişir. Müasir
dövrün reklamları əsasən sosial şəbəkələrdə
özünə meydan qurub. İnstagram, TikTok, Facebook, YouTube -
bunlar sadəcə əyləncə platformaları deyil, həm
də ən böyük reklam bazarlarıdır. İndi
brendin uğuru onun reklam büdcəsindən çox,
auditoriya ilə necə əlaqə yaratmağı
bacarması ilə
ölçülür. Düşünürəm ki, bu
gün reklamların təsir gücünü artıran ən
önəmli faktor "şəxsi təcrübə" təəssüratıdır.
İnsan artıq sadəcə "məhsulumuz
yaxşıdır" mesajını qəbul etmir. Onun istədiyi
odur ki, "bu məhsulu sənin kimi insanlar istifadə edir və
xoşbəxtdirlər" mesajını alsın. Ona görə
də "influencer" anlayışı meydana
çıxdı. Sosial şəbəkədə izlənən
bir şəxsin istifadə etdiyi şampun, geyindiyi ayaqqabı,
içdiyi qəhvə artıq təkcə məhsul deyil -
izləyiciyə ötürülən bir emosiyadır.
İndi isə sosial şəbəkələrin gətirdiyi
yeni "məşhurlar" var: influenserlər. Onların əksəriyyətini
nə kinoda, nə televizorda görmüşük, amma telefon
ekranımızda hər gün yanımızdadırlar.
Düşünürəm ki, influenser fenomeni reklam
dünyasını tamamilə dəyişdi. Çünki
insanlar artıq peşəkar aktyorların dediklərinə
deyil, özlərinə bənzəyən insanların təcrübəsinə
inanmağa başladılar. Bir bloggerin istifadə etdiyi
kosmetika, bir vlogerin getdiyi restoran izləyici üçün
"daha real" görünür. Burada əsas məqam
inandırıcılıqdır. Əgər influenser sadəcə
pul qarşılığında hər şeyi təbliğ
edirsə, izləyicilər bunu tez anlayır və etibar
azalır. Amma həqiqətən istifadə etdiyi məhsulu təbliğ
edəndə reklam həm təsirli, həm də təbii
olur. Bu gün bir çox brend böyük büdcəli
televiziya reklamı əvəzinə influenserlərə
müraciət edir. Çünki 1 milyon izləyicisi olan bir gəncin
paylaşımı bəzən televiziya çarxından daha
çox insana çatır. Üstəlik, izləyicilərlə
daha səmimi bağ qurulur. Düşünürəm ki,
infulencerlər təkcə məhsul satmır, həm də həyat
tərzi satır. Onların geyimi, danışığı,
gündəlik vərdişləri izləyicilər
üçün nümunəyə çevrilir.
Əvvəllər
reklam daha çox kütləyə yönəlmişdi.
Hamı üçün eyni mesaj, eyni şəkil, eyni sloqan.
İndi isə fərdiləşmiş reklam dövrü
başlayıb. Süni intellekt, alqoritmlər, istifadəçi
məlumatları - bunlar reklamı elə hədəfləyir
ki, insan sanki öz fikrini ekranında görür. Məsələn,
bir dəfə internetdə "idman ayaqqabısı"
axtarırsan, bir də görürsən, bütün sosial
şəbəkə lentin müxtəlif ayaqqabı
reklamları ilə dolub. Bu, bir tərəfdən maraqlı,
digər tərəfdən qorxulu görünə bilər.
Çünki reklam artıq bizim zövqlərimizi oxuyur,
seçimlərimizi yönləndirir. Düşünürəm
ki, bu, həm fürsətdir, həm də risk. Fürsətdir,
çünki istədiyimiz məhsulu daha tez tapırıq.
Riskdir, çünki bəzən seçimimizi
özümüz yox, alqoritm edir. Reklamın müasir
taktikalarında vizual effektlər, qısa və emosional
mesajlar, interaktiv yanaşmalar üstünlük təşkil
edir. TikTok və İnstagram Reels kimi platformalar brendlərə
saniyələr içində diqqət qazanmaq imkanı verir.
Hətta deyərdim ki, bu gün "yadda qalmaq" uzun video
çəkməkdə yox, qısa amma təsirli mesaj verməkdədir.
Sosial şəbəkələrdə reklamların bir digər
özəlliyi isə insanlarla dialoq qurmaq imkanında gizlənib.
Əvvəllər reklam sadəcə monoloq idi - marka
danışır, müştəri dinləyirdi. İndi isə
şərhlər, bəyənmələr, paylaşmalar vasitəsilə
tamaşaçı reklamın içində iştirak edir.
Bu da məhsula inamı artırır. Bütün bunların
fonunda aydın olur ki, reklamın gücü sadəcə
maliyyə ilə ölçülmür. Əsl güc
kreativlikdədir, insanın zehnində iz buraxmaq qabiliyyətindədir.
Düşünürəm ki, əgər bir reklam insanı
düşündürürsə, onda o, artıq sadəcə
kommersiya vasitəsi yox, sosial hadisəyə çevrilib.
Rəqəmsal
və klassik marketinqin fərqli vasitələri mövcuddur,
amma müasir brendlər hər iki aləti istifadə edərək
necə uğurlu strategiya qura və müştərinin markaya
bağlılığını necə artıra bilər?
