Biz indi onlardan 100 il qabaqdayıq
Üzeyir
bəy Hacıbəylinin 140 illiyinə onuncu yazı
Salam
olsun, çox dəyərli oxucum! Ötən
yazımızın sonunda məlumat verdiyimiz kimi bu yazı
mövzu üzrə silsilə yazımızın sonuncusu -
yekunu olacaq.
Mövzu
üzərində işləməyə 25 may 2025-ci il tarixində
Ağdamda başladım. Başlanğıc sürəcinə
gələnə qədər və işin davam etdiyi müddət boyunca Hadrutda, Ağcabədidə
və dəfələrlə Ağdamda, Şuşada, Xankəndidə
oldum. Yazının bəzi hissələrini Ağdərədə,
Kəlbəcər və Laçında (Həkəri
çayının sahilində, cənnət məkan Şəlvə
dərəsi boyunca, Mıxtökən, Qızılqaya
dağlarının ətəklərində) mobil telefonumun
qeyd bölməsinə yazdım. Sonunda bu gün artıq yekun
mərhələsinə gəlib çatmışam.
Muzeylərdə
oldum. Operaları və filmləri izlədim. Filarmoniyada, Opera
və Balet TeatrInda, Musiqili teatr
da, Akademik Dram Teatrında, hətta Kukla teatrında oldum.
Çox müşahidələr apardım. "Qaynaqlar"
bölümündə qeyd olunmuş ədəbiyyat və mənbələrdən
istifadə edərək, özüm üçün vacib -
borc bildiyim bir işi yekunlaşdırmaq ərəfəsindəyəm.
HAŞİYƏ:
Ad, soyad
barədə kiçik bir haşiyə çıxmaq istəyirəm.
Qaladan (Şuşadan) olan ikinci bir görkəmli
ziyalımız Əhməd bəy Ağaoğlunun (Ağayev)
timsalında soyadla narahatçılıqları olan
ziyalılarımız kifayət qədər olub. Və onlar
bu narahatçılıqlarını biruzə veriblər. Məncə
Üzeyir bəyin (subyektiv fikir) bu barədə heç
vaxt
narahatçılığı olmayıb (olubsa da biruzə
verməyib). Bəlkə də nəyə görəsə
xüsusi olaraq - "qəsdən" - hətta imzasında belə tam
olaraq "Ü.Hacıbəyov" yazıb. Ancaq bu hal təkcə
inqilabdan sonra, sovet dövründə
olsa idi, indi (təxminən 100 il sonra) biz
düşünə bilərdik ki, bəy belə yazmağa,
imza etməyə vadar olub. Yaxşı bilirik ki, bu belə
deyil. Bütün bu olaylar baş verməzdən hələ
çox əvvəl hal-hazırda əlimizdə olan 1910-cu illərə
aid əlyazma mətnlərdə, afişalarda və kitab cildlərində
Üzeyir bəy Hacıbəylinin
özünü "Üzeyir bəy Hacıbəyov"
kimi təqdim etdiyini görürük (bu haşiyə - qeyd gələcəkdə
maraqlanacaq şəxslər üçün hazırda
hamı üçün əlçatan olan çoxlu mənbələr
əsasında böyük əminliklə yazılıb).
Bütün
bunlardan əlavə Üzeyir bəy Hacıbəylinin
saysız-hesabsız təxəllüslərdən (qoyma
adlardan) istifadə etdiyi də məlumdur. Ancaq dünya onu bir
adla - "Üzeyir Hacıbəyov" kimi tanıdı.
Əvvəlcə
kitaba (bu monoqrafiyama) ad qoymaq məsələsinə aydınlıq
gətirmək istəyirəm.Sırf texniki səbəbdən
(hərflərin kombinasiyası nəzərdə tutulur)
kitabı "Üzeyir Hacıbəyov -140" (monoqrafiya)
adlandırıram. Əlbəttə, bütün dünyada
"Üzeyir Hacıbəyov" kimi tanınan Üzeyir bəy
Hacıbəyli bizim üçün sözün bütün
mənalarında bəy oğlu bəydir. Ruhu şad olsun! Məqamı ucadır. Ancaq bir az
yuxarıda qeyd etdiyim kimi bütün dünya artıq onu
"Üzeyir Hacıbəyov" kimi tanıdığına
görə dünyanın "Üzeyir Hacıbəyov"unu
Azərbaycanın "Üzeyir bəy Hacıbəyli"si
kimi yazmağa ehtiyac görmədim (kitabın adında -
üzqabığında).
