Gələcəyin ədəbiyyatı necə olacaq?
Ədəbiyyat, yalnız sözlərin birləşməsindən ibarət deyil. Ədəbiyyat insanın duyğularını, xəyallarını, düşüncələrini və həyat təcrübəsini əks etdirən bir aynadır. Tarix boyu ədəbiyyat hər dövrün ruhunu əks etdirib, cəmiyyətin narahatlıqlarını, arzularını və düşüncələrini formalaşdırıb. Lakin indi texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdəyik və ədəbiyyatın qarşısında yeni sınaqlar dayanır. Elektron kitablar, süni intellekt tərəfindən yaradılan mətnlər, sosial şəbəkələrdə sürətlə yayılan qısa yazılar -bunların hamısı ədəbiyyatın formasını və oxucu ilə yazıçı arasındakı münasibəti dəyişdirir. Süni intellektin yazdığı hekayələr, romanlar və esse nümunələri oxucuya yeni perspektivlər təqdim edir.
Texnologiya yazıçının əlini genişləndirir, amma eyni zamanda ədəbiyyatın dərinliyi və insan təcrübəsinin incəlikləri ilə bağlı suallar ortaya çıxır. Elektron kitablar və interaktiv mətnlər oxucunun diqqətini cəlb etməyi asanlaşdırır, amma bu, ədəbiyyatın klassik dəyərlərini kölgədə qoya bilərmi? Sosial şəbəkələrdə qısa yazılar və mikrosənət formaları oxucunun oxuma vərdişlərini dəyişir, oxuma sürətini artırır, lakin eyni zamanda mətndə dərin düşüncə və təxəyyül üçün vaxtı azaldır. Düşünürəm ki, ədəbiyyatın gələcəyində yazıçının və oxucunun rolu dəyişir. Yazıçı yalnız sözlərlə deyil, texnologiya ilə də ünsiyyət qurur, oxucunu cəlb etmək üçün yeni üsullar tapır. Eyni zamanda oxucu yalnız klassik kitablarla deyil, ekranlarda, qısa yazılarda, interaktiv mətnlərdə də ədəbiyyatı yaşayır. Bu, ədəbiyyatın daha sərhədsiz bir forma qazanmasına imkan yaradır, amma bir tərəfdən də onun emosional istiliyini və insan ruhuna toxunan dərinliyini qorumaq üçün yeni yollar tapmaq vacib olur.
Texnologiyanın gətirdiyi imkanlar və insan ruhunun dəyişməz ehtiyacları gələcəyin ədəbiyyatını necə formalaşdıracaq və gələcəyin yazıçısı ilə oxucusu necə bir dünyada fəaliyyət göstərəcək? Yazıçı-publisist, politoloq, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Reyhan Mirzəzadə Olaylar.az-a açıqlamasında çox maraqlı və dərin şəkildə izah etdi. Onun fikirlərinə görə, gələcəyin yazıçısı və oxucusu texnologiyanın imkanlarından istifadə edəcək, amma ədəbiyyatın əsl dəyərləri- duyğu, təsir, təxəyyül və insan təcrübəsinin dərinliyi həmişə qorunacaq:
" Ədəbiyyat yeganə sahədir ki, insanşünaslıq elmi adlanır. Yəni, insanın mənəvi kamilliyini, insan obrazlarını, cəmiyyətdə və həyatda baş verən hadisələri təhlil edən, açan, göstərən, həyatın hər cür təzadlarını yazı, ədəbiyyat dili ilə maarifləndirmə yolu ilə xalqa çatdıran bir vasitədir. Ədəbiyyat əslində xalqın şüuru deməkdir, onun mənəvi həyatının diriliyi deməkdir. Ona görə də bütün xalqların həyatında və taleyində ədəbiyyatın çox böyük bir rolu vardır. Məsələn, dünya təcrübəsində baş verən hadisələr, müharibələrin başlanması, inqilabların baş verməsi və ya bu hadisələrə hazırlıqlar ədəbiyyat vasitəsilə təsvir olunub. Maksim Qorkinin "Ana" romanında da artıq yetişməkdə olan hadisələr bir xalqı hazırlamaq, bu siyasi proseslərin gedişində xalqa xəbərdarlıq etmək məqsədilə ədəbiyyat dili ilə təcəssüm olunur. Bilirik ki, hər bir xalq öz yazıçıları ilə böyük şöhrət qazanıb. Eləcə