Bütün bu fikirləri bir marketoloqun peşəkar
baxışı ilə də dəstəkləmək
vacibdir. Mövzu ilə bağlı marketinq üzrə mütəxəssis
Müşviq İskəndərov Olaylar.az-a açıqlama
verib. Mütəxəssis qeyd edib ki, marketinqin əsas məqsədi
ilk satış deyil, növbəti satışları təmin
etməkdir:
"
Dünya trendində çox təəssüflə
müşahidə olunur ki, marketinq çox zaman klassik və rəqəmsal
marketinq kimi iki ayrı kommunikasiya vasitəsi kimi təqdim
edilir. Halbuki bu yanaşma düzgün deyil. Əslində, hər
iki istiqamət vahid marketinq sisteminin müxtəlif alətləridir.
Onları bir-birindən ayırmaq, sanki bir ağacın
müxtəlif budaqlarını kökdən qoparmağa bənzəyir.
Bu budaqlar birlikdə ağacı necə
formalaşdırırsa, klassik və rəqəmsal marketinq də
birlikdə bir markanın tam təsir gücünü
yaradır. Rəqəmsal marketinq daha çox əlçatanlığı
təmin etmək, müştərilərə birbaşa
çatmaq üçün istifadə olunan alətdir və
çox sürətli şəkildə ölçülə
bilənlik mövcuddur. Amma klassik marketinq daha çox
müştəri kimliyini formalaşdırmağa, markanın
dəyərlərini və onun müştərinin
algısındakı fikrini yaratmağa əsas verən amillərdən
biridir. Marka strateji olaraq seçdiyi yolda innovativ davranmalı və
hər ikisindən istifadə etməlidir. Müasir tendensiyalar
marketinqin ana fəaliyyətinə təsir etməyən
faktorlardır. Marketinqin funksiyası istehlakçı-istifadəçi,
qısa desək, müştəri ilə marka
arasındakı bağı yaratmaq və daimiliyi təmin etməkdir.
Bir növ, hər hansısa bir alətdən istifadə edib
ilk satış etmək deyil, növbəti
satışları təmin etmək marketinq üçün əsas
funksiyalardan biridir".
Beləliklə,
reklamların tarixi səyahəti göstərir ki, insanı təsir
etmək bacarığı hər zaman texnologiyanın, mədəniyyətin
və ictimai dəyişikliklərin təsirinə
bağlıdır. Əvvəllər reklam daha çox
kütləyə yönəlmiş, hər kəs
üçün eyni mesajı çatdıran bir vasitə
idisə, bu gün fərdiləşmiş və interaktiv alətlər
onun yerini alıb. Sosial media platformaları, süni intellekt və
influencerlər reklamın daha şəxsiyyətə
uyğun, real və inandırıcı olmasını təmin
edir. İnsanlar artıq təkcə məhsulu deyil, onun
arxasında duran həyat tərzini, dəyərləri və
təcrübələri də qiymətləndirir. Bu dəyişikliklər
göstərir ki, müasir reklam yalnız görünən məhsulu
satmaqdan çox, istehlakçı ilə emosional əlaqə
yaratmaq, ona dəyər vermək və uzunmüddətli
bağlılıq qurmaq funksiyasını daşıyır.
Marketoloq Müşviq İskəndərovun dediyi kimi, rəqəmsal
və klassik marketinq alətləri ayrı-ayrı vasitələr
deyil, vahid marketinqin müxtəlif qollarıdır. Əslində
brendin gücü onun mesajını nə qədər kreativ
və dərin şəkildə çatdıra bilməsində,
həmçinin müştəri ilə davamlı əlaqə
qura bilməsində ölçülür. Rəqəmsal alətlər
sürətli, ölçülə bilən və əlçatan
bir yol təqdim edirsə, klassik alətlər markanın dəyərlərini,
kimliyini və uzunmüddətli nüfuzunu
formalaşdırır. Müasir brendlər üçün
uğurlu strategiya bu iki aləti balanslı və inovativ şəkildə
birləşdirməkdir. Buna görə də reklamın bu
günkü təbiəti yalnız məhsul satmaqla məhdudlaşmır
o, bir mədəniyyət, bir təcrübə, bir ideya təqdim
edir. İnsanların diqqətini cəlb etmək
üçün brendlər artıq qısa, emosional, vizual və
interaktiv mesajlardan istifadə edir, izləyicilərlə dialoq
qurur və onların gündəlik həyatına nüfuz
edir. Brendin fərqliliyini qorumaq, müştəri ilə səmimi
və davamlı bağlılıq yaratmaq isə yalnız
büdcə ilə deyil, kreativlik və strategiya ilə mümkündür.
Nəticədə,
reklamın gələcəyi texnologiya və trendlərdən
asılı olsa da, onun əsas məqsədi dəyişməz
qalır: müştəri ilə marka arasında
güclü, inandırıcı və davamlı bir bağ
yaratmaq, onu yalnız ilk satışla deyil, növbəti
addımlarla da brendin sadiq tərəfdarı etmək. Modern
reklam dünyasında brend uğuru, insanın zehnində
buraxdığı iz və onun həyatına
qatdığı dəyər ilə ölçülür.
Bu isə hər bir marketoloq üçün daim yenilənən,
yaradıcı və strateji bir
çağırışdır.
Zeynəb
Mustafazadə
Olaylar.-
2025.- 12-18 sentyabr, №31.- S.23.