Keçək
əsas məsələyə. Üzeyir bəyin əsərləri
ilə tanış olana qədər bu fikir məndə ilk dəfə
və ancaq müəllifi bu gün də mübahisəli olsa
da əsl peşəkar Azərbaycan
yazıçısının qələmindən
çıxdığına şübhə yeri qoymayan "Əli
və Nino" əsərini oxuduqdan sonra
formalaşmışdı. Əsər bütöv Azərbaycanı
əhatə edirdi. Dili, mədəniyyəti, məişəti
və coğrafiyası ilə tam vahid Azərbaycanı görürük
"Əli və Nino"da. Bu xüsusiyyət Üzeyir bəyin
də yaradıcılığına xas əsas məziyyətlərdən
biridir. Məşhur filmdən frazada deyildiyi kimi Üzeyir bəy
üçün Vətənin o başı, bu başı
anlayışı yoxdur. Onun yazılarında, İrəvanda
və ya Tiflisdə yaşayan soydaşı ilə
Şuşada, Bakıda, Ərdəbildə, Təbrizdə, Dərbəndə
yaşayan soydaşının heç bir fərqi yoxdur.
Çar nümayəndələrini və üsuli-idarəsini
tənqid etdiyi kimi, şah rejimi və üsuli-idarəsindəki
noqsanları da çəkinmədən yazılarında
göstərirdi. Üzeyir bəy sanki Arazı heç vaxt
görməmişdi və belə bir çay
tanımırdı. İndi bu sətirləri yazarkən
(5.09.2025 - saat 02:41) düşünürəm ki, bəlkə
də vaxtı ilə
"Üstündən
yüz Araz axsın,
Torpaq,
bizim torpağımız!
Güney,
Quzey fərq eləməz,
Oylaq,
bizim oylağımız! (Z.U.)"
qənaətinə
gəlməyimdə məhz böyük ədiblərimizin əsərlərinin
təsiri olub.
Üzeyir
bəyin yaradıcılığı - xüsusilə
ictimai-sosial yüklü yazıları (janrından
asılı olmayaraq) ilə tanış olanda bir daha əmin
olursan ki, soydaşlarının taleyi söhbət mövzusu
olanda coğrafi məkan, ərazi, mövcud dövlətlərin
müvəqqəti sərhədləri arxa plana keçir,
görkəmli ədib yazdıqları ilə özünü
böyük bir xalqın təəssübkeş ziyalısı kimi təqdim edir. O bu yolda tənqiddən,
təbliğdən, təşviqat işi aparmaqdan yorulmur,
usandım demir. Qalalı Üzeyir bəy Əbdülhüseyn
bəy oğlu Hacıbəyovun doğma ana dilinin hakim olduğu ərazi onun vətənidir.
O hətta ümumilikdə Qafqazın dərd-sərinə
biganə qalmayan, onun yazdıqlarını oxuyub anlayan
Anadoludan Doğu Türküstana, Krımdan Təbrizə,
İrəvandan Kərkükə qədər hər kəsin
yazarı idi. Ana dilinin hakim olduğu coğrafiyanı öz
doğma Yurdu bilir, yurddaşlarını soydaşı bilir, dərdlərini
öz dərdi hesab edirdi.
Azərbaycan
xalqının mədəniyyət tarixində "Üzeyir
Hacıbəyov" adı yalnız musiqi ilə deyil, həm
də ana dilimizin inkişafı, onun milli kimliyimizin
daşıyıcısı kimi möhkəmlənməsi ilə
bağlıdır. Böyük bəstəkar, maarifçi və
publisist olan Üzeyir bəy, XX əsrin əvvəllərində
Azərbaycan cəmiyyətinin mədəni
oyanışında dil məsələsini ən vacib amillərdən
biri kimi görürdü.
Üzeyir
bəy Hacıbəyli
üçün Azərbaycan dili sadəcə ünsiyyət
vasitəsi deyildi. O, dilimizi milli ruhun ifadəçisi,
xalqın mənəvi sərvətlərinin qoruyucusu kimi dəyərləndirirdi.