də Azərbaycan xalqı. Böyük yazıçılarımız, şairlərimiz olub. Onlar xalqımızı öz poeziyası, yaradıcılığı, şüuru, təfəkkürü və misilsiz istedadı ilə hörmət və nüfuz gətiriblər. Bütün dünyada Azərbaycan xalqını tanıtmış və sevdirmişlər. Nizami, Füzuli, Nəsimi, Xurşidbanu Natavan və müasir yazıçılarımız - hamısı Azərbaycan ədəbiyyatını bütün tarixi mərhələlərdə dünyaya tanıtdırıb, sevdirmişdir. Onlarla da Azərbaycan xalqı hər zaman qürur duyub. Səməd Vurğunun bir sözü yadıma düşür: "Kitabsız bir ömürün nə mənası var?". Doğrudan da kitabsız insan taleyini, kamil insanın həyatını təsəvvür etmək mümkün deyil. Gözəl deyilib: "Kitab mənim üçün tacdan qiymətlidir". Kitab təfəkkürün övladıdır. Kitablar bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Hər bir dövrdə və inkişaf mərhələsində, kitabın misilsiz yeri vardır. Nə qədər texnologiyalar və sosial şəbəkələr inkişaf etsə də, kitabın qüdrəti kitablığında qalır. Kitabın yeri başqa cürdür. Kitab əsrlərdən bəri bu günə kimi gələn qiymətli bir varlıq olub və bu qiymətini daim saxlayacaqdır. Tanınmış rus şairinin belə bir fikri var: Müəllim kitablar vardır ki, bunlara ədəb-ərkanla, hörmətlə qulaq asırsan. İctimai xadim və natiq kitablar vardır ki, çağırışının təsiri altında onların ardınca gedirsən. Yoldaş kitablar, söhbət kitabları vardır ki, onlar özünü üstün tutmur, oxucu ilə insanlar kimi - məhəbbət və kədər, həyat və ölüm, etimadsızlıq və gözəllik barəsində fikrini zorla yürütmədən söhbət edirlər. Kitabı yazan insanın ruhu, istedadı, düşüncəsi, qəlbinin hərarəti, kainat qədər olan daxili aləminin nuru oxucuya çatdırılır. Bu kitablar bir növ müəllimə və natiqə çevrilir. İnsan bu kitabları oxuduqca ruhən kamilləşir, mənəvi qidalanır. Mən kitabı canlı əfsanə adlandırardım. Kitab birbaşa insanın bütün hissləri ilə təmasda olan bir varlıqdır, dəyərdir. Müasir texnologiyaların da öz yeri var. Onların imkanlarından istifadə etmək lazımdır, çünki onlar daha operativ təmas qurmağa, insanlarla əlaqələr və fikir mübadiləsi aparmağa imkan verir. Amma kitaba gəldikdə, kitab kitab olaraq dəyərini saxlamalıdır. Kitab kimi oxunmalıdır. Kitabın cümlələri kağızdan oxunduqda daha canlı, daha təsiredici olur. Kitabın özünəməxsus bir ətiri var. Eyni zamanda, mütaliə, kitab oxumaq insanları bilikli, söhbətcil və hazırcavab yetişdirir.
Kitaba münasibətdə
insanlar diqqətli olmalıdırlar. Kitabı
sevmək, kitabı oxumaq, kitabı əzizləmək, kitabı
öyrənmək, kitabı
duymaq gərəkdir. Mən onu da
çox təəssüflə
qeyd etmək istəyirəm ki, kitabları yandırmaqdan daha qəddar bir şey - onları oxumamaqdır. Bax, bu, kitab
üçün böyük
zərbədir. İnsan
nə qədər həyatda yaşayırsa,
ömrünün sonuna
qədər oxumalı,
öyrənməlidir. Böyük
Peyğəmbərimizin bir
sözü var: "Öyrənmək, öyrənmək,
yenə də öyrənmək". Yəni
elm o qədər dərindir ki, həyatın o qədər
möcüzələri mövcuddur
ki, həyatda hələ bilinməyən,
öyrənilməyən çoxlu
sahələr var. Onlar getdikcə yeni nəslin kitablarında çap olunur, elmdə yeni nailiyyətlər kəşf olunur, daha mütərəqqi hadisələr öz əksini tapır, yeni tədqiqatlar üzə çıxır.
Bunların hamısı
kitablarda əksini tapır və insan ömrünün sonuna qədər kitab oxumağa borcludur. Əgər söhbət kamil insandan gedirsə, bu, onun borcudur.