Hələ "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq
etdiyi illərdə yazdığı publisistik məqalələrdə,
satirik yazılarda dilin təmizliyi, aydınlığı və
xalq tərəfindən anlaşıqlı olması məsələsinə
xüsusi önəm verirdi. Onun fikrincə, milli dilin
inkişafı olmadan milli mədəniyyətin yüksəlişindən
danışmaq mümkün deyil.
Əsərlərinə
nəzər salsaq, görərik ki, Üzeyir bəy Hacıbəyli Azərbaycan dilini sadə və əlçatan
üslubda təqdim etmiş, xalqın gündəlik
danışıq dilini böyük bir sənət nümunəsinə
çevirmişdir. "Leyli və Məcnun" operası təkcə
Şərqdə ilk opera olmaqla deyil, həm də Azərbaycan
dilinin bədii-estetik imkanlarını nümayiş etdirməsi
baxımından mühüm əhəmiyyət
daşıyır. O dövrdə bir çox ziyalılar sənətdə
daha çox fars və ya rus dillərinə üstünlük
verdiyi halda, Üzeyir bəy öz
yaradıcılığında Azərbaycan türkcəsini
seçdi və bununla milli kimliyimizin möhkəmlənməsinə
böyük töhfə verdi. "İrşad" və digər
mətbu orqanlarda ana dilimiz haqqında Üzeyir bəyin silsilə
yazıları dərc olunub. Maraqlıdır ki, məhz
1906-cı ilin 15, 16, 20 fevral tarixli "İrşad" qəzetində
ana dilimiz haqqında olan yazıları böyük ədib
"Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc
etdirib. Sonralar Azərbaycanda sovet höküməti qurulduqdan
sonra sanki ad və soyadın arasındakı "bəy"
sözü də ixtisara düşüb.Və nəticədə
üzun illər bütün dünyada, müxtəlif dillərdə
- ən azı dünyanın 100 dən artıq dilində
"Üzeyir Hacıbəyov" kimi tanınıb.
Yaddaşlarda belə qalıb. Sərlövhə və
afişaları belə bəzəyib. Ruhu şad olsun. Amin.
Bundan
başqa, o, publisistik fəaliyyətində də dil məsələsinə
dönə-dönə qayıdırdı. Məqalələrində
savadsızlığın aradan qaldırılması,
xalqın maariflənməsi üçün ilk növbədə
Azərbaycan dilinin sadə, başa düşülən şəkildə
tədris olunmasını vacib hesab edirdi. Hacıbəyov
yaxşı bilirdi ki, xalqın öz ana dilində təhsil
alması onun milli düşüncəsini
formalaşdıracaq və milli şüurun inkişafına təkan
verəcək. Təkcə bir fakta diqqətinizi çəkmək
istəyirəm. Az qala o taylı, bu taylı bütün Azərbaycanın
hamısının günümüzdə də gündəlik
həyatda, məişət söhbətlərində, rəsmi
iş söhbətlərində (iclaslarda) gün ərzində heç olmasa
bircə dəfə işlətdiyimiz; "Heç hənanın
yeridir?!", "Tarixi-Nadiri yarıya qədər
oxumuşam", "Bir nəfər molla, üç manat pul,
bir kəllə qənd", "Pulun var, gələrəm",
"Bəs mənim bir abbasım?", "Mən dul, sən
dul" və sair bu kimi zərb-məsələ
dönmüş ifadələr yəqin ki, hamınıza
tanışdır?! Üzeyir bəyin özməz qəhrəmanlarının
dili ilə dediyi bu və bunun kimi digər yüzlərlə
ifadələr həm ana dilimizin zənginliyindən,
şirinliyindən, axıcılığından, ifadə
genişliyindən xəbər verir, həm də görkəmli
ədibin dogma ana dilinin inkişafına verdiyi misilsiz töhfələrin
bu gün də gözümüz önündə, canlı
dilimizdə dipdiri, işlək olduğunun bariz göstəricisidir.
Üzeyir
bəyin fəaliyyəti nəticəsində Azərbaycan dili
yalnız gündəlik ünsiyyət vasitəsi olmaqdan
çıxaraq, böyük sənətin, elmin,
publisistikanın dili səviyyəsinə yüksəldi. Bu
gün də Azərbaycan dilinin dövlət dili statusunu
qazanmasında Üzeyir bəy Hacıbəyli kimi
ziyalıların xidmətləri unudulmazdır.