Süni intellektə gəlincə, o, ümumi mətnlərdən informasiyaları
toplayaraq müəyyən
texnologiya ilə hər hansı bir informatik bazaya sahib ola
bilər. Amma bu, o demək deyil ki, o, dərin
tədqiqatları, dərinliklərdə
gizlənən məlumatları
üzə çıxara
bilər. Məsələn,
bir misal göstərmək istəyirəm.
1860-cı ildə Ordubadda24 müəllim, pedaqoq - düşüncə sahibləri,
təfəkkür adamları,
ziyalılar, dərin bilikli və mənəviyyatlı insanlar
bir araya gəlirlər. Onlar vəsait toplayırlar. Həmin vəsait az miqdarda da
olmur. Bu pulu ilk dəfə
təşəbbüs göstərirlər
ki, Moskvada dahi şair Aleksandr Sergeyeviç Puşkinin abidəsi qoyulsun. Bu təşəbbüs
ilk dəfə Ordubad ziyalılarından gəlir və vəsaiti də ilk toplayan məhz
Ordubadın 24 müəllimi
olur. Onlar toplanan pulu Moskvaya
poçt vasitəsilə
göndərirlər. Sənədlər
isə o zaman Naxçıvan arxivinə
deyil, İrəvan arxivinə göndərilir.
1861-ci ildə baş verən bu hadisədən
sonra uzun müddət keçməsinə
baxmayaraq, 1881-ci ildə
Moskvada Puşkinin abidəsi qoyulur. Həmin Ordubad ziyalılarının göndərdiyi
vəsait bu abidənin ucaldılmasında
böyük kömək
olur. Təəssüf
doğuran məqam isə budur ki, sənədlər İrəvan arxivinə göndərildiyi üçün
yeni nəsillər bu mütərəqqi və humanist addımdan xəbərsiz qalır. Çox sonralar, Sovet dövründə Puşkinin
yubileylərindən biri
qeyd olunarkən bir müəllif İrəvan arxivində bu sənədlərə rast gəlir və məqalə hazırlayaraq mətbuatda dərc etdirir. Amma bu, Azərbaycan
oxucusu üçün
əlçatan olmayan,
o qədər də geniş yayılmayan bir mətbu orqanda çap olunur. Xeyli müddət
keçəndən sonra
mən Puşkinin 225 illiyi ilə bağlı kitab hazırlayarkən arxivlərin
dərinliklərində işləyərkən
həmin məqaləyə
rast gəldim. Çox sevindim, hətta gözlərimə
inanmadım ki, bizim ziyalılarımız
vaxtilə belə bir addım atıblar - dünya şöhrətli bir şairin, milliyyətindən
asılı olmayaraq, istedadlı ədəbiyyat
nümayəndəsinin abidəsinin
qoyulmasına təşəbbüskar
olublar və bunun üçün vəsait toplayıblar. Mən bu faktı
sənədlərlə öz
kitabımda işıqlandırdım.
Sonra kitab Naxçıvana gedib çıxandan sonra Naxçıvan ziyalıları
bu faktı oxudular və bizim aramızda əlaqələr yarandı.
Həmin sənədləri
mən onlara təqdim etdim. Çünki bu sənədlər Naxçıvan
arxivində olmadığı
üçün yeni nəsillərin bu faktdan xəbəri yox idi. İrəvan
arxivindən götürülən
bir fakt əsasında Bakıda məqalə çap olunsa da, həmin
qəzetin Naxçıvana
gedib çıxmadığı
ehtimal olunur. Mənim məqsədim nədir bu fikri söyləməklə?
Süni intellekt belə bir araşdırmanı
üzə çıxara
bilərdimi? Məncə,
yox. Çünki burada insan ruhu
lazımdır, insan əməyi, zəhməti
lazımdır. Gecə-gündüz
çalışmaq, üstündə
işləmək, arxiv
materialları ilə tanış olmaq, onları dərinliklərdən
çıxarmaq lazımdır.
Bizim çox zəngin irsimiz var arxivlərdə, amma gənc nəsil onlardan xəbərsizdir. Bu gün süni intellektin o dərinliklərdə
olan xəzinələri
aşkar edə biləcəyinə inanmıram.
Ola bilər ki, müəyyən məlumatları tapsın,
amma elə gizli faktlar var
ki, heç vaxt süni intellektin gücü yetməz. Burada məhz insan təfəkkürü, insan
əməyi vacibdir. Mən təbii, canlı intellekti - ziyalı düşüncəsini,
müdrik əməyini
süni intellektdən
üstün tuturam. Həyatda hər şeyin təbiisi gözəldir. Tədqiqatların
da, yazıların da, mətnlərin də ümumiyyətlə,
yaradıcılığın da təbii olaraq,
yaradıcı insan təfəkkürünün məhsulu
kimi oxucuya çatdırılması daha
effektiv nəticə verər. Nəinki süni intellektin məhsulu. Adından da məlumdur - süni. Onun yaratdığı məlumatların
da doğruluğu sual altındadır. Son araşdırmalar göstərir ki, süni intellektin yaratdığı informasiyalarda
yanlışlıqlar, təkrarçılıqlar
olur. Mən hesab edirəm ki, bizim ədəbiyyat
bu gün də kamil insan
təfəkkürünə, düşüncəsinə əsaslanmalıdır.
İstedad isə elə bir şeydir
ki, onu heç
bir süni intellekt yarada bilməz. İstedad - ilahi vergidir. Allahın verdiyi bu istedadı şairlərə, yazıçılara
yalnız Tanrı verir. Mən inanmıram ki, hər hansı süni intellekt bunu əvəz edə bilsin. Bunlar mən deyərdim ki, ədəbiyyatı zənginləşdirmir,
əksinə, onun dərinliyini azaldır. Məsələn, qəbul
imtahanlarına baxsaq -
(doğrudur, sonradan bu kamilləşdirildi) əvvəllər, sovet dövründə belə
bir qayda var idi ki,
imtahan verəndə, məsələn, jurnalistika
fakültəsinə daxil
olmaq istəyən şəxslər üçün
yaradıcılıq meyarları
tətbiq olunurdu. Yəni, jurnalist və ya filoloq
olmaq istəyən insan hər hansı yazısını
təqdim etməli, imtahan zamanı isə inşa yazısı yazmalı idi. Bununla da
istedadlı gənclər
müvafiq fakültələrə
qəbul zamanı üstünlük qazanırdılar.
Jurnalist olmaq istəyən
bir abituriyentin istedadı bu üsulla aydın olurdu. Test
üsulundan sonra isə hər hansı yaradıcılıq
qabiliyyətini nümayiş etdirmək dəyişdi. Təbii
ki, bu da təsadüfi abituriyentlərin yaradıcı sahələrə
düşməsinə səbəb oldu. Elə gənclərimiz
var ki, dünya praktikasında da belə hallara rast gəlinir -
tamamilə fərqli sahənin adamları olmalarına
baxmayaraq, Tanrı onlara fərqli istedad verib və nəticədə
çox kamil sənətkar olublar. Onlar da dünya ədəbiyyatında
öz sözlərini deyiblər. Məsələn,
Çingiz Aytmatov zootexnik olmuşdur, musiqi aləmində isə
Azərbaycan bəstəkarı Ələkbər
Tağıyev kimi sənətkarlar tamamilə fərqli sahənin
insanı olub. Amma nə qədər gözəl musiqi əsərləri
yaradıb, sanki kamil bəstəkarlıq məktəbini
bitirmişlər. Bu barədə çox danışmaq olar.
Hətta bəzi dünya səviyyəli yazıçılar
var ki, ali təhsil almayıblar, hətta orta məktəb təhsilini
tam bitirə bilməyiblər. Məsələn, Maksim Qorki
yalnız 4-cü və 5-ci sinifləri oxuya bilib. Amma oxumaq
yolu, kitabları sevərək, dost kimi yanaşması, mədəniyyətə,
natiqliyə, müəllimliyə olan marağı onu
yetişdirib və böyük, dahi bir şəxsiyyətə
çevrilməsinə səbəb olub. Bu insanlar kitablar vasitəsilə
böyüyüblər və dahi olublar. Ədəbiyyatın
bütöv xalqın kamilləşməsində, ruhunun
qidalanmasında misilsiz rolu var. Mən istəyirəm ki, 50 il,
100 il sonra da ədəbiyyatımız 50 il, 100 il əvvəlki
kimi, istedad və təbii düşüncə üzərində
qurulan, beyinlərdən, təfəkkürlərdən,
ürəklərdən süzülüb gələn ədəbiyyat
kimi görülsün. Ədəbiyyatımız bütün
dünyaya səs salan ədəbiyyat olub. Gələcək
inkişaf yolunu da əvvəlki, dədə-baba qaydaları,
onların duası və gücü ilə yaranan ədəbiyyat
kimi görmək istəyirəm. Düşünürəm
ki, bizim ədəbiyyatımız həmişə seviləcək,
öz gücündə qalacaq, illər ötsə də səmimiliyi,
əzəldən yaranmış möcüzəvi sehri ilə
nüfuzunu qoruyacaq və daha da genişləndirəcəkdir.