Nəticə
etibarilə, Üzeyir bəy Hacıbəyli Azərbaycan dilinin qorunması və
inkişafı uğrunda mübarizə aparan böyük
şəxsiyyətlərdən biridir. Onun musiqisi
xalqımızın qəlbinə necə yol tapmışsa,
publisistik yazıları da milli dilimizin gələcək nəsillərə
sağlam şəkildə ötürülməsi yolunda bələdçi
olmuşdur.
Azərbaycan
xalqının milli kimliyinin, mədəni
varlığının və bütövlüyünün
formalaşmasında böyük şəxsiyyətlərin
rolu danılmazdır. Bu böyük şəxsiyyətlərdən
biri də Üzeyir bəy
Hacıbəylidir. O, yalnız musiqi dahisi, ilk opera müəllifi,
milli peşəkar musiqimizin banisi deyil, həm də milli
ideyanın daşıyıcısı və xalqın mədəni
birləşdirici qüvvəsi olmuşdur.
Üzeyir
bəyin yaradıcılığına nəzər salanda
görürük ki, o, Azərbaycanı yalnız coğrafi sərhədlərlə
deyil, mənəvi sərhədlərlə bütöv görürdü.
Onun əsərlərində Şuşanın musiqi nəfəsi,
Qarabağın muğam ahəngi, Bakıdan gələn
müasirlik ruhu və bütün Türk dünyasına səslənən
milli qürur səsi birləşir. Məhz bu səbəbdən
Üzeyir bəy Hacıbəylinin
musiqisi təkcə bir bölgənin, bir şəhərin
deyil, bütöv Azərbaycanın səsi kimi qəbul olunur.
Üzeyir
bəyin yaratdığı "Koroğlu" operası və
ya "Arşın mal alan" operettası milli sərhədləri
aşaraq, bütün Türk dünyasında və
ümumiyyətlə Şərq aləmində Azərbaycanı
tanıdan əsərlərə çevrildi. Onun
melodiyaları Azərbaycanın hər guşəsində eyni
doğmalıqla səsləndi, hər bölgənin
insanı bu musiqidə özünü tapdı. Bu da göstərir
ki, Hacıbəyov sənəti milli birləşdirici amil kimi
çıxış edirdi.
Üzeyir
bəy Hacıbəyli publisistikasında, məqalələrində
də daim maarifçilik, milli oyanış və birləşmə
ideyalarını önə çəkirdi. O, xalqın gələcəyini
elm, mədəniyyət və milli həmrəyliyin
inkişafında görürdü. Onun qələmində Azərbaycan
dili sadəcə ünsiyyət vasitəsi deyil, bütöv
xalqın varlığını qoruyan ən güclü
dayaqlardan biri idi. Bu baxımdan Hacıbəylinin fəaliyyəti
milli həmrəyliyin, milli bütövlüyün təbliği
idi.
Bu gün
də Üzeyir bəy Hacıbəylinin irsi Azərbaycan xalqını birləşdirən
mənəvi dəyərlər məcmusudur. Onun musiqisi sərhəd
tanımır, Şimaldan Cənuba, Qərbdən Şərqə
qədər hər bir azərbaycanlının qəlbində
doğma duyğular oyadır. Bu, artıq təkcə musiqi
deyil, Bütöv Azərbaycanın ruhudur.
Üzeyir
bəy Hacıbəylinin adı
çəkiləndə göz önünə gələn təkcə
bir bəstəkar yox, həm də bir milli ideoloq, birləşdirici
qüvvə gəlir. O, Azərbaycanı parçalarda deyil,
vahid bir varlıq kimi görürdü və əsərləri
ilə bu bütövlüyü musiqidə, sözdə, ruhda
yaşatdı.
Sona qədər
həmsöhbət olduğunuz üçün təşəkkür
edirəm. Bununla da təxminən 3 (üç) aydır ki,
davam edən yolçuluğumuzun sonuna gəldik. Böyük ədibi
doğum günündə rəhmətlə anırıq.
Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə həsr
etdiyim 10 (on) yazıdan ibarət silsilə yazı (monoqrafiya)
tamamlandı. "Olaylar" qəzetində və
"Yazarlar" jurnalında dərc olunmuş bu yazılardan
ibarət "Üzeyir Hacıbəyov - 140" (monoqrafiya) adlı
kitab işıq üzü gördü. Sağ olun.
"Olaylar"ı alıb oxumağı unutmayın.
Zaur
Ustac,
"Yazarlar"
jurnalının baş redaktoru,
AYB və
AJB-nin üzvü.