Kitabsevərlər o qədər kitaba bağlı olurlar ki, həyatlarının
əsas illərini, əsas məqamlarını bu sevgiyə həsr
edirlər. Bu, əslində gələcəyə baxmaq, gələcəyi
öyrənmək obrazıdır. Bayaq dediyim kimi, kitablar
insanı kainatın sahibi edir.
Bu gün oxucu dəyişirsə, birinci növbədə
yazıçı dəyişməlidir. Ümumiyyətlə,
bu dəyişmələr bir-biri ilə təmasda
olmalıdır. Günün tələbləri var,
günün maarifləndirmə meyarları var. Nəsil
inkişaf etdikcə, zəmanədə yeni həyat tərzləri
meydana gəlir. Elm inkişaf etdikcə, fikirlər zənginləşdikcə
yazıçı mütləq dəyişməlidir. Yeganə
sənət ədəbiyyatdır ki, bütün sahələri
əks etdirməyi bacarmalıdır. Həkim kimi tibb elmindən,
memar kimi memarlığın incəliklərindən xəbərdar
olmalıdır. Hansı hadisələrə toxunursa, həmin
hadisələrin incəliyinə qədər bilməlidir.
Əgər bilməsə, o sahədə kamil əsər
ortaya qoya bilməz. Məsələn, bir yazıçı
tanıyırdım, o canavarlar haqqında bir əsər yazmaq
istəyirdi. Canavarlara aid nə qədər kitablar əldə
etmişdi. Onların davranışını,
psixologiyasını, həyat tərzlərini öyrənmişdi.
Əsəri yazmaq üçün bəlkə 40-a qədər
kitab oxumuşdu. Misalı buna görə çəkdim ki,
mövzunu dəqiq öyrənmədən əsər yazmaq
çətindir. Bütün sahələrdə yazan bir qələm
sahibi həmin sahəni mükəmməl öyrənməyi
bacarmalıdır. Daha yeni informasiya verməyi bilməlidir.
Yazıçının təfəkkürü oxucuya bir mənəvi
qida olmalıdır. Oxucu yazıçını müəllim,
alim kimi görməlidir. Bizim Bəxtiyar Vahabzadənin irsi ədəbiyyatsevərlərə
məlumdur. Orada bir məqam var, məsələn, yüzilliklə
bağlı tədbirlərdə iştirak etdim. Bəzi məqamlar
çox gözəl səsləndirilirdi, amma bir fikir orada səslənmədi,
onu mən səsləndirməli oldum. Bilirsiniz ki, Bəxtiyar
Vahabzadənin bəzi əsərləri rus dilinə tərcümə
olunur. Dünya şöhrətli tarixçi alim Lev Qumilyov,
hansı ki "Qədim türklər" əsərinin
müəllifidir, bu əsərinə görə 4 dəfə
həbs edilib, sonra isə həmin əsər dövlət
mükafatına layiq görülüb. O, Bəxtiyar Vahabzadənin
əsərlərini oxumuş və yüksək qiymətləndirmişdi.
Bu özü də maraqlı bir faktdır. Amma mən bunu
heç kimdən eşitməmişdim. Hər hansı bir
süni intellektdə bu məlumat ola bilərmi?
İnanmıram. Çünki elə məlumatlar var ki, onlar
çox dərinlikdədir. İnsan təfəkkürü, əməyi,
düşüncəsi süni intellektlərdən daha
qüvvətli və əhəmiyyətlidir. Süni intellektdən
istifadə etmək olar, amma ona hədsiz dərəcədə
inanmaq düzgün deyil".
Əslində, bütün bu
deyilənlərin yekunu bir həqiqəti
göstərir: gələcəyin ədəbiyyatı
texnologiyanın imkanlarından bəhrələnəcək,
amma onun yaşaması və dərinliyi yalnız insan qəlbinin
səsi ilə mümkündür. Süni intellekt, elektron
kitablar, sosial şəbəkələr- bunların
hamısı müasir həyatın ayrılmaz hissəsidir,
lakin ədəbiyyatın əsl gücü insan təcrübəsində,
duyğularında və istedadında gizlidir. İstedad Allah
vergisidir, onu heç bir süni sistem yarada bilməz. Ona
görə də, zaman necə dəyişsə də,
yazıçının təxəyyülü, oxucunun sevgisi
və kitabın sehri ədəbiyyatı həmişə
yaşadacaq.
Zeynəb Mustafazadə
Olaylar.-
2025.- 19-25 sentyabr, ¹32.- S.17; 22.